Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-54/2021 19.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 13 saylı regional ərazi filialına qarşı “təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına (Fondun 13 saylı regional ərazi filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1990-1995-ci təhsil illərinin sosial sığorta stajına əlavə edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə 20.12.2019-cu il tarixdə daxil olan iddia ərizəsində İddiaçı tələbini əsaslandırmamış, yalnız 130.0 manat sosial müavinət aldığını qeyd etmiş və təhsil illərinin onun sosial sığorta stajına daxil edilməsini məhkəmədən xahiş etmişdir. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı məhkəməyə ünvanladığı 22.01.2021-ci il tarixli, **********0 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Göyçay rayon Təhsil şöbəsi “R.Rza” adına Göyçay şəhər 1 nömrəli tam orta məktəbin (bundan sonra - məktəb) 628/3 nömrəli əmrinə əsasən İddiaçı 15 avqust 1995-ci il tarixdən müəllim vəzifəsinə təyin edilmişdir. Həmçinin, o, 16.06.1997-ci il tarixdən analıq məzuniyyətində olmuşdur (əmr № 739). İddiaçıya 06.01.1998-ci il tarixdən 3 yaşına çatanadək körpə uşağa qulluğa görə, 01.09.2003-cü il tarixdən 15.09.2003-cü il tarixə kimi xəstə uşağa qulluğa görə məzuniyyət verilmişdir (əmr № 61/17). Bundan əlavə İddiaçı 18.09.2004-cü il tarixdən öz hesabına xəstə uşağa qulluğa görə məzuniyyətdə olmuşdur (əmr 52). İddiaçının aldığı əmək haqqını təsdiq edən arayışa əsasən 1995-ci il tarixdə 5 ay, 1996-cı il tarixdə 8 ay, 1999-cu il tarixdə 5 ay, 2004-cü il tarixdə isə 8 ay olmaqla cəmi 2 il 2 ay əmək haqqı almışdır. **********3 nömrəli sənədə əsasən, “Göyçay rayon təhsil şöbəsi” tərəfindən təqdim edilmiş 2006-cı il üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda İddiaçı adı sığortaolunan kimi qeyd olunmamışdır. İşin faktiki hallarına əsasən, yuxarıda qeyd olunanların sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - qanun) 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin, qanunun 1.0.2-ci maddəsində göstərilir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Bundan əlavə, qanunun 23-cü maddəsində qeyd olunmuşdur ki, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qeyd edilən maddədən də göründüyü kimi, 01 yanvar 1992-ci il tarixdən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi mütləqdir. İddiaçı 2-ci qrup əlilliyə görə pensiyanın təyin ediməsi üçün 10 il 4 ay (46-15=31*4=124/12=10 il 4 ay) sosial sığorta stajı və 18600 manat pensiya kapitalı tələb olunur. İddiaçının işlədiyi müddət onun əmək kitabçasına əsasən 11 il 4 ay təşkil etməsinə baxmayaraq cəmi 2 il 2 ay (5 ay + 8 ay + 5 ay + 8 ay) müddət ərzində əmək haqqı aldığına görə yalnız göstərilən müddətlər sosial sığorta stajına daxil edilir. İş materiallarından da göründüyü kimi, iddiaçının tələb olunan sosial sığorta stajı və 18600 manat pensiya kapitalı yoxdur. Hətta iddiaçının iddia etdiyi müddətlər (11 il 4 ay) pensiya kapitalına çevrildiyi halda alınan məbləğ 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalını ödəmədiyindən pensiyanın təyin edilməsi qanunvericiliyə ziddir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 2 şərtə uyqun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalıdır. İddiaçının tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığından İİ qrup əlilliyə görə pensiya təyin olunması qanunvericiliklə nəzərdə tutulmuş qaydada mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və iddiaçının məhkəməyə ünvanladığı ərizələri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsi 20.12.2019-cu il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia ərizəsində iddiaçı təhsil aldığı illərin onun sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. Lakin iş materiallarında olan cavabdeh orqanın 04.08.2020-ci il tarixli, **********5 nömrəli məktubu və Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 22.01.2021-ci il tarixli, ********** nömrəli etiraz məktubundan müəyyən edilir ki, iddiaçı cavabdeh orqana etdiyi 23.11.2016-cı il və 05.12.2019-cu il tarixli müraciətlərində 2-ci qrup sosial müavinətin 2-ci qrup əlilliyə görə əmək pensiyası ilə əvəz edilməsini xahiş etmiş və cavabdeh orqan iddiaçının müraciətini tələb olunan sosial sığorta stajı və pensiya kapitalı çatışmadığı üçün təmin etməmişdir. Məhkəmənin 21.09.2020-ci il tarixdə keçirilən iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iddia tələbini iddiaçının hüquqi marağına uyğun yazıb məhkəməyə təqdim edilməli olduğu bildirilmişdir. Məhkəməyə daxil olan 29.09.2020-ci il tarixli iddia ərizəsində iddiaçı ali təhsil aldığı müddətin və analıq məzuniyyətində olduğu illərin onun sosial sığorta stajına daxil edilməsini və əmək pensiyasına keçirilməsini xahiş etmişdir. Məhkəmənin 26.01.2021-ci il tarixdə keçirilən iclasında cavabdeh orqanın etiraz məktubunun münasibət bildirməsi üçün iddiaçıya ünvanlanması və yardım məktubu yazılaraq iddia tələbinin dəqiqləşdirilməsi qərara alınmış və bu səbəblə məhkəmə iclası təxirə salınmışdır. İddiaçıya 26.01.2021-ci il tarixdə cavabdehin etirazının surəti əlavə edilərək yardım məktubu göndərilmiş, etiraza münasibət bildirməsi və etirazda qeyd olunan hallara uyğun iddia tələbini dəqiqləşdirməsi üçün 20 gün müddət verilmişdir. Məhkəməyə 22.02.2021-ci il tarixdə daxil olan məktubunda iddiaçı qeyd etmişdir ki, DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 22.01.2021-ci il tarixli etiraz məktubu onun iddia tələbinə uyğun gəlmir. Belə ki, o, iddia tələbində ali təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilərək, aldığı pensiyanın yenidən hesablanmasının təmin olunmasını tələb etmişdir. Məhkəmə yenidən 23.02.2021-ci il tarixdə iddiaçıya yardım məktubu ünvanlayaraq nəzərinə çatdırmışdır ki, 26.01.2021-ci il tarixli yardım məktubuna cavab olaraq göndərdiyi məktub düzgün tərtib edilməmişdir. Belə ki, həmin məktubda iddiaçının nə istədiyi müəyyən edilmir. Bu səbəblə də iddiaçıya tələbini konkret qeyd etməsi təklif edilmişdir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməmiş, sadəcə olaraq cavabdeh orqan əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Əgər iddiaçının hüquqi marağı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən ibarətdirsə, onda iddia tələbində dəqiqləşdirmə aparmalı və müvafiq tələblə məhkəməyə müraciət etməlidir. Məhkəmənin iddiaçıya ünvanladığı 23.02.2021-ci il tarixli yardım məktubunu (iddiaçıya ünvanlanan ikinci yardım məktubu) iddiaçı 05.03.2021-ci ildə imza edərək almış, lakin məktuba münasibət bildirməmişdir. Məhkəmənin 23.04.2021-ci il tarixli iclasında iddiaçıya yenidən yardım məktubu yazılması və iddia tələbinin dəqiqləşdirilməsi məqsədilə iclas təxirə salınmış və analoji məzmunlu 26.04.2021-ci il tarixli yardım məktubu (iddiaçıya ünvanlanan üçüncü yardım məktubu) yenidən iddiaçıya göndərilmiş və dəqiqləşdirmə aparması üçün 10 gün müddət təyin edilmişdir. Yardım məktubu 10.05.2021-ci il tarixdə imza edilərək alınmış, lakin tələb olunan müddət ərzində məktubda qeyd olunan nöqsanlar iddiaçı tərəfindən aradan qaldırılmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İşin icraatı müddətində məhkəmə iddiaçının nəzərinə çatdırmışdır ki, onun iddia tələbi təhsil illərinin sosial sığorta stajına daxil edilməsi barədə olsa da, iş materiallarında olan cavabdeh orqanın məktublarından göründüyü kimi iddiaçı əslində ona təyin edilmiş 2ci qrup əlilliyə görə müavinətin 2-ci qrup əlilliyə görə əmək pensiyasına keçirilməsinə nail olmaq məqsədilə cavabdehə müraciət etmişdir. İddiaçının iddia tələbi ilə cavabdeh orqandan təmin edilməsini xahiş etdiyi müraciətlər arasında aşkarlanmış qeyrimüəyyənliyin aradan qaldırılması üçün iddiaçıya dəfələrlə yardım məktubu ünvanlanmış və məhkəmə iclasları iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi məqsədilə təxirə salınmışdır. İddiaçı əvvəlki iki yardım məktubunu cavablandırsa da, həmin məktublarda qeyd olunan nöqsanları aradan qaldırmamış, sonuncu yardım məktubunu isə ümumiyyətlə cavablandırmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 13 saylı regional ərazi filialına qarşı “təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-54/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-54/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver