Məhkəmə qərarları › İş №2-1(116)-54/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-54/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-54/2022 14.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nümayəndə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir Bələdiyyəsinin 23.12.2006-cı il tarixli 29/3 nömrəli qərarına əsasən Mingəçevir şəhəri Az.DRES qəsəbəsi Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mərhum həyat yoldaşı İddiaçı adına xüsusi mülkiyyətə verilmiş 500 (beş yüz) kv.m torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir Bələdiyyəsinin 23.12.2006-cı il tarixli 29/3 nömrəli qərarına əsasən Mingəçevir şəhəri Az.DRES qəsəbəsi Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə xüsusi mülkiyyətinə verilmiş 500 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14.01.2022-ci il tarixli, 2-1(116)-58/2022 nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi üçüncü şəxs qismində adi qaydada inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra Məhkəmənin 31.03.2021-ci il tarixli hüquqi yardım məktubu əsasında iddiaçı tələbini dəqiqləşdirərək “Mingəçevir Bələdiyyəsinin 23.12.2006-cı il tarixli 29/3 nömrəli qərarına əsasən Mingəçevir şəhəri Az.DRES qəsəbəsi Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mərhum həyat yoldaşı İddiaçı adına xüsusi mülkiyyətə verilmiş 500 (beş yüz) kv.m torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 14.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Mingəçevir bələdiyyəsinin 23.12.2006-cı il tarixli qərarı ilə iddiaçının mərhum həyat yoldaşı İddiaçı fərdi yaşayış evinin tikilməsi məqsədilə 500 kv.m torpaq sahəsi satılmış, iddiaçı tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş, tərəflər arasında alqı-satqı aktı tərtib edilmiş və müvafiq torpaq sahəsinin cizgisi hazırlanmışdır. İddiaçı, müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşının adına qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu iddia olunan torpaq sahəsinin Mingəçevir bələdiyyəsinin qərarına əsasən mərhum həyat yoldaşına satılması və satılan torpaq sahəsinin dəyərinin ödənilməsi ilə əsaslandırmışdır. Cavabdeh, iddia tələbinə etirazını Mingəçevir bələdiyyəsinin tərtib etdiyi “torpaq sahəsinin alqı-satqısına dair” aktın vaxtı ilə fəaliyyət göstərən DT və XK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən qeydiyyata alınmaması və möhürlə təsdiqlənməməsi, bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin cizgisinin DT və XK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən təsdiqlənməməsi, torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməməsi, bağlanmış müqavilənin notarial qaydada təsdiqlənməməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ünvan 1 ünvanladığı 05.09.2020-ci il tarixli 1100 №-li məktubdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Nümayəndə ünvan 3 ünvanında yaşamış 09.02.2008-ci ildə vəfat etmiş əri İddiaçı miras qalmış mirasın qəbulu və həmin hüququn rəsmiləşdirilməsinə dair ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. - Mingəçevir şəhər İcra Hakimiyyəti aparatının Memarlıq və Tikinti şöbəsinin 15.04.2005-ci il tarixli 28 №-li məktubundan görünür ki, Az.DRES qəsəbəsi Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən fərdi mənzillərin tikintisi üçün alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. - Mingəçevir bələdiyyəsinin 23.12.2006-cı il tarixli qərarından və 19.12.2006-cı il tarixli qəbzdən görünür ki, Mingəçevir şəhəri Az.DRES qəsəbəsi Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqısatqı yolu ilə 500 kv.m torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətinə verilməsi qərara alınmış, sonuncu tərəfindən 300 manat pul məbləği bələdiyyənin hesabına ödənilmişdir - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsindən 15.04.2005-ci il tarixdə Mingəçevir bələdiyyəsinə ünvanlanmış məktubundan görünür ki, Mingəçevir şəhəri Az.DRES qəsəbəsi Naxçıvan küçəsinin cənub hissəsindəki boş ərazilərdən şəhər sakinlərinə fərdi mənzil tikintisi üçün torpaq sahələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq ayrılmasına etiraz edilməmişdir. - AZ-İ 286374 №-li “ölüm haqqında” şəhadətnamədən görünür ki, İddiaçı 09.02.2008-ci il tarixdə vəfat etmişdir. - İİ-ЖГ 339935 №-li “nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 arasında 18.08.1980-cı ildə nikah bağlanmışdır. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23.09.2021-ci il tarixli məktubuna əlavə edilmiş arayışdan görünür ki, iddia olunan torpaq sahəsi 463 kv.m-dir. 2005-ci ildə tərtib edilmiş Mingəçevir bələdiyyəsi ərazisindən bələdiyyə mülkiyyətinə verilən torpaqların yerquruluşu planında həmin ərazi bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Yaşayış məntəqələrinin hüdudları daxilində bələdiyyə mülkiyyətinə aid olmaqla həyətyanı məqsədi ilə istifadə edilir. Torpaq sahəsi tam hasara alınmamışdır. İddiaçı Nümayəndə bildirdiyinə görə özünün istifadəsindədir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 27.02.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxs cavabdeh şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Mingəçevir şəhəri Az.DRES qəsəbəsi Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə mərhum İddiaçı torpaq sahəsi satılmış və hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Mübahisələndirilən torpaq sahəsinin mərhum İddiaçı qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, torpaq sahəsinin cizgisi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin müvafiq rəyi, Mingəçevir şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi ilə də təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mübahisəli torpaq sahəsi mərhum İddiaçı Mingəçevir Bələdiyyəsinin 23.12.2006-cı il tarixli qərarına əsasən satılmış və həmin torpaq sahəsinin satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə satılmışdır. Cavabdehin iddiaya qarşı dəlilləri ondan ibarət olmuşdur ki, Mingəçevir bələdiyyəsinin tərtib etdiyi “torpaq sahəsinin alqı-satqısına dair” akt vaxtı ilə fəaliyyət göstərən DT və XK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən qeydiyyata alınmamış və möhürlə təsdiqlənməmişdir. Bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin cizgisinin DT və XK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən təsdiqlənməmiş, torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməmiş, bağlanmış müqavilə notarial qaydada təsdiqlənməmişdir. Lakin, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Belə ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmçinin iş materialları ilə müəyyən olunur ki, mərhum İddiaçı Mingəçevir Bələdiyyəsinin 23.12.2006-cı il tarixli qərarına əsasən 500 kv.m torpaq sahəsinin satıldığı qeyd olunsa da, faktiki olaraq iddia olunan torpaq sahəsinin naturada real sahəsi 463 kv.m-dir. Odur ki, iddia tələbi faktiki olaraq mövcud olan torpaq sahəsinə münasibətdə təmin edilməlidir İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “Mingəçevir Bələdiyyəsinin 23.12.2006-cı il tarixli 29/3 nömrəli qərarına əsasən Mingəçevir şəhəri Az.DRES qəsəbəsi Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə satılmış torpaq sahəsinin 463 kv.m sahəsi üzərində xüsusi mülkiyyət hüququnun mərhum İddiaçı məxsus olması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyatın aparılması, həmin torpaq sahəsinə dair mərhum İddiaçı adına plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar