Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-54/2025 28.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “orqanizm funksiyalarının pozulmasının ikinci dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz 61-80 faiz əlillik təyinatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, “ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizədə tələbin ifadə forması qüvvədə olan maddi hüquq normalarının ifadə tərzinə uyğun olmasa da, Məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə iclas protokolunun qərardadı ilə iddiaçının nail olmaq istədiyi hüquqi nəticə nəzərə alınaraq irəli sürülmüş tələb “orqanizmin funksiyalarının pozulmasının 2-ci dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” məzmununda icraata qəbul edilmişdir. Bununla belə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı və onun vəkili bir neçə dəfə mövqeyini dəyişərək 2-ci dərəcəli əlilliyin təyin edilməsini nəzərdə tutduqları tarixin xx.xx.2022-ci il olmasını bildirmiş və faktiki olaraq sonradan dəqiqləşdirilmiş ərizənin məzmununa yox, ilkin iddia ərizəsinin məzmununa uyğun iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən vəkillə təmsil olunan iddiaçıya İPM-nin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım göstərilmiş və izah edilmişdir ki, irəli sürülmüş tələb “məcburetmə haqqında” iddia növünə aiddir və tələb xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi ilə bağlı olacağı halda iddia tələbinin müddətlə bağlı xüsusi mümkünlük şərtləri yoxlanacaqdır. Belə ki, iş materialları ilə xx.xx.2023-cü il tarixdə səhiyyə müəssisəsi tərəfindən iddiaçı barəsində yeni tibbi göndərişin cavabdeh orqana göndərilməsi müəyyən edildiyindən, artıq iddiaçının xx.xx.2022-ci il tarixli imtina cavabından sonuncu göndəriş tərtib edilərkən məlumatlı olması işin mübahisəsiz halıdır. xx.xx.2023-cü il tarixli imtina cavabına münasibətdə isə iddia tələbinin irəli sürülməsi üçün iddia müddəti ötürülmədiyindən həmin tarixə münasibətdə tələbə mahiyyəti üzrə baxılması mümkündür. Bununla belə iddiaçı, vəkilin yönləndirməsi ilə məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. Belə olan halda yekun tələbin dəqiqləşdirilməsi məqsədilə iddiaçının tələbinin məzmununun və məhkəmə tərəfindən ona edilmiş hüquqi izahın əks olunduğu ərizə blankı hazırlanaraq imza edilməsi üçün vəkilə və iddiaçıya təqdim edilmiş, bir daha hazırkı mövqeyinin hüquqi nəticəsi izah edilmişdir. Müvafiq ərizə blankı ilə tanış olduqdan sonra iddiaçının vəkili yenidən məhkəmədən hüquqi yardım istəmiş və ərizə blankını imzalamaqdan imtina edərək irəli sürülmüş tələbə xx.xx.2023-cü il tarixdən baxılması ilə bağlı mövqeyini konkretləşdirmişdir. Vəkilin yönləndirməsi ilə iddiaçı da, mövqeyini dəyişərək məhz xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi ilə bağlı tələbə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, bununla belə yazılı ərizə təqdim etməmişdir. İddiaçının və onun vəkilinin mövqeyi bir daha dəqiqləşdirilərək iclas protokoluna qeyd edilmişdir. Odur ki, məhkəmə tərəfindən cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-340/2024 nömrəli qərardadı ilə iddaçının nümayəndəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üçüncü şəxs kimi icraata cəlb edilməsi ilə bağlı vəsatəti rədd edilmişdir. İddianın əsaslarına görə, iddiaçı, xx.xx.1998-ci il tarixində Azərbaycan Respublikası, Ağsu rayonunda anadan olmuşdur. xx-xx-2016-cü ildən xx-xx-2018-ci ilədək müddətli, xx-xx-2019-cu ildən xx-xx-2022-ci ilədək Müdafiə Nazirliyinin tərkibində bir çox hərbi hissələrdə xidmət etmişdir. Xidmətinin çox hissəsi düşmənlə təmas şəraitində olan hərbi hissələrdə keçmişdir. Vətən Müharibəsi zamanı döyüşlərdə fəal iştirak etmiş, ağır yaralanmışdır. 15 .11.2021-ci ildə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Vətən Müharibəsi zamanı Ali Baş Komandan tərəfindən "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "cəsur döyüşçü", “Qubadlının azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Vətən Müharibəsində aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona "Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" xəstəlik şəhadətnaməsi verilmişdir. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra bir çox tibb müəssisələrində uzun müddət müayinə və müalicə olunmuşdur və hal-hazırdada müalicələri davam edir. Tibb müəssiəsinin göndərişi əsasında 3 dəfə əlillik təyinatına imtina edilmiş, axrıncı dəfə xx-xx-2022-ci ildə ona müddətsiz əlillik təyin edilmiş, lakin əlilliyin səbəbi, dərəcəsi və faizi göstərilməmişdir. Sonuncu dəfə 08 06 2023-cü il tarixdə əlillik altsistemdən əlillik haqqında arayışı çıxarış edərkən bir daha ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona müddətsiz əlillik təyinatı aparılmış, lakin lakin əlilliyin səbəbi, dərəcəsi və faizi göstərilməmişdir. Belə ki, tibb müəssiəsinin göndərişlərində və səhətində olan xəstəliklərə əsasən ona 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 61-80 faiz əlillik əlilllik təyin edilməlidir. Onun əlilliyinin müddətinin dəyişdirilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o tibb müəssisəsinin göndərişinə əsasən 3 dəfə qiymətləndirilmişdir. Cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 28 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 19) Ağsu rayon sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. (xx.xx.2021-ci il tarixli 23618 nömrəli XHŞ) Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 2248 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Fəlakətdən (müharibə) sonrakı şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vepetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020) sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqini sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020). Sağ budun aşağı 1/3-nin arxa səthinin, sol baldırın aşağı 1/3-nin arxa səthində qəlpə yaralanmasından sonrakı dəri çapıqları, sağ budun aşağı 1/3-nin yumşaq toxumasının yad cismi (metal qəlpə).” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; "Hər iki gözün miopivası M 1,0D nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla." diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli 189 nömrəli Tibbi rəyində diaqnoz ‘‘Fəlakətdən sonrakı (müharibədən) şəxsiyyət dəyişikliyi.’' kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ-nin xx.xx.2023-xx.xx.2023-cü il tarixli 598/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakətdən sonrakı(müharibədən) şəxsiyyət dəyişikliyi.’' kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ-nin xx.xx.2023-xx.xx.2023-cü il tarixli 4987/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, funksional tutmalarla."kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, zəif eşitmədən, baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, verilən sualları əsəbi cavab vermiş, əhval-ruhiyyəsi dəyişkən olması, emosional labillik izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuş, bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu, deoressiv daxilolmalarla.’' kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyar!arı”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina cavabı, 2248, 23618 nömrəli Xəstəlik haqqında şəhadətnamələr, xx.xx.2021-ci il tarixli travma haqqında arayış, xx.xx.2023-cü il tarixli müayinə nəticələri (əlilliyin təyin edilməsindən imtina cavabı), əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixli qərarın qüvvədə saxlanılmasına dair cavabdehin xx.xx.2023-cü il tarixli qərarı, AR Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatrya Xəstəxanasının 314, 43, 85, 01 nömrəli məktubları, AR “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi”PHŞ-nin 2601 nömrəli məktubuna əlavə edilmiş 1119 nömrəli ekspert rəyi, AR “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 3899 nömrəli məktubuna əlavə edilmiş T452/2024 nömrəli ekspert rəyi, “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məktubları, Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İş materiallarından görünür ki, cavabdeh orqan sonuncu dəfə xx.xx.2023-cü il tarixli göndərişə baxaraq xx.xx.2023-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina etmişdir. Daha sonra iddiaçının şikayəti əsasında əyani müayinə həyata keçirilərək xx.xx.2023-cü il tarixdə eyni məzmunlu - “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə qərar qəbul edilmiş və sonuncu – xx.xx.2023-cü il tarixli göndərişə münasibətdə verilmiş xx.xx.2023-cü il tarixli imtina qərarını qüvvədə saxlamışdır. Odur ki, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli göndərişə münasibətdə qəbul edilmiş xx.xx.2023-cü il tarixli imtina qərarının qanuniliyi yoxlanılmışdır. Məhz həmin imtina cavabından sonra iddiaçı hazırkı iddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Sonuncu imtina qərarının hansı tarixdə iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, eyni zamanda imtina qərarında hüquqi müdafiə vasitələri göstərilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina dəlili iddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti təyin etməməsi ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-340/2024 saylı qərardadı ilə iş üzrə kompleks canlı şəxsin məhkəmə-tibbi və məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Bu ekspertiza çərçivəsində, iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə iki növ ekspertizanın aparılması nəzərdə tutulmuşdur:
1. iddiaçının psixi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası - “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ekspertlərinə;
2. iddiaçının fiziki zədələrinin və onların mümkün təsirlərinin qiymətləndirilməsi məqsədilə təyin edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizası - “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ-nin ekspertlərinə həvalə edilmişdir. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 1119 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı qoyulmuş “üzvi dissosiativ pozuntu. Posttravmatik stress pozuntusu” və “fəlakətdən (müharibə) sonrakı şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi” diaqnozu düzgündür. İddiaçı hazırda üzvi dissosiativ pozuntu müəyyən edilir. İddiaçının sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 7.5.1 və 7.6.2-ci bəndlərinin hansı qiymətləndirmə halına (7.5.1.1, 7.5.1.2, 7.6.2.1, 7.6.2.2) uyğunluğu ilə bağlı suala münasibətdə isə həmin sualın cavablandırılmasının məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid olmaması qeyd edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 3899 nömrəli məktubuna əlavə edilmiş T452/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Ağırlaşma: F06.5-Üzvi dissosiativ pozuntu. Yanaşı xəstəliklər: H90-Eşitmənin konduktiv və neyrosensor itirilməsi, sağ qulaqda 1-ci dərəcə neyrosensor tip ağıreşitmə, sol qulaqda normal eşitmə təsbit edilmişdir. Əsas diaqnoz: F62.0-Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. D-z: F62.0-Fəlakətdən (müharibə) sonrakı şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, partlayış travması, keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, partlayış travması (xx.xx.2020) sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqini sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr m. Ağırlaşma: F43.1- posttravmatik stress pozuntusu” diaqnoz ona stasionarda müəyyən edilsə də, əyani müayinədə başağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmiş, ünsiyyətə həvəssiz daxil olmuş, verilən sualları əsəbi cavablandırmış, əhval-ruhiyyəsi dəyişkən olmuş, emosional labil, maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuş, bələdliliyi bütün növlər üzrə saxlanılmış, psixi vəziyyəti Uzvi emosional-labil pozuntu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları ətrafların və digər orqanların patofunksional pozuntuları aşkar edilməmişdir. “Partlayış travması (xx.xx.2020), sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltı nitqini sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə, partlayış travması, sağ budun aşağı 1/3-nin arxa səthinin, sol baldırın aşağı 1/3-nin arxa səthində qəlpə yaralanmasından sonrakı dəri çapıqları, sağ budun aşağı 1/3-nin yumşaq toxumasının yad cismi (metal qəlpə)" diaqnozunda obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilməmişdir. Odur ki, əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na dair əsasnamənin müddəlarından birini aid etmək mümkün olmadı və “Əlilliyin müəyyən olunması meyarlar”na Əlavənin 7.5.1 və 7.6.2-ci bəndlərinin qiymətləndirmə hallarından hər hansı birinə (7.5.1.1, 7.5.1.2, 7.6.2.1, 7.6.2.2) rast gəlinmədi. Məhkəmə, “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ tərəfindən təqdim edilmiş ekspert rəyinə münasibətdə qeyd edir ki, ekspert öz səlahiyyətinə aid olan diaqnozlarla bərabər, faktiki olaraq “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin səlahiyyətinə aid olan tibbi diaqnozlarla bağlı rəy vermiş, həmçinin həmin diaqnozların “Əlilliyin müəyyən olunması meyarlar”na Əlavədə öz əksini tapmadığını qeyd etmişdir. Məhkəmə, təqdim edilmiş rəyi psixiatrik diaqnozlara münasibətdə sübut qismində qəbul etmir (səlahiyyəti olmayan qurum tərəfindən verildiyi üçün). “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş ekspert rəyində iddiaçıya “üzvi dissosiativ pozuntu. Posttravmatik stress pozuntusu” və “fəlakətdən (müharibə) sonrakı şəxsiyyətin mülayim (orta) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi” diaqnozunun düzgün qoyulduğu qeyd edilmişdir. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozuna münasibətdə F06.5, “fəlakətdən keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozuna münasibətdə F62.0 XBT kodlarına istinad edilmişdir. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilərkən və müvafiq imtina qərarı verilərkən qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarlar”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.6.2-ci bənddə göstərilmiş “üzvi dissosiativ pozuntu” diaqnozu F06.5 kodunda, 7.5.1-ci bənddə göstərilmiş “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu isə F62.0 kodunda nəzərdə tutulmuşdur. 7.6.2-ci bənddə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir. - 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35-60 %, - 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti)orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % müəyyən edilmişdir. Eyni zamanda F62.0 diaqnozunun həmin dövrdə əks olunduğu 7.5.1.-ci bənddə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir. - 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35-60 %, - 7.5.1.2. 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət - orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % müəyyən edilmişdir. İddiaçıda “üzvi dissosiativ pozuntu” və “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozları müəyyən edilsə də, sözügedən diaqnozlar yuxarıda qeyd edilmiş qiymətləndirmə hallarına uyğun olduğu halda müvafiq əlilliyin təyin edilməsi üçün əsas olacaqdır. Yəni, əlilliyin təyin edilməsi üçün yalnız bu diaqnozların mövcudluğu kifayət etmir. Sözügedən diaqnozlara uyğun əlilliyin təyini, yalnız müvafiq tibbi diaqnozların mövcudluğuna deyil, eyni zamanda bu diaqnozların uyğun gəldiyi qiymətləndirmə meyarlarına əsaslanmalıdır. Bunun üçün mütləq qaydada hər iki diaqnoz üzrə funksional pozulmanın şiddəti, müalicəyə cavab vermə və sosial adaptasiya qabiliyyəti nəzərə alınmaqla aid olduğu qiymətləndirmə halı konkret müəyyən edilməlidir. Belə ki, məhz qiymətləndirmə meyarları mövcud diaqnozun şiddətini, funksional pozulmanın dərəcəsini, müddətini, gündəlik fəaliyyətə təsirini, müalicəyə cavab verməyini və sosial adaptasiya qabiliyyətini nəzərə alaraq əlillik dərəcəsini müəyyənləşdirir. Odur ki, F06.5 və F62.0 kodlarında təsbit edilmiş diaqnozlara münasibətdə əlilliyin təyin edilməsi üçün istinad olunan “Meyarlara” Əlavənin 7.6.2 və 7.5.1-ci bəndindəki qiymətləndirmə meyarları sübut edilməlidir. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozdakı xəstəliklərin “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin hansı bəndində nəzərdə tutulmuş xəstəliklərin əhatə dairəsinə düşməsinin müəyyən edilməsi, o cümlədən sözügedən “Meyarlara” Əlavənin 7.6.2 və 7.5.1-ci bəndlərinin qiymətləndirmə meyarlarında göstərilən halların iddiaçıda mövcud olub-olmamasının aydınlaşdırılması məqsədilə iddiaçı barəsində müvafiq tibbi göndərişi tərtib etmiş səhiyyə müəssisəsinə (Salyan Rayonlararası Psixiatriya Xəstəxanasına) sorğular ünvanlanmışdır. Bununla belə Salyan Rayonlararası Psixiatriya Xəstəxanası məhkəmə tərəfindən qoyulmuş sualları cavablandıra bilməmişdir. Sözügedən tibb müəssisəsindən iddiaçının anamnez məlumatları əsasında qoyulmuş sualların cavablandırılması bir daha tələb edilmiş, sonuncunun xx.xx.2024-cü il tarixli cavab məktubunda xəstəyə aid heç bir tibbi sənədin olmaması, elektron göndəriş sistemə oturduqdan sonra xəstənin tibbi anketinin qeydiyyatda olduğu rayonun Mərkəzi Xəstəxanasına geri qaytarılması qeyd edilmişdir. Eyni zamanda qoyulmuş suallara münasibətdə iddiaçıya nəzərən yox, oxşar diaqnozlu digər şəxslərə münasibətdə sözügedən “Meyarlara” Əlavənin bir sıra bəndlərində göstərilən təsnifatlara uyğun əlillik dərəcəsinin verilməsinin nəzərdə tutulması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, oxşar diaqnoz qoyulmuş digər şəxslərə münasibətdə “Meyarlara” Əlavənin müvafiq bəndlərinə uyğun əlillik dərəcəsinin təyin edilməsi məhkəmə praktikasından da məlumdur, lakin bu təyinat konkret olaraq yoxlanılan şəxsin diaqnozuna əsaslanmalı və həmin diaqnozun aid olduğu qiymətləndirmə meyarlarının tətbiqi ilə müəyyən edilməlidir. Salyan Rayonlararası Psixiatriya Xəstəxanası isə iddiaçının həmin xəstəxanada stasionar müalicədə olmaması və həkim psixiatrlar tərəfindən əyani müayinə edilməməsi səbəbindən sualların cavablandırılmasının mümkünsüz olduğunu bildirir. Həmçinin qeyd olunur ki, stasionara göndəriş Ağsu RMX tərəfindən verilir və qoyulmuş sualların cavablandırılması üçün xəstə psixiatrik əyani müayinə edilməlidir. Bunun üçün xəstənin Ağsu RMX-nın psixi kabinet həkiminə müraciət etməsi zəruridir. Salyan Rayonlararası Psixiatriya Xəstəxanası xx.xx.2023-cü il tarixli, 314 saylı məktubunda iddiaçıya qoyulmuş diaqnozların “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 7.5.1 və 7.6.2-ci bəndlərində nəzərdə tutulduğunu qeyd etmiş, lakin həmin bəndlərin hansı qiymətləndirmə halına uyğun olması ilə bağlı hər hansı məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnozların sözügedən “Meyar”lara Əlavənin 7.5.1 və 7.6.2-ci bəndlərində nəzərdə tutulması işin halları ilə də, müəyyən olunur və konkret olaraq tədqiq edilən məsələ qoyulmuş diaqnozların həmin bəndlərin hansı qiymətləndirmə halına uyğun olması ilə bağlıdır. Göndərişi tərtib etmiş səhiyyə müəssisəsi istinad etdiyi bəndlərin qiymətləndirmə meyarlarında göstərilən halların (simptomların) iddiaçıda mövcudluğuna dair hər hansı məlumat verə bilmir. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozdakı xəstəliklərin “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin hansı bəndində nəzərdə tutulmuş xəstəliklərin əhatə dairəsinə düşməsinin müəyyən edilməsi məqsədilə növbəti dəfə onun əyani müayinəsini həyata keçirmiş “Ağsu rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə sorğu verilmişdir. “Ağsu rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli müayinəyə əsas olmuş, iddiaçıya qoyulmuş “üzvi dissosiativ pozuntu. Posttravmatik stress pozuntusu” diaqnozu istinad olunan “Meyar”lara Əlavənin heç bir bəndində nəzərdə tutulmamışdır. xx.xx.2023-cü il tarixli müayinəyə əsas olmuş, iddiaçıya qoyulmuş diaqnozlardan F62.0 kodu “Meyar”lara Əlavənin 7.7.1-ci bəndinə uyğundur. Lakin, T90.5, G90, H90.7, G36.2, L91.0 kodları heç bir bəndə uyğun deyil. Məhkəmə, iddiaçının sağlamlıq vəziyyətinin “Meyar”lara Əlavənin 7.7.1-ci bəndinin iki qiymətləndirmə halından (7.7.1.1 və 7.7.1.2) hansına aid olduğunu müəyyən etmək məqsədilə növbəti dəfə “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə və Salyan Rayonlararası Psixiatriya Xəstəxanasına sorğular göndərmişdir. “Ağsu rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən təqdim edilmiş cavab məktubunda ixtisaslı psixiatr olmadığı üçün sualların cavablandırılmasının mümkün olmaması, Salyan RPX-sı HMK-na göndərilən göndərişin Respublika Psixiatriya Xəstəxanasının verdiyi rəy əsasında tərtib edilməsi bildirilmişdir. Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş cavab məktubunda isə qoyulmuş sualların məhkəmə psixiatrik ekspert komissiyası tərəfindən cavablandırılmasının mümkünlüyü qeyd edilmişdir. İşin yuxarıda qeyd edilmiş hallarından göründüyü kimi məhkəmə tərəfindən iddiaçının psixi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası zamanı da, müvafiq suallar ekspert qarşısında qoyulmuşdur. Aparılan ekspertiza çərçivəsində iddiaçının əyani müayinəsi aparılmasına baxmayaraq, təqdim edilmiş ekspert rəyində iddiaçının sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 7.5.1 və 7.6.2-ci bəndlərinin hansı qiymətləndirmə halına (7.5.1.1, 7.5.1.2, 7.6.2.1, 7.6.2.2) uyğunluğunun müəyyən edilməsinin məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid olmaması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, oxşar inzibati mübahisələr üzrə iddiaçılara qoyulmuş müvafiq diaqnozların aid olduğu qiymətləndirmə halı müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi və ekspert tərəfindən konkret müəyyən edilmədiyi halda, məhkəmə ilkin göndəriş tərtib edildiyi zaman qeyd olunmuş anamnez məlumatları (status localis) əsasında aşkar edilmiş diaqnozun hansı qiymətləndirmə halına uyğun olmasını müəyyənləşdirir. Hazırkı iş üzrə iddiaçı barəsində tibbi göndərişi tərtib etmiş səhiyyə müəssisəsi onun anamnezində aşağıdakı məlumatları qeyd etmişdir: “bələdliyi saxlanıb, düşüncəsi aydındır, ünsiyyətə həvəssizdir, əhval ruhiyyəsi dəyişkəndir, emosional labildir, zahirən narahatdır, gərgindir, davranışı qeyri-adekvatdır, bir yerdə qərar tutmur, intellekti aldığı təhsilə uyğundur, maraq dairəsi öz şəxsiyyətinə bağlıdır, yaddaşı pozulub, aldığı müalicələr: Depakin, Anifranil, Fenazepam, Uinpasetin”. Sadalanan anamnez məlumatları əsasında iddiaçının sağlamlıq vəziyyətinin “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 7.5.1, 7.7.1 və 7.6.2-ci bəndlərinin hansı qiymətləndirmə halına uyğunluğunun müəyyən edilməsi mümkün deyildir. Belə ki, iddiaçının anamnezdə qeyd olunan simptomlar ümumi və qeyri-müəyyəndir. Bu məlumatlar əlilliyin müəyyənləşdirilməsi üçün konkret qiymətləndirmə meyarlarının tətbiqi baxımından yetərli və dəqiq deyil. 7.5.1 və 7.6.2-ci bəndlərdə verilən qiymətləndirmə meyarlarında tələb olunan, xüsusən “ağır, müalicəyə rezistent simptomlar, gündəlik fəaliyyətin yerinə yetirilməsində çətinliklər, sosial təcrid, passivlik və tibbi yardıma davamlı ehtiyac” kimi daha konkret məlumatlar ümumiyyətlə yoxdur. İddiaçıya qoyulmuş digər diaqnozların (T90.5, G90, H90.7, G36.2, L91.0) “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə nəzərdə tutulmaması müvafiq əyani müayinəni aparmış “Ağsu rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin məlumatı ilə sübut olunur. Həmçinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” tərəfindən təqdim edilmiş ekspert rəyində sözügedən diaqnozlara münasibətdə əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlərin, davranış pozuntularının, ətrafların və digər orqanların patofunksional pozuntularının aşkar edilməməsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin müddəlarının tətbiqinin mümkünsüzlüyü qeyd edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək qeyd edir ki, mövcud diaqnozlara münasibətdə “Meyar”lara Əlavədə nəzərdə tutulan qiymətləndirmə halları ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmadığından və məhkəmə araşdırması zamanı da, həmin qiymətləndirmə hallarının iddiaçıya uyğunluğu sübuta yetirilmədiyindən, cavabdeh orqanın əlilliyin təyin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
qərara aldı:
İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “orqanizm funksiyalarının pozulmasının ikinci dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.