Məhkəmə qərarları › İş №2-1(116)-541/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-541/2023

06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-541/2023 06.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “28 fevral 1968-ci il tarixdə verilmiş “doğum haqqında şəhadətnamə”nin verilməsinə əsas olan akt qeydində göstərilən “Şöhlət” adına “Şöhrət”ə düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “28 fevral 1968-ci il tarixdə keçmiş Qutqaşen rayonu (hazırda Qəbələ rayonu) Zalam kənd soveti tərəfindən verilmiş AZ ******* nömrəli “doğum haqqında şəhadətnamə” də və əlində olan bütün ona məxsus sənədlərdə göstərilmiş “Şöhrət” adına uyğun olaraq 28 fevral 1968-ci il tarixdə verilmiş “doğum haqqında şəhadətnamə”nin verilməsinə əsas olan akt qeydində göstərilən “Şöhlət” adına “Şöhrət”ə düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxxxx 1968-ci il tarixdə Qəbələ rayonun Bayramkoxa kəndində doğulmuşdur. 28 fevral 1968-ci il tarixdə keçmiş Qutqaşen rayonu (hazırda Qəbələ rayonu) Zalam kənd soveti tərəfindən AZ ******* nömrəli “doğum haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnamədə adı “Şöhrət” olaraq qeyd edilmişdir. Bundan sonra Qəbələ “Asan xidmət” mərkəzindən ona 23 fevral 2018-ci il tarixdə verilmiş seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində, Qəbələ rayonu Zalam İnzibati Ərazi Nümayəndəliyi üzrə qeydə alınmış və 4 avqust 1995-ci ildə verilmiş Vİİ-JQ 259538 nömrəli “nikahın bağlanması haqqında şəhadətnamə”də, o cümlədən övladlarının adına verilmiş şəxsiyyətlə bağlı sənədlərdə, ona məxsus HZ ******* nömrəli hərbi biletdə, AB011970 nömrəli diplomda, xx.xx.2004-cü il tarixli 319233 nömrəli “Yeni Azərbaycan” partiyasına üzvlük vəsiqəsində, “orta təhsil haqqında attestatda, xx.xx.2019-cu il tarixdə verilmiş AE 733601 nömrəli sürücülük vəsiqəsində adı “Şöhrət” kimi göstərilmişdir. Yaxın günlərdə cavabdehə müraciət edəndə ona bildirmişlər ki, onda olan səndlərdə adı “Şöhrət” kimi qeyd olunsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehndə olan doğum haqqında akt qeydində (kitabında, yəni sənədin kökündə) adı “Şöhlət” olaraq qeydiyyata alınmışdır. Bir sözlə ona məxsus sənədlərdə göstərilmiş adla həmin şöbədə saxlanılan qeydiyyat kitabındakı adda uyğunsuzluq mövcuddur. Buna görə də doğum haqqında akt qeydinə düzəliş olunmasını xahiş etsə də, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının adı “Şöhrət” kimi qeyd olunmuşdur. - fevral 1968-ci il tarixli 14 nömrəli doğum akt qeydindən görünür ki, X1 xx.xx.1968ci il tarixdə anadan olmuşdur. - A3 seriyalı ******* nömrəli “doğum haqqında” şəhadətnamədən görünür ki, Şöhrət adının tərkibində “r” hərfiinə düzəliş edilmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-541/2023 nömrəli qərardadı ilə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/130 nömrəli məktuba əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş İddiaçı adına verilmiş xx.xx.1968-ci il tarixli A3 seriyalı ******* nömrəli “doğum haqqında” şəhadətnamənin 2-ci sətrində yazılmış “Шɵhpəт” adındakı “p” hərfinin yerində əvvəl “л” hərfi olmuş, sonradan üzərindən düzəliş edilərək “p” hərfinə dəyişdirilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adı doğum haqqında ilkin akt qeydində “Şöhlət” adı qeyd edilmiş və ona həmin akt qeydi əsasında verilmiş A3 seriyalı ******* nömrəli “doğum haqqında” şəhadətnamədə adı “Şöhlət” qeyd edilmişdir. İddiaçı, hazırda doğum haqqında şəhadətnamədə adının “Şöhrət” qeyd edildiyini bildirsə də ekspert rəyi ilə müəyyən edilmişdir ki, adın tərkibindəki “p” hərfinin yerində əvvəl “л” hərfi olmuş, sonradan üzərindən düzəliş edilərək “p” hərfinə dəyişdirilmişdir. Beləliklə, iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə ilkin doğum akt qeydindən fərqli ad qeyd edilməmişdir. Sadəcə olaraq həmin şəhadətnaməyə düzəliş edilərək “л” hərfi “p” hərfinə dəyişdirilmişdir. Bundan sonra iddiaçı həmin şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi və digər sənədlər əldə etmişdir. İddia tələbində istinad edilən iddiaçıya məxsus bütün digər sənədlər əsassız olaraq düzəliş edilmiş A3 seriyalı ******* nömrəli “doğum haqqında” şəhadətnamə və onun əsasında verilmiş şəxsiyyət vəsiqəsi əsasında tərtib edildiyindən həmin sənədlərə istinad edilməklə ilkin akt qeydində düzəliş edilməsi mümkün deyildir. Yəni, iddiaçıya məxsus ilkin akt qeydində və həmin akt qeydi əsasında verilmiş şəhadətnamədə tələbdə qeyd edildiyi kimi “Şöhrət” adı qeyd edilməmişdir. İddiaçıya valideynləri tərəfindən verilmiş ilkin adın “Şöhrət” olması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Odur ki, iddiaçı qanunsuz olaraq düzəliş olunmuş şəhadətnamə əsasında tərtib edilmiş sonrakı sənədlərə istinad etməklə ilkin sənədin səhv olduğunu iddia etməkdə və həmin sənədə düzəliş edilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “28 fevral 1968-ci il tarixdə keçmiş Qutqaşen rayonu (hazırda Qəbələ rayonu) Zalam kənd soveti tərəfindən verilmiş AZ ******* nömrəli “doğum haqqında şəhadətnamə” də və əlində olan bütün ona məxsus sənədlərdə göstərilmiş “Şöhrət” adına uyğun olaraq 28 fevral 1968-ci il tarixdə verilmiş “doğum haqqında şəhadətnamə”nin verilməsinə əsas olan akt qeydində göstərilən “Şöhlət” adına “Şöhrət”ə düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar