Məhkəmə qərarları › İş №2-1(116)-543/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-543/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-543/2024 02.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6rşı “xx.xx.2013-cü il tarixdə doğulmuş, iddiaçının qızı X1 Tibbi-Sosial Ekpert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarda orqanizmin funksiyalarının pozulmasının 80% qeyd olunmasını, əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat qrafasında isə İİ dərəcəli əlillik sözlərinin qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2013cü il tarixdə doğulmuş, iddiaçının qızı X1 Tibbi-Sosial Ekpert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarda orqanizmin funksiyalarının pozulmasının 60% qeyd olunmasını, əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat qrafasında isə İİ dərəcəli əlillik sözlərinin qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2013-cü il tarixdə doğulmuş, iddiaçının qızı X1 Tibbi-Sosial Ekpert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarda orqanizmin funksiyalarının pozulmasının 80% qeyd olunmasını, əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat qrafasında isə İİ dərəcəli əlillik sözlərinin qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-543/2024 nömrəli xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsasladırılmışdır: İddiaçı 12 yanvar 2013-cü il tarixdə doğulmuş övladı X1 Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədində qeyd olunmuşdur ki, Jasmin Osmanovanın orqanizmin funksiyalarının pozulmasının faizi 31-60 faizdir. Diaqnoz isə "uşaq autizmi. Kanner sindromu. Resseptiv nitq pozğunluğu F-80.2"dir. Əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə qrafasında isə "Sağlamlıq imkanları məhdud uşaq" yazılmışdır. Əmək zəmanəti qrafasında isə ”SİMU” yazılmışdır. Qeyd olunan qanunlardan görünür ki, cavabdeh xəstə uşağının əlillik dərəcəsini orqanizmin funksiyalarının pozulma faizini düzgün qeyd edilməmişdir. Belə ki, uşağın orqanizmin funksiyalarının pozulması faizi onda olan xəstəliyin diaqnozu ilə əlilliyin müəyyən olunması meyarların təsdiq olunmasına dair Nazirlər Kabinetinin qərarında və ona əlavə edilmiş əlavələrdə qeyd olunan faizlərə uyğun deyildir. Qeyd olunanları nəzərə alaraq X1 Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarda orqanizmin funksiyalarının pozulmasının 65-80% qeyd olunmasını, əlilliyin müəyyən edilməsi barədə məlumat qrafasında isə “İİ dərəcəli əlillik" sözlərinin qeyd olunması xahişi ilə cavabdehə rəsmi müraciət etmişdir. Cavabdeh imtina məktubu göndərmişdir. İmtina məktubunda iddiaçının müraciəti ilə əlaqədar heç bir araşdırma aparılmadığı görünür. İmtina məktubunda görünür ki, guya xəstənin vəziyyəti dəyişdiyi halda iddiaçı yenidən müraciət etməlidir. İddiaçı isə onların qanunsuz hərəkətlərindən şikayət etmişdir. Bundan başqa Sosial Müdafiə Nazirliyinin Tibbi-Ekspert Komissiyasının sonuncu müayinəsinə dair elektron məlumatlarında bəzi yerlərdə görünür ki, orqanizmin funksiyaları 31-60% pozulmuş, təyinat tarixi xx.xx.2023-cü il sonradan isə təyinat tarixi xx.xx.2023-cü il yazılaraq orada üçüncü dərəcəlik əlilik yazılmışdır. Halhazırda internet resuslarında xəstənin orqanizmin funksiyasının pozulması faizi 50% yazılmışdır. Həmin 50% xx.xx.2023-cü il tarixdə qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixində isə orqanizmin funksiyalarını 31-60 % pozulmasına görə əlillik müəyyən edilmişdir. Qeyd olunan sənədlərdən görünür ki, cavabdeh təşkilatın tərtib etdiyi sənədlərlə xəstənin vəziyyəti Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli qərarı arasında uyğunsuzluqlar vardır. Xəstəyə verilmiş diaqnoz: Uşaq autizmi. kanner sindromu F84.0, reseptip nitq pozuntusu F80.2 qoyulmuşdur. Əlilliyin müəyyən edilməsinə dair Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli qərarını əlilliyin müəyyən olunması meyarlarına dair əlavənin 7.1-ci maddəsinin 7.1.1 bəndində uşaq autizmi F84.0 şərti işarəsi ilə müəyyənləşdirilmişdir. Daha sonra 7.1.1.3-cü bəndində qeyd olunur ki. uşaq autizmi zamanı psixi funksiyaların təzahür dərəcəsini kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır. Uşaq autizmi (karner sindromu) ilə orqanizmin funksiyalarının pozulma faizi 65- 80% müəyyən olunur. Lakin cavabdeh təşkilat qeyd olunan qanunvericiliyi nəzərə almadan himayəmdə olan xəstə uşağın əlillik drəcəsini 111 dərəcəyə salaraq iddiamçının alacağı müavinətin miqdarını aşağı salmaq məqsədi ilə qiymətləndirmə aparan zaman, o cümlədən iddiaçıya göndərdiyi imtina məktubunda xəstənin orqanizmini funksiyalarının 50% pozulmasını qeyd etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda bildirmişdir ki, İddiaçı “12.01,2013-cü il tarixdə doğulmuş, qızı X1 2-ci dərəcə əlillik drəcəsi təyin edilməsi" tələbinə dair iddia ərizəsinə dair etirazı diqqətinizə çatdırırıq. Xroniki və (və ya) davamlı ağır, yaxud tez- tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: psixopatoloji simptomların təzahür dərəcəsi, xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü, xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi, öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi, aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi, kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi, müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial,psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması və eyni zamanda Uşaq autizmi zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: kommunikativ və sosial pozulmanın təzahür dərəcəsi (verbal və qeyri-verbal ünsiyyətin, nitq qabiliyyətinin olduğu halda nitq kontaktına ehtiyacın olmaması və ya yetərsizliyı, maraqların məhdud və ya stereotipli olması, sosial aktivliyin azalması və ya olmaması və s., mövcud davranış pozuntularının və psixopatoloji simptomatikanın ağırlığı (hərəkət stereotipiyası, oyun ritualları, fobiyalar, hiperaktivlik və aqresivlik, o cümlədən özünə xəsarət yetirmə, yuxu və qida qəbulu pozuntusu və s), intellektual çatışmazlıq, əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi, psixoloji və pedaqoji reabilitasiya və psixososial kompensasiyanın imkanlarının olması tam olaraq iddaiçıda olub-olmamasını müəyyən etmək üçün əyani müayinə qərardadı və ya məhkəmə tibbi ekspetizasının keçirilməsini xahiş edirik. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş və ona müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir

2. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-543/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

3. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 4311 nömrəli rəyi.

Əsaslandırma hissəsi:

İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır.Məhkəmə iş hallarına qiymət verərək aşağıdakı normaları işin faktiki hallarına tərbiq edərək hesab edir ki,iddia təmin edilməlidir. Hazırkı iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı xx.xx.2013-cü il doğumlu qızı X2 təyin edilmiş “orqanizmin funksiyasının pozulması 50% dərəcəsinin” “orqanizmin funksiyalarının pozulmasının 80%” kimi dəyişdirilərək, İİ dərəcəli əlillik təyin olunması ilə bağlıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçının övladına xx.xx.2023-cü il qiymətləndirmə tarixli forma 88 göndərişi əsasında xx.xx.2023-cü il tarixindən müddətsiz orqanizmin funksiyasının pozulması faizi 50% dərəcəsi müəyyən edilməklə əlillik təyin edilmişdir. Qiymətləndirmə nəticəsində “F84.0 Uşaq autizmi. Kanner sindromu, F80.2 Reseptip nitq pozuntusu” diaqnozu qoyulmuşdur. Məhkəmə X4 qoyulmuş diaqnoz və təyin edilmiş əlilik dərəcəsinə əsasən aşağıdakıları qeyd edir. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.1.1-ci bəndində psixoloji inkişafın ümumi pozuntusu (autizm spektrli pozuntular) F84 əsasında əlilliyin təyin edilməsi müəyyən edilmişdir.Həmin diaqnoza dair qeydə əsasən uşaq autizminin psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi nəticəsində əlilliyin dərəcəsi və müddətini müəyyənləşdirməsi nəzərdə tutulmuşdur. Uşaq autizmi zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - kommunikativ və sosial pozulmanın təzahür dərəcəsi (verbal və qeyri-verbal ünsiyyətin, nitq qabiliyyətinin olduğu halda nitq kontaktına ehtiyacın olmaması və ya yetərsizliyi, maraqların məhdud və ya stereotipli olması, sosial aktivliyin azalması və ya olmaması və s.); - mövcud davranış pozuntularının və psixopatoloji simptomatikanın ağırlığı (hərəkət stereotipiyası, оyun ritualları, fobiyalar, hiperaktivlik və aqresivlik, o cümlədən özünə xəsarət yetirmə, yuxu və qida qəbulu pozuntusu və s.); - intellektual çatışmazlıq; - əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi; - psixoloji və pedaqoji reabilitasiya və psixososial kompensasiyanın imkanları. Meyarların 7.1.1.3-cü yarımbəndində “Uşaq autizmi (tipik autizm, Kanner sindromu) – əsas həyat bilikləri və vərdişlərinin qazanılmasına əhəmiyyətli dərəcədə mane olan verbal və qeyri-verbal əlaqənin nəzərəçarpacaq dərəcədə pozulması və stereotip qeyrifunksional davranış, 65-80 faiz dərəcəsi və müddətsiz əlilliyin təyin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi X3 adına tərtib edilmiş forma88 göndərişinin qiymətləndirilməsində diaqnoz “F84.0 Uşaq autizmi. Kanner sindromu” kimi qeyd edilmişdir ki,həmin diaqnoz da orqanizmin funksiyalarının pozulmasının 65-80 faiz pozulması” kimi qiymətləndirilməlidir. J.Osmanovanın faktiki sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmənin qərardadına əsasən təqdim edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 4311 nömrəli rəyindən görünür ki, 2013-cü il təvəllüdlü X3 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir J.M.Osmanovaya XBT 10 kodu ilə “Psixi və davranış pozuntuları => Psixoloji inkişaf pozuntuları => Uşaq autizmi => Atipik autizm -3 və daha yuxarı yaşlarda qeydə alınan anormal və ya pozulmuş inkişaf, ünsiyyət və sosial qarşılıqlı təsirin nəzərəçarpacaq dərəcədə məhdudlaşması, davranış və ya maraqların stereotip formaları, həmçinin intellektual inkişafın təhsilə maneə yaradan bəzi geriqalmaları” diaqnozu ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.1.1.2- bəndinə uyğun olaraq ümumi xəstəliklə əlaqədar müddətsiz İİİ dərəcəli əlillik təyin edilsə də, DTSERA-da şəxsin əyani müayinəsində aparılan obyektiv müayinənin nəticəsinə əsasən vətəndaşın hazırkı obyektiv vəziyyətini əks etdirən F72.1 diaqnozuna müəyyənləşdirildiyindən XBT kodu əlavə olunmaqla tibb müəssisəsindən yeni göndəriş rəsmiləşdirilməlidir ki, OFP təyinatı aparılsın. Buradan da göründüyü kimi J.Osmanovanın faktiki sağlamlıq vəziyyəti hazırda orqanizmin funksiyalarının pozulmasının 90% kimi qiymətləndirilmişdir.Bu halın cavabdeh tərəfindən qiymətləndirilməsi üçün isə tibb müəssisəsindən yeni göndəriş rəsmiləşdirilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki, cavabdehin 19 mart 2023-cü il tarixli Əlilliyin qiymətləndirməsi barədə nəticəsi əsassız olmuşdur. Odur ki,iddia təmin edilməli, X2 həmin tarixdən İİ dərəcə əlillik təyin edilməlidir. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. xx.xx.2013-cü il doğumlu X2 təyin edilmiş “orqanizmin funksiyalarının pozulmasının 50% dərəcəsi”nin dəyişdirilməsi və xx.xx.2023-cü il tarixindən ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar