Məhkəmə qərarları › İş №2-1(116)-544/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-544/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-544/2021 13.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı vəsiqəsi və statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Mingəçevir Şəhər Hərbi Komissarlığı tərəfindən torpaqların müdafiəsi üçün xx.xx.1992-ci il tarixdə könüllü çağırılmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin tərkibində Gədəbəy bölgəsində könüllü olaraq döyüşmüşdür. İddiaçı xx.xx.1992ci il tarixdə ağır yaralanmışdır. Onun müharibədə iştirakını təsdiq edən mötəbər sənədlər olmasına baxmayaraq cavabdeh orqan ona “Müharibə veteranı” adı və statusunun verilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli məktub göndərilmiş və ona hazırkı iddianın Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1, 8.1.2, 8.1.3 və 8.1.3-1-ci maddələrində nəzərdə tutulmuş aidiyyət qaydalarına uyğun gəlmədiyindən və iddia tələbinə cavab verən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hüquqi ünvanı ünvan 1isəyə Bakı İnzibati Məhkəməsində baxılması, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarında Bakı şəhəri, Nəsimi rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Bu səbəbdən də hazırkı işin baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilməli olduğu iddiaçıya izah edilmişdir. Yardım məktubuna münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət verilmiş, tələb olunan müddət ərzində məktuba münasibət bildirilməmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(116)-1157/2020 saylı qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2020-ci il tarixində Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsində iddiaçıya iş üzrə əsl olmayan cavabdehin əsl cavabdehlə, yəni Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunması təklif edilmiş, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunmasına etiraz etməmişdir. Bu səbəblə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6204/2020 nömrəli qərardadı ilə baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2021-ci il tarixində Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli vəsatətində bildirmişdir ki, icraatda olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə baxılır. Hesab edirik ki, iddia verilərkən AR İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə riayət edilmədiyindən iddia mümkünsüz sayılmalıdır. Belə ki, hazırki iddia AR İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üçün tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı ’’Müharibə veteram” adı və vəsiqəsinin verilməsi üçün ilk öncə ərizə və xidmətini bilavasitə təsdiq edəcək sənədlərlə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya müraciət etməli, Komissiya imtina etdiyi təqdirdə iddia ilə məhkəməyə müraciət etməli idi. İş materiallarından müəyyən edilir ki, iddiaçı “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə müraciət etmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti xx xxxxx 2020-ci il tarixli məktubu ilə iddiaçının N nömrəli hərbi hissədə xidmət keçməsini nəzərə alaraq iddiaçıya aidiyyəti üzrə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya müraciət etməli olduğunu bildirmişdir. Lakin tərəfimizdən müəyyən edilmişdir ki, iddiaçı "Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya müraciət etməmiş, Komissiya tərəfindən onun hüquq və azadlıqlarını məhdudlaşdıran hər hansı inzibati akt qəbul edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən mümkün sayılmamalıdır. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Gədəbəy rayonunun müdafiəsində könüllü iştirak etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 1123 nömrəli qərarının surətində qeyd edilir ki, iddiaçı xx.xx.1992-ci il tarixdə döyüş zonasında hərbi xidmət keçərkən yaralanmış, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Tovuz rayon mərkəzi xəstəxanasında “sağ çiyin nayihəsinin güllə yarası”, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci ilədək Mingəçevir rayon mərkəzi xəstəxanasında “sağ bazunun 1/3 hissəsinin dəlib keçən odlu güllə yarası” diaqnozu ilə müayinə və müalicə olunmuş, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan Gədəbəy rayonu, Mutudərə kəndində bağlanan Aktın surətindən görünür ki, iddiaçı Mingəçevir şəhərindən könüllü olaraq Gədəbəy rayonuna gəlmiş, orada özünümüdafiə dəstələrinin sıralarına qoşulmuş, xx.xx.1992-ci il tarixdə ağır yaralanmış və Tovuz rayon mərkəzi xəstəxanasına aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, M/1071 nömrəli məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş “müharibə veteram” vəsiqəsinin verilməsinə dair müraciətinizə və aidiyyəti sənədlərə Xidmətin Aparatında fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nda baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Təqdim olunan və araşdırma zamanı əldə edilən digər sənədlərdən məlum olmuşdur ki, Siz döyüş əməliyyatlarının aparıldığı dövrdə N saylı hərbi hissədə hərbi xidmət keçmişiniz. Belə ki, N saylı hərbi hissə komandirinin mart 2017-ci il tarixli 4471 nömrəli məktubunda bildirilir ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı 1992-ci il “Xəstələrin stasionar qeydiyyat kitabı”nda qeydiyyatı yoxdur, ancaq xx.xx.1992-ci il tarixdə N saylı hərbi hissənin Qarnizon Hərbi-Həkim komissiyasından keçməsi haqqında “Komissiyanın protokollarının qeydiyyatı kitabı”nda məlumat var. Əlavə olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim komissiyasının xx.xx.2017-ci il tarixli 1123 nömrəli məktubuna əsasən, döyüş zonasında hərbi xidmət keçərkən aldığınız yaralanmanın səbəb əlaqəsini müəyyən etmək məqsədilə tibbi şəhadətləndirilmisiniz və komissiya barənizdə müvafiq qərar qəbul etmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən, müharibə veteranı adı və vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Mövcud qanunvericiliyin tələblərini və N saylı hərbi hissədə xidmət keçdiyinizi nəzərə alaraq, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya müraciət etməyiniz tövsiyə olunur. Bu səbəbdən təqdim etdiyiniz sənədlər ünvanınıza geri qaytarılır. İş materiallarında olan Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı 2017, 2018 və 2019-cu il tarixli müvafiq məktublarda qeyd edilir ki, xx.xx.2017-ci il tarixli 9/2-19733 nömrəli arxiv arayışına əsasən N () nömrəli hərbi hissədə xidməti təsdiqlənmədiyindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun olmamışdır. İş materiallarında olan SHXÇDX Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2021-ci il tarixli, 249 nömrəli məktubuna əlavə edilən iddiaçının qeydiyyat kartasının təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Gədəbəy rayonunun Mutudərə kənd özünü müdafiə batalyonunun tərkibində döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli 22HP688 nömrəli məktubunda qeyd edilir ki, 1954-cü il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amtistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli, 18/624 nömrəli məktubunda qeyd edilir ki, 1954-cü il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amtistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli, 16/1155 nömrəli məktubunda qeyd edilir ki, iddiaçı barəsində Prokurorluqda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər (Rayon) Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli 189-7051-1221 nömrəli məktubuna əlavə edilmiş 9 nömrəli Əlavədən müəyyən edilir ki, iddiaçı barəsində AR DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. İddiaçı xx.xx.1954-cü ildə anadan olmuşdur, hərbi bileti və iş materiallarında olan sənədlərdən onun könüllü olaraq döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etdiyi müəyyən olunur. Belə olan halda Müdafiə Nazirliyinin hazırki tələb üzrə cavabdeh olması istisna olunur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar