Məhkəmə qərarları › İş №2-1(116)-544/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-544/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-544/2025 13.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Velicanova Fidan Telman qızının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN-1898A, kod 40201004 saylı şəhadətnamədə mülkiyyətçilər siyahısında adı qeyd olunan X1 adı nəzərə alınmadan sözügedən 0,03 ha torpaq sahəsinə ümumibirgə mülkiyyət hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair JN-1898A, kod 40201004 saylı şəhadətnamədə mülkiyyətçilər siyahısında adı qeyd olunan X1 adı texniki olaraq səhv qeyd olunduğundan ümümbirgə mülkiyyətçilər siyahısından adının çıxarılması və texniki səhvin aradan qaldırılaraq düzəlişlər olunması, onun və digər mülkiyyətçilərin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlər reyestrində qeydiyyata alınaraq 0,03 ha torpaq sahəsinə çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-2240/2024 nömrəli qərardadı ilə X9, X3, X8, X5, X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-1898A, kod 40201004 saylı şəhadətnamədə mülkiyyətçilər siyahısında adı qeyd olunan X1 adı nəzərə alınmadan sözügedən 0,03 ha torpaq sahəsinə ümumibirgə mülkiyyət hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 saylı qərarı ilə ailə üzvlərinə 0,03 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Torpağın mülkiyyətə verilməsinə dair JN1898A, KOD 40201004 saylı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə ümumbirgə mülkiyyətiçilər siyahısına X4 adlı şəxs əlavə olunmuşdur. Həmin şəxs ümumiyyətlə onların təsərrüfatında olmamış, ailə üzvü olmamış, həmin şəxsin kim olması ona məlum deyildir. Görünür ki, həmin şəxsin adı texniki səhv olaraq ümumbirgə mülkiyyətçilər siyahısına əlavə olunmuşdur. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, AİK-nın qərararına əsasən verilmiş JN-1898A, kod 40201004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədində düzəlişlərin edilməsi (mülkiyyətçi siyahısından X2 adının çıxarılması) “Daşınmaz “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Buna görə də, iddiaçının ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-H-0013-8/2024 (**********91), nömrəli məktub ünvanlanmışdır. Üçüncü şəxslər iddia tələbinə münasibət bildirməmişlər. Məhkəmə iclasında iddiaçı vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, JN-1898A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli məktubu və həmin məktuba əlavə olunmuş Zaqatala şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısından çıxarış, Zaqatala Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və arayışı, Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il traixli arayışı, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və həmin məktuba əlavə olunmuş mütəxəssis rəyi, xx.xx.2025-ci il tarixli yerquruluşu planı. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. İş materiallarından görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2005-ci il tarixli, 117 saylı qərarı ilə X9, İddiaçı, X3, X8, X5, X1 ümumi birgə mülkiyyətinə 0,03 ha torpaq sahəsi ayrılmış, JN-1898A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İşdə olan, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən təqdim edilmiş Zaqatala şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair subyektlər siyahısında X1 adı qeyd edilsə də, icraat materialları ilə müəyyən edilir ki, Səbinə İsmayılova adlı şəxs iddiaçının ailə üzvü olmamış və ümumiyyətlə onun şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Zaqatala Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və arayışında X4 əhalinin dövlət reyestrinin avtomatlaşdırılmış elektron informasiya sistemində aşkar edilməməsi və X6 İsmayılovanın belə bir adla qızının olmaması, həmçinin “X4” adlı şəxsin Zaqatala şəhərində və kəndlərində olmaması qeyd edilmişdir. Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il traixli arayışında X1 ünvan 1 ünvanda təsərrüfat uçotu kitabında təsərrüfat qeydiyyatına alınmaması qeyd edilmişdir. Göründüyü kimi iddiaçının “X4” adlı ailə üzvü olmamışdır. Ümumiyyətlə həmin şəxsin iddia olunan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Odur ki, sözügedən şəxsin adının JN- 1898A saylı Şəhadətnaməyə daxil edilməsi qanunvericiliyin tələbinə uyğun olmamış və sənədlərin məzmununun təhrif edilməsinə səbəb olmuşdur. Cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsinin naturada ölçüləri 0.0445 ha olmaqla Zaqatala rayonu inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşir. Həmin torpaq sahəsinin 0.03 ha hissəsi JN-1898 nömrəli Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə həyətyanı məqsədilə xüsusi mülkiyyətə verilmiş torpaq sahəsidir. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə istifadə edilən torpaq sahəsi eyni ərazidə yerləşir, iddiaçının naturada istifadə etdiyi 0.0445 ha torpaq səhisinin 16 kv.m hissəsi X10 adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********49-10301 olan Çıxarış sənədində göstərilən 0.0269 ha torpaq sahəsinin cizgisi ilə üst-üstə düşür. Həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Cavabdeh orqan tərəfindən daha sonra iddia olunan 0,03 ha torpaq sahəsinin konkret yeri müəyyən edilməklə xx.xx.2025-ci il tarixli yerquruluşu planı təqdim edilmişdir. Həmin sənəddən görünür ki, iddia olunan torpaq sahəsinin hər hansı digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin istinad olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, X1 JN-1898A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinə heç bir aidiyyəti olmadığından, iddiaçı həmin şəxsin adı nəzərə alınmadan sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququna dair çıxarışın verilməsini tələb etməkdə haqlı olmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh " Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Torpağın mülkiyyətə verilməsinə dair JN-1898A, kod 40201004 saylı şəhadətnamədə mülkiyyətçilər siyahısında adı qeyd olunan X1 adı nəzərə alınmadan sözügedən 0,03 ha torpaq sahəsi üzərində (xx.xx.2025-ci il tarixli yerquruluşu planına uyğun olaraq) İddiaçı ümumibirgə mülkiyyət hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar