Məhkəmə qərarları › İş №2-1(116)-546/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-546/2022

22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-546/2022 22.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Vüqar Musayev Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “X1 Mayıs Universitetindən Azərbaycan Respublikasının İqtisadiyyat Universitetinə köçürülməsi barədə öhdəliyin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması və cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş maddi və mənəvi ziyanın kompensasiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “01 fevral 2021-ci il tarixindən 22 noyabr 2021-ci il tarixinədək iddiaçıya məxsus 050 708 83 64 və 099 708 16 25 saylı əlaqə nömrələrindən cavabdehin 146 çağrı mərkəzi və cavabdehə aid 012 599 11 55 saylı əlaqə nömrələri ilə iddiaçı ilə aparılan danışıqlara dair səs, eyni zamanda keçirilən görüşlərə dair video yazılarının cavabdehdən tələb edilməklə iddiaçının, X1 Mayıs Universitetindən Azərbaycan Respublikasının İqtisadiyyat Universitetinə köçürülməsi və cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya vurulmuş 1900 ABŞ dolları (3230 manat ekvivalentində) və 200 manat məbləğində maddi və 50000 manat məbləğində mənəvi ziyanın kompensasiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı səhhətilə (İl-ci qrup gözdən əlillik) əlaqadər olaraq təhsil aldığı X1 Mayıs Universitetindən Azərbaycan Respublikasının İqtisadiyyat Universitetinə köçürülmək üçün 2021-ci ilin fevral ayında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə transfer.edu.az portalı vasitəsilə müraciət etmiş, lakin, qeyd olunan müraciətinə cavabdeh tərəfindən imtina edilərək akademik göstəricilərimin qənaətbəxş olmadığı bildirilmiş və cari ilin yay aylarında yenidən müraciət etmək imkanının olduğu ona izah edilmişdir. Qeyd olunanları əsas götürərək, o, 2021-ci ilin iyul ayında transfer.edu.az portalı vasitəsilə köçürülmə ilə bağlı yenidən cavabdeh inzibati orqana müraciət ünvanlamışdır. Sözügedən müraciətdən əvvəl cavabdehin qaynar xətti olan 146 çağrı mərkəzi ilə əlaqə saxlayaraq müraciət üçün tələb olunan, xüsusi ilə təqdim ediləcək sənədlərin tərcüməsinin və müvafiq qaydada təsdiq edilmiş surətlərinin tələb olunub-olunmaması ilə bağlı tərəfindən dəqiqləşdirmə aparılmış, lakin cavabdeh tərəfindən belə bir tələbin olmadığı ona bildirilmişdir. Verilən məlumatlara uyğun olaraq sənədlərin təqdim olunmasına baxmayaraq, cavabdeh tərəfindən "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair" Qaydaların 2.9.1-ci bəndi (akademik arayışın leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş qaydada təqdim edilməməsi) əsas götürülərək ona imtina edildiyi bildirilmişdir. Qeyd olunan məsələnin araşdırılması məqsədi ilə 146 çağrı Mərkəzi ilə yenidən əlaqə yaradılmış, sənədlərin cavabdeh tərəfindən verilən məlumatlara uyğun təqdim olunduğu bildirilərək müvafiq səs yazılarının araşdırılması tələb edilmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh, onun sorğularıma səhlənkar yanaşmış, əsaslı bir cavab verməmiş, hətta xx.xx.2021 -ci il tarixində keçirilən online qəbul zamanı sənədlərin düzgün təqdim edildiyi və köçürülmənin təmin edilməsində ona köməklik göstəriləcəyi vədi verilmişdir. Beləliklə, cavabdeh, müraciətini mahiyyəti üzrə həll etmək əvəzinə, ehtimal nəzəriyyəsini əsas tutaraq, zəruri araşdırma aparmadan imtinanın əsasının akademik göstəricələrinin uyğun olmaması ilə əsaslandırmışdır. Bütün qeyd olunanlarla bağlı rəsmi cavab əldə etmək məqsədi ilə cavabdehə 28.09,2021-ci ildə, daha sonra isə xx.xx.2021-ci il tarixlərində müraciət ünvanlamasına baxmayaraq, bu günə kimi həmin müraciətləri cavabsız saxlanılmışdır. X1 Mayıs Universitetində təhsil aldığı dövrlərdə göstəriciləri 51 baldan yuxarı olmuşdur. "Akademik göstəricilərinin uyğun olmaması" cavabdeh tərəfindən ümumiyyətlə hansı meyarlara uyğun müəyyən edildiyi barədə açıqlama verilməmiş və o, şifahi qaydada əsassız imtina verməklə kifayətlənmişdir. Bütün qeyd olunan hallar "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun, xüsusi ilə həmin Qanunla nəzərdə tutulan prinsiplərin (inklüzivlik, inteqrasiya) və dövlət təminatlarının pozuntusuna səbəb olmuşdur. Məlum olduğu kimi, 146 çağrı Mərkəzi ("Qaynar Xətt") və (012) ***-**-** telefon nömrəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə aiddir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş "Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması" və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili" Qaydalarının pozuntusuna yol verilmişdir və bu pozuntu nəticəsində ona 1900 ABŞ dolları (3230 manat ekvivalentində) və 200 manat məbləğində maddi və 50000 manat məbləğində mənəvi ziyan vurulmuşdur. Belə ki, qeyd olunan Qaydalarla "Müraciətin qəbulu və cavablandırılması" qaydası tənzimlənərək əsas şərtlərdən biri kimi " Cavablandırmanın düzgünlüyü" meyarı müəyyən edilmişdir, yəni "Müraciətin cavablandırılması mövcud qanunvericiliyə uyğun olmalı, qanunvericilikdə nəzərdə tutulmayan cavablandırma yolu seçilməməlidir." Çağrı mərkəzində fəaliyyət göstərən əməkdaşların yuxarıda istinad olunan qaydalarda müəyyən edilmiş tələblərə cavab verməməsi "Çağrı Mərkəzinin əməkdaşlarının fəaliyyətinin monitorinqi"nin cavabdeh tərəfindən düzgün aparılmamasını ehtiva edir. Cavabdeh tərəfindən verilən yalnış məlumatlar və vədlər əsasında altı ay müddətində Azərbaycan Respublikasında qalmağa məcbur olduğumdan Türkiyə Respublikasında olan təhsili əlavə 6 ay müddətinə uzanmışdır. Bunun nəticəsində həmin 6 ay üçün əlavə 200 dollar (2000 tl) təhsil haqqı, əlavə olaraq kommunal xərclərlə barəbər aylıq 200 dollar olmaqla 6 ay üçün 1200 dollar məbləğində kirayə haqqı ödəməlidir. yol xərcləri (bilet, Covid testi və s.) - 500 dollar; telefon danışıqları üçün sərf edilmiş xərc - 200 manat; cavabdehin qeyri-peşəkar, səhlənkar davranışı nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir və həmin ziyanı 50000 manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etirazını Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) və tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 1.2, 1.4, 2.8, 2.9, 2.10, 2.11-ci bəndləri ilə əsaslandırmış, akademik transkript iddiaçı tərəfindən leqalaşdırılmalı olduğu halda o bunu etmədiyindən və əsasən də, qənaətbəxş akademik göstəriciləri olmaması səbəbindən onun köçürülməsinə imtina verildiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən maddi və mənəvi ziyanın tələb edilməsinin də hüquqi əsası yoxdur. Belə ki, qənaətbəxş akademik göstəricilərin olmamasına görə Təhsil Nazirliyi iddiaçı qarşısında heç bir hüquqi və maddi məsuliyyət daşıya bilməz. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Tibbi-Sosial Ekspert Komissiyasının müayinənin nəticələrinə dair çıxarışından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən (gözdən əlil) xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina səbəbi olaraq akademik arayışın (akademik transkriptin) leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə edilmiş qaydada təqdim edilməməsi, qənaətbəxş akademik göstəricilərin olmaması qeyd edilmişdir. - iddiaçı barəsində tərtib edilmiş arayışda aşağıdakı məlumatlar öz əksini tapmışdır: iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin adı – Ondokuz Mayıs Universiteti, təhsil pilləsi – bakalavriat, təhsil forması - əyani, ixtisas – Beynəlxalq Ticarət və Logistika, qəbul ili - 2017/2018, köçürülmək istədiyi universitet – Azərbaycan Dövlət İqtisad Universiteti, köçürülmək istədiyi ixtisas – biznesin idarə edilməsi (tədris türk dilində -əyani), köçürülmə səbəbi - sağlamlğı ilə əlaqədar. - Təhsildə keyfiyyət Təminatı Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 7.4-cü bəndinə əsasən ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilmə səviyyəsi və keyfiyyəti müvafiq qaydalar əsasında cari, aralıq və dövlət attestasiyası zamanı müəyyənləşdirilir. Təhsilalanların cari, aralıq və dövlət attestasiyası zamanı biliyinin qiymətləndirilməsi çoxballı (1 OOballı) sistemlə həyata keçirilir. Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarının 51 baldan aşağı olması təhsilalanın qeyri-kafi və ya qeyri-qənaətbəxş qiymət alması kimi qəbul olunur. Ərizəçiyə Türkiyə Respublikasının X6 Universiteti tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim olunmuş transkriptdə əks olunmuş məlumatlara əsasən müəyyən olunur ki, ərizəçi 2017/2018-ci tədris ili üzrə “Atatürk ilkeleri ve İnkilap Tarihi İ", “ingilizce İ” “Matematik İİ” fənlərindən, 2018/2019-cu tədris ili üzrə “Atatürk İlkeleri ve İnkilap Tarihi İ”, “X5 İşlemleri”, “X3 İ”, “Matematik İİ” və “İşletme Finansmanı İİ” fənlərindən, 2019/2020-ci tədris ili üzrə “X3 İİ”, “İşletme Finansmanı İİ”, “Lojistik Yönetimi İİ” və “Borçlar Hukuku” (“Borçlar Hukuku” fənni üzrə akademik borc 2019/2020-ci tədris ilində ödənmişdir) fənlərindən, 2020/2021 -ci tərdris ili üzrə “Maliyyet Muhasebesi İ”, “Dış Ticaret İşlemleri” və “Depo Yönetimi” fənləri üzrə qeyri-qənaətbəxş (FF)qiymətlər almışdır. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydalar: 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil edilir. 1.4. Ali təhsilin bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. 2.2. Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya (və) ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar X4 (bundan sonra - DİM) tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır[1]. 2.3. Ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. 2.7. DİM tərəfindən keçirilən imtahanlarda iştirak etdikləri halda əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülməsi bu Qaydaların 2.2.-2.3-cü bəndlərində birinci cümləsində qoyulan şərtlər daxilində aparılır. 2.8. DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı aşağıdakılar nəzərə alınır: 2.8.1. beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal); 2.8.2. qənaətbəxş akademik göstəriciləri; 2.8.3. köçürülmə səbəbləri; 2.8.4. təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması. 2.9. Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbə aşağıdakı sənədləri əlavə etməklə Təhsil Nazirliyinə elektron ərizə ilə (www.transfer.edu.az) müraciət edir: 2.9.1. akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş) sənəd. 2.9.2. ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün); 2.9.3. köçürülmə səbəblərini təsdiq edən sənədlər; 2.9.4. beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün); 2.9.5. təhsil haqqı borcunun olmaması; 2.9.6. xaricdə təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər üçün). 2.10. Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. 2.11. Köçürülmə üçün əsas olmadığı hallarda Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin təhsil aldığı ali təhsil müəssisəsinə akademik transkript blankının ayrılması barədə (bir ali təhsil müəssisəsindən digərinə köçürülənlər üçün), köçürülmək istədiyi ali təhsil müəssisəsinə isə köçürülməyə razılıq verilməsi barədə Təhsil Nazirliyi tərəfindən məktub göndərilir. Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından görünür ki, iddiaçının cavabdeh orqana qarşı olan tələbi iki hissədən ibarətdir:

1. X1 Mayıs Universitetindən Azərbaycan Respublikasının İqtisadiyyat Universitetinə köçürülməsi,

2. cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya vurulmuş 1900 ABŞ dolları (3230 manat ekvivalentində) və 200 manat məbləğində maddi və 50000 manat məbləğində mənəvi ziyanın kompensasiya edilməsi. İddia tələbinin birinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, istinad olunan Qaydaların tələbinə görə əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülməsi üçün DİM tərəfindən keçirilən imtahanlarda iştirak edib-etməməsindən asılı olaraq iki fərqli tənzimləmə qaydası müəyyən edilmişdir. DİM tərəfindən keçirilən imtahanlarda iştirak etdikləri halda tələbələrin köçürülmə mexanizmi Qaydaların 2.2 və 2.3-cü maddələrində nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı, DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədiyi üçün onun xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülməsi qaydası istinad olunan Qaydaların 2.8-ci bəndi ilə tənzimlənir. Bu zaman nəzərə alınmalıdır ki, həmin Qaydaların 2.8-ci bəndində qeyd edilən bütün şərtlər hamısı eyni anda mövcud olmalıdır. Müəyyən edilir ki, iddiaçı 2-ci dərəcə əlildir və qeyd olunan hal ölkənin ali təhsil müəssisəsinə köçürülmə səbəbi olaraq qiymətləndirilə bilər. Bundan başqa iddiaçının təhsil aldığı X1 Mayıs Universiteti istinad olunan Qaydalarda öz əksini tapmış dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində mövcuddur (http://www.shanghairanking.com/ARWU2013.html). Lakin “Qaydalar”da nəzərə alınması tələb olunan digər 2 şərt (qənaətbəxş akademik göstəricilər, beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr) yerinə yetirilmir. Belə ki, müəyyən olunur ki, 2017/2018-ci tədris ili üzrə “Atatürk ilkeleri ve İnkilap Tarihi İ", “ingilizce İ” “Matematik İİ” fənlərindən, 2018/2019-cu tədris ili üzrə “Atatürk İlkeleri ve İnkilap Tarihi İ”, “X5 İşlemleri”, “X3 İ”, “Matematik İİ” və “İşletme Finansmanı İİ” fənlərindən, 2019/2020-ci tədris ili üzrə “X3 İİ”, “İşletme Finansmanı İİ”, “Lojistik Yönetimi İİ” və “Borçlar Hukuku” (“Borçlar Hukuku” fənni üzrə akademik borc 2019/2020-ci tədris ilində ödənmişdir) fənlərindən, 2020/2021 -ci tərdris ili üzrə “Maliyyet Muhasebesi İ”, “Dış Ticaret İşlemleri” və “Depo Yönetimi” fənləri üzrə qeyri-qənaətbəxş (FF)qiymətlər almışdır. Nəzərə alınmalıdır ki, akademik göstəricilərin qənaətbəxş olub-olmamasının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” əsasında müəyyən edilir ki (7.4-cü bənd), bu zaman ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilmə səviyyəsi və keyfiyyəti müvafiq qaydalar əsasında cari, aralıq və dövlət attestasiyası zamanı müəyyənləşdirilir. Təhsilalanların cari, aralıq və dövlət attestasiyası zamanı biliyinin qiymətləndirilməsi çoxballı (1 OOballı) sistemlə həyata keçirilir. Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarının 51 baldan aşağı olması təhsilalanın qeyri-kafi və ya qeyri-qənaətbəxş qiymət alması kimi qəbul olunur. Hazırkı iş üzrə isə iddiaçının yuxarıda sadalanan fənlərdən qeyri-qənaətbəxş (FF)qiymətlər alması onun akademik göstəricilərinin qənaətbəxş olmamasını birbaşa sübut edir. Eyni zamanda iddiaçının beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələri mövcud deyil. İddiaçı, ölkə ali təhsil müəssisəsinə köçürülməsi üçün tələb olunan şərtlərin hamısının eyni vaxtda tələb edilməsinin vacib olmamasını, akademik göstəricilərinin qənaətbəxş olmasını, cavabdeh orqan tərəfindən ilkin olaraq belə bir əsasla imtina verilməməsini, beynəlxalq səviyyəli imtahanlarda qazanılmış nəticələrin yalnız mövcud olduğu halda nəzərə alınmalı olmasını bildirsə də, məhkəmə hesab edir ki, Qaydaların 2.8-ci bəndində göstərilən şərtlər bir-birilə bağlıdır və həmin şərtlərdən birinin (və ya bir neçəsinin) nəzərə alınması, digərlərinin isə nəzərə alınmaması aşağıdakı yanlış nəticələrə gətirib çıxara bilər: - belə ki, köçürülmək istəyən tələbənin köçürülmə səbəbləri (səhhəti, ailə vəziyyəti və s.) mövcud olmasına baxmayaraq, oxuduğu xarici ölkə ali təhsil müəssisəsi həmin ölkədə akkreditə olunmaya, tələbənin akademik göstəriciləri qeyri-qənaətbəxş ola, tələbə beynəlxalq səviyyəli imtahanlarda nəticə qazanmaya, o cümlədən, həmin ali təhsil müəssisəsi dünyanın ən yaxşı ali təhsil müəssislərinin reytinqində yer almaya bilər. Belə olan halda, yalnız köçürülmə səbəblərinin mövcudluğunun nəzərə alınması, akademik göstəriciləri qeyri-qənaətbəxş olan, beynəlxalq səviyyəli imtahanlarda nəticə qazanmayan və digər tələblərə cavab verməyən xarici ölkə ali təhsil müəssisəsinin tələbəsinin ölkənin ali təhsil müəssisəsinə köçürülməsinə səbəb olacaqdır. - tələbənin oxuduğu xarici ölkə ali təhsil müəssisəsi dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinqində yer almasına baxmayaraq, tələbənin ümumiyyətlə köçürülmə səbəbi mövcud olmaya, tələbə beynəlxalq səviyyəli imtahanlarda nəticə qazanmaya və ya akademik göstəriciləri olduqca aşağı ola bilər. Belə olan halda, xarici ölkə ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinqində yer alması faktının əsas götürülməsi, köçürülmə səbəbi olmayan, beynəlxalq səviyyəli imtahanlarda nəticə qazanmayan və ya qeyri-qənaətbəxs akademik göstəricisi olan xarici ölkə ali təhsil müəssisəsinin tələbəsinin ölkənin ali təhsil müəssisəsinə köçürülməsinə səbəb olacaqdır. - akademik göstəriciləri qənaətbəxş olan tələbənin təhsil aldığı xarici ölkə təhsil müəssisəsi həmin ölkədə akkreditə olunmaya, dünyanın ən yaxşı ali təhsil müəssislərinin reytinqində yer almaya, tələbə beynəlxalq səviyyəli imtahanlarda nəticə qazanmaya və köçürülmə səbəbləri mövcud olmaya bilər. Belə olan halda, yalnız akademik göstəricilərin qənaətbəxşliyinin nəzərə alınması, köçürülmə səbəbləri mövcud olmayan, həmin ölkədə akkreditə olunmayan, beynəlxalq səviyyəli imtahanlarda nəticə qazanmayan, dünyanın ən yaxşı ali təhsil müəssislərinin reytinqində yer almayan xarici ölkə ali təhsil müəssisəsinin tələbəsinin ölkənin ali təhsil müəssisəsinə köçürülməsinə səbəb olacaqdır. Yuxarıda qeyd edilənləri beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazanılmış nəticələrlə bağlı da demək mümkündür. Belə ki, müvafiq nəticələrin olmasına baxmayaraq, tələbənin akademik göstəriciləri qeyri-qənaətbəxş olarsa, xarici ölkə ali təhsil müəssisəsi dünyanın ən yaxşı ali təhsil müəssislərinin reytinqində yer almazsa, köçürülmə səbəbləri mövcud olmazsa və xarici ölkə təhsil müəssisəsi həmin ölkədə akkreditə olunmazsa yenə də, xarici ölkə ali təhsil müəssisəsinin tələbəsinin ölkənin ali təhsil müəssisəsinə köçürülməsi mümkün olmayacaqdır. Sadalanan hallar onu deməyə əsas verir ki, beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazanılmış nəticələrin mövcudluğu və akademik göstəricilərin qənaətbəxş olması da, yerinə yetirilməsi zəruri olan vacib şərtlərdən biridir və həmin şərtlərin yerinə yetirilməməsi xarici ölkə ali təhsil müəssisəsinin tələbəsinin ölkənin ali təhsil müəssisəsinə köçürülməsini mümkünsüz edir. İstinad olunan Qaydaların 2.9.4-cü və 2.9.1-ci bəndlərində təqdim edilməli olan sənədlərin siyahısında akademik arayış (akademik transkript) və beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazanılmış nəticələr xaricdən köçürülən tələbələrdən (və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlardan) tələb edilir. Beləliklə, “Qaydalar”ın 2.8-ci bəndində göstərilən, nəzərə alınmalı olan hallar biridigərini tamamlayır və yalnız birlikdə mövcud olduğu halda, xarici ölkə ali təhsil müəssisəsinin tələbəsinin ölkənin ali təhsil müəssisəsinə köçürülməsi üçün hüquqi əsas yaradır. “Qaydalar”da öz əksini tapmış normaların ümumiləşmiş təhlili onu göstərir ki, hər bir halda tələbənin ölkə ali təhsil müəssisəsinə köçürülməsi üçün onun müvafiq qaydada imtahan verib-verməməsinin yoxlanılması nəzərdə tutulmuşdur. Bu yoxlama tələbənin DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirakına münasibətdə, belə imtahanlarda iştirak etmədiyi halda isə beynəlxalq səviyyəli imtahanlarda iştirakına münasibətdə aparılır. Hazırkı iş üzrə iddiaçı, nə DİM tərəfindən keçirilən qəbul imtahanlarında, nə də beynəlxalq səviyyəli imtahanlarda iştirak etməmiş, habelə akademik göstəriciləri qeyriqənaətbəxş olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının, cavabdeh orqana qarşı X1 Mayıs Universitetindən Azərbaycan Respublikasının İqtisadiyyat Universitetinə köçürülməsi ilə bağlı tələbi əsaslı sayıla bilməz. Odur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İddia tələbinin “cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya vurulmuş 1900 ABŞ dolları (3230 manat ekvivalentində) və 200 manat məbləğində maddi və 50000 manat məbləğində mənəvi ziyanın kompensasiya edilməsi” ziyanla bağlı hissəsində məhkəmə qeyd edir ki, bu hissədə də iddiaçının tələbi əsaslı sayıla bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulmuş maddi ziyanla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının ona vurulmuş mənəvi zərərin ödənilməsi barədə tələbinə gəldikdə isə qeyd olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiri müəyyən edilmiş olsun. Hazırki işdə isə qeyd olunan halların mövcud olmamışdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “01 fevral 2021ci il tarixindən 22 noyabr 2021-ci il tarixinədək iddiaçıya məxsus 050 708 83 64 və 099 708 16 25 saylı əlaqə nömrələrindən cavabdehin 146 çağrı mərkəzi və cavabdehə aid 012 599 11 55 saylı əlaqə nömrələri ilə iddiaçı ilə aparılan danışıqlara dair səs, eyni zamanda keçirilən görüşlərə dair video yazılarının cavabdehdən tələb edilməklə iddiaçının, X1 Mayıs Universitetindən Azərbaycan Respublikasının İqtisadiyyat Universitetinə köçürülməsi və cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya vurulmuş 1900 ABŞ dolları (3230 manat ekvivalentində) və 200 manat məbləğində maddi və 50000 manat məbləğində mənəvi ziyanın kompensasiya edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar