Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-547/2020 13.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Cavabdehnə qarşı “pensiyasının yenidən 01.05.2018-ci il tarixə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək vəzifə maaşının 15%-i miqdarında verilmiş pul təminatının 25%-dən nəzərə alınmaqla hesablanması və ona ödənilməli olan məbləğin (hüquq yarandığı gündən bu yana) birdəfəlik hesabına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəmə sədri kimi pensiya alır, o, pensiyaya çıxan zaman pensiyası o vaxt qüvvədə olan qanuna görə, məhkəmə sədrinin əmək haqqının 80%-i miqdarında hesablanmışdır. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat idarəsinin 06.09.2019-cu il tarixli arayışından məlum olur ki, məhkəmə sədrinin vəzifə maaşı 01.05.2018-ci il tarixdən artaraq 1596 manat, 01.09.2019-cu il tarixdən isə 1733 manat olmuşdur. Bundan əlavə, hakimlərə 01.09.12019-cu il tarixdən əvvəl hər ay verilən vəzifə maaşının 15%-i əvəzinə 25%-i miqdarında pul təminatı və vəzifə maaşlarına hər ay bir aylıq vəzifə maaşı həcmində əlavə verilir. Beləliklə, DSMF-nin rayon şöbəsi həmin artımları, iddiaçı pensiyaya çıxan zaman tətbiq olunmuş qanun və qaydaları rəhbər tutaraq onun pensiyasını yenidən hesablamalıydı. Lakin cavabdeh AR Konstitusiyasını və qanunları kobud surətdə pozaraq belə etməmiş, iddiaçının hüququ vəziyyətini pisləşdirən, 25 iyun 2018-ci ildə təsdiq edilmiş yeni qaydalarla pensiyasını hesablamışdır. Hətta 01.05.2018-ci il tarixdə pensiyasını yenidən hesablayarkən nəinki əvvəlki qanunu tətbiq etməmiş, əksinə, hələ 55 gündən sonra təsdiq ediləcək qaydaları əsas götürmüşdür. DSMF-nin istinad etdiyi Qaydalar, göründüyü kimi onun hüquqi vəziyyətini yaxşılaşdırmır, əksinə, pisləşdirir və bu səbəbdən də, geriyə şamil edilə biliməz. İddiaçının DSMF-nin qanunsuz hərəkətiylə bağlı məhkəməyə üçüncü müraciətidir. Əvvəlki iki halda məhkəmələr iddialarını təmin etmiş, DSMF-nin orqanını qanuni hərəkətə məcbur etmək haqqında qərarlar qəbul etmişlər. Birinci halda, 2014-cü ildə DSMF-nin İsmayıllı rayon şöbəsi «Məhkəmələr və hakimlər haqqında» AR Qanuna əlavə və dəyişikliklər edilməsi barədə» 08 oktyabr 2010-cu il tarixli Qanuna əsasən birinci instansiya Məhkəməsinin hakimlərinə vəzifə maaşlarının 15%-i miqdarında əlavə olunmuş aylıq pul təminatının iddiaçının pensiyasına əlavə edilməsindən imtina etmişdir. İddia əsasında İsmayılı rayon məhkəməsi işə baxaraq 18 noyabr 2014-cü ildə tələbi təminiylə bağlı qətnamə qəbul etmiş, bundan sonra DSMF-nin şöbəsi həmin məbləğdən çatan hissəsini pensiyasına əlavə etmişdir. İkinci halda 2016-cı ildə DSMF-nin rayon şöbəsi «Məhkəmələr və hakimlər haqqında» AR Qanuna əsasən hər il hakimlərə verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı və 2 aylıq əmək haqqı məbləğində müavinəti onun pensiyasına hesab edilməsindən imtina etmişdir. Şəki İnzibati-İqtisadi məhkəməsi 04 fevral 2016-cı il tarixli Qərarı ilə iddiaçının iddiasını təmin etmiş,cavabdehin üzərinə tələbi nəzərə alınmaqla, pensiyanın yenidən hesablanması vəzifəsini qoymuşdur. Şəki Apellyasiya məhkəməsinin İnzibati-İqtisadi kollegiyası cavabdehin apellyasiya şikayətini təmin etmədən, qərarı öz gücündə saxlamışdır. İddiaçının hazırki üçüncü müraciəti əvvəlki iddia ilə, demək olar ki, eyni, analojidir. Onun ilk müraciətlərindən DSMFnin tələb etdiyi məbləğləri işlədiyi zaman almamağı ilə əlaqələndirərək, imtina etmişdir. DSMF-nin rayon şöbəsi göstərmişdir ki, hakimlərin əmək haqlarına verilən əlavələr, yalnız işlədiyi dövrdə həmin əlavələr almış hakimlərə verilə bilər. Lakin iddanı təmin edən məhkəmə qətnamələri onların səhv fikirdə olduqlarını qanuni şəkildə izah etdi. DSMF-nin rayon şöbəsinin, əllərində analoji işlər üzrə 3 qətnamənin, Konstitusiya Məhkəməsinin qərarı ola-ola pensiyasını hesablayarkən yenidən əvvəlki imtina mövqeylərini tutmaları, onları qanunlarla deyil, hansısa «anlayışlarla» fəaliyyət göstərmələrini düşünməyə əsas verir. Bu, sosial müdafiədən çox sosial hücum xarakteri daşıyır. Bu məsələləri peşəkarcasına bilmələri dövlət DSMF-nin rayon şöbəsinin verdiyi 17 dekabr 2017-ci il tarixli arayışla da sübut olunur. Arayışda göstərilir ki, pensiyası Şəki Apellyasiya Məhkəməsinin 26 aprel 2016-cı il tarixli qərarına əsasən 02.05.2016-cı il tarixdə orta aylıq əmək haqqının 80%-i miqdarında hesablamışdır. Qüvvədə olan Konstitusiya və Qanunlara əsasən bundan sonra onun pensiyası hüquqi vəziyyətini ağırlaşdıran hansısa qaydalarla hesablana bilməz. Bu cür hesablama birbaşa Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinin pozulması deməkdir. Cavabdehin etirazı: Qanunvericiliyə əsasən 5 il və daha çox hakim işləmiş şəxslərə hakim vəzifəsində istənilən 5 ilin orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya təyin olunur. Mövcud qaydalara görə sığorta haqları hesablanan əmək haqqının və mükafatın bütün növləri əvəzçiliyə və bayram günlərində işə, iş vaxtından əlavə işə görə və mülki hüquq müqavilələri üzrə verilən əmək haqqı pensiya təyin olunması üçün orta aylıq əmək haqqı hesablanarkən gəlirin ümümi məbləğinə daxil edilir. İddiaçı şöbənin 30 yanvar 2009-cu il tarixli 2321 nömrəli qərarı ilə 01.12.2008-ci il tarixdən Qanunun 20.1.4-ci maddəsinə uyğun olaraq sabiq hakim kimi əlilliyə görə pensiya təyin olunmuşdur. Pensiya təyin olunarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 15 yanvar 2009cu il tarixli 19/07 №-li əmək haqqı arayışı 01.01.1995-ci il tarixdən 31.12.1999-cu il tarixədək hakim işlədiyi dövrün orta aylıq əmək haqqı nəzərə alınmaqla, 1996-cı ilin may ayında ödənilmiş 82500 manat, 1997-ci ilin yanvar ayında ödənilmiş 100000 manat, 1998ci ilin iyul ayında ödənilmiş 275500 manat,1999-cu ilindekabr ayında ödənilən 275500 manat mükafat məbləğləri orta aylıq əmək haqqının tərkibinə daxil edilmişdir. İddiaçı pensiyası Şəki İnzibati-İqtisadı Məhkəməsinin 04 fevral 2016-cı il 2-1(84)- 104/2016 nömrəli Qərarına əsasən 02.05.2016-cı il tarixdə yenidən haqq-hesab edilərkən ona 2612,04 manat orta aylıq əmək haqqının 80 faizi miqdarında miqdarında aylıq 2089,63 manat pensiya təyin olunmuşdur. Orta aylıq əmək haqqı müəyyənləşdirilərkən vəzifə maaşının üzərinə hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə vəzifə maaşının 15 faizi həcmində pul təminatı hakimlərə hər il verilən iki aylıq əmək haqqı məbləğində müavinət müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı və mükafat əlavəedilmişdir. Qanunun 20.7-ci məddəsinə uyğun olaraq İddiaçı əmək pensiyasına əmək sonrakı artımlar da nəzərə alınmaqla, hakimlərin vəzifə maaşlarının artırılması Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına uyğun olaraq pensiya yenidən hesablanmaqla 01.05.2018-ci il tarixdən 2874,82 manat orta aylıq əmək haqqında 2150,23 manata, 01.09.2019-ci il tarixdən isə 3120,71 manat orta aylıq əmək haqqında 2206,93 manata çatdırılmışdır. 01.05.2018-ci il tarixdən başlayaraq qulluq stajına əlavələr Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2019-cu il tarixli 142 nömrəli Fərmanı ilə təstiq olunmuş 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavənin yenidən hesablanması qaydasına uyğun olaraq yenidən hesablanır. İddiaçının səlahiyyət müddətində fəaliyyət dövrü 6 il 11 ay olduğundan aylıq artım məbləği 01.05.2018-ci il tarixdən PMA = 262,78X(83 x 50% / 180)=262,78X23,06% = 60,60 manat, 01.09.2019-cu il tarixdən isə PMA = 245,89X(83 x 50% / 180)=245,89X23,06% = 56,70 manat təşkil etmişdir. İddiaçı hakimlərə hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin əlavə edilərək vəzifə maaşının 15%-i miqdarında verilmiş pul təminatının 25%-dən alınmaqla hesablanması orta aylıq əmək haqqının müəyyən edilməsi qaydasına zidd olunduğundan həmin məbləğlər orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alına bilməz. İddiaçı cavabdeh Dövlət Sosial Fondunun İsmayıllı rayon şöbəsinə qarşı “pensiyanın yenidən 01.05.2018-ci il tarixə kimi olan qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən əlavə edilərək vəzifə maaşının 15%-i miqdarında verilmiş pul təminatının 25%-dən nəzərə alınmaqla hesablanması və ona ödənilməli olan məbləğin (hüquq yarandığı gündən bu yana) birdəfəlik hesabına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddi ərizəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin, “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə yenidən hesablanması qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələbinə zidd olduğu üçün edilə bilməz, əsassız olduğu üçün iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini sizdən xahiş edirik. Məhkəmə iclasında iddiaçı iddianı təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 04737907 nömrəli X1 surəti, И-Т seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin 17.12.2019-cu il tarixli **********1 nömrəli imtina məktubu, 17.02.2020-cİ il tarixli ********* nömrəli etirazı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 26.01.2019-cu il tarixli 8/36 nömrəli, 15.01.2009-cu il tarixli 19/07 nömrəli, 27.01.2009-cu il tarixli 16 nömrəli, 04.06.2018-ci il tarixli 8/525 nömrəli,03.03.2016-cı il tarixli 8/217 nömrəli, 09.10.2015-ci il tarixli 8/920 nömrəli, 08.08.2014-cü il tarixli 8/1151 nömrəli arayışları, Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 26.04.2016-cı il tarixli2-1(107)-146/2016 nömrəli Qərarı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.02.2016-cı il tarixli 2-1(84)-104/2016 nömrəli Qərarı, İsmayıllı Rayon Məhkəməsinin 18.11.2014-cü il tarixli Qətnaməsi aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin qismən əsaslıdır. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 18.11.2014-cü il tarixli 2(037)-546/2014 nömrəli Qətnaməsində görünür ki, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə 08.10.2010-cu il tarixli 1092-İİİ QD nömrəli Qanuna əsasən birinci instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşına əlavə olunan 15 faiz miqdarında aylıq pul təminatının birinci instansiya məhkəməsinin keçmiş hakimi kimi ümumi xəstəlikdən əlilliyə görə əmək pensiyası alan İddiaçı şamil olunması hüququ müəyyən edilmişdir. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.02.2016-cı il tarixli 2-1(84)- 104/2016 nömrəli Qərarından görünür ki, cavabdeh DSMF-nin İsmayıllı rayon şöbəsinin üzərinə hakimlərə verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı və 2 aylıq əmək haqqı məbləğində müavinət əmək haqqına əlavə edilərək İddiaçı pensiyasının hesablanması vəzifəsi qoyulmuşdur. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 26.04.2016-cı il tarixli 2-1(107)-146/2016 nömrəli Qərarından görünür ki, DSMF-nin İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.02.2016-cı il tarixli 2-1(84)-104/2016 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinə əsasən, hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci və 29-cu maddələrinin mənasına görə əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınır, onların tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Azərbaycan Respublikası «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 4-cü cümləsinə görə hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin Qanuna 08 oktyabr 2010-cu il tarixli yeni Qanunla düzəliş edildikdən sonra 107-ci maddənin birinci hissəsinin yeni redaksiyada verilmiş ikinci cümləsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan halla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qəbul etdiyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106 və 109-cu maddələrinin müvafiq maddələrinin şərh edilməsinə dair 23 yanvar 2001-ci il, 27 iyun 2001-ci il və 18 iyun 2008ci il tarixli qərarlarında hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşakarlığına son dərəcədə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş «Məhkəmə hakimiyyətinin əsas prinsipləri»nin 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir dövlət məhkəmə hakimiyyətinin mütləq şəkildə öz funksiyalarını yerinə yetirə bilməsi üçün kifayət qədər vəsait ayırmağa borcludur. Hakimlərin statusuna dair Avropa Xartiyasının 6.1-ci maddəsində göstərilir ki, hakimlər öz funksiyalarını həyata keçirərkən, onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər. Həmin xartiyanın 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə görə, sosial sığorta-bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 4-cü maddəsinə görə, sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Pensiya yaşına çatmaq sosial sığorta hadisəsi sayılır. Beləliklə, qanunvericilikdə digər şəxslərlə müqayisədə hakimə daha yüksək pensiya təminatı müəyyənləşdirməklə dövlət və cəmiyyət nəticə etibarı ilə hakimin əməyini xüsusi dəyənləndirməni, məhkəmə hakimiyyətinin rolunu, müstəsna əhəmiyyətini və nüfuzunu etiraf edir. Hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiya hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa malik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyi fərqli yanaşmanı tələb edir. Bu baxımdan mövcud qanunvericiliyin tələblərinə görə pensiya alan hakimin ona təyin olunmuş pensiyanın məbləği hakimlik statusuna malik olan şəxslərin məvaciblərinin artırılması ilə əlaqədar mütənasib surətdə yenidən hesablanmalıdır. Qanunvericilikdə nəzərdə tutulmuş bu qaydaya hər hansı formada riayət edilməməsi, o cümlədən, belə artımla əlaqədar pensiyada olan sabiq hakimlərin pensiya məbləğinin yenidən hesablanmasında hamının qanun qarşısında bərabərliyi prinsipindən kənarlaşmaqla eyni vəziyyətdə və eyni statusda Olan şəxslərlə bağlı selektiv yanaşmaya yol verilməsi AR-nın qüvvədə olan qanunvericiliyinə əsasən müvafiq məsuliyyətin yaranmasına səbəb olur. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat idarəsinin 06.09.2019-cu il tarixli arayışından məlum olur ki, məhkəmə sədrinin vəzifə maaşı 01.05.2018-ci il tarixdən artaraq 1596 manat, 01.09.2019-cu il tarixdən isə 1733 manat olmuşdur. Bundan əlavə, hakimlərə 01.09.12019-cu il tarixdən əvvəl hər ay verilən vəzifə maaşının 15%-i əvəzinə 25%-i miqdarında pul təminatı və vəzifə maaşlarına hər ay bir aylıq vəzifə maaşı həcmində əlavə verilir. İddiaçının tələbinin ona ödənilməli olan məbləğin (hüquq yarandığı gündən bu yana) birdəfəlik hesabına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə dair məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının pensiyasının yenidən 01.05.2018-ci il tarixə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək, vəzifə maaşının 15%-i miqdarında verilmiş pul təminatının 25%-dən nəzərə alınmaqla hesablanması öhdəliyi qoyulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçıpensiyasının yenidən 01.05.2018-ci il tarixə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək, vəzifə maaşının 15%-i miqdarında verilmiş pul təminatının 25%-dən nəzərə alınmaqla hesablanması öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-547/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-547/2020
13.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver