Məhkəmə qərarları › İş №2-1(116)-548/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-548/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-548/2020 19.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə və həmin İdarənin Mazımçay Gömrük Postuna qarşı "mülkiyyətində olan XX280WW dövlət nişanlı avtonəqliyyat vasitəsi ilə gömrük ərazisinə daxil olub çıxdığı zaman Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin tabeliyində olan Mazımçay Gömrük Postunun əməkdaşlarının onun mülkiyyətində olan avtonəqliyyat vasitəsinə etibarnamə üzrə qeyri-rezident tələb etməklə və həmin şəxsi onun mülkiyyətində olan avtonəqliyyat vasitəsinə səlahiyyətli şəxs kimi qoyulması, qeyri-rezident olmadığı təqdirdə Gömrük Məcəlləsinin yalnız 258.1.4-cü maddəsi tələb edilməklə depozit hesabına pul qoyma tələbləri qanunsuz hesab edilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli qərarına əsasən, fiziki şəxs olaraq mülkiyyətində olan avtonəqliyyat vasitəsinə səlahiyyətli şəxs kimi qeydə alınmağı, müəyyən olunmuş 30 və 90 gün müddətinədək gömrük ərazisinə sərbəst daxil olub-çıxmağı, bu müddətin uzadılmasına görə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 258-ci maddəsinin bütün bəndlərini tətbiq etmək hüququnun olması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Balakən rayon Tala kəndində yaşayan Azərbaycan Respublikası vətəndaşı olan iddiaçı Dibirov X3 Respublikasında qeydiyyatda olan "Nissan Teana" markalı XX280WW dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasına gəlmək istəyərkən ona yaxın olan adamlar sərhədi keçmək üçün Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşayan əcnəbi vətəndaşa etibarnamə verməli olduğunu izah etmişlər. O, həmin avtomobili idarə etmək və sərəncam vermək üçün Rusiya Federasiyası vətəndaşı Bəxtiyar Bayramova etibarnamə vermişdir. Onlar birlikdə həmin avtomobildə xx.xx.2019-cu ildə Mazımçay Gömrük Postunda Gürcüstan-Azərbaycan gömrük sərhədini keçmiş, həmin vaxt gömrük orqanı tərəfindən tərtib edilən sənədlərdə avtomobilin sürücüsü və nəqliyyat vasitəsinə dair səlahiyyətli şəxs kimi Bəxtiyar Bayramov qeyd olunmuşdur. İddiaçıya məxsus olan avtomobil Azərbaycan Respublikasının gömrük ərazisinə sonuncu dəfə xx.xx.2020-ci ildə sürücü və səlahiyyətli şəxs Okuyan Aynur adlı şəxs tərəfindən gətirilmişdir. İddiaçı cavabdeh Qərb Ərazi Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edərək sərhədi keçərkən Mazımçay Gömrük Postunun əməkdaşlarının süni maneələr yaratdığını bildirmiş və bu maneələrin aradan qaldırılmasını xahiş etmişdir. X5 Baş Gömrük İdarəsi xx.xx.2019-cu il tarixli 1600-013/0xx-xx/002267 nömrəli cavab məktubunda bildirmişdir ki, heç bir gömrük əməkdaşı iddiaçıdan öz mülkiyyətində olan nəqliyyat vasitəsinin qeyrirezident və ya rezident vətəndaşa etibarnamə əsasında verilməsini tələb edə bilməz. Bundan sonra İddiaçı cavabdeh Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postuna qarşı "Balakən Mazımçay Gömrük Postunun əməkdaşları tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması, mülkiyyətində olan avtonəqliyyat vasitəsinə gömrük əməkdaşları tərəfindən əcnəbi vətəndaşın (rezident və ya qeyrirezidentin) etibarnamə üzrə cavabdehlik daşıması tələbinin əsassız hesab edilməsi, qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 30 gün, 90 gün müddətinə götürdüyü öhdəlik başa çatdıqdan sonra təkrar olaraq gömrük ərazisinə daxil olması, il ərzində heç bir müddət maneəsi olmadan və 1 il müddətinə tətbiq edilən qanunsuz depozitin tələb olunması əsassız sayılması, gömrük ərazisinə qanunvericiliyə uyğun olaraq sərbəst daxil olub çıxması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xahiş etmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi üçüncü şəxs kimi, iddia tələbi isə "mülkiyyətində olan XX280WW dövlət nişanlı avtonəqliyyat vasitəsinə (rezident və ya qeyri-rezidentin) etibarnamə üzrə cavabdehlik daşıması tələbinin əsassız hesab edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli qərarına əsasən, Gömrük Məcəlləsinin 258ci maddəsinin bütün maddələrindən istifadə etmək hüququnun təmin edilməsi ilə yanaşı qanunvericiliklə müəyyən olunmuş 30 gün, 90 gün və 1 il müddətinə mülkiyyətində olan XX280WW dövlət nişanlı avtonəqliyyat vasitəsi ilə gömrük ərazisinə, qeyri-rezidentin cavabdehliyi olmadan sərbəst daxil olub-çıxması barədə Qərb Ərazi Baş Gömrük Postunun üzərinə öhdəliyin qoyulması" kimi qəbul edilsin. Daha sonra o, məhkəməyə yeni iddia ərizəsi təqdim etmiş, həmin ərizədə cavabdeh kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsini və həmin İdarənin Mazımçay Gömrük Postunu göstərmişdir. İddia ərizəsində iddia tələbi aşağıdakı kimidir: - Mülkiyyətində olan XX280WW dövlət nişanlı avtonəqliyyat vasitəsi ilə gömrük ərazisinə daxil olub-çıxdığı zaman Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin tabeliyində olan Balakən Mazımçay Gömrük X6 Baş Gömrük İdarəsinin əməkdaşlarının, mülkiyyətində olan nəqliyyat vasitəsinə etibarnamə üzrə qeyri-rezident tələb etməklə və həmin şəxsi mülkiyyətində olan avtonəqliyyat vasitəsinə səlahiyyətli şəxs kimi qoyulması, qeyri-rezidentin olmadığı təqdirdə Gömrük Məcəlləsinin yalnız 258.1.4-cü maddəsi tələb edilməklə depozit hesabına pul qoyma tələbləri qanunsuz hesab edilsin, - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli qərarına əsasən, fiziki şəxs olaraq mülkiyyətində olan avtonəqliyyat vasitəsinə səlahiyyətli şəxs kimi qeydə alınması, müəyyən olunmuş 30 və 90 gün müddətinədək gömrük ərazisinə sərbəst daxil olub-çıxması, bu müddətin uzadılmasına görə isə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 258-ci maddəsinin bütün bəndlərini tətbiq etmək hüququnun olması barədə öhdəliyin cavabdehlərin üzərinə qoyulması. O, öz tələbini belə əsaslandırmışdır ki, Mazımçay Gömrük Postunda ona qarşı süni maneələr yaradılmaqla əsassız olaraq ölkəyə bir neçə dəfə daxil olmağa məcbur edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi iddiaya qarşı xx.xx.2020-ci il tarixli 1600-023/0xx-xx/014532 nömrəli etiraz məktubunda bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı rezident şəxs, idarə etdiyi "Nissan Teana" markalı XX280WW dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə xarici dövlətdə daimi qeydiyyatda olan nəqliyyat vasitəsi olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 4.5-ci maddəsinə əsasən, 30 və ya 90 gün müddətinə gömrük ərazisinə sərbəst şəkildə daxil olub-çıxmağı mümkünsüzdür, yalnız Gömrük Məcəlləsinin 258.1-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 ildən artıq olmayan müddətə icazə verilir və həmin avtonəqliyyat vasitələrinin müvəqqəti qeydiyyat müddəti artırılmır. İddiaçı Gömrük Məcəlləsinin 253.1-ci maddəsinə əsasən Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatlardan birini seçə bilər. İddiaçı seçdiyi təminat üsuluna uyğun olaraq bütün tələblər yerinə yetirildikdən sonra nəqliyyat vasitəsinin buraxılışı təsdiq olunacaqdır. İddiaçının idarə etdiyi "Nissan Teana" markalı XX280WW dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ölkəyə giriş istiqamətində X2 Sistemində (VAİS) qeydiyyata alınan zaman gömrük orqanları tərəfindən təminat tələb olunmuşdur. İddiaçının gömrük orqanlarına rəsmi və yaxud şifahi olaraq Gömrük Məcəlləsinin 258.1.4-cü maddəsinə əsasən ödənilməli olan məbləğin gömrük orqanlarının depozit hesabına köçürülməsi təminat üsulundan başqa təminat üsullarının tətbiqi ilə bağlı heç bir müraciəti olmadığına görə ödənilməli olan məbləğin gömrük orqanlarının depozit hesabına köçürülməsi tələb olunmuşdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, "yaxın insanlar"ın verdiyi əsassız qeyri-rəsmi məlumatlara əsasən mülkiyyətində olan nəqliyyat vasitəsinin müvəqqəti istifadə hüququnu etibarnamə əsasında ötürdüyü qeyri-rezident fiziki şəxsin adına qeydiyyata alınmasını istəmişdir. Bu səbəbdən nəqliyyat vasitəsi VAİS-də sahibi olaraq İddiaçı, sürücü olaraq etibarnamə əsasında hüquq və öhdəlikləri ötürdüyü qeyri-rezident fiziki şəxs göstərilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kod **********07834 nömrəli bildirişində görünür ki, iddiaçıya məxsus olan"Nissan Teana" markalı XX280WW dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu ildə ölkə ərazisinə buraxılmışdır. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli 1600-023/0xx-xx/014532 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı - rezident şəxs, idarə etdiyi "Nissan Teana" markalı XX280WW dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xarici dövlətdə daimi qeydiyyatda olan nəqliyyat vasitəsi olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 4.5-ci maddəsinə əsasən 30 və ya 90 gün müddətinə gömrük ərazisinə sərbəst şəkildə daxil olub-çıxmağı mümkünsüzdür, yalnız Gömrük Məcəlləsinin 258.1-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmayan müddətə icazə verilir və həmin avtonəqliyyat vasitələrinin müvəqqəti qeydiyyat müddəti artırılmır. İddiaçı Gömrük Məcəlləsinin 253.1-ci maddəsinə əsasən Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatlardan birini seçə bilər. İddiaçı seçdiyi təminat üsuluna uyğun olaraq bütün tələblər yerinə yetirildikdən sonra nəqliyyat vasitəsinin buraxılışı təsdiq olunacaqdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların təsnifatı"nın 21.1.1.3-cü bəndinə görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi, 21.1.3-cü bəndinə görə isə gömrük postları inzibati orqan sayılırlar. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmədi. İşdən göründüyü kimi, iddiaçı mülkiyyətində olan avtomobil ilə gömrük ərazisinə daxil olub-çıxdığı zaman gömrük əməkdaşlarının həmin avtomobilə etibarnamə üzrə qeyrirezident şəxsin səlahiyyətli şəxs kimi təqdim olunması, qeyri-rezidentin olmadığı təqdirdə təminat üsulu kimi yalnız məbləğin depozit hesabına köçürülməsi üsulunu seçməsi barədə tələblərinin qanunsuz hesab edilməsini, eləcə də həmin avtomobilə özünün səlahiyyətli şəxs kimi qeydə alınması, müəyyən olunmuş 30 və 90 gün müddətinədək gömrük ərazisinə sərbəst daxil olub-çıxması, bu müddətin uzadılmasına görə isə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 258-ci maddəsinin bütün bəndlərini tətbiq etmək hüququnun olması öhdəliyinincavabdehlərin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 299.1-ci maddəsində deyilir ki, gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması bu Məcəllənin 214-cü maddəsi, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qadağan edilmiş mallar istisna olmaqla, fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 4.3-cü bəndinə əsasən, xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində ümumilikdə 90 (doxsan) gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilir. Həmin Qaydaların 4.5-ci bəndində deyilir ki, xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin rezidentlər tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmayan müddətə icazə verilir və həmin avtonəqliyyat vasitələrinin müvəqqəti qeydiyyat müddəti artırılmır. Azərbaycan Respublikası Gğmrük Məcəlləsinin 258.1-ci maddəsinə əsasən, gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün aşağıdakı təminat üsullarından (təminatdan) istifadə olunur: 258.1.1. girov; 258.1.2. veksel zaminliyi (aval); 258.1.3. bank qarantiyası; 258.1.4. ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi; 258.1.5. sığorta müqavilələri; 258.1.6. üçüncü şəxsin zaminliyi; 258.1.7. avans ödəmələr. Həmin Məcəllənin 258.2-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxs bu Məcəllənin 258.1-ci maddəsində göstərilən təminatların hər birindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 253.2-ci maddəsinə görə, seçilən təminat müvafiq gömrük prosedurunun lazımi qaydada tətbiqinə uyğun gəlmədikdə, gömrük orqanları həmin təminatın qəbulundan imtina edir. Sadalanan normalardan göründüyü kimi, xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin ölkənin gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsi ilə bağlı qeyri-rezidentlər və rezidentlər üçün müxtəlif qaydalar müəyyən edilmişdir. Qeyri-rezidentlər avtonəqliyyat vasitələrini hər təqvim ili ərzində ümumilikdə 90 gün müddətinədək təminat tədbirləri olmadan, bu müddət uzadıldıqda təminat üsullarından birinin tətbiqi ilə, rezidentlər isə yalnız təminat üsullarından birinin tətbiqi ilə 1 ildən artıq olmayan müddətə gətirə bilərlər. İddiaçı gömrük əməkdaşlarının avtomobilin yalnız qeyri-rezident tərəfindən ölkəyə gətirilməsini, eləcə də qeyri-rezident şəxs olmadığı halda, təminat üsulu kimi yalnız məbləğin depozit hesabına köçürülməsi üsulunu seçməsini ondan tələb etdiklərini bildirsə də, məhkəməyə bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Əksinə, iddiaçı iddia ərizəsində bildirmişdir ki, avtomobilin qeyri-rezident tərəfindən ölkəyə gətirilməli olması barədə məlumatı ona öz yaxın adamları vermişlər. Digər tərəfdən, iddiaçının müraciətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş cavabda göstərilmişdir ki, heç bir gömrük əməkdaşı iddiaçıdan öz mülkiyyətində olan nəqliyyat vasitəsinin qeyri-rezidentə və ya rezidentə etibarnamə əsasında verilməsini tələb edə bilməz. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddiaçıya məxsus avtomobilin Azərbaycan Respublikasına özü tərəfindən deyil, qeyrirezident tərəfindən gətirilməsi cavabdehlərin tələbi ilə baş verməmişdir. İddiaçının digər tələbi bundan ibarətdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminat növlərindən birini seçmək hüququ təmin edilsin. Məhkəmə bununla əlaqədar qeyd edir ki, əvvəla iddiaçı təminat üsullarından hər hansını istifadə etmək istəməsini gömrük əməkdaşlarına bildirməsi barədə məhkəməyə sübut təqdim edə bilmədi. Digər tərəfdən, Gömrük Məcəlləsinin 258.2-ci maddəsində təminatların hər birindən istifadə etmək hüququ ehtiva edilsə də, bu hüquq mütləq deyil və Məcəllədə, məsələn 253.2-ci maddədə, bu qaydadan istisnalar da nəzərdə tutulmuşdur. Ona görə də iddiaçının qeyd olunan tələbi əsaslı deyil. Beləliklə, məhkəmə bu qənaətə gəlidi ki, iddianın təmin edilməsi üçün əsas olmadığına görə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə və həmin İdarənin Mazımçay Gömrük Postuna qarşı "mülkiyyətində olan XX280WW dövlət nişanlı avtonəqliyyat vasitəsi ilə gömrük ərazisinə daxil olub çıxdığı zaman Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin tabeliyində olan Mazımçay Gömrük Postunun əməkdaşlarının onun mülkiyyətində olan avtonəqliyyat vasitəsinə etibarnamə üzrə qeyri-rezident tələb etməklə və həmin şəxsi onun mülkiyyətində olan avtonəqliyyat vasitəsinə səlahiyyətli şəxs kimi qoyulması, qeyri-rezident olmadığı təqdirdə Gömrük Məcəlləsinin yalnız 258.1.4-cü maddəsi tələb edilməklə depozit hesabına pul qoyma tələbləri qanunsuz hesab edilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli qərarına əsasən, fiziki şəxs olaraq mülkiyyətində olan avtonəqliyyat vasitəsinə səlahiyyətli şəxs kimi qeydə alınmağı, müəyyən olunmuş 30 və 90 gün müddətinədək gömrük ərazisinə sərbəst daxil olub-çıxmağı, bu müddətin uzadılmasına görə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 258-ci maddəsinin bütün bəndlərini tətbiq etmək hüququnun olması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar