Məhkəmə qərarları › İş №2-1(116)-548/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-548/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-548/2022 18.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdeh X3 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh X2rşı “vəzifəli şəxslərin qeyri-qanuni hərəkətləri barədə” iddia tələbinə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək “pozulmuş hüquqlarının bərpası, günahkarların cəzalandırılmasını və dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07.05.2021-ci il tarixli hüquqi yardımına uyğun olaraq ərizəçi iddia ərizəsi təqdim edərək iddiaçı qismində özünü, cavabdeh qismində X3 vəzifəli şəxslərini qeyd etmişdir. Bakı İnzibati Məhkəməsinin 28.09.2021-ci il tarixli 2-1(112)6391/2021 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatı üzrə cavabdeh X7 ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28.09.2021-ci il tarixli 2-1(112)6391/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbində qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.02.2016-cı il tarixli hökmü ilə ona 10 il qapalı tipli həbsxana, 10 il ciddi rejimli müəssisədə çəkmək üçün ümumilikdə 20 il cəza təyin edilmişdir. 22.10.2016-cı il tarixdə Bakı İstintaq Təcridxanasından qapalı tipli həbsxanaya köçürülmüşdür. Həbsxanada cəza çəkdiyi dövrdə nümunəvi davranışına görə Qaradağ rayon Məhkəməsinin 7(002)-10481/2019 №-li iş üzrə 15.11.2019-cu il tarixli qərarı ilə həbsxanada çəkməli olduğu cəza müddətinin qalanı ciddi rejimlə əvəz olunmuşdur. 06.12.2019-cu ildə cəzanın qalanını çəkmək üçün X5 köçürülmüşdür. Müəssisəyə daxil olduğu gündən çoxsaylı təzyiqlərə məruz qalaraq 2 dəfə özünü öldürmə həddinə çatdırılmışdır. Müəssisədə rüşvət, işgəncə, şiddət, vəzifə səlahiyyətlərindən sui-istifadə və həmin səlahiyyətləri aşmaqla üzləşmişdir. Müəssisəyə köçürüldükdən 12 gün sonra karantin rejiminə keçən gün ondan 500 manat alıb zona buraxılmışdır. Pulu verməyəcəyi halda qapalı tipli həbsxanaya göndəriləcəyi bildirilmişdir. Buna görə də pulu poçt vasitəsilə gətirmişdir. Həmin mədaxil qəbzi ailə üzvləri tərəfindən saxlanılır. Köçürüldüyü kamera isə istismar müddətini başa vurmuş, insan şəxsiyyətinə hörməti təmin etməyən halda olmşdur. Müəssisə rəisi ona kameranı özü bərpa etməli olduğunu bildirmiş, əks halda özlərinin uyduracağı müxtəlif səbəblərə görə bir neçə kars verilməklə şəxsi işi tam korlanaraq, islah olunmayan təhlükəli məhkum görüntüsü yaradaraq onu həbsxanaya göndərəcəyini bildirmişdir. Buna görə də 2000 manat xərc çəkərək atasının pulu ilə 1 saylı ciddi rejimli korpusun 3-cü mərtəbəsinin 7 saylı kamerasını tam əsaslı şəkildə təmir etdirmişdir. Bunu orada olan məhkumlar da təsdiqləyə bilər. X4 saxlanılarkən qidalanma, geyim, yazışma, gəzinti, saxlanılma, şikayət ərizəsi göndərmək, bağlama, banderol, sovqat almaq və.s hüquqlarının bəziləri tam, bəzilərinin isə bir qismi əlindən alınmışdır. 2020-ci ilin aprel ayının 18-də sadaladığı hallar və daha çoxuna görə yeməkdən imtina edərək aclıq aksiyası keçirmişdir. Buna görə də ona 3 günlük cərimə otağı verilmişdir. Müəssisənin rəis müavini aclıq aksiyasının keçirilməsini öyrənib ona telefonla danışmaq hüququndan istifadə edəcəyini bildirmiş və saxlanıldığı korpusa telefonla danışmaq üçün aparılmışdır. Telefon danışığı başa çatandan sonra onu karsa aparan olmamış, yeməkdən imtinanı yazılı formada verdiyi halda ona yeməkdən imtina etmədiyi, 3 günlük kars verildiyi bildirilmişdir. O, xlor içməklə özünə qəsd etməyə cəhd etmiş, lakin qarşısı alınmışdır. Bundan sonra o, yenidən 3 günlük cərimə təcridxanasına göndərilmişdir. Daha sonra müəssisə rəhbərliyinin qəbuluna aparılmış, aclıq aksiyasını dayandırmadığına görə ona növbti dəfə 10 günlük verilmişdir. Bundan sonra o, yenidən dəsmalla özünü öldürməyə cəhd etmiş, lakin otaqda olan digər şəxslər onu xilas etmişlər. 2021-ci ilin fevral ayında 10 qidalanma, gəzinti, alış-veriş, yazışma, şikayət ərizəsi göndərmə, poçt vasitəsi ilə gələn yemək puluna faiz qoyulması və bir çox hüquqlarının pozulmasına görə yeməkdən imtina etmiş, buna görə 3 günlük karsa salınmışdır. Fevralın 12-də Şəkidə fəaliyyət göstərən ombudsman xidmətinin işçiləri valideynlərinin şikayəti əsasında onu müəssisədə qəbul etmişlər. Aclıq aksiyasının dayandırılması və şikayət etməməsi üçün döyülməsindən başqa bütün yollara əl atılmışdır. 14.02.2021-ci il tarixdə o, bütün şəxsi əşyaları ilə birlikdə müalicə müəssisəsinə etap edilmişdir. Səbəb olaraq isə aclıq aksiyasını keçirdiyi müddətdə həkim nəzarətində olması bildirilmişdir. Buna baxmayaraq onu aclıq aksiyası edən kimi qeydiyyata almamışlar, qeydiyyatın Şəkidə aparılmalı olduğunu bildirmişlər. O, Şəkiyə geri göndərilməsi üçün müalicə müəssisəsinin rəisinə müraciət etmiş, lakin onu hazırda cəza çəkdiyi 7 saylı müəssisəyə gətirmişlər. Odur ki, qeyd etiklərini nəzərə alaraq pozulmuş hüquqlarının bərpası, günahkarların cəzalandırılması və dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, məhkum İddiaçı 22.07.1986-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan Muxtar Respublikası DİNnin X8 Bölüyünün polis nəfəri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ali təhsilli, ailəli, himayəsində 2 övladı olan, Naxçıvan Muxtar Respublikası Babək rayonu Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Bakı Ağır Cinayətlər məhkəməsinin 05.02.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.10, 120.2.11, 181.3.1, 181.3.2, 181.3.3, 28.120.2.1, 28, 120.2.10, 28, 120.2.11, 28, 181.3.1, 28, 181.3.2, 28.181.3.3, 206.4 və 234.1- ci maddələri ilə təqsirli bilinərək cəzasının ilk 10 ilini həbsxanada çəkməklə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qaradağ rayon məhkəməsinin 15.11.2019-cu il tarixli qərarı ilə ona təyin edilmiş 10 il həbsxana rejiminin yarısından çoxunu 5 il 4 ayını çəkdiyi üçün vaxtından əvvəl ciddi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Məhkum İddiaçı cəzasının bir hissəsini Bakı istintaq təcridxanasında həbsdə saxlanılmış və həbsxanada cəza çəkmişdir. Bakı istintaq təcridxanasında saxlanıldığı və həbsxanada cəza çəkdiyi müddət ərzində müəssisənin daxili intizam qaydalarını pozduğuna görə rəhbərlik tərəfindən barəsində 3 dəfə tənbeh tədbiri tətbiq edilmişdir.

1. 26.12.2015-ci il tarixdə “03 gün cərimə otağı”

2. 02.12.2017-ci il tarixdə “Xəbərdarlıq”

3. 13.07.2019-cu il tarixdə “Töhmət” Həbsxanada cəza çəkdiyi müddət ərzində rəhbərlik tərəfindən barəsində 1 dəfə həvəsləndirmə tədbiri tətbiq edilmişdir.

1. 18.10.2019-cu il tarixdə, 13.07.2019-cu il tarixdə verilmiş “töhmət” cəzası vaxtından əvvəl üzərindən götürülüb. Cəzasının qalan hissəsini çəkmək üçün 14.12.2019-cu il tarixdə X5 gətirilmiş, 24.12.2019-cu il tarixdə müəssisənin ciddi rejimli 1-ci dəstəsinə keçirilmişdir. Məhkum müəssisəyə gətirildiyi ilk gündən yer və yataq ləvazimatı ilə təmin edilmiş, onunla fərdi tərbiyəvi söhbət aparılmış, daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmışdır. Məhkum müəssisənin daxili intizam qaydalarını pozduğuna görə rəhbərlik tərəfindən barəsində 2 dəfə tənbeh tədbiri tətbiq edilmişdir.

1. 22.04.2020-ci il tarixdə “03 gün cərimə otağı”

2. 26.04.2020-ci il tarixdə “xəbərdarlıq” Məhkum müəssisə əməkdaşları və məhkum yoldaşları ilə münasibətdə qeyrisəmimi olmuş, asudə vaxtlarını televiziya verilişlərini izləməklə və ibadət etməklə keçirmiş, törətdiyi cinayəti qismən etiraf etmişdir. Əməyə münasibəti qənaətbəxş olmamışdır. Xasiyyətcə çılğın təbiətli və dəyişkən fikrli məhkum olmuşdur. Bakı İstintaq Təcridxanasının əməiiyyat şöbəsinin 13.04.2016-cı il tarixli istiqamətləndirməsinə əsasən özünə xəsarət yetirməyə, asmaq yolu ilə özünə qəsd etməyə və digər qeyri-adi hərəkətlər etməyə meyilli məhkumdur. Həbsxananın əməliyyat şöbəsinin 15.03.2017-ci il tarixli istiqamətləndirməsinə əsasən əməkdaşların ünvanına şər-böhtan atmağa, təxribat xarakterli hərəkətlər etməklə münaqişə yaratmağa, həbsxananın normal iş fəaliyyətini pozmağa meyilli məhkumdur. X3 əməliyyat şöbəsinin 24.04.2020-ci il tarixli istiqamətləndirməsinə əsasən müəssisənin normal iş fəaliyyətini pozmağa, özünə qəsd etməyə, qeyri-qanuni tələblər irəli sürməyə və müəssisə əməkdaşlarının qanuni tələblərinə tabe olmamağa və X3 əməliyyat şöbəsinin 18.07.2020-ci il tarixli istiqamətləndirməsinə əsasən qanunvericilikdə nəzərdə tutulmayan imtiyazlı şəraitin yaradılmasına nail olmaq üçün əməkdaşlardan digər instansiyalara şər və böhtan xarakterli şikayətlər etməyə, zəif iradəli məhkumları ətrafına toplayaraq təxribat xarakterli söhbətlər etməyə, qeyri-qanuni tələblər irəli sürməyə və müəssisənin normal iş fəaliyyətini pozmağa meyilli məhkumdur. Məhkum İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar həqiqəti əks etdirmir, odur ki, iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğunda təmin edilməməlidir. İşdə olan, X3 25.12.2019-cu il tarixli 150/t saylı əmrindən çıxarışdan görünür ki, X3 istintaq təcridxanasına gətirilmiş 1986-cı il təvəllüdlü məhkum İddiaçı 25.12.2019-cu il tarixdən müəssisənin ciddi rejimli 1-ci korpusuna keçirilmişdir. İşdə olan, Azərbaycan Respublikası CM-nin 234.1, 120.2.1, 120.2.10, 120.2.11, 181.3.1, 181.3.2, 181.3.3, 28, 120.2.1, 206.4, 66.3-cü maddələri ilə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1986-cı il təvəllüdlü İddiaçı barəsində Bakı İstintaq Təscridaxanasının 13.04.2016-cı il tarixli istiqamətləndirməsində qeyd edilmişdir ki, məhkum İddiaçı cinayətdə onunla birgə iştirak edən şəxslərin həbs olunmasında polis orqanlarına köməklik göstərdiyinə görə onunla bir qrup məhkum və həbs olunmuş şəxslər arasında düşmənçilik ədavəti yaranmışdır. Həmçinin məhkum İddiaçı özünə xəsarət yetirməyə, asmaq yolu ilə özünə qəsd etməyə və digər qeyri-adi hərəkətlər etməyə meyillidir. Buna görə də onun ciddi nəzarət altında saxlanması, məhkəmələrə və MM-nə aparılarkən eyni avtomobillərdə aparılmaları məqsədə müvafiq hesab edilmir. İşdə olan, məhkum İddiaçı barəsində həbsxananın əməliyyat şöbəsinin 15.03.2017ci il tarixli istiqamətləndirilməsində qeyd edilmişdir ki, məhkum “əməkdaşların ünvanına şər-böhtan atmağa, təxribat xarakterli hərəkətlər etməklə münaqişə yaratmağa, həbsxananın normal iş fəaliyyətini pozmağa meyillidir”. İşdə olan, X3 24.04.2020-ci il tarixli məhkum İddiaçı barəsində istiqamətləndirilməsində qeyd edilmişdir ki, məhkum, müəssisənin normal iş fəaliyyətini pozmağa, özünə qəsd etməyə, qeyri-qanuni tələblər irəli sürməyə və müəssisə əməkdaşlarının qanuni tələblərinə tabe olmamağa meyilli şəxsdir. İşdə olan, X3 18.07.2020-ci il tarixli məhkum İddiaçı barəsində istiqamətləndirilməsində qeyd edilmişdir ki, məhkum, müəssisədə qanunvericilikdə nəzərdə tutulmayan imtiyazlı şəraitin yaradılmasına nail olmaq üçün əməkdaşlardan digər instansiyalara şər və böhtan xarakterli şikayətlər etməyə, zəif iradəli məhkumları ətrafına toplayaraq təxribat xarakterli söhbətlər etməyə, qeyri-qanuni tələblər irəli sürməyə, müəssisənin normal iş fəaliyyətini pozmağa meyillidir. İşdə olan, Şəki rayon prokurorluğunun 02.09.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, məhkum İddiaçı X1suzluqlara məruz qalması barədə müraciəti üzrə toplanmış 152c-21 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan, 03.01.2020-ci il tarixli 01 №-li qərardan görünür ki, məhkum, 02.01.2020ci il tarixdə saxlandığı korpusda psixi gərginlik keçirərək özünü narahat və həyəcanlı apardığından gələcəkdə müəssisədə hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün ümumi əsaslarla cərimə təcridxanasına keçirilmişdir (10 gün müddətinə təhlükəsiz yerə keçirilməsi qərara alınmışdır). İşdə olan, 18.04.2020-ci il tarixli 27 №-li qərardan görünür ki, məhkum, saxlandığı korpusda əsəb gərginliyi keçirdiyindən, özünü narahat və həyəcanlı hiss etdiyi üçün gələcəkdə hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün öz ərizəsinə əsasən onun təhlükəsizliyini təmin etmək məqsədilə məhkum kütləsindən təcrid edilərək 10 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. Məhkumun müvafiq ərizəsindən görünür ki, o, məhkum kütləsindən təcrid edilməsini xahiş etmişdir. İşdə olan, 22.04.2020-ci il tarixli aktdan və 109 №-li qərardan görünür ki, məhkum, 22.04.2020-ci il tarixdə, saat 11:10 radələrində saxlandığı korpusda məhkumlar üçün nəzərdə tutulmuş telefon danışığı otağından çıxdıqdan sonra korpusun yaşayış sahəsində əməkdaşlara qarşı qeyri-qanuni və əsassız tələblər irəli sürmüş, məhkum kütləsinin diqqətini özünə cəlb etməyə çalışmışdır. Xidmətdə olan əməkdaşlar ona bu barədə irad bildirdikdə o, iradlara məhəl qoymayaraq müəssisənin normal iş fəaliyyətini pozmağa cəhd göstərmişdir, buna görə də 3 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. İşdə olan, 25.04.2020-ci il tarixli 48 №-li, 26.04.2020-ci il tarixli 111 №-li qərarlardan və eyni tarixli aktlardan görünür ki, məhkum, 25.04.2020-ci il tarixdə saat 22:00 radələrində saxlandığı 1-ci ciddi rejimli korpusda məhkumlara “yat” komandası verilən zaman müəssisə rəhbərliyi tərəfindən təyin olunmuş kameraya girməkdən qəti şəkildə imtina etmişdir. Xidmətdə olan əməkdaşlar ona bu barədə irad bildirdikdə o, bu iradlara məhəl qoymayaraq müəssisənin normal iş fəaliyyətini pozmağa cəhd göstərmişdir. Bununla müəssisənin daxili rejim qaydalarını pozmuş, buna görə də cərimə təcridxanasına keçirilmiş, daha sonra isə cəzanın çəkilməsi qaydalarını pozduğuna görə “xəbərdarlıq” elan edilmişdir. İşdə olan, 10.02.2021-ci il tarixli 26 №-li qərardan və eyni tarixli aktdan görünür ki, məhkum, 10.02.2021-ci il tarixdə saat 15630 radlərində müəssisə rəhbərliyinə qəbula dəvət olunarkən heç bir əsaslı səbəb olmadan qəbula gəlməkdən qəti surətdə imtina etmiş, onun 3 gün müddətinə cərimə təcridxanasına keçirilməsi qərara alınmışdır. İşdə olan, 13.02.2021-ci il tarixli 09 №-li qərardan görünür ki, məhkum, 13.02.2021-ci il tarixdə öz ərizəsinə əsasən 10 gün müddətinə təhlükəsiz yerə keçirilmişdir. Məhkumun müvafiq ərizəsindən görünür ki, o, məhkum kütləsindən təcrid edilməsini xahiş etmişdir. İşdə olan, məhkum İddiaçı barəsində 30.12.2020-ci il tarixdə tərtib edilmiş illik xasiyyətnamədən görünür ki, o, X3 ciddi rejim 1-ci dəstəsində 24.12.2019-cu il tarixdən cəza çəkir. Müəssisəyə gəldikdən sonra əməyə cəlb edilməyib, əməyə münasibəti mənfidir. Məhkumlar arasında özünü qeyri-səmimi aparır. Dəstədə keçirilən tərbiyəvi tədbirlərdə iştirak etmir. Törətdiyi cinayəti qismən etiraf edir. Xasiyyətcə dəyişkən fikirlidir. Nəticə olaraq qeyd edilmişdir ki, məhkum islah yoluna qədəm qoymamışdır. İşdə olan, 22.12.2020-ci il tarixdə tərtib edilmiş illik xasiyyətnamədə məhkum İddiaçı Şəki pənitensiar müəssisəsin saxlandığı müddətdə mənfi xarakterizə olunması qeyd edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbi 2500 manat pulun ondan alınması ilə əlaqədar dəymiş maddi ziyan, iki dəfə ölüm həddinə çatdırılması, dəfələrlə barəsində cəza və tənbeh tədbirlərinin görülməsi, qidalanma, şikayət ərizəsi yazmaq, ümumi yazışmaq, geyim, gəzinti kimi hüquqlarının bəzilərinin tam, bəzilərinin bir qisminin məhdudlaşdırılması ilə bağlıdır. Məhkəmə tərəfindən iddiaçının 7 saylı Cəzaçəkmə Müəssisəsində olması nəzərə alınaraq dinlənilmə hüququnun təmin edilməsi üçün ona 18.05.2022-ci il tarixli şifahi məhkəmə baxışı iclasınadək izahatını yazılı formada məhkəməyə təqdim edilməsi 27.04.2022-ci il tarixdə təklif edilmiş, lakin idiaçı yazılı izahatını məhkəməyə təqdim etməmişdir. Məhkəmə aşağıda qeyd edilmiş əsaslara görə qaldırılmış iddianı əsassız hesab edir. Belə ki, iddia tələbində qeyd edilən xüsusatlarla bağlı məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən müvafiq hallara yol verilməsi ilə bağlı hər hansı fakt aşkar edilməmiş, iddiaçı özü də bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı, tələbində “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunda öz əksini tapmış, cavabdeh tərəfindən pozulduğunu iddia etdiyi qidalanma, şikayət ərizəsi yazmaq, ümumi yazışmaq, geyim, gəzinti kimi hüquqları formal sadalayaraq iddia etdiyi pozuntuların nədə ifadə olunmasını, cavabdehin hansı hərəkətləri (hərəkətsizliyi) nəticəsində hansı hüququnun konkret olaraq həyata keçirilməsinə maneçilik törədildiyini əsaslandırmamış, müvafiq pozuntulara dair sübutlar təqdim etməmişdir. İddia tələbində qeyd edilən, iddiaçının 2 dəfə özünü öldürmə həddinə çatdırılmasına münasibətdə isə müəyyən edilir ki, Şəki rayon prokurorluğunda fakt üzrə araşdırma aparılmış, lakin qeyd olunan hal öz təsdiqini tapmamışdır. İddia tələbinin 2500 manat maddi ziyanla bağlı hissəsində iddiaçı, məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, cavabdeh tərəfindən həmin məbləğin tələb edilməsi ilə bağlı məhkəmə araşdırması zamanı da hər hansı fakt aşkar edilməmişdir. Məhkəmənin sorğusu nəticəsində əldə edilmiş, iddiaçının şəxsi işində olan, 22.04.2020-ci il tarixli 109 №-li, 25.04.2020-ci il tarixli 48 №-li, 26.04.2020-ci il tarixli 111 №-li, 10.02.2021-ci il tarixli 26 №-li və 13.02.2021-ci il tarixli 09 №-li qərarlardan görünür ki, iddiaçının cərimə təcridxanasına keçirilməsinə səbəb onun müəssisədaxili intizam qaydalarını dəfələrlə pozması olmuşdur. Digər tərəfdən müəyyən olunur ki, iddiaçı, 06.12.2019-cu ildə X5 köçürülənədək Bakı İstintaq Təscridaxanasında saxlanılarkən də barəsində tərtib edilmiş 13.04.2016-cı il tarixli istiqamətləndirmədə özünə xəsarət yetirməyə, asmaq yolu ilə özünə qəsd etməyə və digər qeyri-adi hərəkətlər etməyə meyilli olması, həmçinin 15.03.2017-ci il tarixli istiqamətləndirilmədə əməkdaşların ünvanına şər-böhtan atmağa, təxribat xarakterli hərəkətlər etməklə münaqişə yaratmağa, həbsxananın normal iş fəaliyyətini pozmağa meyilli olması qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının qeyd olunan davranışları hələ X5 köçürülərkən artıq mövcud olmuş və barəsində tərtib edilmiş istiqamətləndirmə və xasiyyətnamələrdə müvafiq hallar (o cümlədən, hazırkı iddia tələbində qeyd olunan və heç bir sübutla təsdiq edilməyən hallar) qeyd olunaraq məhkum üzərində nəzarətin gücləndirilməsi tövsiyə edilmişdir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun Maddə 14. (Tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqi vəziyyətinin əsasları): 14.1. Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, bu Qanun və digər qanunlar ilə müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə edir və vəzifələr daşıyırlar. 14.2. Azərbaycan Respublikasının ərazisində həbs yerlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə edir, vəzifələr daşıyırlar. Maddə 15. Tutulmuş və ya həbs edilmiş şəxslərin əsas hüquqları 15.1. Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsində onlar üçün nəzərdə tutulmuş hüquqlardan əlavə, aşağıdakı hüquqlara da malikdirlər: 15.1.1. həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat vermək imkanı ilə təmin olunmaq; 15.1.2. şəxsi təhlükəsizliyi təmin edilməklə saxlanılmaq; 15.1.3. həbs yerinə qəbul edildikdən dərhal sonra və həbsdə saxlama zamanı öz hüquq və vəzifələri, Daxili intizam qaydaları, o cümlədən həbs yerində rejim, təkliflərin, ərizələrin və şikayətlərin verilməsi qaydası ilə yazılı şəkildə onlara aydın olan dildə tanış olmaq, bu barədə yazılı məlumatı özündə saxlamaq; 15.1.4. işgəncəyə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq; 15.1.5. həbsdə saxlama zamanı onlara aidiyyəti olan bütün prosessual hərəkətlər barədə məlumatlandırılmaq; 15.1.6. müdafiəçisi və qanuni nümayəndəsi ilə görüşmək; 15.1.7. həbs yerində saxlanıldığı müddət ərzində pulsuz yeməklə, maddi-məişət və tibbi-sanitariya xidmətləri ilə təmin olunmaq; 15.1.8. ədəbiyyatdan, o cümlədən xüsusi ədəbiyyatdan istifadə etmək, həbs yerinin kitabxanasından istifadə üçün ədəbiyyat, qəzet və jurnal götürmək və ya öz vəsaiti hesabına həbs yerinin müdiriyyəti vasitəsilə ticarət şəbəkəsindən yazı ləvazimatı, ədəbiyyat, qəzet və ya jurnal əldə etmək; 15.1.9. dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək; 15.1.10. bağlama, sovqat və banderol almaq; 15.1.11. mülki hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək; 15.1.12. etik davranışa uyğun rəftar olunmaq; 15.1.13. həbs yerinin müdiriyyəti tərəfindən qəbul edilmək; 15.1.14. hüquqa zidd məqsədlər üçün istifadə edilə bilən və ya dövlət sirrini və qanunla qorunan digər sirləri özündə əks etdirən sənədlər və yazılar istisna olmaqla, cinayət işi ilə tanış olmaq, öz hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsi ilə bağlı olan sənədləri, yaxud əqli fəaliyyətinin nəticəsi olan yazıları və ya onların surətlərini, o cümlədən təklif, ərizə və şikayətlərinə verilən cavabların surətlərini özündə saxlamaq; 15.1.15. həbsdə saxlanılmasının qanuniliyi, əsaslılığı və ya hüquqlarının və qanuni mənafelərinin pozulması məsələləri ilə bağlı təklif, ərizə və şikayətlərlə müraciət etmək; 15.1.16. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması halları istisna olmaqla, prosessual hərəkətlərin aparılmasına cəlb edilməsinin qadağan olunduğu müddətdə gecə vaxtı səkkiz saat yatmaq; 15.1.17. hər gün iki saatdan az olmayaraq gündəlik gəzintiyə çıxarılmaq; 15.1.18. idmanla məşğul olmaq və stolüstü oyunlar oynamaq; 15.1.19. siyahısı və sayı Daxili intizam qaydaları ilə müəyyən edilmiş şəxsi əşyalardan istifadə etmək; 15.1.20. öz paltar və ayaqqabısından istifadə etmək, münasib paltarı olmadıqda iqlimə uyğun paltarla təmin olunmaq; 15.1.21. öz vəsaiti hesabına həbs yerinin müdiriyyəti vasitəsilə ticarət şəbəkəsindən ərzaq məhsulları və ən zəruri mallar əldə etmək; 15.1.22. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq; [4] 15.1.23. həbs yerinin müdiriyyəti tərəfindən barəsində çıxarılmış qərardan şikayət etmək. 15.2. Həbs edilmiş şəxslər bu Qanunun 15.1-ci maddəsində göstərilən hüquqlardan əlavə, aşağıdakı hüquqlara malikdirlər: 15.2.1. bu Qanunla nəzərdə tutulmuş qaydada yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşmək; 15.2.2. öz vəsaiti hesabına qəzet və jurnallara abunə yazılmaq; 15.2.3. şəxsi hesabları vasitəsilə pul baratları almaq və yaxın qohumlarına pul baratları göndərmək; 15.2.4. şəxsi hesablarında olan vəsaitlə istintaq təcridxanasının ticarət köşkündən ərzaq məhsulları və ən zəruri mallar əldə etmək; 15.2.5. bu Qanunun və Daxili intizam qaydalarının tələbləri nəzərə alınmaqla nikah bağlamaq və nikahı pozmaq, habelə digər ailə-hüquq münasibətlərində iştirak etmək; 15.2.6. bu Qanunda və Daxili intizam qaydalarında nəzərdə tutulmuş qaydada telefon danışıqlarından istifadə etmək; 15.2.7. Daxili intizam qaydalarında nəzərdə tutulmuş qaydada televiziya verilişlərinə baxmaq. 15.3. Tutulmuş və ya həbs edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər öz dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri və ya konsulluqları ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla təxirə salınmadan əlaqəyə girmək hüququna malikdirlər. Maddə 32. Tutulmuş və ya həbs edilmiş şəxslərin əsas vəzifələri 32.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin əsas vəzifələri aşağıdakılardır: 32.1.1. bu Qanunla və Daxili intizam qaydaları ilə müəyyən edilmiş qaydalara riayət etmək; 32.1.2. həbs yerinin müdiriyyətinin qanuni tələblərinə əməl etmək; 32.1.3. sanitariya-gigiyena qaydalarına əməl etmək; 32.1.4. yanğın təhlükəsizliyi qaydalarına əməl etmək; 32.1.5. həbs yerinin əmlakına qayğı ilə yanaşmaq; 32.1.6. saxlandığı kameranı növbəlik qaydasında təmizləmək (süpürmək və yumaq); 32.1.7. həbs yerinin işçiləri ilə, habelə digər tutulmuş və ya həbs edilmiş şəxslərlə nəzakətlə davranmaq; 32.1.8. həbs yerinin işçilərinin xidməti vəzifələrinin icrasına mane olmamaq; 32.1.9. özünün və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə törədən hərəkətlərə yol verməmək. 32.2. Həbs edilmiş şəxslər tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısı Daxili intizam qaydaları ilə müəyyən edilir. Bu əşyaların həbs edilmiş şəxslər tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi: 12.1. Məhkumlar şəxsi təhlükəsizlik hüququna malikdirlər. 12.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı digər məhkumlar tərəfindən və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, cəzaçəkmə müəssisəsinin müdiriyyətinə təhlükəsizliyini təmin etmək üçün ərizə və ya şifahi müraciət etmək hüququna malikdir. 12.3. Cəzanı icra edən cəzaçəkmə müəssisəsinin müdiriyyəti təhlükənin aradan qaldırılması üçün məhkumun təhlükəsiz yerə köçürülməsi və ya başqa tədbirlər görülməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh X2rşı “vəzifəli şəxslərin qeyri-qanuni hərəkətləri barədə” iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar