Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-548/2024 24.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “mərhum X1 qanuni istifadəsində olmuş 0.29 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “mərhum X1 qanuni istifadəsində olmuş 0.29 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının cavabdeh orqana ilkin müraciətindən görünür ki, onun hüquqi marağı anası mərhum X1 istifadəsinə olmuş və sənədləşdirilməyən Almalı kəndində yerləşən 0.29 ha torpaq sahəsinə müvafiq hüquq müəyyənedici və texniki sənədlərin əldə edilməsi ilə bağlı olmuşdur. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktuba əsasən tələb icra olunmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya münasibətində bildirmişdir ki, işlə bağlı əlavə edilən sənədlərdə mərhum X2 torpaq sahəsinin ayrılması ilə bağlı məlumatlar qeyd olunsa da, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 01 nömrəli iclas qərarında Almalı kənd sakini mərhum X2 torpaq sahəsinini ayrılması barədə hər hansı məlumat qeyd olunmadığından, X2 0.29 ha çoxillik əkmə təyinatlı torpaq sahəsi ayrılması barədə rayon və yerli aqrar islahat komissiyasının hər hansı qərarı təqdim olunmadığından, rayon aqrar islahat komissiyasının qərarına əsasən əlavə verilməli olan 0.29 ha torpaq sahəsi ilə bağlı X4, İddiaçı və X3 adına tərtib edilmiş JN-100 nömrəli 40304018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında hər hansı qeydiyyatın aparılmadığı, o cümlədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon Şöbəsində iddiaçı tərəfindən tələb olunan ölçüdə torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilmədiyi müəyyən olunduğundan iddiaçıya imtina məktubu göndərilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
2. Az-İİ 010820 seriya nömrəli xx.xx.2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.
3. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X8 filialının xx.xx.2023cü il tarixli məktubundan görünür ki, arxiv məlumatlarında X4 və ailə üzvlərinə torpaq sahəsinin verilməsinə dair qeydiyyat tapılmamışdır.
4. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2397/2023 nömrəli məktubuna əlavə olunmuş, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarından çıxarışların surətindən və Qax rayonu Almalı kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlər siyahısından görünür ki, X2 və ailə üzvləri ilə birlikdə torpaq sahəsinin verilməsi barədə məlumat qeyd olunmuşdur.
5. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi (çoxillik əkmələr) 4073 kv.metrdir. Həmin torpaq sahəsi TEKUİS baza məlumatlarında kateqoriyası- kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası çoxillik əkmələr olmaqla xüsusi mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. Odur ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə baza məlumatları arasında uyğunsuzluq mövcuddur.
6. Qax rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli 252 nömrəli məktubunun surəti.
7. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı iclasın protokolundan çıxarış qərarı;
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
İddia ərizəsini və iş materiallarını araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin əsasən iddiaçı tələbi mərhum X1 qanuni istifadəsində olmuş 0.29 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxaırşın və torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanıb verilməsindən ibarətdir. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Belə ki, işin araşdırılmış hallarına görə, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 saylı iclasın protokolundan qərarına əsasən bir qrup Almalı kənd sakinlərinin mülkiyyətinə verilmiş Dövlət Aktlarında ölçmə işlərinə əsasən qismən düzəliş edilməsi nəzərdə tutulmuşdur.Lakin, tələbdə qeyd edilmiş 0,29 ha torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd tərtib edilməmiş, sözügedən torpaq sahəsi üzərində iddiaçı anasının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamışdır. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Həmin normanın tələbinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. İddia ərizəsində iddiaçı sözügedən torpaq sahəsinin rəsmi sənədlə mülkiyyətində olmasını bildirsə də, ərizəyə müvafiq hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Həmçinin iddiaçı sözügedən torpaq sahəsinin onun faktiki istifadəsində (mülkiyyətində) olduğunu bildirir. Belə olan halda iddiaçı, sözügedən torpaq sahəsinə dair hüquqi sənədlərin tərtib edilib-edilməməsindən məlumatlı olmalı, müvafiq sənədlər tərtib edilmədiyi halda isə yuxarıda qeyd edildiyi kimi cavabdeh orqanın hərəkətlərini mübahisələndirməli idi. İddiaçı, 25 ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə cavabdeh orqana, daha sonra isə məhkəməyə müraciət etmiş, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X5: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “mərhum X1 qanuni istifadəsində olmuş 0.29 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün hesab edilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə