Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-549/2020 05.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı X2 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “01.09.1993-cü il tarixdən 10.07.1997-ci il tarixədək Bakı Dövlət Universitetinin Şəki filialında əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur. 01.09.1993-cü ildə Bakı Dövlət Universitetinin Şəki filialına qəbul olmuş və 10 iyun 1997-ci ildə əyani təhsil müddətini başa vuraraq, A 003785 saylı bakalavr dərəcəli diplom almışdır. Əmək fəaliyyətini təsdiq edən ******* seriyalı əmək kitabçasına əsasən 15.08.1997ci ildə Daşbulaq kənd orta məktəbində işə başlamışdır və hal-hazıradək işləyir. Xəstəliyi ilə əlaqədar ona 01.11.2019-cu il tarixində 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sənədlərini Şəki Regional "Asan Xidmət" vasitəsilə DSMF-nin Şəki şəhər şöbəsinə təqdim etmiş lakin, DSMF-nin Şəki şəhər şöbəsi əyani təhsil müddətinin sosial sığorta stajına daxil etməyərək onun müraciətindən, tələb olunan minumum pensiya kapitalı olmadığını üçün imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, 01 oktyabr 1956-cı il tarixində qüvvədə olan "Dövlət pensiyaları haqqında" SSRİ Qanununda, həmçinin "Vətandaşların Pensiya təminatı haqqında" Azərbaycan Respublikasının, 23 sentyabr 1992-ci il tarixində qüvvəyə minən və 01.01.2006-cı il tarixinədək qüvvədə olan Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisas artırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Əmək kitabçasına, əyani təhsil müddətini təsdiq edən diplomuma və fərdi uçot məlumatlarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə istinadən tələb olunan minumum sosial sığorta stajı və pensiya kapitalı tamam olur. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək, 01.09.1993-cü il tarixdən 10.07.1997-ci il tarixədək Bakı Dövlət Universitetinin Şəki fialında əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı imtinasından görünür ki, 01.07.2017-ci tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə istinadən əlilliyə görə əmək pensiyası təyin olunması üçün vətandaşın yaşına uyğun olaraq sosial sığorta stajı ilə bərabər pensiya kapitalıda tələb olunur. Əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Cavabdehin iddiaya qarşı münasibəti: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə istinadən əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. 1.X4 25.12.2019-cu il tarixində Şəki Regional “Asan Xidmət” Mərkəzi vasitəsilə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün Şöbəmizə müraciət etmişdir. Vətandaşın tələb olunan pensiya kapital olmadığı üçün onun müraciətindən imtina edilmiş və 29.12.2019-cu il tarixli **********4 saylı imtina məktubu ünvanına göndərilmişdir. 2.Vətandaşın əmək fəaliyyətinə başladığı tarixdən 01.01.2006-cı il tarixinədək 8 il 4 ay, 01.01.2006-cı il tarixindən hal hazıradək 13 il 10 ay sosial sığorta stajı və ümumilikdə 14164.35 manat pensiya kapitalı var. 3.Vətandaşa əlilliyə görə əmək pensiyası təyin olunması üçün 9 il 4 ay sosial sığorta stajı və 16799.99 manat pensiya kapitalı tələb olunur. 4.Vətandaşın əyani təhsil aldığı müddət sosial sığorta satjına daxil edilərsə əmək pensiyası hüququ yaranacaq. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin təsdiqlənmiş surəti, DSMF-nin Şəki rayon şöbəsinin 29.12.2019-cu il tarixli **********4 nömrəli imtina məktubu və 12.02.2020-ci il tarixli **********8 nömrəli məktubu, A seriyalı 003785 nömrəli diplomun təsdiqlənmiş surəti və bakalavr diplomuna əlavə, ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İddiaçının 01.09.1993-cü il tarixdən 10.07.1997-ci il tarixədək Bakı Dövlət Universitetinin Şəki fialında əyani təhsil aldığı müddətin A seriyalı 003785 nömrəli diplomun təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır və bu işin mübahisələndirilməyən halıdır. İşdə olan DSMF-nin Şəki şəhər şöbəsinin 12.02.2020-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, iddiaçı 25.12.2019-cu il tarixində Şəki Regional “Asan Xidmət” Mərkəzi vasitəsilə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Vətandaşın tələb olunan pensiya kapital olmadığı üçün onun müraciətindən imtina edilmişdir. İddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunması üçün 9 il 4 ay sosial sığorta stajı və 16799.99 manat pensiya kapitalı tələb olunur. İddiaçıya əyani təhsil aldığı müddət sosial sığorta satjına daxil edilərsə əmək pensiyası hüququ yaranacaqdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi iddiaçının təhsil aldığı vaxt qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan Qanunun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının 01.09.1993-cü il tarixdən 10.07.1997-ci il tarixədək Bakı Dövlət Universitetinin Şəki fialında əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin üzərinə iddiaçıX2 01.09.1993-cü il tarixdən 10.07.1997-ci il tarixədək Bakı Dövlət Universitetinin Şəki filialında əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(116)-549/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-549/2020
05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver