Məhkəmə qərarları › İş №2-1(116)-549/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-549/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-549/2025 12.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya ümumi iş stajını nəzərə alaraq, xx.xx.2020-ci ildən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “iddiaçıya ümumi iş stajını nəzərə alaraq, xx.xx.2021-ci ildən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək, iddiaçıya ümumi iş stajını nəzərə alaraq, xx.xx.2020-ci ildən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən , iddiaçı , xx.xx.1955-ci ildə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuş, uzun illər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci ilə kimi əyani təhsil (X1) almış və hərbi xidmətdə olmuşdur. Daha sonra 1978-ci ildən 1992-ci ilə kimi Şəki rayonu Aşağı Göynük kənd Paris Kommunası adına kolxozda kolxozçu kimi işləmişdir. Eyni zamanda kolxozçu kimi işləməklə yanaşı xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilə kimi Şəki rayonu Aşağı Göynük kənd Orta məktəbdə traktor təlimçisi və bağban kimi işləmişdir. Ondan sonrakı dövrlərdə Bakı şəhərində müxtəlif yerlərdə qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci ilə kimi pensiya yaş həddi 64 yaş 6 ay nəzərdə tutulduğundan o, 64 yaş 6 ay bitdikdən sonra yaşa görə pensiya təyin edilməsi üçün müvafiq orqana müraciət etmişdir. Lakin sonuncu imtina cavabı vermişdir. Diplomun və hərbi biletinin təsdqiq edilmiş surətindən göründüyü kimi xx.xx.1972-cı ıl tarixindən xx.xx.1977-ci ilə kimi əyani təhsil (X1) almış və hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası X3 filialının verdiyi xx.xx.2024-cü il tarixli Arxiv arayışından göründüyü kimi, 1978-ci ildən 1992-ci ilə kimi Şəki rayonu Aşağı Göynük kənd Paris Kommunası adma kolxozda kolxozçu kimi işləmişdir. Əmək Kitabçasının təsdiq edilmiş surətindən göründüyü kimi, xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilə kimi Şəki rayonu Aşağı Göynük kənd Orta məktəbdə traktor təlimçisi və bağban kimi işləmişdir.Hesab edir ki, onun əmək stağı 26 ildən çoxdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, müraciət edərkən stajını təsdiq edən sənəd kimi əmək kitabçası, hərbi bilet, diplom və xx.xx.2017-ci il tarixli arxiv arayışı təqdim etmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-24141/2024 nömrəli məktubu ilə İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək əyani təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddət, 1978-1988-ci illər üzrə adına əmək haqqı hesablanan aylar nəzərə alınmaqla) 22 il 8 ay 12 gün təşkil edir. Eyni zamanda İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, İddiaçı təqdim etdiyi digər bir sənəddə: X3 filialının xx.xx.2017-ci il tarixli arxiv arayışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək Aşağı Gövnük kənd “Paris Kommunası” adına olan kolxozda əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Şəki-Zaqatala regional filialının X3 Filialı ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən “Paris Kommunası” adına kolxozda 1978-ci il üzrə əmək haqqı kitabında ad (Zeynəb) Nərman, 1979-cu il üzrə isə soyad və ad X4 kimi qeyd edildiyindən və 1980-ci il üzrə soyadda qaralama olduğundan həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. AZE 0******* nömrəli Şəxsiyyət Vəsiqəsi

3. 0310623 nömrəli Əmək kitabçası.

4. 019682 nömrəli diplom, H3 ******* nömrəli hərbi bilet

5. X3 Filialının xx.xx.2024-cü il tarixli Arxiv Arayışı.

6. Cavabdehin etirazı və ona əlavə olunan sənədlər.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçıya münasibətdə 64 yaş 6 ay xx.xx.2020-ci il tarixində tamam olmuş, ona həmin tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təqdim edilən imtina məktubunda və məhkəmə icraatı gedişində təqdim edilən etiraza əsasən iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 22 il 8 ay 12 gün təşkil edir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçası əsasında bütövlükdə sosial sığorta stajı,o cümlədən mübahisələndilən əmək fəaliyyəti dövrləri araşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1972-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək əyani təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddəti, 1978-1988-ci illər üzrə adına əmək haqqı hesablanan aylar sosial sığorta stajına daxil edilmişdir. Cavabdehin imtinası “Paris Kommunası” adına kolxozda 1978-ci il üzrə əmək haqqı kitabında iddiaçının adının (Zeynəb) Nərman, 1979-cu il üzrə isə soyad və adının X4 kimi qeyd edilməsi və 1980-ci il üzrə soyadda qaralama olması ilə bağlıdır. Məhkəmə cavabdehin dəlilinə və iş materiallarına qiymət verərək hesab edir ki,cavabdehin imtinası əsassızdır. Belə ki, məhkəməyə təqdim edilmiş X3 Filialının arayışından görünür ki, 1978-1990-cı illər, ərzində iddiaçının işlədiyi günə görə əməkhaqqı hesablanaraq qeyd edilmişdir. İddiaçıya məxsus əmək kitabçasından da görünür ki, o, xx.xx.1983-xx.xx.1994-cü il tarixinə kimi Aşağı Göynük kənd orta məktəbində traktor təlimatçısı, xx.xx.1994xx.xx.1999-cü illədə isə həmin məktəbdə bağban işləmişdir. Yuxarıda göstərilən müddət mötəbərliyi təsdiq olunan 22 il 8 ay 12 günlə toplandıqda iddiaçının cəmi 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir, bu da tələb olunan minimum dövrdən artıqdır. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2020-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar