Məhkəmə qərarları › İş №2-1(116)-55/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-55/2021

22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-55/2021 22.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs: Baş Dövlət Yol Polis İdarəsi) “Kamaz-43253 KO-806 markalı buraxılış tarixi 2008-ci il olan su daşıyan avtomobilin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı X2 Cavabdehnə qarşı (üçüncü şəxs: Baş Dövlət Yol Polis İdarəsi) iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Qaimə-faktura və Əsas vəsaitlərin Qəbul-təhvil aktına (qaiməsinə) əsasən İddiaçı balansına verilmiş 52919.50 manat dəyərində olan 2008-ci il buraxılışlı Kamaz-43253, KO-806 markalı, Kamaz-43253 KO-515A markalı, Kamaz-43253 KO-440 markalı sudaşıyan, yol yuyan-süpürən avtomobillərin qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı balansına verilmiş 52919.50 manat dəyərində olan 2008-ci il buraxılışlı Kamaz-43253, KO-806 markalı, Kamaz-43253 KO- 515A markalı, Kamaz-43253 KO-440 markalı sudaşıyan, yol yuyan-süpürən avtomobillərin qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Belə ki, qeyd olunan avtomobillərin ilkin zavod təhvil-təslim aktları, gömrük sənədləri (QA-1) olmadığı üçün cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə ərizə ünvanlayaraq iddia tələbində dəqiqləşmə aparmış və iddiaçı X1 əsl İddiaçı ilə əvəz olunaraq “Qaimə-faktura və Əsas vəsaitlərin Qəbul-təhvil aktına (qaiməsinə) əsasən İddiaçı balansına verilmiş 52919.50 manat dəyərində olan 2008-ci il buraxılışlı Kamaz- 43253, KO-806 markalı, Kamaz-43253 KO-515A markalı, Kamaz-43253 KO-440 markalı sudaşıyan, yol yuyan-süpürən avtomobillərin qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(08.3)-1659/2019 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1659/2019 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə xx.xx.2019-cu il tarixdə Şəki İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. İnzibati iş Şəki İnzibati-İqtisadi Məhkəməsinə xx.xx.2019-cu il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddiaçı nümayəndəsi X2 xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbində dəqiqləşdirmə aparmış və “Kamaz-43253 KO-806 markalı buraxılış tarixi 2008-ci il olan su daşıyan avtomobilin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan 102542 nömrəli Qaimə-fakturanin təsdiq edilmiş surətindən görünür ki, həmin fakturada Kamaz-43253 KO-515A markalı, Kamaz-43253 KO-440 markalı avtomobillərin adları qeyd edilsə də, iddia tələbində qeyd olunan Kamaz-43253 KO-806 markalı, buraxılış tarixi 2008-ci il olan sudaşıyan avtomobilin adı qeyd edilməmiş, əvəzində “Belarus” qeyd edilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Gəncə İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 914/1 nömrəli məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin “Mənzilkommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması haqqında” x xxxxxxx 2007-ci il tarixli, 2425 saylı və “Mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” xx xxxxxx 2008-ci il tarixli, 104 saylı sərəncamlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyətlərinə verilməsi üçün mərkəzləşdirilmiş qaydada xüsusi kommunal təyinatlı texnikanın alınıb gətirilməsi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırılmış bölgüyə əsasən şəhər və rayon icra hakimiyyətlərinə təhvil verilməsi təmin edilmişdir. Belə ki, qanunvericiliklə müəyyən edilmiş şərtlərlə ayrılmış vəsait məbləğində xüsusi təyinatlı kommunal maşınların (yol yuyan, süpürən) alınması üçün icraçı şirkətlə müvafiq müqavilə bağlanılmış və vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 220 saylı qərarına əsasən Azərbaycan Respublikası ərazisinə gətirilən əlavə dəyər vergisindən azad olunan malların siyahısında dəyişiklik edilərək, alınmış xüsusi təyinatlı avtomobillər əlavə dəyər vergisindən azad olunan malların siyahısından çıxarılmışdır. Bu məqsədlərə 2007-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən əlavə vəsait nəzərdə tutulmadığından əlavə dəyər vergisi ödənilməmişdir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dəfələrlə Maliyyə Nazirliyinə müraciətlər olunsa da, gömrük xərclərini və əlavə dəyər vergisinin ödənilməsi üçün əlavə maliyyə vəsaiti ayrılmadığından həmin ödənişin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də, maşınların 2008-ci ildə alınmasına və təhvil-təslim aktı əsasında şəhər və rayon icra hakimiyyətlərinə təhvil verilməsinə baxmayaraq, bu günə qədər dövlət yol polisində qeydiyyata alınması və dövlət nömrə nişanların alınması həyata keçirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının bölgüsünə uyğun olaraq xx.xx.2008-ci il və xx.xx.2010-cu il tarixli qəbul-təhvil aktları ilə Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsinə təhvil verilmiş Kamaz 43253 KO-806 markalı (şassi: XTC43253C82333345, mühərrik: ********) sudaşıyan, yol yuyan-süpürən, Kamaz 43253 KO-515A markalı (şassi: XTC43253CA1176975, mühərrik: ********) və Kamaz 43253 KO-440 markalı (şassi: XTC**********3933, mühərrik: ********) avtomaşınların zavod istehsalı olan texniki pasportların təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İş materialların olan Baş Dövlət Yol Polisi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 15/1836 nömrəli məktubda qeyd edilir ki, iddiaçının tələbində qeyd olunan avtomobillərin ilkin zavod təhvil-təslim aktı və gömrük sənədləri (QA-1) olmadığından həmin avtomobillərin qeydiyyata alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi mümkün olmamışdır. İş materiallarında olan avqust 2008-ci il tarixli “Əsas vəsaitlərin qəbul-təhvil aktı (qaiməsi)”nın təsdiq edilmiş surətindən görünür ki, Kamaz 432** KO *** markalı sudaşıyan, yol süpürən maşın Bakı şəhər MKTD tərəfindən Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinə təhvil verilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 170/1xxxx/026302 nömrəli məktubunda qeyd edilir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasından Kamaz-43253 KO-515A markalı, şassi nömrəsi XTC43253CA1176975, buraxılış ili 2010-cu il olan və Kamaz-43253 KO-440-4K markalı, şassi nömrəsi XTC43253CA1177202, buraxılış ili 2010-cu il olan nəqliyyat vasitələri haqqında çıxarış məhkəməyə təqdim edilmişdir. Məlumat üçün bildirilir ki, 2010-cu il ərzində aparılan idxal-ixrac əməliyyatları haqqında sənədlərin saxlanma müddəti bitdiyi üçün qeyd olunan nəqliyyat vasitələri üzrə sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 nömrəli x xxxx 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydalan”nın 11-ci bəndinə əsasən məhv edilmişdir. Bu səbəbdən həmin sənədlərin surətlərini təqdim edə bilmirik. Həmçinin bildirilir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında Kamaz- 43253 KO-806 markalı, şassi nömrəsi XTC43253C82333345, buraxılış ili 2008-ci il olan nəqliyyat vasitəsi haqqında hər hansı məlumat yoxdur. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin xx.xx.2020-ci il tarixli, 170/1xxxx/024146 nömrəli məktubunda qeyd edilir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında buraxılış tarixi 2008-ci il, mühərrik nömrəsi 82479817, şassi nömrəsi XTC43253C82333345 olan KAMAZ-43253 KO-806 markalı avtomobil haqqında məlumat yoxdur. Məlumat üçün bildirilir ki, qeyd olunan avtomobil üzrə ilkin qeydiyyat sənədləri Komitəyə təqdim olunduğu təqdirdə məlumat bazasında daha ətraflı axtarış aparıla bilər. Həmçinin bildiririk ki, 2008-ci il ərzində aparılan idxal-ixrac əməliyyatları haqqında sənədlərin saxlanma müddəti bitdiyi üçün qeyd olunan avtomobil üzrə sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 nömrəli x xxxx 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydaları”nın 11-ci bəndinə əsasən məhv edilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, 15/3365 nömrəli məktubunda qeyd edilmişdir ki, Kamaz-43253 KO-806 markalı, buraxılış ili 2008-ci il olan avtomobilin ilkin zavod təhvil-təslim aktı, gömrük sənədləri (QA-1) və Tərtər Kommunal Təsərrüfatı İdarəsinin balansına verilməsi barədə heç bir sənəd olmadığı üçün həmin avtomobilin İdarə tərəfindən qeydiyyata alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi mümkün olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli, AZ6600/********** nömrəli teleqramla xidməti zərurətlə əlaqədar nümayəndənin iclasda iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqandır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra "nəqliyyat vasitələri") dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir. Əsasnamənin 1.3-cü bəndinə əsasən dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Əsasnamənin 2.3-cü bəndinə əsasən hüquqi şəxslərin nəqliyyat vasitələri onların yerləşdiyi ərazi üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda qeydiyyata alınır. İdarə, müəssisə və təşkilatların hüquqi şəxs olmayan filiallarının, bölmələrinin və başqa tərkib hissələrinin istifadəsində olan nəqliyyat vasitələri onların yerləşdikləri bölgələrdə qeydiyyata alına bilər. Belə halda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində hüquqi şəxsin-mülkiyyətçinin adı, ünvanı və əlavə olaraq nəqliyyat vasitəsini istifadə edən filialın ünvanı göstərilir. Əsasnamənin 2.6-cı bəndinə əsasən nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Əsasnamənin 2.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Əsasnamənin 2.9-cu bəndinə əsasən nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesab. Təhvil-təslim aktı itirildikdə aşağıda sadalanan sənədlərdən biri təqdim edilə bilər; nəqliyyat vasitəsinin həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (nəqliyyat vasitəsinin şassisinin, banının nömrələri yazılmış) arayış, pasport, istehsalçı zavodun sertifikatı; komisyon və ticarət təşkilatlarının verdiyi arayiş-hesab; vətəndaşların mülkiyyətinə satılması istisna olmaqla, Müdafiə Nazirliyinin və digər silahlı birləşmələrin müvafiq qurumlarının verdiyi hesab-naryad, hərbi hissənin yekun aktı və texniki vəziyyət haqqında akt; əl ilə idarə edilən avtomobillərin, yaxud motoarabacıqların verilməsi barədə sosial təminat orqanlarının arayışı; qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr; nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X4-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir; müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər. İşin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, qeydiyyatı tələb olunan nəqliyyat vasitəsinin gömrük orqanlarının verdiyi icazə sənədi, istehsalçı zavodun təhviltəslim aktı və rüsumun ödənilməsi barədə sənədi mövcud deyil və iddiaçı tərəfidən nə cvabadehə, nə də məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının yuxarıda qeyd olunan sənədlərinin olması barədə sübut olmadığından inzibati orqan tərəfindən nəqliyyat vasitəsinin qeydiyyata alınmasından imtina edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Ona görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə məhkəmə xərci olmamışdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs: Baş Dövlət Yol Polis İdarəsi) “Kamaz- 43253 KO-806 markalı, buraxılış tarixi 2008-ci il olan sudaşıyan avtomobilin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar