Məhkəmə qərarları › İş №2-1(116)-550/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-550/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-550/2020 10.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “ona 5 il sosial sığorta stajının tamam olduğu, yəni xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməklə, həmin tarixdən ödəniləcək əmək pensiyası ilə ödənilmiş sosial müavinət məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.2009-cu ildə X5 İstismar İdarəsində başlamışdır. İddiaçıya xx.xx.1990-cı il tarixdə ümumi xəstəliyinə görə əlillik təyin edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixdə təkrar müayinədən sonra ümumi xəstəliyinə görə üçüncü dərəcəli əlilliyi təsdiq olunmuşdur. Hal-hazıradək üçüncü dərəcəli əlilliyinə görə müddətsiz müvinət alır. İddiaçı xx.xx.2019-cu il tarixində əlilliyə görə əmək pensiyası təyin olunması üçün Şəki Regional “Asan Xidmət” Mərkəzi vasitəsi ilə müvafiq sənədləri Cavabdehnə təqdim etmişdir. Sözügedən orqan xx.xx.2019cu il tarixli **********9 nömrəli cavab məktubu ilə sosial sığorta stajının tamam olduğunu, lakin tələb olunan minimum pensiya kapitalının olmadığını əsas gətirərək müraciətə rədd cavabı vermişdir. Odur ki, iddiaçı “5 il sosial sığorta stajının tamam olduğu, yəni xx.xx.2015-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməklə müraciətdən əvvəlki 3 ilin xx.xx.2017-ci il tarixdən ödənilməsi öhdəliyinin cabavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2020-ci il tarixli ərizə göndərərək “5 il sosial sığorta stajının tamam olduğu, yəni xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməklə,həmin tarixdən ödəniləcək əmək pensiyası ilə ödənilmiş sosial müavinət məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin olunması üçün vətəndaşın yaşına uyğun sosial sığorta stajı ilə bərabər pensiya kapitalı tələb olunur. Təqdim olunan sənədlərə və fərdi uçot məlumatlarına əsasən tələb olunan 6 il 7 ay sosial sığorta stajı tamam olmasına baxmayaraq tələb olunan minimum pensiya kapitalı olmadığına görə müraciətdən imtina edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, ******* saylı əmək kitabçasının təsdiqlənmiş surəti, Şəki 19 saylı Zona TSEK tərəfindən verilmiş 207571 nömrəli arayış, Elektron Hökümət Portalından əldə edilmiş xx.xx.2019-cu il tarixli məlumat vərəqələri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TSEK-in sonuncu müayinəyə dair xx.xx.2020-cil tarixli məlumat vərəqəsi, Şəki 17 saylı TSEK” tərəfindən verilmiş təsdiq olunmuş 44793 nömrəli müayinə aktından çıxarışın surəti, Şəki 17 saylı TSEK tərəfindən verilmiş və təsdiq olunmuş 3366 nömrəli, xx.xx.2015-ci il tarixli müayinə aktından çıxarışın surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********9 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********0 saylı məktubu, “Müavinət və təqaüd təyinatı üzrə Əhalinin Sosial müdafiəsi Mərkəzi”nin xx.xx.2011 və xx.xx.2012-ci il tarixdəki qərarları, Şəki 17 saylı TSEK-nın 145776 nömrəli müayinə aktından çıxarışının surəti, Şəki 17 saylı TSEK 054180 nömrəli müayinə aktından çıxarışın surəti, X4 Sistemindən çıxarışın surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə bu barədə xx.xx.2020 tarixli, AZ5530/********** nömrəli teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İş materiallarında olan ******* saylı əmək kitabçasının təsdiqlənmiş surəti, Elektron Hökümət Portalından əldə edilmiş xx.xx.2019-cu il tarixli məlumat vərəqələri və X4 Sistemindən çıxarışın surəti görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixindən X5 İstismar İdarəsində mühəndis-topoqraf işləyir. İş materiallarında olanŞəki 19 saylı Zona TSEK tərəfindən verilmiş 207571 nömrəli arayışdan görünür ki, iddiaçı uşaqlıqdan 3-cü qrup əlildir. İş materiallarında olan müvinət işindən və əlilliyə dair arayışlardan müəyyən olunur ki, iddiaçıya hər dəfə bir il müddətinə əlillik təyin olunmuş və sonuncu dəfə xx.xx.2015-ci il tarixində ümumi xəstəlik səbəbindən müddətsiz 3-cü dərəcəli əlillik təyin olunmuşdur. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ xx xxxx 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə xx xxxx 2017ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1984-cü il tarixdə doğulmuş, onun hüququ yarandığı xx xxxxxx 2014-cü il tarixdə 29 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 5 il sosial sığorta stajı tələb olunur. (əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə). İddiaçının məhkəmə təqdim etdiyi ******* saylı əmək kitabçasının təsdiqlənmiş surəti, Elektron Hökümət Portalından əldə edilmiş xx.xx.2019-cu il tarixli məlumat vərəqələri və X4 Sistemindən çıxarışa əsasən isə iddiaçının həmin tarixə tələb olunan 5 il sosial sığorta stajı var. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya 5 il sosial sığorta stajının tamam olduğu, yəni xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödəniləcək əmək pensiyası ilə ödənilmiş sosial müavinət məbləği fərqinin birdəfəlik ödənilməsiöhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 5 il sosial sığorta stajının tamam olduğu, yəni xx.xx.2014-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödəniləcək əmək pensiyası ilə ödənilmiş sosial müavinət məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar