Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-550/2025 15.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Velicanova Fidan Telman qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1961-ci il tarixli 50 saylı akt qeydində soyadının Rəhimova soyadından Məmmədova soyadına, ata qrafasında atanın soyadının “Məmmədov” adının “Bağı”, ata adının “Həmdulla”, milliyətinin “azərbaycanlı”, ana qrafasında isə ananın soyadının “Rəhimova” soyadından “Məmmədova” soyadına düzəliş edilərək, yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1961-ci il tarixli 50 saylı akt qeydində soyadının Rəhimova soyadından Məmmədova soyadına, ata qrafasında atanın soyadının “Məmmədov” adının “Bağı”, ata adının “Həmdulla”, milliyətinin “azərbaycanlı”, ana qrafasında isə ananın soyadının “Rəhimova” soyadından “Məmmədova” soyadına düzəliş edilərək, yeni doğum haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mərhum atası X2 ilə mərhum anası X3 1960-cı ildə ailə həyatı qurmuşlar. Lakin onlar nikahını rəsmi dövlət qeydiyyatına aldırmamışlar. Onların faktiki nikahından xx.xx.1961-ci il tarixdə İddiaçı anadan olmuşdur. Doğumu qeydiyyata alınmış və bu barədə xx.xx.1961-ci il tarixdə doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamədə ata qrafasında atası “X2”, ana qrafasında anası “Rəhimova (Məmmədova) Lumu Qulu qızı”, soyadı isə “Rəhimova” qeyd edilmişdir. Bundan bir müddət sonra ata və anası nikahını xx.xx.1964-cü il tarixdə rəsmiləşdirmiş, nikah bağlandıqdan sonra anası Məmmədova soyadını götürmüşdür. Nikah şəhadətnaməsi alındıqdan sonra ona məxsus doğum şəhadətnaməsində müvafiq düzəlişlər aparılmış, onun, eləcə də anasının soyadı “Məmmədova” qeyd edilmiş və möhürlə düzəliş təsdiq edilmişdir. Lakin bu düzəliş doğum akt qeydinə daxil edilməmişdir. Hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan ərizəsinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanının imtinası qanuni və əsaslı hesab edilə bilməz. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, İİ ИE 073689 nömrəli doğum haqqında şəhadətnamə, İİ-ЖГ 467106 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə, Cavabdeh xx.xx.2024-cü il tarixli Arayışı, Cavabdeh xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş doğum və nikah akt qeydləri. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İddia ərizəsinin məzmunudnan görünür ki, iddiaçı tərəfindən xx.xx.1961-ci il tarixli 50 saylı akt qeydinə düzəliş edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh orqana qarşı irəli sürülmüş tələblər aşağıdakılardan ibarətdir: - soyadının “Rəhimova” soyadından “Məmmədova” soyadına dəyişiklik edilməsi, - ata qrafasında atanın soyadının “Məmmədov”, adının “Bağı”, ata adının “Həmdulla” qeyd edilməsi, - ata qrafasında atanın milliyətinin “azərbaycanlı” qeyd edilməsi, - ana qrafasında ananın soyadının “Rəhimova” soyadından “Məmmədova” soyadına düzəliş edilməsi. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş İİ-ИЕ 073689 №-li doğum haqqında Şəhadətnamənin əslində onun ilkin olaraq soyadı “Rəhimova” qeyd edilmiş, daha sonra isə üzərindən xətt çəkilərək “Məmmədova” qeyd edilmişdir. Həmin şəhadətnamənin arxa tərəfindən “Məmmədovlar Sədaqət, Bağı, Lumu düzəlişlərinə inanılsın” qeydi icra edilmiş, səlahiyyətli orqanın vəzifəli şəxsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmçinin işdə olan cavabdeh orqanın özünün təqdim etdiyi 13 may 1982-ci il tarixli 2 nömrəli nikahın bağlanması haqqında akt qeydində onun soyadı “Məmmədova” kimi göstərilmiş, evlilikdən sonra isə “Cəbrayılova” soyadını almışdır. İddiaçı, ictimai həyatında həmin soyadla fəaliyyət göstərmişdir. Bu vəziyyətdə iddiaçının etimad hüququnun, o cümlədən şəxsin həyatının hüquqi olaraq stabil və dəyişməz qalması prinsipinin qorunması vacibdir. Cavabdeh orqanın iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə onun soyadına düzəliş etməsi artıq düzəliş edilmiş soyada münasibətdə ilkin akt qeydində də, müvafiq düzəlişin edilməsi öhdəliyini yaratmışdır. Hazırda müvafiq düzəlişin əsasının nədən ibarət olması müəyyən edilməsə də, iddiaçıya verilmiş doğum haqqında şəhadətnamənin məzmununun ilkin akt qeydinə uyğun olması cavabdehin məsuliyyət sferasına aid olan məsələ olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının soyadına “Məmmədova” kimi düzəliş edilməsi və “Məmmədovlar Sədaqət, Bağı, Lumu düzəlişlərinə inanılsın” qeydinin icrası müvafiq qeydi aparan orqan tərəfindən atalığın müəyyən edilməsi qaydasında icraatın aparılmasını, lakin bununla bağlı ilkin akt qeydlərinə lazımi qaydada düzəliş edilməməsini göstərir. Odur ki, soyadla bağlı etimad hüququnu nəzərə alaraq məhkəmə mübahisələndirilən akt qeydinin ata qrafasında atanın soyadının “Məmmədov”, adının “Bağı”, ata adının “Həmdulla” qeyd edilməsi ilə bağlı iddia tələbinin əsaslı olması qənaətinə gəlir. İddia tələbinin “ata qrafasında atanın milliyətinin “azərbaycanlı” qeyd edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçının valideynləri arasında bağlanmış nikah akt qeydində, iddiaçının qardaşlarına aid doğum akt qeydlərində atanın (X1) milliyyəti “azərbaycanlı” olaraq qeyd edilmişdir. Odur ki, iddia tələbinin həmin hissəsi də əsaslıdır. İddia tələbinin “ana qrafasında ananın soyadının “Rəhimova” soyadından “Məmmədova” soyadına düzəliş edilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh orqan müvafiq düzəlişin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. Onun valideynləri arasında 1964-cü ilin sentyabr ayında nikah bağlanmış, buna müvafiq olaraq da ər və arvada Məmmədov/ Məmmədova soyadları verilmişdir. Odur ki, iddiaçı barəsində doğum akt qeydi tərtib edilərkən onun valideynləri arasında nikah bağlanmadığından anasının soyadı “Məmmədova” kimi göstərilə bilməzdi. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh üzərinə İddiaçı barəsində xx.xx.1961-ci il tarixli 50 saylı akt qeydində soyadının “Rəhimova” soyadından “Məmmədova” soyadına düzəliş edilməsi, ata qrafasında atanın soyadının “Məmmədov”, adının “Bağı”, ata adının “Həmdulla” qeyd edilməsi, milliyətinin azərbaycanlı kimi göstərilməsi öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.