Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-552/2020 05.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məshətçi (iclas katibi) X2 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “C.Cabbarlı adına kolxozda 1990-1995-ci illərdə işlədiyi 4 il müddətin, 01.09.1983-cü il tarixdən 18.07.1986-cı il tarixədək Azərbaycan SSR Bərdə rayonu 105 nömrəli orta kənd mexaniki peşə məktəbində əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 23.08.2019-cu il tarixdən ona ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçının müraciətindən cavabdeh inzibati orqan 05 noyabr 2019-cu il tarixli, **********6 nömrəli məktubla imtina edərək bildirmişdir ki, “Sizin 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunması üçün “ASAN” xidmət mərkəzinə etdiyiniz 03.10.2019-cu il tarixli müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehndə baxılmışdır. Sizə 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin olunması üçün 12 il sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsindən 17280,00 manat pensiya kapitalı tələb olunur. Təqdim etdiyiniz sənədlərə əsasən tələb olunan pensiya kapitalınız yoxdur. Belə ki, 01.01.2006-cı il tarixədək 12 il 04 ay 07 gün sosial sığorta stajınız, 8924.95 manat pensiya kapitalınız, 01 01.2006-cı il tarixdən 13 il 01 ay sosial sığorta stajınız 7323.64 manat pensiya kapitalınız var. Ümumilikdə pensiya kapitalınız 16248.59 manatdır. Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 23.09.2019-cu il tarixli 98 nömrəli arxiv arayışı 31.10.2019-cu il tarixli **********6 saylı yoxlama aktının nəticəsinə əsasən öz təsdiqini tapmasına baxmayaraq əmək kitabçanızda qeyd olunmadığından həmin dövrün sosial sığorta stajı kimi hesablanması qanunvericiliyin tələbinə ziddir”. Bərdə rayon Dövlər Arxivində mühafizə edilən sabiq C.Cabbarlı kolxozunun şəxsi heyətə dair sənəd materiallarına əsasən onun kolxozda işlədiyi 1990-1998-ci illər onun sosial sığorta stajına daxil edilməsi həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbindən irəli gəlir və bu hüquq onun tərəfindən artıq qazanılmış hüquqdur. Bundan başqa təhsil aldığı müddətin iş stajına daxil olunması barədə müraciətinə imtina məktubunda münasibət bildirilməmişdir. Onun 01 sentyabr 1983-cü ildə Azərbaycan SSR Bərdə rayonu, 105 nömrəli orta kənd mexaniki peşə məktəbinə daxil olub 18 iyul 1986-cı ildə geniş profilli çilingər ixtisaslı traktor, maşinist və avtomobil sürücüsü peşəsi üzrə orta texniki məktəbinin tam kursunu bitirərək orta təhsil aldığı üçün oxuduğu həmin illərdə qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun müvafiq maddəsinin bəndinə görə təhsil aldığı müddət iş stajına daxil edilməklə sosial sığorta stajına daxil edilməlidir. Bu baxımdan, həmin illər onun sosial sığorta stajına daxil edilməsi həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbindən irəli gəlir və bu hüquq tərəfindən artıq qazanılmış hüquqdur. İddiaçı 05.03.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “C.Cabbarlı adına kolxozda 1990-1995-ci illərdə işlədiyi 4 il müddətin, 01.09.1983cü il tarixdən 18.07.1986-cı il tarixədək Azərbaycan SSR Bərdə rayonu 105 nömrəli orta kənd mexaniki peşə məktəbində əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 23.08.2019-cu il tarixdən ona ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur, fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3-cü bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına və ya əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən nəzərə alınır. İddiaçı Məmməd oğlunun 1990-1995-ci illərdə C.Cabbarlı adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd olunmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. 01 yanvar 2006-cı il Tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublixası Qanununun 21-ci maddəsində sosial sığorta sıtajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri nəzərdə tutulmuşdur. Həmin maddədə vətəndaşın təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. DSMF-nin Mingəçevir şəhər şöbəsinin 05.11.2019-cu il tarixli **********6 nömrəli imtina məktubu, 26.02.2020-ci il tarixli **********6 nömrəli məktubu və 26.02.2020-ci il tarixli **********7 nömrəli etirazı, 23.09.2019-cu il tarixli 98 nömrəli arxiv arayışı, A seriyalı 410289 nömrəli diplomun təsdiqlənmiş surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, 06.09.2019-cu il tarixli müayinə olunan şəxs üzrə məlumat, 05.03.2020-ci il tarixli iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdehin hərəkətləri qanuna ziddir. Cavabdehin bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh 26.02.2020-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, iddiaçının mübahisələndirilməyən 25 il 05 ay 07 gün iş stajı və 16248,59 manat pensiya kapitalı vardır. Əgər onun iddiasında göstərdiyi 1990-1995-ci illərdə işlədiyi 4 il müddət, 01.09.1983-cü il tarixdən 18.07.1986-cı il tarixədək əyani təhsil aldığı illər əmək stajına daxil edilirsə onda onun tələb olanan 17280,00 manat pensiya kapitalı tamamlanır. İddiaçının qeyd olunan illərdə Azərbaycan SSR Bərdə rayonu 105 nömrəli orta kənd mexaniki peşə məktəbində əyani şöbəsində təhsil alması, A seriyalı 410289 nömrəli diplomun təsdiqlənmiş surəti, C.Cabbarlı adına kolxozda 1990-1995-ci illərdə işləməsi 23.09.2019-cu il tarixli 98 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. İddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Yuxarıda qeyd olunanlara əsasın məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı,işlədiyi dövrlər ümumi iş stajına daxil olunmalı və İİ dərəcəli əlilliyə görə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələri nirəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı “C.Cabbarlı adına kolxozda 1990-1995-ci illərdə işlədiyi 4 il müddətin, 01.09.1983-cü il tarixdən 18.07.1986-cı il tarixədək Azərbaycan SSR Bərdə rayonu 105 nömrəli orta kənd mexaniki peşə məktəbində əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 23.08.2019-cu il tarixdən ona ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-552/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-552/2020
05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver