Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-552/2023 28.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1996-cı il tarixdə tərtib edilmiş 12 nömrəli nikah akt qeydində soyadın “Musayeva” kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1996-cı il tarixdə tərtib edilmiş 12 nömrəli nikah akt qeydində soyadın Musayeva kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 28 oktyabr 1977-ci il tarixdə Balakən şəhərində anadan olmuşdur. 08 oktyabr 1996-cı il tarixdə X5 arasında nikahı bağlanmışdır. 08 oktyabr 1996-cı il tarixli 264804 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədə onun soyadı kimi ərinin soyadı Musayeva yazılmışdır. Bundan sonra 15 fevral 1999-cu il tarixdə verilmiş 428152 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədə isə iddiaçının soyadı qızlıq soyadı olaraq Osmanova qeyd edilmişdir. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. Onun pasportlarında da soyadı Musayeva kimi qeyd edilmişdir. Bundan əlavə, övladı X4 verilmiş xx.xx.2022-ci il tarixli 652030 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən də göründüyü kimi oğlunun anası kimi İddiaçı qeyd edilmişdir. Digər övladı X2 verilmiş 09 fevral 2010-cu il tarixli 849546 nömrəli doğum haqqında şəhadətnamənin surətindən göründüyü kimi qızının anası kimi İddiaçı qeyd edilmişdir. İddiaçıya məxsus olan bütün sənədlərdə soyadı Musayeva qeyd edilmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə Balakən Asan xidmət mərkəzində qeydiyyat şöbəsinə müraciət edərək nikah akt qeydində nikahdan sonrakı soyadın Musayeva kimi qeyd edilməsi ilə bağlı müraciət etsə də cavabdeh orqan iddiaçının Rusiya Federasiyası vətəndaşı olduğu üçün müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli 1568 nömrəli məktubundan görünür ki, cavabdeh, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - AZ-İİ 134410 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 xx.xx.1977-ci il tarixdə Balakən şəhərində anadan olmuşdur. - xx.xx.1996-cı il tarixli 12 nömrəli nikahın bağlanması haqqında akt qeydindən görünür ki, X6 ilə X1 arasında nikah bağlanmış, iddiaçının nikahadək soyadı “Osmanova”, nikahdan sonrakı soyadı mötərizədə “Musayeva” kimi qeyd edilmiş, mötərizədən kənarda isə “Osmanova” yazılmışdır. - Vİİ-ЖГ 264804 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, nikah bağlanandan sonra iddiaçıya “Musayeva” soyadının verilməsi qeyd edilmişdir. - Vİ-ЖГ 428152 nömrəli təkrar şəhadətnamədən görünür ki, nikah bağlanandan sonra iddiaçıya “Osmanova” soyadının verilməsi qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə X6 arasında xx.xx.1996-cı il tarixdə nikah bağlanmış, bununla bağlı 12 nömrəli nikahın bağlanması haqqında akt qeydi tərtib edilmişdir. Həmin akt qeydində iddiaçının nikahadək soyadı “Osmanova”, nikahdan sonrakı soyadı mötərizədə “Musayeva” kimi qeyd edilmiş, mötərizədən kənarda isə “Osmanova” yazılmışdır. İstinad olunan akt qeydində tərəflərə Vİİ-ЖГ 264804 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin verilməsi qeyd edilmişdir. Həmin şəhadətnamənin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, müəyyən edilmişdir ki, sözügedən şəhadətnamədə nikah bağlanandan sonra iddiaçıya “Musayeva” soyadının verilməsi qeyd edilmişdir. Beləliklə, cavabdeh orqan tərəfindən nikahın bağlanmasının təsdiq edilməsi barədə tərtib edilmiş şəhadətnamənin məzmunu ilkin akt qeydinə uyğun olmamışdır. Bununla belə nəzərə alınmalıdır ki, ilkin akt qeydində iddiaçının soyadının nikahdan sonra “Osmanova” olması ilə bağlı iradə ifadəsi iş materialları ilə sübut olunmur. Əksinə, iddiaçının özünə təqdim edilən nikah haqqında şəhadətnamədə soyadı “Musayeva” qeyd edildiyindən, həmin sənəd iddiaçı tərəfindən mübahisələndirilməmiş və bundan sonra tərtib edilmiş bütün sənədlərdə iddiaçının soyadı “Musayeva” qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının ilkin akt qeydində nikahın bağlanmasından sonra arzuladığı soyadı “Musayeva” olmuşdur. İlkin akt qeydinə iddiaçının baxış imkanı olmadığından həmin sənədin məzmununun qeyri dəqiqliyindən məlumatı olmamışdır. İddiaçı isə uzun illər ərzində onda olan ilkin nikah haqqında şəhadətnamənin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. İddiaçıya məxsus, 1999-cu ildə tərtib edilmiş təkrar nikah haqqında şəhadətnamə isə ilkin akt qeydinin məzmununa uyğun doldurulsa da, hər bir halda ilkin şəhadətnamənin mövcudluğu və həmin şəhadətnamədə iddiaçının soyadının “Musayeva” qeyd edilməsi onu deməyə əsas verir ki, iddiaçının nikah haqqında akt qeydində soyadına düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh üzərinə xx.xx.1996-cı il tarixdə tərtib edilmiş 12 nömrəli nikah akt qeydində soyadın “Musayeva” kimi qeyd olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.