Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-552/2024 18.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “xx.xx.2007-ci il tarixli AN-İ ******* saylı reyestr nömrəsi 4Ə/189 ilə qeydə alınmış, Zaqatala rayon iki saylı Dövlət Notariat Kontorunda bağlanmış və təsdiq edilmiş, Alqı-satqı müqaviləsi əsasında satıcı X3 aldığı Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən 500 kv.m həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixli AN-İ ******* saylı reyestr nömrəsi 4Ə/189 ilə qeydə alınmış, Zaqatala rayon iki saylı Dövlət Notariat Kontorunda bağlanmış və təsdiq edilmiş, Alqı-satqı müqaviləsi əsasında satıcı X3 aldığı Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən 500 kv.m həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-552/2024 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixdə X4 Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən 500 kv.m həyətyanı torpaq sahəsini və divarları çay daşından hörülmüş, tikinti altı sahəsi 69,4 kv.m və həcmi 187,4 kub.m olan yarımçıq tikili sahəsini 4Ə-189 reyestr nömrəli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi ilə almışdır. Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən həmin 500 kv.m həyətyanı torpaq sahəsini X10 Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 6 saylı qərarı və xx.xx.2005-ci il tarixli alqı-satqı aktı əsasında əldə etmişdir. Həmin torpaq sahəsi və Divarları çay daşından hörülmüş, tikinti altı sahəsi 69,4 kv.m və həcmi 187,4 kub.m olan yarımçıq tikili sahəsi cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq 680 saylı, xx.xx.2007-ci il tarixli arayış verilmişdir. Həmin arayış və Zaqatala rayonu İcra Hakimiyyətinin № 227, xx.xx.2005-ci tarixli sərəncamına əsasən qeyd olunan daşınmaz əmlak (torpaq və tikili) X6 məxsus olmuşdur. Yəni, 2005-ci ildə X9 həmin torpaq sahəsini bələdiyyədən almış, iddiaçı da 2007-ci ildə alqı-satqı yolu ilə notarial qaydada X4 almışdır. Həmin torpaq sahəsində movcud qanunvericiliyin tələbinə əsasən, məlumatlandırma icraatı qaydasında sənədləri hazırlamaqla fərdi yaşayış evi tikmişdir. Evi daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaq üçün Zaqatala rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə müraciət etmişdir. Həmin Şöbə xx.xx.2023-cü il taixli məktubla cavabdeh təşkilata bildirmişdir ki, evin qeydiyyata alınmasına etiraz etmir. İddiaçı, sözügedən torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən evimi reyestdə qeydiyyata aldırmaq üçün cavabdeh təşkilata müraciət etdi, cavabdeh təşkilat iddiaçıya xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2995/2023 saylı imtina məktubu verərək, qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 0,05 ha torpaq sahəsinin X6 Bələdiyyə qərarı satıldığını bildirir və iddiaçıya təklif edir ki, o həmin torpaq sahəsini mülkiyyətçilərdən qanunla müəyyən edilmiş qaydada əldə etsin. Cavabdeh iddiaçının təqdim etdiyi alqı-satqı müqaviləsində yalnız tikilini alqı-satqı aldığını iddia edir. İddiaçı cavabdehin imtinası ilə razı deyil. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Zaqatala rayon 2 saylı Dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixində bağlanılmış 4Ə/189 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Zaqatala rayonu, Qazangül qəsəbəsi ünvanında yerləşən tikinti altı sahəsi 69,4 kv.m olan yarımçıq tikili iddiaçıya satılmışdır. Həmin tikilinin altında yerləşən torpaq sahəsi isə iddiaçıya sayılmamışdır. Belə ki, qeyd olunan tikilinin yerləşdiyi 0,05 ha torpaq sahəsi - Zaqatala rayon Zaqatala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 6 saylı qərarına və xx.xx.2005-ci il tarixli “Torpaqların alqı-satqısına dair Akt”na əsasən X1. Buna görə də iddiaçının ərizənin icrası tərəfimizdən mümkün olmamış və iddiaçıya sözügedən torpaq sahəsini də əldə etdikdən sonra yenidən müraciət etməsi barədə xx.xx.2023-cü tarixli, 3- 21-3-47/2-2995/2023 (**********95) nömrəli məktub göndərilmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.
2. Zaqatala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 6 nömrəli qərarının surəti.
3. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 227 nömrəli sərəncamının surəti.
4. AN-İ ******* seriya nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X9 özünə məxsus Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən 500 kv.m həyətyanı torpaq sahəsini və divarları çay daşından hörülmüş, tikinti altı sahəsi 69,4 kv.m və həcmi 187,4 kub.m olan yarımçıq tikilini İddiaçı satmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunan sənədlər.
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən 500 kv.m həyətyanı torpaq sahəsini və divarları çay daşından hörülmüş, tikinti altı sahəsi 69,4 kv.m və həcmi 187,4 kub.m olan yarımçıq tikili İddiaçı tərəfindən alqı-satqı əsasında əldə edilmişdir. Yarımçıq tikilinin mülkiyyətçisi X9 xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. İddiaçı həmin fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını cavabdehdən tələb etmiş, ona qeyd olunan tikilinin yerləşdiyi 0,05 ha torpaq sahəsi - Zaqatala rayon Zaqatala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 6 saylı qərarına və xx.xx.2005-ci il tarixli “Torpaqların alqı-satqısına dair Akt”na əsasən X2, bildirilərək tələbinin icrasından imtina edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən 500 kv.m həyətyanı torpaq sahəsini və divarları çay daşından hörülmüş, tikinti altı sahəsi 69,4 kv.m və həcmi 187,4 kub.m olan yarımçıq tikili üzərində Zaqatala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 6 saylı qərarına və xx.xx.2005-ci il tarixli “Torpaqların alqı-satqısına dair Akt”ı əsasında X5 mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə işin hallarına əsəasən hesab edir ki,iddiaçının əldə etmiş olduğu torpaq sahəsinə münasibətdə gözlənilən mülkiyyət hüququ yaranmışdır.Belə ki,alqı-satqı müqaviləsinin predmeti olan yarımçıq tikili Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən 500 kv.m həyətyanı torpaq sahəsində inşa edilmişdir.Həmin torpaq sahəsi isə satıcı olan X6 Zaqatala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 6 saylı qərarına əsasən ayrılmışdır.Sonuncu alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsində yerləşən yarımçıq tikilini alıcının (iddiaçının) mülkiyyətinə verməklə bərabər həmin torpaq sahəsinə dair “gözlənilən mülkiyyət hüququnu” da satıcıya ötürmüşdür. İddia olunan torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsinə dair verilmiş sorğuya əsasən üzərində mülkiyyət hüququ qeydə alınmalı torpaq sahəsinin dəqiq sərhədləri müəyyən edilmişdir.İddia tələbi həmin koordinatlar daxilində iddiaçının mülkiyyət hüququ təmin edilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.1-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə xx.xx.2007-ci il tarixli 4Ə/189 nömrəli alqı-satqı müqaviləsi əsasında əldə edilmiş, Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən 500 kv.m həyətyanı torpaq sahəsi (faktiki istifadə olunan koordinatlar daxilində) və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınara çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə