Məhkəmə qərarları › İş №2-1(116)-554/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-554/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-554/2020 17.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi x1, İddiaçı, cavabdehin nümayəndəsi x2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x4 Nazirliyi yanında Cavabdehnə qarşı "1991-ci ilin mart ayından 11.02.2015-ci ilədək ödənilməmiş Qarabağ müharibəsi veteranı müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 11.02.2015-ci il tarixli 056454 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və 11.02.2015-ci ildən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlanmışdır. İddiaçı həmin müavinətin 1991-ci ilin mart ayından 11.02.2015-ci ilədək birdəfəlik ödənilməsi məqsədilə DSMF-in Göyçay rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu 20.02.2020-ci il tarixli **********8 nömrəli məktubla bildirmişdir ki, Cavabdeh 10.04.2015-ci il tarixli 129 nömrəli qərarı ilə müharibə veteranı adı və vəsiqəsi verildiyi 11.02.2015-ci il tarixdən ona müavinət təyin edilmiş, 01.04.2019-cu ildən isə Prezident təqaüdü verilir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, ona 11.02.2015-ci ildə müharibə veteranı statusu verilmişdir. Lakin hərbi xidmətə 1991-ci ildən başlamasına baxmayaraq ona ödənilən müavinət 11.02.2015-ci ildən başlamışdır. Ona görə də 1991-ci ilin mart ayından 11.02.2015-ci ilədək ödənilməmiş Qarabağ müharibəsi veteranı müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmısını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı 20.02.2020-ci il tarixli yazılı etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı Cavabdehndən heç bir növ əmək pensiyası almır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 056454 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, həmin sənəd İddiaçı 11.02.2015-ci ildə verilmişdir; - İşdə olan, DSMF-nin Göyçay rayon şöbəsi tərəfindən verilmiş 20.02.2020-ci il **********7 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı 01.04.2019-cu ildə Cavabdeh tərəfindən Prezident təqaüdü təyin olunmuşdur. Həmin təqaüd indiyədək ödənilməkdədir. İddiaçı Cavabdehndən heç bir növ əmək pensiya almır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia qismən əsaslıdır. İşdən göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya 11.02.2015-ci il tarixli müharibə veteranı vəsiqəsi verildiyinə görə həmin tarixdən etibarən cavabdeh tərəfindən iddiaçıya müharibə veteranı kimi müavinət ödənilməsi həyata keçirilir. Cavabdehin mövqeyinə görə, müavinətin verilməsi yalnız müharibə veteranı adı və vəsiqəsinin verildiyi tarixdən başlanılmaqla mümkündür, qanunvericilik əvvəlki dövrlər üçün belə ödəmələrin verilməsini nəzərdə tutmur. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər (bundan sonra - müavinətlər) bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla məhkəmə hesab edir ki, sosial müavinətin cavabdehin imtinasında göstərdiyi kimi müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlasdırılmışdır. Birinci halda, hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinət Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Beləliklə, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından və müraciət edilmə vaxtından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər "Sosial müavinətlər haqqında" Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Məhkəmə qeyd edir ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin 11.02.2015-ci ildə verilməsi onun "Veteranlar haqqında" Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndindən irəli gələn hüquqlarına təsir etməli deyil. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyindən, artıq "Veteranlar haqqında" Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranıdır. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsinə ümid edə bilər. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia qismən təmin edilməli, 11.02.2012-ci ildən 11.02.2015-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, 1991-ci ildən 11.02.2012-ci ilədək müddətə aid hissədə isə iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 11.02.2012-ci ildən 11.02.2015-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və x4 Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. İddia 1991-ci ildən 11.02.2012-ci ilədək müddətə aid hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar