Məhkəmə qərarları › İş №2-1(116)-554/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-554/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-554/2024 06.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. Onun 1 yanvar 2006-cı il tarixinədək əmək stajı 26 il 5 ay 2 gün təşkil edir. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən ona xx.xx.2021-ci il tarixdən aylıq 303,75 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun xx.xx.2023-cü il tarixinədək qüvvədə olan 6-1-ci maddəsinə əsasən əmək pensiyası əmək pensiyasının minimum məbləğindən aşağı olduğu üçün əmək pensiyası minimum məbləğə, yəni 240 manata və eyni zamanda xx.xx.2022-ci il tarixdən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. Daha sonra həmin Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən əmək pensiyasının tərkibinə daxil edilməklə 264,82 manata, eyni zamanda həmin Qanunun 29.1-ci maddəsinə əsasən 303,75 manata çatdırılmışdır. İddiaçı ona təyin edilmiş əmək pensiyasının məbləği ilə razılaşmadığı üçün hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-165125/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixindən 200,00 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilib. Qanunun xx.xx.2023-cü il tarixinədək qüvvədə olan 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 240 manat məbləğində müəyyən olunur. Qeyd olunan maddənin tələblərinə əsasən bildirilir ki, əmək pensiyasının məbləği (200,00 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) az olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılıb. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 264,82 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 303,75 manata çatdırılıb. Bildirilir ki, iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 26 il 5 ay 2 gün sığorta stajı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (303,75 manat) dəyişiklik olmayıb. Eyni zamanda bildirilir ki, ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək) hesablanmış fərq məbləği yaşa görə ödənilmiş sosial müavinət nəzərə alınmaqla 2023-cü ilin yanvar ayından pensiyasının üzərinə əlavə edilməklə iddiaçıya ödənilir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/2-224010/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qanunla müəyyən olunmuş yaş həddinə çatması ilə yanaşı Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; azı 25 il sosial sığorta stajı olduqda. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Bildirilir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü İddiaçı pensiya yaş həddinə, yəni 65 yaşına xx.xx.2021-ci il tarixdə çatmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2021ci il tarixdən 200,00 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun xx.xx.2023-cü il tarixədək qüvvədə olan 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 240 manat məbləğində müəyyən olunur. Qeyd olunan maddənin tələblərinə əsasən bildirilir ki, iddiaçının əmək pensiyasının məbləği (200,00 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) az olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixdən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü ii yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 264,82 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 303,75 manata çatdırılmışdır. Bildirilir ki, İddiaçı məxsus pensiya işinə dair sənədlərə əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 26 İl 5 ay 2 gün sığorta stajı əsasında əmək pensiyası yenidən hesablanmış, pensiya məbləğində (303,75 manat) dəyişiklik olmamışdır. Eyni zamanda bildirilir ki, ötən dövr üzrə (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) hesablanmış fərq məbləği yaşa görə ödənilmiş sosial müavinət nəzərə alınmaqla 2023-cü ilin yanvar ayından İddiaçı pensiya məbləğinin üzərinə əlavə edilməklə ona ödənilir. Cavabdeh etiraz məktubunda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. 012060 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, 1974-1978-ci illərdə Rus dili və ədəbiyyatı institutunda təhsil almışdır. ИТ-İ ******* №-li əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1978-xx.xx.1979 müəllim; xx.xx.1979-xx.xx.1982 Muxax kənd orta məktəbində müəllim; xx.xx.1982-xx.xx.1985; xx.xx.1985-xx.xx.1991 “Azərbaycan KP” Zaqatala rayon şöbəsində təlimatçı; xx.xx.1992-xx.xx.1992 Zaqatala RİH məsləhətçi; xx.xx.1992-xx.xx.2001 Zaqatala Rayonlararası Kinovideo Birliyi. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2-1(116)-1358/2022 nömrəli qərarı ilə (hakim V.Musayev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək “Zaqatala Rayonlararası Kino və Video Birliyində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehin üzərinə İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək “Zaqatala Rayonlararası Kino və Video Birliyində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi öhdəliyi qoyulmuşdur. Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1358/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)-128/2023 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(116)- 1358/2022 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Zaqatala Rayonlararası Kino və Video Birliyində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibati iş üzrə icraata xitam verilmişdir. Belə ki, inzibati iş üzrə tərəflər arasında mübahisə məhkəməyə qədər həll edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1355/2023 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-128/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxılmış, şikayət mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi iş materiallarına əlavə edilmiş sənədlər aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı şəkildə təhlil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Sözügedən normanın xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş mətninə əsasən göstərilən məbləğ 240 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən: 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. xx.xx.1956-cı il təvəllüdlü iddiaçıya münasibətdə yaşa görə əmək pensiyası 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən təyin edilmişdir. Daha sonra iddiaçının əmək pensiyası minimum məbləğə çatdırılmaqla indeksləşdirilməsi aparılmışdır. İddiaçıya münasibətdə əmək pensiyasının təyin edilməsi və hesablanması zamanı cavabdeh tərəfindən təhsil aldığı illər də daxil olmaqla xx.xx.2006-cı il tarixədək 26 il 5 ay 2 gün sığorta stajı nəzərə alınmışdır. Ötən dövr üzrə, xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək hesablanmış fərq məbləği yaşa görə ödənilmiş sosial müavinət nəzərə alımaqla 2023-cü ilin yanvar ayından etibarən hesablanaraq iddiaçıya ödənilməkdədir. İddiaçı da öz növbəsində iddia ərizəsində 26 il 5 ay 2 gün iş stajına malik olduğunu, xx.xx.1974-cü ildən xx.xx.1978-ci il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını istədiyini bildirmişdir. Halbuki məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən göstərilən dövrlər əmək pensiyasının hesablanması, indeksasiyası və yenidən hesablanması zamanı nəzərə alınmışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanmasından ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış, iddiaçının hüquqlarını pozmamışdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar