Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-557/2022 11.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "X10, X11, X23 və X5 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X1 şəhəri Heydər Əliyev prospekti ev 72 mənzil 54-ü 01.12.2009-cu il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. Sözügedən mənzilə İddiaçı mülkiyyət hüququ 24.12.2009-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Hazırda üçüncü şəxslər X24, X25, X35 və X12 göstərilən ünvanda yaşayış yeri üzrə qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar. İddiaçı sözügedən mənzildən üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 12.11.2021-ci il tarixli məktubla məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra İddiaçı Cavabdehnə qarşı "mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 nömrəli evin 54 nömrəli mənzilindən üçüncü şəxslər X6, X7, X23, X5, X8, X9, X15 və X21 qeydiyyatdan çıxarılması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, üçüncü şəxslərin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və onun mülkiyyətçi kimi hüquqlarını pozur. Sözügedən mənzil hazırda iddiaçının mülkiyyətindədir və üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları üçün əsas yoxdur. Məhkəmənin 06.12.2021-ci il tarixli 2-1(116)-1741/2021 nömrəli qərardadı ilə X22, X28 və X31 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Üçüncü şəxs X16 məhkəməyə göndərdiyi 17.12.2021-ci il tarixli etirazında bildirmişdir ki, 2004-cü ildə iddiaçının oğlu X29 ilə rəsmi nikaha daxil olmuş, nikah dövründə aldıqları Mingəçevir şəhəri Heydər Əliyev prospekti 72 nömrəli evin 54 nömrəli mənzilinə köçmüşdürlər. Həmin ildən indiyə kimi o və üç övladı həmin ünvanda yaşayırlar. Hazırda keçmiş qayınanası İddiaçı onun və övladlarının yaşadıqları evdən qeydiyyatdan çıxarılması barədə tələbi əsassızdır. Eyni zamanda, bu neçə ildə evin bütün kommunal xərclərini özü ödəmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək iddia tələbini "X6, X7, X23 və X5 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Məhkəmənin 13.04.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə X17, X18, X35, X12 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdirlər. Bundan başqa, məhkəmənin eyni tarixli qərardadı ilə üçüncü şəxslər X9, X15 və X21 iş üzrə məhkəmə icraatında iştirakına xitam verilmiş və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə İddiaçı vəsatətinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra müəyyən edildi ki, üçüncü şəxslər X6 və X7 hər ikisinin soyadı hazırda "Yıldız"dır. X19 05.05.2022-ci ildə, X20 isə bu soyadla yeni şəxsiyyət vəsiqələri verilmişdir. Cavabdeh iddiaya yazılı münasibət (etiraz) bildirməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, 01.12.2009-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X1 şəhəri Heydər Əliyev prospekti ev 72 mənzil 54-ü alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. - İşdə olan, MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 1-ə İddiaçı mülkiyyət hüququ 24.12.2009-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 18.10.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, X17, X28, X31, X12, X18, X35, X29, X16 və X3 şəhəri Heydər Əliyev prospekti ev 72 mənzil 54 ünvanında qeydiyyatdadırlar. - İşdə olan, Azərbaycan Respublikası Mingəçevir Şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 4 saylı Mənzil İstismar Sahəsi tərəfindən təsdiq edilmiş 15.12.2021-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan şəxslər X16, X22, X28 və X26r. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 17.12.2021-ci il tarixli **********60 nömrəli məktubundan görünür ki, ünvan 1-dən X6, X5, X7, X23, X8, X9, X15 və X21 istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericiliyin mənasına görə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hüququ mövcud olduqda və ya hər hansı belə hüquq olmadan yaşayış sahəsini verən şəxsin iradəsi (razılığı) əsasında. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı mübahisədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan əsaslar formal olaraq mövcud deyil. Lakin həmin Qanunun "Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması" adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ""Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 24.09.2020-ci il tarixli Qərarında aşağıdakı hüquqi mövqe ifadə edilmişdir:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, üçüncü şəxslər X24, X25, X35 və X2 mənzil üzərində hər hansı hüquqa malik olmadığı və orada yaşamadıqları halda, onların qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı özünə məxsus mənzildən üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanından üçüncü şəxslər X10, X11, X23 və X5 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmsı öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.