Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-558/2024 12.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “cavabdehin imtina məktubunda qeyd edilən digər mülkiyyətçinin adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının etibarsız hesab edilməsi və Qax rayon Aqrar İslahat Komissiyasının təsdiq etdiyi qərarla ona verilmiş, Qax rayonu Əmircan kəndində yerləşən 0,42 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin imtina məktubunda qeyd edilən digər mülkiyyətçinin adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının etibarsız hesab edilməsi və Qax rayon Aqrar İslahat Komissiyasının təsdiq etdiyi qərarla ona verilmiş, Qax rayonu Əmircan kəndində yerləşən 0,42 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, aqrar islahat aparılarkən Qax rayon “Qələbə” kolxozunun X14 Komissiyasının xx.xx.2000-ci il tarixli 03 saylı qərarı ilə onun ərizəsi nəzərə alınaraq, ərizə ilə birlikdə təqdim olunmuş sənədlərə əsaslanaraq kolxozun üzvü olmuş, 1997-ci ildə vəfat etmiş mərhum anası X3 payına düşən 0,42 ha torpaq sahəsi qərarla İddiaçı adına verilmişdir. Qax rayon “Qələbə” kolxozunun X14 Komissiyasının bu qərarı Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edildikdən sonra Komissiya üzvlərinin iştirakı ilə Qax rayon Əmircan kəndində yerləşən 0,42 ha pay torpaq sahəsi yerində ölçülərək iddiaçıya təhvil verilmişdir. Həmin torpaq sahəsi bu günədək iddiaçının istifadəsində və sahibliyindədir. Lakin iddiaçı müəyyən səbəblərdən torpaq sahəsinə dövlət reyestrindən çıxarış və plan-ölçü sənədi almamışdır. İddiaçı cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-O-0015-8/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında İddiaçı və ailə üzvlərinin adına torpağa mülkiyyət hüququna dair dövlət aktı verilməsi barədə məlumat mövcud deyil. Sözügedən təsərrüfatda torpaq islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması barədə ərazi idarəsində məlumat olmadığından və müraciəti təsdiqləyici sənədlər əlavə edilmədiyindən verilməli torpaq sahəsinin ölçüsünü müəyyənləşdirmək mümkün olmamışdır. X14 komissiyasının qərarı, müvafiq icra hakimiyyəti orqanı tərəfindər təsdiqlənmiş yerləşmə sxemi təqdim olunmadığından, həmçinin qeydiyyata alınmalı torpaq sahəsinə digər mülkiyyətçinin adına torpağa mülkiyyət hüququna dair dövlət aktı verildiyi müəyyən edildiyindən müraciətin icrası mümkün olmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-3501/2023 nömrəli iddia tələbinə dair rəsmi münasibət bildirilməsi barədə məktubunda qeyd etmişdir ki, ərizəyə əlavə olunan sənədlərin yoxlanılması zamanı İddiaçı “Qələbə” kolxozunun istifadəsində olan torpaqlardan bir pay torpaq sahəsi verilməsi barədə Qax rayonu “Qələbə” kolxozunun ümumi yığıncağı tərəfindən təşkil edilmiş X14 komissiyasının xx.xx.2000-ci il tarixli, 03 nömrəli iclas protokolundan çıxarış qərarı, həmin qərarın təsdiq edilməsi barədə Qax rayon aqrar islahat komissiyasının xx.xx.2000-ci il tarixli, 07 nömrəli iclas qərarı və həmin qərarın xx.xx.2022-ci il tarixli 46 nömrəli arxiv çıxarışı olsa da, kolxozun istifadəsində olan torpaqlardan ayrılmış torpaq payının koordinatlarının əks olunduğu təsdiqlənmiş hər hansı sxem və ya plan ölçü sənədi təqdim olunmadığından, “Qələbə” kolxozunda islahat aparılan dövrdə kolxozun əmlakından pay almaq hüququ olan subyektlərin paylarına düşən torpaq sahəsinin norması barədə ərazi idarəsində məlumat mövcud olmadığından və həmin məlumatlar müraciətə əlavə edilmədiyindən, həmçinin iddia olunan torpaq sahəsinə keçirilmiş baxış zamanı faktiki ölçüsü 0,42 ha olan həmin torpaq sahəsinin Qax rayon aqrar islahat komissiyasının xx.xx.2000-ci il tarixli 09 saylı qərarı ilə Qax rayonu Qaxmuğal kənd sakini X6 verildiyi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən X4 adına JN-0187 nömrəli, 40310005 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının tərtib olunduğu, həmin Dövlət aktının 12 saylı ərazi idarəsinin elektron baza kadastr xəritə və arxiv məlumatlarında mövcud olduğu müəyyən edildiyindən ərizəçiyə xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-0-0015-8/2022 nömrəli imtina məktubu verilmişdir. Qax rayonunun Əmircan kəndində yerləşən 187A mülk nömrəli 0,42 ha torpaq sahəsi üzərində hüquqların X11 kitabında aparılmış qeydiyyat öz hüquqi qüvvəsini saxladığından JN-0187 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi və ya düzəliş edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid deyil. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-558/2024 nömrəli qərardadı ilə X7 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. İddiaçıya məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu ünvanlanmışdır. Yardım məktubunda qeyd olunmuşdur ki, iddiaçının hüquqi marağı X1 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən 0,47 ha torpaq sahəsinə dair verilmiş JN-0187 kod 40310005 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının etibarsız hesab edilməsindən və Qax rayonu Əmircan kəndində yerləşən 0,42 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3- 39/2-3501/2023 nömrəli etiraz məktubunda qeyd olunanlar iddiaçının nəzərinə çatdırılmaqla yanaşı, bildirilmişdir ki, etiraz məktubuna əlavə olunmuş JN-187 kod 40310005 nömrəli Dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Aktda qeyd olunan 0,47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 (Dövlət aktında adı “Salehə” yazılmışdır) Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 09 saylı qərarı ilə verilmişdir. Müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə sözügedən Dövlət aktının etibarsız hesab olunmasını və 0,42 ha torpaq sahəsinə adına torpaq sahəsinin planı və ölçüsü sənədinin və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq JN- 187 kod 40310005 nömrəli Dövlət aktı mübahisələndirilməmiş, bu məsələ ilə bağlı mübahisə açılmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, xx.xx.2011-ci ildən sonra isə müabahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. İnzibati Prosessual Məcəllə isə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmənin xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubunda qanunvericiliyin iddia müddəti ilə bağlı tələbləri iddiaçının nəzərinə çatdırılmış və məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün vaxt verilmişdir. Lakin iddiaçı tərəfindən münasibət bildirilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının ilkin müraciətinə əsasən isə müəyyən edilmişdir ki, iddiaçı dövlət aktının ləğvi ilə bağlı cavabdehə ümumiyyətlə müraciət etməmişdir. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48- 26RA/2-68/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Qax rayon Dövlət Arxivində mühafizə olunan Qax rayon AİK-nın sənəd materiallarında xx.xx.2000-ci il tarixli 03 saylı iclas protokolu yoxdur. Qeyd olunan tarixdə “Qələbə” kolxozu yerli AİK-nın iclası keçirilib. Qax rayon Əmircan kənd ƏİN təsərrüfatbaşına kitablarda qeyd olunan illər üzrə sorğuda adları qeyd olunmuş vətəndaşlara dair hər-hansı bir məlumat tapılmadı. Qax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-26RA/2-68/2023 nömrəli məktubuna əlavə olunmuş “Qələbə” kolxozu islahat komissiyasının xx.xx.2000-ci il tarixli 3 nömrəli iclasının təsdiq olunmuş surətindən görünür ki, həmin iclasda İddiaçı ərizəsi nəzərə alınmış, anasının ölüm haqqında şəhadətnaməsini vaxtında komissiyaya təqdim etmədiyi nəzərə alınaraq ona bir pay əlavə torpaq sahəsinin verilməsi qərara alınmışdır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş JN-187 kod 40310005 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayon AİK-nın xx.xx.2000-ci il tarixli 09 saylı qərarı ilə 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 ayrılmışdır. xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qax rayonu Əmircan kəndində yerləşən 0,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia qaldırmaqda məqsədinin S.Məmmədovaya ayrılmış torpaq sahəsinə dair onun adına verilmiş çıxarışın ləğvi və həmin torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarət olduğunu bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bununla yanaşı məhkəmə tərəfindən iddiaçının cavabdehə ilkin müraciəti araşdırılaraq, iddiaçının mübahisəli dövlət aktının ləğvi ilə bağlı cavabdehə hər-hansı müraciətinin olmadığı müəyyən edildiyindən, məhkəmə iclasında iştirak edən iddiaçıya iddianın mümlünlüyü ilə bağlı yardım məktubunda göstərilənlərdən əlavə öhdəliyin icrası növündə iddia ilə məhkəməyə müraciətetməzdən öncə eyni tələblə cavabdehə ilkin müraciətin edilməsinin zəruriliyi, iddianın mümkünlüyünə dair qanunvericiliyin digər tələbləri ətraflı şəkildə yenidən izah edilmiş, dinlənilmə hüququ təmin olunmuşdur. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbinə münasibətdə ilk növbədə qeyd edilməlidir ki, tələb iki hissədən ibarətdir. 1. Digər mülkiyyətçinin adına verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsızlığının tanınması. Hansı ki, iddiaçı bu yolla dövlət aktının ləğvinə çalışır. 2. Torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi. İddiaçı tərəfindən iddia tələbi dədiq şəkildə formulə edilməsə də, İPM-in 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından tələbdən kənara çıxmamaq şərtilə iddianı düzgün şəkildə qəbul edərək şərh edə və həmin istiqamətdə düzgün məhkəmə araşdırmasını apara bilər. Odur ki, məhkəmə özündə iki tələbi birləşdirən və tələblərin hər biri öhdəliyin icrası növündə olan iddia ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. İlkin olaraq göstərilməlidir ki, tələbin dövlət aktının ləğvindən ibarət olan birinci hissəsi öhdəliyin icrası növündə iddialara aid olduğundan, iddiaçı həmin tələb üzrə cavabdehə müraciət etməli, imtina cavabını aldıqdan sonra eyni tələblə məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı dövlət akdının ləğvi ilə cavabdehə heç bir müraciət edilməmiş, müraciətin təmin edilməsindən imtina olunmasına dair müvafiq məktub iş materiallarına əlavə olunmamışdır. İş materiallarında olan imtina cavabı isə torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnın qeydə alınmasından imtin edilməsi ilə bağlı olmuşdur. Bununla yanaşı iddiaçının tələbinə və hüquqi marağına uyğun olaraq iddianın mümkünlüyü məsələsinə aşağıda göstərilən normaların qarşılıqlı şərhi baxımından hüquqi qiymət verilməlidir. “Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1995ci il tarixli 978 nömrəli Qanununun 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X13 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X14 komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X13 Komissiyası yaradılmış, Prezidentin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası X13 Komissiyası haqqında Əsasnamə” təsdiq edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X13 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X14 komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X14 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X13 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X13 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X13 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, “X12 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi də müəyyən olunmur. Belə ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə JN-187 kod 40310005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktının etibarsız hesab olunmasını və 0,42 ha torpaq sahəsinə adına torpaq sahəsinin planı və ölçüsü sənədinin və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün ilk növbədə JN-187 nömrəli dövlət aktı və onun əsasında verilmiş çıxarışın ləğvinə nail olunmalıdır. Dövlət aktının verildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı faktiki istifadəsində olan və onun mülkiyyətinə verildiyini iddia etdiyi mübahisəli torpaq sahəsinin hüquqi müqəddəratı ilə maraqlanmalı olduğu halda, həmin torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərin tərtib olunaraq verilməməsinin səbəbinin aşkar edilməsi üçün tədbir görməli olmasına baxmayaraq uzun illər ərzində bu istiqamətdə hər-hansı hərəkət etməmiş və məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdir. 23 ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İnzibati Prosessual Məcəllə isə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Yəni Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların və edilmiş hərəkətlərin mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı münasibətə qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə onu da vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)-1149/2023 nömrəli qərarında eyni hüquqi mövqedən çıxış etmişdir. (qərar işə əlavə olunur, 29-32-ci bəndlər) Bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)-887/2023 nömrəli qərarının 39-42 ci bəndlərində eyni məsələyə aşağı instansiya məhkəmələrinin diqqətini çəkmişdir. (qərar işə əlavə olunur) Həmçinin məhkəmə araşdırması ilə mübahisəli dövlət aktı əsasında üçüncü şəxsin adına çıxarışın da rəsmiləşdirildiyi müəyyən edildiyindən, iddiaçı hətta dövlət aktının ləğvinə nail olsa belə, o üçüncü şəxsə məxsus torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək üçün həmin şəxsə münasibətdə aparılmış yeni qeydiyyatın da ləvinə nail olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “cavabdehin imtina məktubunda qeyd edilən digər mülkiyyətçinin adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının etibarsız hesab edilməsi və Qax rayon Aqrar İslahat Komissiyasının təsdiq etdiyi qərarla ona verilmiş, Qax rayonu Əmircan kəndində yerləşən 0,42 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-558/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-558/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver