Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-559/2024 03.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qəbul etdiyi xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16686/2023 nömrəli qərarının ona aid hissədə ləğv edilməsi və ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehə qarşı “ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı psixi-nevroloji və fəqərə xəstəliklərindən əziyyət çəkir. Ona 2010-2021-ci illərdə 2-ci dərəcə əlillik təyin olunmuşdur. Lakin 2021-ci ilin sentyabr ayından sonra ona əlillik dərəcəsi təyin edilməmişdir. İddiaçı sonuncu dəfə tibbi-sosial ekspert komissiyasına müraciət etmiş, lakin əlilliyi xx.xx.2023-cü il tarxdə qiymətləndirildikdən sonra ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Səbəb kimi diaqnozun əlillik əlaməti təyin etmədiyi göstərilmişdir. İddiaçı qeyd edir ki, onun Komissiyaya təqdim etdiyi sənədlərdə diaqnozu “dissosiativ konversion pozuntu F44.7” yazılmışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin 7.5.1-ci bəndinə əsasən dissosiativ (konversion) pozuntular (F44) əlillik dərəcəsinin təyin edilməsi üçün əsasdır. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Ucar rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS. **********6). Növbəti dəfə əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və tam reabilitasiya olması barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin N00052287FDİ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Hərbi Qərar/Şəhadətnamə təqdim etməmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Dissosiotiv konversion pozuntular” diaqnozu araşdırılmışdır. Xəstə müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, yaddaşsızlıq, yuxusuzluq, əsəbilikdən, uzaq yol gedə bilməməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında yaxınlığına mərmi düşməsi nəticəsində yaralandığını, həmin vaxtdan etibarən başında sıxılmaların olduğunu, 2009-cu ildə aşağı ətrafda cərrahi əməliyyat keçirdiyini bildirmişdir. Medikamentoz preparatlardan “Depakin", “Fenozepam’’ və adlarını xatırlamadığı digər preparatlar qəbul etdiyini bildirmişdir. Nevroloji statusda aşağı ətraflarda hipertofiya, parez, iflic izlənilməmiş, sol pəncənin plegiyasını simulyasiya etməyə çalışmış, reflekslər canlı çağrılmış D=S, yalnız axil refleksi solda sağa nisbətən zəif S<D alınmış, əzələ gücü və tonus norma daxilində olmuş, əlillik təyinatına əsas verəcək heç bir nevroloji defisit aşkarlanmamışdır. Psixi statusunda ünsiyyətə həvəslə daxil olmuş, bələdliyi qorunmuş, tənqidi tam, intellektual mnestik sferasının yaşına və təhsilinə uyğunluğu müəyyənləşdirilmiş, yaddaş, qavrama pozuntusu, psixoproduktiv psixosimptomatika, şəxsiyyət dəyişikliyi izlənilməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 38573 nömrəli Tibbi Rəyində diaqnoz “Keçirilmiş L4-L5 diskektomiya, L4 fəqərə soldan hissəvi laminoektomiya cərrahi əməliyyatından sonrakı diskogen radikulopatiya (L2-L3, L4-L5, L5-S1 protruziyalar). Sol pəncənin yüngül parezi və kökcük ağrı sindromu ilə” kimi qeyd edilsə də, əlillik təyinatına əsas verməmişdir. Mingəçevir Psixo-Nevroloji Dispanserin xx.xx.2022-ci il tarixli Tibbi Rəyində diaqnoz “Qarışıq dissosiativ (konversion) pozğunluqlar” kimi qeyd edilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 16193 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Diskogen radikulopatiya. L4-L5 fəqərəarası disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət. Sol pəncənin parezi. Dissosiativ konversion pozuntu” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 10001/22 nömrəli və xx.xx.2023-xx.xx.2023-cü il tarixli 5487/23 nömrəli Çıxarışlarında diaqnoz “Dissosiativ konversion pozuntu” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 391 nömrəli Həkim Psixiatr Komissiyasının rəyində diaqnoz “Dissosiativ konversion pozuntu” kimi qeyd olunmuşdur. “Medistyle Hospital”ın xx.xx.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsi “Bu müayinə zamanı əldə olunan elektrofizioloji göstəricilər sol ayaqda S1 ifadəli olmaqla L4, L5, S1 saq ayaqda S1 innervasiyalı əzələlərdə xroniki dövr radikulopatiyaya işarət edir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X1 xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Fon aktivliyi desinxronlaşı, rezidual tipli, ocaqlı patalogiya və spesifik epileptiform aktivlik yox” kimi qeyd edilmişdir. Anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “cavabdehin diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qəbul etdiyi xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16686/2023 nömrəli qərarının ona aid hissədə ləğv edilməsi və ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İş materiallarında olan müayinə olunan şəxsin məlumatlarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə müayinə edilmiş, ona xəstəliklərin beynəlxalq təsnifatı: “Xİİİ sinif – sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 – dorsopatiyalar => M40-M43 – deformasiyaedən dorsopatiyalar => M42 – onurğanın osteoxondrozu => M42.9 – onurğa...”, diaqnozun mətni: “bel-oma fəqərələrinin osteoxondrozu. L4-L5 fəqərəarası diskin sol tərəfli yırtığına görə cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol pəncənin parezi” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təkrar müayinə olunmuş, ona “dissosiativ (conversion pozuntular, dissosiotiv konversion pozuntular” diaqnozu qoyulmuş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. - İş materiallarında olan “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 531 saylı rəyində qeyd olunur ki, təqdim edilmiş tibbi sənədlərdən məlum olur ki, İddiaçı 1993-cü ildə mərmi partlaması nəticəsində bir müddətdən sonra başında sıxılmalar olması, lakin bununla əlaqədar müraciətləri olmaması, yalnız sonradan onda sıxılma hallarının artması ilə əlaqədar son üç ildə sıxılma ilə yanaşı baş ağrısı, əsəbilik, bel və ürək nahiyəsində ağrılar meydana gəldiyi üçün rayon poliklinikasına müraciətləri olmuş, AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixə kimi “Dissosiativ-konversion pozuntu” diaqnozu ilə stasionar müalicədə olmuş, Ucar Rayon Mərkəzi Xəstəxanasından son iki ildə beş dəfə təcili və təxirəsalınmaz tibbi yardım çağırılaraq “Nevroz" diaqnozu müəyyən edilmiş, tibbi sənədlərə görə Mingəçevir Psixo-Nevroloji Dispanseri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəyə görə onda “Qarışıq dissosiativ (konversion) pozğunluqlar” diaqnozu müəyyən edilmiş, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə edilərək onda "Diskogen radikulopatiya. L4 – L5 fəqərələr arası disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət. Sol pəncənin parezi". “Dissosiativ-konvertsion pozuntu" psixiatrik diaqnoz müəyyən edilərək xəstəyə psixiatrın nəzarəti məsləhəti verilmişdir. Göründüyü kimi yoxlanılan şəxs son iki ildə psixi vəziyyətində yaranan dəyişikliklər və şikayətlər ilə əlaqədar “Dissosiativ-konversion pozuntu” diaqnozu ilə müxtəlif tibb müəssisələrində müayinə və müalicələrdə olmuş, hal-hazırda da, ona təyin edilmiş “Depakin, Fenozepam” adlı normatimik və trankvilizator preparatları ilə qoruyucu müalicəni qəbul etməsinə baxmayaraq onda meydana gələn psixi pozuntular keçən dövr ərzində dəfələrlə biruzə vermişdir. Müayinələr nəticəsində onda müəyyən edilən “Dissosiativkonversion pozuntu” diaqnozu düzgündür; Lakin qeyd edilməlidir ki, bu qeyd edilən diaqnozlu psixi pozuntu aldığı müalicələrə baxmayaraq yenidən biruzə verdiyi üçün yoxlanılan şəxsin psixi pozuntusu hazırda “Təkrarlanan dissosiativ-konversion pozuntu” kimi qiymətləndirilir. Əsaslandırma hissəsi: İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırkı iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli qərarla iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmiş, bunu diaqnoz əlillik əlaməti təyin etmir kimi əsaslandırmışdır. İş materiallarında cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq qərarın hansı tarixdə verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğun təmin edilməməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na əsasən bu Meyarlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina dəlili “diaqnoz əlillik əlaməti təyin etmir” ilə bağlı olmuşdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya sonuncu dəfə xx.xx.2016ci il tarixindən xx.xx.2021-ci il tarixinədək əlillik təyin olunmuşdur. İddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təkrar müayinə olunmuş, diaqnoz əlillik əlaməti təyin etmədiyi üçün imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə-psixiatrik ekspertizası nəticəsində iddiaçının təsdiq olunmuş diaqnozu həmin “Meyarlar”da göstərilən əlillik əlaməti müəyyənləşdirən xəstəliklərlə eyniyyət təşkil etmir. Yuxarıda sadalananlara və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının sağlamlıq vəziyyəti əyani olaraq müayinə edilmiş ,cavabdeh tərəfindən imtina əsası kimi qeyd olunan “diaqnoz əlillik əlaməti təyin etmir” öz təsdiqini tapmışdır. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin : 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qəbul etdiyi xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16686/2023 nömrəli qərarının ona aid hissədə ləğv edilməsi və ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-559/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-559/2024
03.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver