Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-559/2025 29.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilməsini” xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində xx.xx.1988-ci ildən Şuşa şəhərində Mamedin batalyonunda hərbi xidmətə başlamış və Şuşa rayonu Nəbilər, Xəlfəli, Kərkicahan, Daşaltı və Kirs uğunda gedən döyüşlərdə iştirak etmişdir. Bundan əlavə Turşsu istiqamətində gedən döyüşlərdə kontuziya almış və sonradan mülki həkimlərin müalicəsini almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər idarəsinin Mərkəzi Arxivinin verdiyi xx.xx.2013-ci il 4/5-5802 nömrəli arxiv arayişından göründüyü kimi xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilə kimi Erməni millətçilərinə qarşı Şuşa şəhəri və Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyatlarında iştirak etmiş şəxslərə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Yerli idarə, şöbə və bölmələrinə müraciət etmək tövsiyyə edilmişdir. Şuşa rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov tərəfindən verilən xx.xx.2018-ci il 22/93 nömrəli arxiv arayişından göründüyü kimi İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə kimi Erməni millətçilərinə qarşı Şuşa şəhəri və Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyatlarında Şuşa Könüllü özünümüdafiə batalyonun tərkibində rayon ərazisində aparılan döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin mənə ünvanladığı xx.xx.2023-ci il 3-43-58/2-434/2023-cü il tarixli məktubunda göründüyü kimi Xidmət Aparatı nəzdində fəaliyyət göstərən" Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyasına təqdim edilən sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 438 nömrəli qərarına və Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidməti Aparatının xx.xx.2018-ci il tarixli göstərişinə əsasən 1988-1991-ci il tarixlərdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Arxiv arayışlarından məlumat almadıqda və ya vətəndaşların həmin illərdə döyüşlərdə iştirakı sübüt edən digər sənədlər olmadıqda məhkəmə orqanlarına müraciət etməmi məqsədə uyğun hesab etmişdirlər. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin Hərbi xidmətdə olmuşdur və hazırda Şuşa ŞHK-da qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin mənə ünvanladığı xx.xx.2023-ci il 3-43-58/2-434/2023-cü il tarixli məktubunda göründüyü kimi Xidmət Aparatı nəzdində fəaliyyət göstərən" Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası" mənə cavab məktubu imtina edib və qərarını tutarlı səbəblə əsaslandırmayıb. Aşağıdakılara əsasən hesab edirəm ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin iddiaçıya müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-25-4/2-5234/2023 nömrəli etiraz məktubunda qeyd olunmuşdur ki, iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş şərtlər baxımından, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. Beləliklə, hazırki mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan şərtlər iddiaçıya münasibətdə ödənilməmişdir. Hazırkı iş üzrə Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilən məktubda da İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyatlarında iştirak etməsinə dair Şuşa Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi adlı siyahıda adının olmadığı bildirilmişdir. Hesab edirik ki, İddiaçı oğlunun özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən mötəbər sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. İddiaçı iddia ərizəsinin əsaslarına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunun surəti.
2. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu.
3. İddiaçıya məxsus HЗ ******* nömrəli hərbi biletin surəti.
4. İddiaçıya məxsus 071125 nömrəli xx.xx.2005-ci il tarixli vəsiqənin surəti.
5. Şuşa rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci il tarixli 22/93 nömrəli arayışı.
6. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu.
7. Şuşa rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2024-ci il tarixli məktubu.
Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddiaçının hüquqi marağı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən ibarətdir.İddia mümkün iddia olsa da mahiyyət etibarı ilə əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyatlarında iştirak etməsinə dair Şuşa Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi adlı siyahıda adının olmadığı aşkar olunmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adının verilməsi əsası göstərilmişdir. Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov) və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1765/2023 saylı,xx.xx.2023-cü tarixli Qərarında təsbit olunan hüquqi mövqe). Hazırkı iş materiallarına əlavə edilmiş Şuşa rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci il tarixli 22/93 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsinə dair Şuşa rayon İcra Hakimiyyətinin təsdiq etdiyi siyahıda adı yoxdur. İddiaçı tərəfindən döyüş əməliyyatlarında iştiakı,könüllü batalyonda xidmət etməsinə dair sübut təqdim edilməmiş,məhkəmə araşdırması zamanı da belə əsaslar aşkar edilməmişdir. Göründüyü kimi iddiaçın hərbi döyüşlərdə iştirakı sübut olunmadığından inzibati orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.