Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-56/2022 29.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəylər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 və üçüncü şəxs X3 iştirakı ilə İddiaçı cavabdeh Ağsu bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2017-ci il tarixli 16 saylı və xx.xx.2018-ci il tarixli 23 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Ağsu bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2017-ci il tarixli 16 saylı və xx.xx.2018-ci il tarixli 23 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Ağsu Rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə Ağsu şəhərində fərdi yaşayış evi tikintisi üçün iddiaçının mülkiyyətinə 0,05 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair iddiaçının adına Ağsu rayon sabiq Torpaq şöbəsi tərəfindən JN-312A kod-40901004 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, torpaq sahəsinin cizgisi (planı) və qaiməsi (sertifikatı) tərtib edilərək 394 nömrə ilə qeydə alınmışdır. İddiaçının mülkiyyətinə verilmiş 0,05 ha ölçüdə torpaq sahəsi torpaq ayırıb təhkim etməyə səlahiyyəti olan şəxslər tərəfindən ölçülərək ona verilmişdir. İddiaçı torpaq sahəsini əldə etsə də, maddi imkansızlığa görə tikinti işləri apara bilməmiş, gözləmişdir ki, imkanı olanda tikinti işlərinə başlasın. 2019-cu ilin əvvəllərində iddiaçı qardaşı ilə birlikdə torpaq sahəsinə gedib oranı təmizləyərək tikinti işləri aparılması üçün yararlı hala salmış, ətrafını məftil tor ilə çəpərə almışdır. Həmin vaxtdan təxminən bir neçə gün sonra torpaq sahəsinə gəldikdə çəkdiyi çəpərin sökülməsini və torpaq sahəsinə mişar daşı töküldüyünü görmüşdür. İddiaçı öyrənmişdir ki, torpaq sahəsində tikinti işləri aparmaq istəyən şəxs Nazzar Rəfiyevadır. İddiaçı həmin qadına daş gətirib tökdüyü və tikinti işləri aparmaq istədiyi sahənin ona məxsus olduğunu bildirdikdə qadın torpağı Ağsu rayon Dövlət Notariat Ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə əldə etdiyini bildirmişdir. İddiaçı torpaq sahəsinin iddiaçının xəbəri olmadan Ağsu Bələdiyyəsi tərəfindən qanunsuz olaraq satıldığını öyrənmiş və ona məlum olmuşdur ki, Ağsu Bələdiyyəsi ilə Nazzar Rəfiyeva arasında 01 aprel 2019-cu il tarixdə 4ə-162 nömrəli reyestr üzrə Daşınmaz Əmlakın Alqı-satqısına dair AN-İN-0749640 olan müqavilə rəsmiləşdirilmişdir. Beləliklə tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-730/2021 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Cavabdeh Ağsu bələdiyyəsi tərəfindən iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirməmişdir. Üçüncü şəxs X7 tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) bildirilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-56/2022 nömrəli qərardadı ilə X3 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb edilməsi zəruri cəlbetməyə dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi alqı-satqı zamanı torpaq sahəsi ilə bağlı mübahisənin olmasından məlumatlı olduğunu, iddiaçının mübahisəli torpaq sahəsinin ona məxsus olması barədə məlumat verdiyini, lakin bələdiyyə qərarları artıq qəbul edildiyindən alqı-satqını həyata keçirdiyini bildirmiş, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı bələdiyyənin qərarları ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərarlar iddiaçıya məlum olduqdan sonra məhkəməyə müraciət etmişdir. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və əsaslıdır. Məhkəmə işin araşdırılması zamanı aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan DƏDRX 14 saylı Şamaxı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********21 nömrəli məktubuna əlavə olunmuş: 3125A kod 40901004 nömrəli Şəhadətnamədən görünür ki, Ağsu rayon AİK-nın xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə 0,05 ha həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. Ağsu RİH Memarlıq və tikinti şöbəsinin Ağsu bələdiyyəsinə ünvanladığı xx.xx.2018ci il tarixli 152 nömrəli məktubundan görünür ki, 0,05 ha həyətyanı torpaq sahəsinin ayrılmasına Şöbə etiraz etməmişdir. xx.xx.2018-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Ağsu şəhəri Z.Bünyadov küçəsi İV paralel, 13 ünvanında yerləşən 0,0498 ha torpaq sahəsi Ağsu bələdiyyəsinin mülkiyyətində olmuşdur. xx.xx.2019-cu il tarixli ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0498 ha torpaq sahəsini İddiaçı satmışdır. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağsu şəhəri Z.Bünyadov küçəsi İV paralel, 13 ünvanında yerləşən 0,0498 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan: Cavabdehin Məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 29 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının ləğvini tələb etdiyi qərarlar və onlara aid sənədlərdən torpaq sahəsinə dair Ağsu bələdiyyəsində heç bir sənəd mövcud deyil. Ağsu rayon Dövlət Arxivi xx.xx.2021-ci il tarixli 38 nömrəli məktubunda bildirmişdir ki, Ağsu bələdiyyəsi tərəfindən məhkəmənin sorğusunda qeyd edilən heç bir sənəd Dövlət Arxivinə təhvil verilməmişdir. DƏDRX 14 saylı Şamaxı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********99 nömrəli məktubunda qeyd olunur ki, Ağsu Bələdiyyəsinin adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarışa əlavə edilən A№ 232780 saylı plan və ölçü sənədində göstərilən 0,0498 ha torpaq sahəsinin koordinatları ilə İddiaçınin adına qeydiyyata alınmış xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli çıxarışa əlavə edilən A№ 386742 saylı plan və ölçü sənədində göstərilən 0,0498 ha torpaq sahəsinin koordinatları eynilik təşkil edir və eyni torpaq sahəsinə aid olduğu müəyyən edildi. Belə ki, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarış sənədi ilə Ağsu Bələdiyyəsinin mülkiyyətində olan 0,0498 ha torpaq sahəsi Ağsu rayonu notariat ofisində 2 may 2019-cu il tarixli 4Ə-3 qeydiyyat nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmışdır. Həmin alqı-satqı müqaviləsi İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli 62 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2017ci il tarixli iclas protokolunun 16 saylı qərarından çıxarışdan görünür ki, həmin qərarla Ağsu rayon Ağsu bələdiyyəsinin mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu - təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına ərazinin planlaşdırılması və tikintisi tikinti layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə isdifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zolağında yerləşmədiyindən həmin torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə icarəyə verilməsi hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli 62 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2018ci il tarixli 23 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, həmin qərarla Ağsu bələdiyyəsinin ehtiyyat fonduna aid yaşayış məntəqəsi torpaqlarından olan Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş limonad sexinin qərb tərəfi ünvandan 0,0468 hektar torpaq sahəsinin həyətyanı məqsədi ilə mülkiyyətə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmış, Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş limonad sexinin qərb tərəfi ünvandan 0,0468 hektar torpaq sahəsinin 5 ildən artıq Ağsu bələdiyyəsinin ərazisində yaşayan X4 645,84 manata fərdi yaşayış evinin tikintisi məqsədilə satılması qərara alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli 62 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2019cu il tarixli ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,0468 ha torpaq sahəsini X2. Satılan daşınmaz əmla aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur: ƏMDK DƏDRX 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Ağsu bələdiyyəsinə verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış. RX seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, 0,0468 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. İddiaçı torpaq sahəsinin satılacağı barədə məlumat tutduqdan sonra cavabdehə etmiş olduğu yazılı müraciətin surətini xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş ərizənin surətinə əsasən müəyyən olunur ki, ərizə Ağsu bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********67 nömərli məktubunda qeyd olunmuşdur ki, arxivdə aparılmış araşdırma nəticəsində subyektlərin siyahısında X3 adı aşkar edilməmişdir. Məktuba əlavə olunmuş subyektlər siyahısının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı qanuni istifadəsində 0,05 ha həyətyanı torpaq sahəsi vardır. Xəritədə nömrəsi 3125 olaraq göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********18 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağsu şəhəri ərazisində Torpaq islahatı zamanı torpaq almaq hüququ olan subyektlərin siyahısında 3125 nömrənin qarşısında mülkiyyətçinin adı naməlum sözü ilə qeyd olunmuşdur. (Halbu ki, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMCnin xx.xx.2022-ci il tarixli **********67 nömərli məktubuna əlavə olunmuş subyektlər siyahısında İddiaçı adı qeyd olunmaqla, xəritədə nömrəsi 3125 olaraq göstərilmişdir.) Ləğv edilmiş DTXK tərəfindən təqdim olunmuş arxiv sənədlərində JN- 3125A nömrəli şəhadətnamə X6 adına işlənib, bu barədə qeydiyyat kitabında qeyd var. Lakin sözügedən şəhadətnamə elektron xəritə bazasında öz əksini tapmamışdır. Naturada yerləşən torpaq sahəsinin üzərində Ağsu bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2028-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə əsasında qeydiyyata alınmış və sonradan İddiaçı satılmışdır. Lakin Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə Ağsu bələdiyyəsinə verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsi, İddiaçı deyil AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə X1. Beləliklə naturada şəhadətnamə əsasında iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsə satıldığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının “Torpaq məcəlləsi”nin 73-cü maddəsinə əsasən:
1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə.
2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.
3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).
4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Məcəllənin 75-ci maddəsinə görə:
1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.
2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.
3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.
4. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər də verə bilərlər.
5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar.
6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Torpaq Məcəlləsinin 73.1-ci maddəsinin 7 və 8-ci abzaslarına əsasən istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi və torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilməməsi torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi əsaslarına aiddir ki, həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən bu hallarda torpaq üzərində icarə hüququna məhkəmə tərəfindən xitam verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. ... 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları. ...7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən və hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün əsas olan JN- 3215A nömrəli Şəhadətnamə olduğu halda, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli iclasın qərarı ilə mübahisəli torpaq sahəsi üzərində icarəyə verilmə hüququnun qeydə alınması prosedurlarına başlanmış, xx.xx.2021-ci tarixli iclasın qərarı ilə isə torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılması qərara alınmışdır. Cavabdehin mübahisəli qərarları hüquqa zidd olmaqla yanaşı iddiaçının mülkiyyət hüququnu pozmaqdadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Ağsu rayonu Ağsu bələdiyyəsinin 04 avqust 2017-ci il tarixli 16 saylı iclasının və 08 noyabr 2018-ci il tarixli 23 saylı islasının mübahisəli torpaq sahəsinə dair qərarları ləğv edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid İsmayılzadə