Məhkəmə qərarları › İş №2-1(116)-560/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-560/2020

13.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-560/2020 13.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "pensiyanın dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 31.05.1985-ci il tarixdən 30.09.2002-ci ilədək X5 Avtomobil dəstəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1960-cı ildə ildə Oğuz rayonu Muxas kəndində anadan olmuşdur. 1977ci ildə orta məktəbi qurtarıb, 1977-ci ilin sentyabr ayından 1980-ci ilin aprel ayınadək Mingəçevir şəhər Politenik Texnikumunda avtomobil texniki ixtisası üzrə gündüz şöbəsində təhsil almışdır. 19.04.1980-ci ildən 15.05.1982-ci ilədək ordu sıralarında xidmət etmişdir. 02.07.1982-ci ildən 22.12.1982-ci ilədək Melorasiya Tikinti-Baş idarəsinin Daşağıl sahəsində fəhlə işləmişdir. 02.02.1983-cü ildən 07.02.1984-cü ilədək 80 saylı Yol-Tikinti idarəsində Çilingər vəzifəsində işləmişdir. 27.04.1984-cü ildən 06.05.1985-ci ilədək Oğuz 5 saylı Tütünçülük Sovxozunda sürücü işləmişdir. 31.05.1985-ci ildən 30.09.2002-ci ilədək X2 Oğuz rayon avtomobil dəstəsində sürücü vəzifəsində işləmişdir. 2017-ci ildə Bakı şəhərində ağır cərrahiyyə əməliyyatı keçirmiş və həkim Əmək Ekspert Komissiyasının qərarına əsasən ona İİ Qrup əlillik kəsilmişdir. Pensiya təminatı almaq üçün “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” yanında Dövlət Sosial Fondunun Oğuz rayon Şöbəsinə müraciət etmiş, lakin iddiaçıya 11.12.2019cu il tarixdə göndərilmiş **********4 saylı məktubda 31.05.1985-ci il tarixdən 31.12.1997-ci il tarixədək olan dövr üçün işlədiyi müddətdə aldığı əmək haqqına dair əmək haqqı arayışı təqdim edə bilmədiyinə görə həmin müddətin Sosial Sığorta Stajına daxil edilmədiyini bildirmişlər. Yevlax Avtobazasının 01.06.2017-ci il tarixli 26 saylı arayışında 1997-ci ildə Yevlax şəhərində təbii fəlakət nəticəsində Avtobazanı sel basdığından əmək haqqı kitabları suda qalaraq tamamilə məhv olduğunu bildirmişlər. Arayışda həmçinin onun 31.05.1985-ci ildə 50 saylı əmrlə işə qəbul olunduğunu və 30.09.2002-ci ildə 23 saylı əmrlə işdən azad olunduğunu qeyd edilmişdir. DSMF-nin Yevlax şəhər şöbəsinin 02.06.2017-ci il tarixdə verdiyi 46/1752 saylı X3 01.10.2002-ci il tarixədək DSMF-nin Yevlax şəhər şöbəsi ilə hesablaşma aparıldığı bildirilir. DSMF-nin Oğuz rayon şöbəsinin müraciətə verdiyi cavab iddiaçını qane etmədiyindən və qanunla qorunan mənafeyinə toxunduğundan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmənin 13.05.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “pensiyanın dayandırılmasına dair cavabdehin hərəkətləri qanunsuz hesab edilməsi, 31.05.1985-ci il tarixdən 30.09.2002-ci ilədək X5 Avtomobil dəstəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəsi iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin etirazı: İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlər nəzərə alınaraq 01.04.2017-ci il tarixdən 17 il 04 ay iş stajına uyğun olaraq (tələb edilən norma 14 ildir) 131.49 manat məbləğində İİ qrup əlilliyə görə əməl pensiyası təyin edilmişdir. Lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı vətəndaşın 31.05.1985-cü il tarixdən 31.12.1997-ci il tarixədək X5 Rayon Avtonəqliyyat Müəssisəsində işlədiyi dövrə aid əmək haqqı arayışı təqdim edilmədiyinə görə həmin dövr yəni 12 il 07 ay hesablamadan çıxarılmışdır. Nəticədə vətəndaşın staj hüququ yaranmadığına görə ona təyin edilən pensiyanın ödənişi 01.01.2020-ci il tarixdən dayandırılmışdır. Bu barədə vətəndaşa şöbə tərəfindən 11.12.2019-cu il tarixli **********4 nömrəli məktubu ilə rəsmi məlumat verilmişdir. İddiaçı 11.12.2019-cu il tarixdə müraciət edərək 31.05.1985-cü il tarixdən 30.09.2002-ci il tarixədək X5 Avtomobil Dəstəsində işlədiyi dövrün iş stajının nəzarə alınmasını və pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Yevlax Avtobazası tərəfindən verilmiş 01.06.2019-ci il tarixli 26 nömrəli arayışda 1997-ci il tarixdə baş vermiş təbii fəlakət nəticəcində avtobazanı sel basdığı üçün həmin dövrə aid əmək haqqı və əmək haqqına dair əmək haqqı sənədləri məhv olduğu bildirilmişdir. Bu səbəbdən də həmin dövr iş stajı kimi nəzərə alınmamışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı, 0******* nömrəli ş/v təsdiqlənmiş surəti, ƏƏSMN yanında DSMF-nin Oğuz rayon Şöbəsinin 11.12.2019-cu il tarixli, ********** nömrəli imtina məktubu, 11.02.2020-ci il tarixli **********9 nömrəli etirazı, DSMF-nin 02.06.2017-ci il tarixli 46/1752 nömrəli arayışı, Azərbaycan Respublikası Yevlax Avtobazasının 01.06.2017-ci il tarixli 26 nömrəli arayışı, НЗ seriyalı ******* nömrəli hərbi biletin və ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İş materiallarında olan Cavabdeh 11.12.2020-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, təqdim etdiyi əmək kitabçasında iddiaçının 31.05.1985-ci il tarixdən 30.09.2002-ci il tarixədək X5 Avtomobil Dəstəsində sürücü işlədi qeyd edilmişdir. X7 tərəfindən verilmiş 01.06.2017-ci il tarixli 26 saylı arayışda 1997-ci il tarixdə baş vermiş təbii fəlakət nəticəsində avtobazanı sel basdığı üçün həmin dövrə aid əmək haqqı və əmək haqqına dair əmək haqqı sənədləri məhv olmuşdur. Bundan başqa arayışda 1998-ci ildən 2002-ci ilədək maddi-məsul şəxs kimi öhdəsində əmlak olduğu üçün adı əmrdə saxlanılmış, əmək haqqı almadığı bildirilir. 31.05.1985-ci il tarixdən 31.12.1997-ci il tarixədək olan dövr üçün işlədiyi müddətdə isə aldığı əmək haqqına dair əmək haqqı arayışı təqdim edə bilmədiyinə görə həmin müddəti sosial sığorta stajı kimi qəbul edilə bilmir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1 yanvar 2006-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ 01 aprel 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə 01.04.2017-ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlər nəzərə alınaraq 01.04.2017-ci il tarixdən 17 il 04 ay iş stajına uyğun olaraq (tələb edilən norma 14 ildir) 131.49 manat məbləğində İİ qrup əlilliyə görə əməl pensiyası təyin edilmişdir. Lakin 2019-cu ilin dekabr ayında şöbədə aparılan araşdırma zamanı vətəndaşın 31.05.1985-cü il tarixdən 31.12.1997-ci il tarixədək X5 Rayon Avtonəqliyyat Müəssisəsində işlədiyi dövrə aid əmək haqqı arayışı təqdim edilmədiyinə görə həmin dövr yəni 12 il 07 ay hesablamadan çıxarılmış və vətəndaşın staj hüququ yaranmadığına görə ona təyin edilən pensiyanın ödənişi 01.01.2020-ci il tarixdən dayandırılmışdır. İddiaçının 01.04.2017-ci il tarixə tələb olunun 14 il sığorta stajına malik olması iş materiallarına əlavə olunmuş pensiya işi ilə, 2-ci qrup əlil olması isə TSEK-in əlilliyə dair arayışı ilə təsdiq olunur ki, cavabdeh tələb olunan əmək stajının öz təsdiqini tapmaması əsası ilə iddiaçıya əlilliyə görə təyin edilmiş pensiyanı dayandırmaqda haqlı olmamış, bununla da iddiaçının pensiya hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh İddiaçı təyin edilmiş pensiyanın dayandırılmasına dair hərəkəti qanunsuz hesab edilməli və cavabdehin üzərinə əmək pensiyasının bərpa edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 31.05.1985-ci il tarixdən 30.09.2002-ci ilədək X5 Avtomobil dəstəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar