Məhkəmə qərarları › İş №2-1(116)-560/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-560/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-560/2023 17.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X18 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "JN-114 kod 90108028 nömrəli "Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilmiş Yevlax rayon Kövər kəndində yerləşən 2,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN-114 kod 90108028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə onun və ailə üzvlərinin mülkiyyətində olan, Yevlax rayon Kövər kəndində yerləşən 2,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, JN-114 kod 90108028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 2,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X8, X5, X1, İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2503/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, X15, X12, X2 inzibati iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında, tələbini dəqiqləşdirərək “JN-114 kod 90108028 nömrəli "Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilmiş Yevlax rayon Kövər kəndində yerləşən 2,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1993-cü ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuşdur. Hazırda da ailəsi ilə birlikdə həmin kənddə yaşayır. İddia ərizəsinə əlavə olunmuş JN-114 saylı (kod ********) «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»ndan görünür ki, Yevlax RAİK-nın 12 iyun 1998-ci il tarixli 05 №li qərarı ilə ona və ailə üzvlərinə (X16, X6, X13 və İddiaçı) kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2,82 ha torpaq sahəsi verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək həmin torpaq sahəsinə çıxarış verilməsini xahiş etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavadeh orqan iddia tələbinə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli etirazlarında qeyd etmişdir ki, analoji iş üzrə iddiaçı ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. İddiaçıya bildirilmişdir ki, üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmalı olan torpaq sahəsinə dair (bundan sonra mübahisə predmeti) təqdim olunmuş torpaqayırma sənədləri ekspertiza olunmuş 2,82 ha torpaq sahəsinə aid təqdim edilən JN-114 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə verilmiş torpaq sahəsi elektron xəritə bazasında (DWG) öz əksini tapmasına baxmayaraq, Yevlax rayonu, Kövər kəndinə dair ərazi idarəsinə DTXK tərəfindən iki xəritə təhvil verilmiş, lakin bu xəritələrdən hansının qüvvədə olmasını aşkar etmək mümkün olmadığı bildirilmişdir. İmtinanın mahiyyəti ondan ibarətdir ki, iddiaçının təqdim edərək JN-114 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair" dövlət aktı ilə tələb etdiyi torpaq sahəsinin cizgisi elektron uçot və kompleks yerquruluşu layihəsində mövcud deyil. Eyni zamanda, təqdim edilən sənədin də doğruluğu ciddi şübhələr doğurur. Belə ki, sənədin subyektlər siyahısında İddiaçı və ailə üzvlərinə ayrılan torpaq sahəsinin ölçüsü 2,82 ha qeyd olunsada, həmin sənədin torpaq sahəsinin cizgisi səhifəsində cəmi 0,4082 hektar kimi qeyd olunur. Ərazi İdarəsi tərəfindən elektron xəritə baza məlumatları ilə vətəndaşın təqdim etdiyi sənəd araşdırılaraq məlum oldu ki, sözügedən cizgi xəritə baza məlumatlarında mövcud deyil, həmin ərazidə başqa şəxslərə yəni Yevlax rayon Kövər kənd sakinlərinin mülkiyyətinə verilmiş torpaq sahələridir və iddiaçıya məxsus olması barədə hər hansı sübut təqdim edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, X3 uçot informasiya sistemində JN-114 nömrəli Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin yeri və hansı döngə nöqtələrinin koordinatlar daxilində yerləşməsi qeyd edilməmişdir. Həmin torpaq sahəsinə dair heç bir sənəd təqdim olunmadığı üçün ərizənin icrasından imtina edilmişdir. Ərazi idarəsinin arxiv materiallarına və elektron baza məlumatlarına əsasən əraşdırma zamanı məlum olmuşdur ki, vətəndaşın mülkiyyətində olan torpaq sahəsi ilə X3 X4 göstərilmiş torpaq sahəsinin faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluq vardır. Belə ki, həmin məlumatlara əsasən 2,82 ha torpaq sahəsi azalma ilə 2,23 ha göstərilmişdir. Azalmanın səbəbi onunla izah olunur ki, Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların xüsusi mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair hüquqların dövlət reyestrindən çıxarış elektron (DWJ) xəritə baza məlumatlarına əsasən verilsə də Azərbaycan Respublikasının prezidentinin xx.xx.2016-cı il tarixli fərmanına əsasən ölkə ərazisində təkrar inventarlaşma ilə bağlı “X9 İnformasiya Sistem”-i yaradıldıqdan sonra faktiki istifadə etdikləri natura üzrə konfiqurasiyasının olması ilə bağlıdır. Vətəndaşa izah olunmuşdur ki, sənəd və faktiki sahə üzrə uyğunsuzluğun aradan qaldırılması üçün tələbkarın rəsmi razılığı əsasında 2.23 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsüsənədlərinin verilməsi mümkündür. Bu sahədə artıq inzibati təcrübə də mövcuddur. Belə ki, hüquq sahibi faktiki istifadə etdiyi sahəyə dair azalmanı könüllü qaydada öz iradəsi ilə qəbul edir və buna dair notarial qaydada razılıq verir. Məlumat olaraq bildirik ki, 2,23 ha torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş azalma ərizəsi ilə 17 saylı Yevlax Ərazi İdarəsinə rəsmi təqdim edilərsə mübahisənin məhkəmədən kənar həlli mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-114 kod 90108028 nömrəli Dövlət Aktından görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə X10 və ailə üzvlərinə (X6, X13 və İddiaçı) 2,82 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Kövər bələdiyyəsinin “X3 X11”ndəki xəritəsində İddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN-114 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş və naturada müəyyən edilərək elektron uçot məlumatlarında qeydə alınmış 2,23 ha torpaq sahəsi mövcuddur. TEKUİS məlumatlarına əsasən qeydə alınmış 2,23 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası əkin, mülkiyyətçisi X16 və ailə üzvləri. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirakını təmin etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və üçüncü şəxslərin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. İşin hallarından göründüyü kimi iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı JN-114 kod 90108028 nömrəli "Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilmiş Yevlax rayon Kövər kəndində yerləşən 2,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Cavabdeh orqan ilkin imtina cavabını və etirazını etirazını JN-114 kod 90108028 nömrəli "Torpağa mülkiyyət hüququna dair” dövlət aktının cizgisisinin elektron uçot və kompleks yerquruluşu layihəsində, o cümlədən elektron xəritə baza məlumatlarında öz əksini tapmaması ilə əsaslandırmışdır. Lakin, nəzərə alınmalıdır ki, sözügedən Dövlət Aktının arxiv nüsxəsi mövcuddur və onun mötəbərliyə heç bir şübhə yoxdur. Sonradan cavabdeh orqan məhkəməyə təqdim etdiyi etirazında iddia olunan torpaq sahəsinin azalma ilə 2,23 ha mövcud olmasını bildirmiş, azalmanın səbəbi Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların xüsusi mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair hüquqların dövlət reyestrindən çıxarış elektron (DWJ) xəritə baza məlumatlarına əsasən verilsə də, Azərbaycan Respublikasının prezidentinin xx.xx.2016-cı il tarixli fərmanına əsasən ölkə ərazisində təkrar inventarlaşma ilə bağlı “X9 İnformasiya Sistem”-i yaradıldıqdan sonra sənəd üzrə torpaq sahələri ilə faktiki istifadə edilən torpaq sahələri arasında konfiqurasiya fərqinin olması ilə izah edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, JN-114 kod 90108028 nömrəli "Torpağa mülkiyyət hüququna dair” dövlət aktının kağız üzərində qeyd olunmuş məlumatları elektron daşıyıcı məlumatlarından üstün olduğundan və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.5-ci maddəsinə əsasən sözügedən Dövlət Aktı torpaq sahəsi üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması üçün birbaşa əsas olduğundan, iddiaçı, sözügedən Dövlət Aktında qeyd edilmiş torpaq sahəsinin naturada mövcud olan 2.23 ha hissəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə JN-114 kod 90108028 nömrəli "Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd edilmiş Yevlax rayon Kövər kəndində yerləşən 2,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar