Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-560/2024 03.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Topçu Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 02 saylı qərarı ilə iddiaçıya satılmış İsmayıllı rayonu Topçu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın verilməsi və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı rayonu Topçu Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 02 saylı qərarı ilə iddiaçıya satılmış İsmayıllı rayonu Topçu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın verilməsi və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2857/2023 nömrəli qərardadı ilə İsmayıllı rayonu Topçu Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1987-ci ildə İsmayıllı rayonun Topçu kəndində anadan olmuş,həmin kənddə qeydiyyatdadır.İsmayıllı rayonu Topçu Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 02 saylı qərarı ilə ona bələdiyyənin mülkiyyətində olan, kəndin prespektiv inkişaf fonduna aid olan torpaqlardan 0.10 ha həyətyanı torpaq sahəsi ilk dəfə həyətyanı torpaq sahəsi alan şəxs kimi hərracdan kənar satılmışdır. Bələdiyyə iddiaçının ərizəsini nəzərə alaraq qanunvericiliyin tələblərinə uyğun olaraq 0.10 ha həyətyanı torpaq sahəsi satmış, bunun üçün AR DTXK- nin İsmayıllı rayon şöbəsinin və İsmayıllı rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müsbət rəylərini almışdır. Torpağın nəzərdə tutulmuş dəyəri tərəfimdən bələdiyyənin bank hesabına ödənilmişdir. Həmin torpaq sahəsinin iddiaçıya satılmasına dair İsmayıllı rayonu Topçu Bələdiyyəsinin sədrinin, iddiaçının və DTXK-nin İsmayıllı rayon şöbəsinin müdirinin iştirakı ilə “Torpaqların alqısatqısına dair” Akt tərtib olunmuşdur. Həmin qanuni sənədlərə əsasən AR DTXK-nin İsmayıllı rayon şöbəsi tərəfindən torpağın İsmayıllı rayonu Topçu kəndinin xəritəsi üzrə cizgisi hazırlanmış və təsdiq edilmişdir. Qeyd edilən cizgiyə uyğun olaraq AR DTXK-nin İsmayıllı rayon şöbəsi tərəfindən adına A № 390709 nömrəli “X6 və Ölçüsü” sənədi hazırlanmışdır.Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə verdiyi imtina məktubu vermişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, İsmayıllı rayonu X2 Mübariz Sahib oğluna 0.10 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair xx.xx.2012-ci il tarixli, 02 saylı qərarı “Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466- saylı 111 QD Azərbaycan Respublikasının Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466- saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. İsmayıllı rayonu Topçu Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 02 saylı qərarından görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0,10 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır.
2. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı İsmayıllı rayonu Topçu Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı İsmayıllı rayonu Topçu Bələdiyyəsi ərazisindən 0.10 ha torpaq sahəsi ayrılmışdır
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylə Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-1085/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu Topçu Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı satılmış, DT və XK tərəfindən tərtib edilmiş **********0054 nömrəli plan ölçü sənədində göstərilmiş 0,10 hektar həyətyanı torpaq sahəsi Kompleks yerquruluşu xəritəsinə (DVG) əsasən İsmayıllı rayon Topçu kənd inzibati ərazi dairə sərhəddindən kənarda, X3 X4 (TEKUİS) əsasən isə İsmayıllr rayon Topçu kənd inzibati ərazi dairə sərhəddi daxilində yaşayış məntəqələri torpaqlarına aid uqodiyası həyətyanı sahə olmaqla kəndin perspektiv inkişafı üçün ayrılmış bələdiyyə mülkiyyətində olan ərazidə yerləşir. İsmayıllı rayonu Topçu Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı satılmış, **********0054 nömrəli plan ölçü sənədində göstərilmiş 0,10 hektar həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerquruluşu planı üzrə göstərilmişdir. İsmayıllı rayonu Topçu Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 02 saylı qəran ilə İddiaçı satılmış 0,10 hektar həyətyanı torpaq sahəsi ilə İddiaçı faktiki naturada istifadəsində olan 0,118 hektar torpaq sahəsi ilə 0,0805 hektar hissədə üst-üstə düşür. İsmayıllı rayonu Topçu Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı satılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,0205 hektar hissəsi faktiki naturada başqa şəxslərin istifadəsində olan torpaq sahəsi ilə üst- üstə düşür. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,118 hektar torpaq sahəsinin 0,0377 hektar hissəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə, 0,0158 hektar hissəsi magistral yolun (R9) mühafizə zolağına, 0,0225 hektar hissəsi yaşayış məntəqəsinin sərhədləri daxilində bələdiyyə mülkiyyətinə aid əraziyə düşür.
4. iddiaçının təqdim etdiyi xx.xx.2012-ci il tarixli ödəniş qəbzindən görünür ki, 1060 manat məbləğində torpağın dəyəri İsmayıllı rayonu Topçu Bələdiyyəsinin hesabına ödənilmişdir.
5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinin xx.xx.2012-ci il tarixli məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
6. İsmayıllı RİH Memarlıq və tikinti şöbəsinin xx.xx.2011-ci il tarixli , 599 nömrəli məktubundan görünür ki, Şöbə 0.10 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir.
7. A seriyalı 390709 nömrəli “X6 və ölçüsü” sənədindən müəyyən edilir ki, İsmayıllı rayonu Topçu Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 02 saylı qərarı ilə 1000 kv.m həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İsmayıllı rayonu Topçu Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı mülkiyyətinə ayrılan 1000 kv.metr torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2012-ci il tarixli ödəniş qəbzinə əsasən İsmayıllı Rayon Topçu Bələdiyyəsinin hesabına ödənilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mübahisəli torpaq sahəsi iddiaçıya İsmayıllı rayonu Topçu Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 02 saylı qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmış ,həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdehin iddiaya qarşı yeganə dəlili ondan ibarət olmuşdur ki, xx.xx.2007-ci il tarixdən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilərdi. Alqı-satqı predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı-satqı edə bilərdi.Lakin, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə A seriyalı 390709 nömrəli “X6 və ölçüsü” sənədinə əsasən iddiaçının mülkiyyətinə verilmiş 1000 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınıb çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin plan-ölçu sənədi ilə faktiki istifadə arasında müəyyən konfiqurasiya fərqi mövcuddur. Odur ki, həmin torpaq sahəsinə tərtib ediləcək texniki sənəd hazırkı istifadəyə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayonu Topçu Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 02 saylı qərarı ilə iddiaçıya ayrılmış, İsmayıllı rayonu Topçu kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində (faktiki istifadə vəziyyətinə uyğun olaraq) İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə