Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-561/2024 22.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinə kimi 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal İstismar Sahəsində qırçı vəzifəsində işlədiyi dövrlərin pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və iddiaçıya pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinə kimi 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal İstismar Sahəsində qırçı vəzifəsində işlədiyi dövrlərin pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və iddiaçıya pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-12628/2023 saylı qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı əmək pensiyası təyin olunması üçün aidiyyəti üzrə cavabdeh orqana müraciət etmişdir. Müraciətinə xx.xx.2023-cü il tarixdə 3- 17-1/2-İ-105798/2023 nömrəli məktubla cavab verilərək əmək pensiyası təyin edilməkdən imtina edilmişdir. Hazırkı iddia qaldırmaq hüquqi marağı əmək pensiyasının təyin olunmasına nail olmaqdır. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etirazını belə əsaslandırmışdır ki, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ-105798/2023 nömrəli imtina məktubu qanuni və əsaslı olmuşdur. İddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən onun sığorta stajı 15 il 11ay 19 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal istismar Sahəsində işlədiyi dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı adına 226,98 manat məcburi dövlət sosial sığorta haqqı hesablansa da, ödənilməmişdir (çıxarış təqdim olunur). Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir və 01,03.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
2. İşdə olan, cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbi təmin olunmamışdır.
3. İddiaçıya məxsus xx.xx.1976-cı il tarixli nömrəli Əmək kitabçasının surəti.
4. İddiaçıya məxsus ИT-İ № ******* saylı Əmək kitabçası.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu.
Əsaslandırma hissəsi:
Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır.Lakin iddia mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə aşağıdakı qanunvericilik aktlarının müddəalarını hazırkı iddia tələbinə tətbiq edərək iddianı əsassız hesab edir: “Əmək pensiyaları” haqqında Qanunun : 1.0.2 sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır.
İş materiallarına və iddiaçıya məxsus əmək kitabçasına əsasən onun 1976-cı ildən xx.xx.2004-cu ilə qədər hrəbi xidmət dövrü, müxtəlif yerlərdə əmək fəaliyyəti göstərdiyi öz təsdiqini tapmışdır. İşin araşdırılması zamanı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal istismar Sahəsində işlədiyi dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Əgər iddiaçının xx.xx.2006-cı ildən tarixindən sonrakı dövrlərdə sosial sığorta haqları ilə bağlı hansısa ödəniş aparılmış olsa idi iddiaçının 25 il sosial sığorta stajının araşdırılmasına zərurət qalmazdı.Cavabdehin təqdim etdiyi məlumata əsasən belə bir ödəmə aparılmamışdır.İddia olunan dövrə münasibətdə ödəmənin aparılmaması iddiaçının pensiya hüququnun yaranmasının əsası kimi “Əmək pensiyaları” haqqında Qanunun 22- 1.1-ci maddəsinin tətbiqini istisna edir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinə kimi 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal İstismar Sahəsində qırçı vəzifəsində işlədiyi dövrlərin pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və iddiaçıya pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə