Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-562/2024 05.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, üçüncü şəxs X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X6 və X2 adına verilmiş 0.04 ha torpaq sahəsində yerləşən evin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən Çıxarışın evə aid hissəsinin ləğv edilməsi və evin mərhum atası X4 adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və X2 adına verilmiş 0.04 ha torpaq sahəsində yerləşən evin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən Çıxarışın evə aid hissəsinin ləğv edilməsi və evin mərhum atası X4 adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-562/2024 saylı qərardadı ilə X6 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinə əsasən Zaqatala rayon X7 19 oktyabı 2005-ci il tarixli, 117 saylı Qərarı ilə JN-1900A nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Zaqatala şəhəri V.İsmayılov küçəsində 0.08 ha həyətyanı torpaq sahəsi iddiaçının, mərhum atası X5, X6 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. Qeyd olunan 0.08 ha torpaq sahəsi üzərində atası tərəfindən inşa edilmiş və atasına məxsus olan kürsülü ev iddiaçıya mərhum X9 tərəfindən Zaqatala rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 13 aprel 2005-ci il tarixli vəsiyyətnamə əsasında vəsiyyət edilmişdir. İddiaçıya vəsiyyət olunmuş ev İcraiyyə Komitəsinin 17 iyul 1986-cı il tarixli, 259 nömrəli, 82 inventar nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən X5 mülkiyyəti olmuşdur. Həmin torpaq sahəsi sonradan məhkəmə qətnaməsi əsasında naturada iki hissəsyə bölünmüşdür.İddiaçıya vəsiyyət olunmuş kürsülü ev bölgü zamanı İsmayılov Kamaz və İsmayılova Arzuya verilmiş 0.04 ha hissədə qalmış və adları çəkilən şəxslər isə tam qanunsuz olaraq iddiaçıya vəsiyyət olunmuş evə xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən Çıxarış alaraq həmin evi öz adlarına mülkiyyət hüququ əsasında rəsmiləşdirmişlər. İddiaçı cavabdehə müraciət edərək, sözügedən çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin, cavabdeh tərəfindən ona təqdim olunan xx.xx.2023-cü il tarixli məktubda ərizənin icrasından imtina edilmişdir. Cavabdeh orqan, iddia tələbinə etirazını müraciətdə qeyd olunan məsələnin həlli iddiaçının ərizəsinə əsasən ərazi idarəsinin səlahiyyətləri daxilində olmaması ilə əsaslandırmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxs gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AZ-İİ 195600 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2005-ci il tarixində vəfat etmişdir.
3. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı.
4. Zaqatala rayon 2 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli 877 nömrəli məktubunun surəti.
5. Dövlət Notariat Arxivinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2005-ci il tarixli 2V-75 reyestr nömrəli vəsiyyətnamənin surəti.
6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-973/2021 saylı qərarı.
7. RX ******* seriya nömrəlı, xx.xx.2018-ci il tarixli çıxarış;
8. Zaqatala Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli 50584 nömrəli qərarı.
9. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-25/2018 nömrəli qətnaməsinin surəti.
10. JN-1900A KOD 40201004 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 117 saylı qərarı ilə X10 və ailə üzvlərinə 0.08 ha torpaq sahəsi verilmişdir.
11. 7307 inventar nömrəli Texniki Pasportun surətindən görünür ki, ünvan 1 ünvanın hüquqi subyekti X1.
12. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.
Əsaslandırma hissəsi:
Hazırkı iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.İddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı X6 və X2 adına verilmiş 0.04 ha torpaq sahəsində yerləşən evin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən Çıxarışın evə aid hissəsinin ləğv edilməsi və evin mərhum atası X4 adına dövlət qeydiyyatına alınmasından ibarətdir. İddiaçı həmin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə qanunsuz olaraq verildiyini, bu baxımdan da çıxarışın ləğvini tələb edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-25/2018 nömrəli qətnaməsinə ilə JN-1900A nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətə verilmiş Zaqatala şəhəri V.İsmayılov küçəsində 0.08 ha həyətyanı torpaq sahəsindən 2/4 hissədə X6 və X2 naturada payı müəyyən edilmişdir. Qeydiyyatı mübahisələndirilən fərdi yaşayış evinin naturada mövcudluğu müəyyən edilməmişdir. RX ******* seriya nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və ümumi sahəsi 206,7 kv.m fərdi yaşayış evi üzərində X6 və X2 ümumi birgə qeydiyyata alınmışdır.Həmin evə dair tərtib edilmiş texniki pasportdan görünür ki,fərdi yaşayış evi 2007-ci ildə inşa edilmişdir. İş materiallarında olan 1996-2000-ci illərə dair Təsərrüfatbaşına kitablarda həmin dövrdə olan ünvanı ilə fərdi yaşayış evinin sahəsi 48 kv.m olaraq göstərilmişdir.Eyni ilə Zaqatala rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 13 aprel 2005-ci il tarixli vəsiyyətnamədə də vəsiyyət olunan fərdi yaşayış evinin ünvanı əvvəlki ünvan göstərilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan ünvanda mövcud olmuş fərdi yaşayış evi hazırda həmin ölçülərdə deyildir.Üzərində mülkiyyət hüququ qeydə alınan fərdi yaşayış evinin ümumi sahəsi 206,7 kv.m təşkil edir.Bu baxımdan da həmin fərdi yaşayış evinin söküldüyü və ya əlavə tikili ilə artırıldığı inzibati məhkəmə araşdırmasının predmeti deyildir. Nəticə etibarı ilə yuxarıda qeyd olunan qeydiyyat sonradan inşa edilmiş fərdi yaşayış evinə və üçüncü şəxslərin naturada ayrılmış 0,04 ha torpaq sahəsinə münasibətdə aparıldığından qeydiyyatın ləğvi tələbi əsassızdır. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına və tətbiq olunan hüquq normalarına əsasən hesab edir ki, üçüncü şəxsə məxsus çıxarış ilkin hüquqmüəyyənedici sənədə əsasən düzgün tərtib olunduğundan və onun ləğvi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı :
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X6 və X2 adına verilmiş 0.04 ha torpaq sahəsində yerləşən evin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən Çıxarışın evə aid hissəsinin ləğv edilməsi və evin mərhum atası X4 adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə