Məhkəmə qərarları › İş №2-1(116)-563/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-563/2020

20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-563/2020 20.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı X2 Cavabdehnə qarşı “hüququnun yarandığı 02.03.2018-ci il tarixdən ona əmək pensiyasının təyin edilməsi, həmin tarixdən 01.01.2019-cu il tarixədək yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1991-ci ildən 1992-ci ilədək Zərdab rayon, Aşağı Seyidlər kəndinin “Azərbaycan” kolxozunda suçu işləməsi və 1993, 1994, 1995-ci illərdə Zərdab rayon “Aşağı Seyidlər” kolxozunda işləməyi barədə faktın təsdiq edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il tarixdə Zərdab rayonunda anadan olmuşdur. O, 1991-1995-ci illərdə Zərdab rayonunda “Azərbaycan” və “Aşağı Seyidlər” kolxozlarında işləmişdir. Lakin iddiaçının əmək kitabçasında bu müddətlər qeyd edilməmişdir. Həmin illərdə qeyd olunan kolxozlarda işləməsini Zərdab rayon Dövlət Arxivinin 11.02.2020-ci il tarixli 32 saylı arayışı və Zərdab rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli 2(35)-759/2018 nömrəli qətnaməsi təsdiq edir. Yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan pensiya təyinatından imtina etmiş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İddiaçıya 28.01.2020-ci il tarixdə yardım məktubu yazılaraq iddia tələbində dəqiqləşmə aparması təklif edilmişdir. Bununla bağlı iddiaçı məhkəməyə 14.02.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “1991-1995 illərdə Zərdab rayonu “Azərbaycan” və “Aşağı Seyidlər” kolxozunda işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək yaşa görə pensiya hüququna yenidən baxılmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı 12.08.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə yenidən ərizə təqdim edərək “hüququnun yarandığı 02.03.2018-ci il tarixdən ona əmək pensiyasının təyin edilməsi, həmin tarixdən 01.01.2019-cu il tarixədək yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizənin icraata qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Həmin tarixli məhkəmə iclasında ərizə məhkəmənin icraatına qəbul edildi. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, Zərdab rayon Aşağı Seyidlər kənd sakini İddiaçı pensiya təyinatı üçün hüququnun yarandığı tarixədək 25 il sosial sığorta stajı və 16742,88 manat pensiya kapitalı tələb olunur. Vətəndaşın 02 mart 2018-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. Hüququn yarandığı tarixədək İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün təqdim etdiyi sənədlər üzrə mübahisələndirilməyən 01.01,2006-cı ilədək 17 il 05 ay 24 gün sığorta stajı və 11558.56 manat pensiya kapitalı, 01.01.2006-cı il tarixdən pensiya hüququ yarandığı tarixədək 04 il 08 ay sığorta stajı və 4352,67 manat pensiya kapitalı - cəmi 22 il 01 ay 24 gün sığorta stajı və 15911.23 manat pensiya kapitalı vardır. Mübahisəli iş stajı 03 il 08 ay və pensiya kapitalı 2433,38 manat təşkil edir. İddiaçının tələbinə uyğun iş stajı 1991-1995-ci illər üzrə 03 il 08 aydır. Vətəndaşın yaşına uyğun 25 il sosial sığorta stajı tələb olunmasına baxmayaraq pensiya təyin edilməsi üçün tələb olunan 16742.88 manat kapitalı yaranmadığı üçün pensiya təyinatından imtina edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar verilməsini xahiş etdi. İş materiallarında olan Zərdab rayon Dövlət Arxivinin arayışından müəyyən edilir ki, iddiaçı “Azərbaycan” kolxozunda 1991-40, 1992-139 adam günü olmaqla işləmişdir. İş materiallarında olan Zərdab rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli 2(35)- 759/2018 nömrəli Qətnaməsindən iddiaçının 1993, 1994, 1995-ci illərdə Zərdab rayon “Aşağı Seyidlər” kolxozunda taxıl briqadiri vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan 18.03.2020-ci il tarixli Aktdan müəyyən olunur ki, Zərdab rayon Dövlət Arxivində saxlanılan arxiv sənədləri əsasında keçmiş “Azərbaycan” kolxozunun kolxozçularla hesablaşma kitablarına əsasən 27 iyul 2018-ci il tarixli 318 saylı arxiv arayışına əsasən əmək fəaliyyətini araşdırdıqda iddiaçının arayışda qeyd edildiyi kimi əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2018-ci il tarixli 2- 1(84)-1018/2018 nömrəli qərarından müəyyən edilir ki, 1996, 1997-ci illərdə Zərdab rayonunda keçmiş “Aşağı Seyidlər” kolxozunda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi qərara alınmışdır. İş materiallarında olan cavabdehin 30.04.2019-cu il tarixli arayışından müəyyən edilir ki, iddiaçı 01.01.2019-cu il tarixdən ömürlük şəxsi hesab nömrəsi 280579 olmaqla ƏƏSMN yanında DSMF-nin Zərdab rayon şöbəsi tərəfindən hər ay 165.04 manat əmək pensiyası ilə təmin edilir. İş materiallarında olan cavabdehin 19.08.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, iddiaçının 01.01.2006-cı il tarixədək sosial sığorta stajı 17 il 03 ay 24 gün və pensiya kapitalı 12100.49 manat, 01.01.2006-cı il tarixdən sonra sığorta stajı 04 il 08 ay 00 gün (hüquq yarandığı tarixə) və pensiya kapitalı 4352.67 manat təşkil edir. Həmçinin iddiaçının cəmi 21 il 11 ay 24 gün sığorta stajı və 16453.16 manat pensiya kapitalı vardır. Eləcə də cavabdeh sözügedən məktubda qeyd edir ki, Şəki İnzibati-İqtisadi məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2-1(84)-1018/2018 nömrəli qərarının icra olunmamasına səbəb tələb olunacaq qədər sosial sığorta stajının və pensiya kapitalının olmamasıdır. Bundan başqa Zərdab rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2(35)-759/2018 saylı məhkəmə qətnaməsinin qərardad hissəsində 1993-1995-ci illərdə İddiaçı Zərdab rayon “Aşağı Seyidlər” kolxozunda işləməsi faktı qeyd olunsa da həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınması qeyd edilməmişdir. Məktubda cavabdeh məlumat üçün bildirir ki, 2018-ci ildə pensiya hesablanması zamanı diplom hesablanmaya daxil edilmədiyi üçün sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, Zərdab Rayon Məhkəməsinin 2(035)-759/2018 nömrəli, 03.12.2018-ci il tarixli qətnaməsi, cavabdehin 14.02.2020-ci il tarixli **********7 nömrəli imtina məktubu, Zərdab rayon Dövlət Arxivinin 27.07.2018-ci il tarixli 318 nömrəli arayışı, cavabdehin 18.03.2020-ci il tarixli etiraz məktubu, 18.03.2020-ci il tarixli akt, cavabdehin 10.08.2020-ci il tarixli məktubu, 130 nömrəli attestatın təsdiqlənmiş surəti, ******* nöçrəli hərbi biletin təsdiqlənmiş surəti, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2018-ci il tarixli 2-1(84)-1018/2018 nömrəli qərarı, cavabdehin 19.08.2020-ci il tarixli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. İddiaçı 01.09.1971-ci il tarixindən 31.05.1973-cü il tarixinə qədər 68 nömrəli texniki peşə məktəbində təhsil almış, 04.11.1973-cü ildən 13.11.1975-ci ilə qədər hərbi xidmətdə olmuş, 1976-cı ilin yanvar ayından 1980-ci ilin yanvar ayına qədər Zərdab rayon 21 saylı Tikinti Quraşdırma İdarəsində 4 il, Zərdab SMD-66 ATSC-də 9 il 8 ay 15 gün, 1996-1997ci illərdə kolxozda 1 il 7 ay, 1991-1992-ci illərdə kolxozda 8 ay və 01.01.2006-cı ildən sonra 4 il 8 ay işləmişdir. Cavabdeh iddiaçının 01.01.2006-cı il tarixində olan 17 il 03 ay 24 gün müddəti və 01.01.2006-cı ildən sonra 4 il 8 ay müddəti mübahisələndirmir. İddiaçının pensiya hüququ yaranan 02 mart 2018-ci il tarixdə cavabdeh inzibati orqan onun təhsil müddətini və 1991-1992-ci illərdə kolxozda 8 ay işlədiyi müddəti onun sosial sığorta stajına daxil etməmişdir. Həmin vaxt qeyd olunan müddət daxil edilmiş olsa idi iddiaçının 01.01.2006-cı il tarixinə cəmi stajı 19 il 8 ay 24 gün təşkil edərdi. Belə olan halda isə iddiaçının tələb olunan 25 il stajı tamamlanmasa da minimum pensiya təyin etməyə imkan verən kapitalı formalaşardı. (Cavabdehin qeyd etdiyi iddiaçının 01.01.2006cı il tarixədək sosial sığorta stajı 17 il 03 ay 24 gün və pensiya kapitalı 12100.49 manat + 2 il 5 ay və 1682 pensiya kapitalı + 01.01.2006-cı il tarixdən sonra sığorta stajı 04 il 08 ay 00 gün (hüquq yarandığı tarixə) və pensiya kapitalı 4352.67 manat) Göründüyü kimi iddiaçının hüququ yarandığı tarixə pensiya təyin edilməsi üçün 16742 manat 88 qəpik pensiya kapitalı tələb olunurdu. Cavabdeh iddiaçının pensiya hüququnu yarandığı vaxt 16453,16 manat pensiya kapitalının olduğu qeyd etmiş, lakin 1991-1992-ci illərdə kolxozda işlədiyi və təhsil aldığı illəri hesaba almadığı üçün iddiaçının çatışmayan kapitalı formalaşmamışdır. İddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının pensiya yaşı 02.03.2018-ci il tarixdə tamam olmuşdur. Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2026-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının pensiya hüququ yarandığı 02.03.2018-ci il tarixdə həmin toplanmış pensiya kapitalı iddiaçıya pensiya almaq hüququ yaradır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçıya 01.01.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada pensiya təyin edildiyi üçün iddia tələbi təmin edilməli, cavabdehin üzərinə 02.03.2018-ci il tarixdən ona əmək pensiyasının təyin edilməsi, həmin tarixdən 01.01.2019-cu il tarixədək yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə prosessual xərclər olmamışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı hüququnun yarandığı 02.03.2018-ci il tarixdən ona əmək pensiyasının təyin edilməsi, həmin tarixdən 01.01.2019-cu il tarixədək yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar