Məhkəmə qərarları › İş №2-1(116)-564/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-564/2021

04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-564/2021 04.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs: Ağdaş Rayon Qeydiyyat Şöbəsi) “Cavabdeh tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli 900 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs: Ağdaş Rayon Qeydiyyat Şöbəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli 900 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1985-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. İddiaçının valideynləri onun doğumu ilə bağlı iki Şəhadətnamə almışdır. Birinci şəhadətnamə Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən, ikinci Şəhadətnamə isə Cavabdeh tərəfindən verilmişdir. İlk şəhadətnamə xx.xx.1985-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 298 nömrəsi ilə, ikinci şəhadətnamə isə xx.xx.1985-ci iln tarixdə doğum haqqında akt qeydləri kitabında 900 nömrəsi ilə verilmişdir. İddiaçı adının dəyişdirilməsi üçün Mingəçevir “ASAN xidmət” Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmiş və ona məlum olmuşdur ki, onun doğumu ilə bağlı iki akt tərtib edilmişdir. İddiaçı ona ilk Şəhadətnamə Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən verildiyinə görə digər Şəhadətnamənin ləğv edilməsi üçün hazırkı iş üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İş üzrə cavabdeh inzibati orqan iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının xx.xx.1985-ci il tarixdə Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 298 nömrəli və Cavabdehndə tərtib edilmiş xx.xx.1985-ci il tarixli 900 nömrəli doğum haqqında akt qeydinin olduğu müəyyən edilmişdir. Bildirilir ki, akt qeydlərində vətəndaşların adları və ata adları qrafasında düzəlişlərin edilməsi üçün zəruri sənədləri təqdim etməklə bu barədə ərizə ilə vətəndaşın daimi yaşadığı yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmazsa, məhkəməyə müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Mingəçevir regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli 05/Q-996/15 nömrəli məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı iiə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.12-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardısa onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədsədilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə Vətəndaşiq vəziyyəti Aktlarının Reyestri Xidmətinə sorğu verir. Bu Qaydaların 6.13-cü bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə yuxarıda qeyd edilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. Odur ki, iddiaçının adına təkrar tərtib olunmuş doğum haqqında akt qeydinin ləğv edilməsi məsələsinə müvafiq qaydada baxıldıqdan sonra adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə baxıla bilər. İş materiallarında olan 143441 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, Ağdaş rayonunda anadan olmuş xx.xx.1985-ci il təvəllüdlü İddiaçı verilmiş şəhadətnamə doğum haqqında akt qeydləri kitabında 1985-ci ilin 8-ci ayının 6-cı günündə 298 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2078 nömrəli sənəddən görünür ki, Yevlax rayonunda anadan olmuş xx.xx.1985-ci il təvəllüdlü İddiaçı verilmiş şəhadətnamə doğum haqqında akt qeydləri kitabında 1985-ci ilin 9-cu ayının 10-cu günündə 900 nömrə ilə qeyd edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb iddiaçının hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Qərarın 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İPM-in 2.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən o halda həyata keçirilir ki, mübahisənin qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş olsun. MPM-in yuxarıda istinad edilən normalarının məzmunundan göründüyü kimi, “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında” işlərə xüsusi icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi qeydin düzəldilməsinə və ya dəyişdirilməsinə əsas olan sübut əhəmiyyəti kəsb edir. Həmin icraat qaydasına o hallarda müraciət olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında hüquqi faktlara (doğum, nikah, boşanma, övladlığa götürmə və s.) dair aparılmış qeydlərdə yanlışlığa, səhvlərə yol verilmiş olsun və müvafiq icra hakimiyyəti orqanı həmin yanlışlığı (səhvi) düzəltməkdən imtina etsin (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmadığını müəyyən etmək üçün qeydiyyat orqanın sərəncamında mübahisəsiz sübutların olmaması səbəbi ilə). Bu halda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmadığı məhkəmə qaydasında müəyyən edilir. Hazırkı işdə də vəziyyət, məhz belədir. Buna görə də, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçıya aid qeydlərin düzgün olmadığı mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. Ona görə də ərizəçinin diqqətinə çatdırılır ki, hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati Məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət olmamışdır. Belə ki, onun dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyəcək, əksinə vaxt itkisinə, əlavə yazışmalara səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi rəhbər tutularaq iddiaçının dinlənilməsinə lüzum görülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-cı maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs: Ağdaş Rayon Qeydiyyat Şöbəsi) “Cavabdeh tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli 900 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar