Məhkəmə qərarları › İş №2-1(116)-567/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-567/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-567/2020 06.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı "xx.xx.1973-cü ildən xx.xx.2010-cu ilədək işləməsi nəzərə alınaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1956-cı ildə anadan olmuş və hazırda Şəki şəhərində yaşayır. O, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək Moskva Avtomobil-Yol Texnikumunda təhsil almış, bundan başqa, müxtəlif müəssisələrdə işləmişdir. Ona xx.xx.2019-cu ildə üçüncü dərəcəli əlillik təyin edilmiş, o, əlilliyə görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, pensiya təminatına imkan verən pensiya kapitalı olmadığına görə ona pensiya təyin edilməsi mümkün deyil. Bundan sonra iddiaçı "1973-cü ildən 2010-cu ilədək işləməsi nəzərə alınaraq əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsində tələb olunan əmək pensiyasının növü göstərilmədiyinə görə məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı, eyni tarixli məktubu, təkrarən xx.xx.2020-ci il tarixli məktubu ilə bu formal xətanın aradan qaldırılması iddiaçıya təklif edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə yeni iddia ərizəsi təqdim edərək tələbini "1973-cü ildən 2010-cu ilədək işləməsi nəzərə alınaraq iş stajına görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmiş və tələb etdiyi əmək pensiyasının növünü yenə də göstərməmişdir. Daha sonra iddiaçı məhkəməyə başqa bir iddia ərizəsi təqdim edərək tələbini dəqiqləşdirmiş və xx.xx.1973-cü ildən xx.xx.2010-cu ilədək işləməsi nəzərə alınaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, 1973-cü ildən başlayaraq əmək fəaliyyətində olmuş, fəaliyyətini 2010-cu ilədək davam etdirmişdir. Cavabdeh iddiaya xx.xx.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə əsaslanmış və bildirmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 16 il sosial sığorta stajı və 23040 manat pensiya kapitalı tələb olunur. İddiaçının isə əmək kitabçasına əsasən, xx.xx.2006-cı ilədək 21 il 10 ay sosial sığorta stajı (Rusiya Federasiyasında işlədiyi 1998-2000-ci illər nəzərə alınmamaqla) və 16495,89 manat pensiya kapitalı müəyyən olunmuşdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, AT-İİ seriyalı ******* nömrəli və ИT-İ seriyalı ******* nömrəli əmək kitabçalarından görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.2010-cu ilədək müxtəlif müəssisələrdə işləmişdir. - İşdə olan, ББ seriyalı 146908 nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1975-cü ildən xx.xx.1977-ci keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, ЗT-İ seriyalı 005392 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək Moskva Avtomobil-Yol Texnikumunda təhsil almışdır. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli etiraz məktubundan görünür ki, iddiaçının əmək kitabçasına əsasən, xx.xx.2006-cı ilədək 21 il 10 ay sosial sığorta stajı (Rusiya Federasiyasında işlədiyi 1998-2000-ci illər nəzərə alınmamaqla) və 16495,89 manat pensiya kapitalı müəyyən olunmuşdur. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 16 il sosial sığorta stajı və 23040 manat pensiya kapitalı tələb olunur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində deyilir ki, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin maddəyə əsasən, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün eyni vaxtda 2 şərtin təmin olunması tələb olunur: 1) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, 2) iddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır. İddiaçıya əlilliyin təyin olunduğu tarixə onun 63 yaşı olduğuna görə əmək qabiliyyətli yaş dövrü (63-15=48) 48 il təşkil edir. Həmin 48 ilin hər ili üçün 4 ay olmaqla (48 il x4 ay = 192 ay = 16 il) 16 il sığorta stajının olması tələb olunur. Tələb olunan pensiya kapitalı isə 23040 manat təşkil edir və belə hesablanır: 63 yaş - 15 yaş = 48 il x 4 ay = 192 ay : 192 x 144 ay = 144 x 160 manat = 23040 manat. Deməli, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 23040 manat pensiya kapitalı və eyni zamanda 16 il sığorta stajı olmalıdır. İddiaçının əmək kitabçasından görünür ki, o, xx.xx.1973-cü ildən xx.xx.1974cü ilədək, xx.xx.1977-ci ildən xx.xx.1981-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək,xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək, xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək, xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək, xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək, xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək, xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilədək, xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilədək, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək müxtəlif müəssisələrdə işləmiş, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək işsizlik müavinəti almışdır. xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 70-ci maddəsində deyilirdi ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət X4 sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. xx.xx.2006-cı ildə qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsində deyilir ki, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsində deyilir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək, xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək, xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək, xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək, xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək Rusiya Federasiyasının ərazisində işləmişdir. Həmin müddətdə Azərbaycan Respublikası Dövlət X4 sosial sığorta ayırmaları keçirilmədiyinə görə iş stajına daxil edilmir. İddiaçının xx.xx.1992-ci ilədək iş stajı keçmiş SSRİ-nin ərazisində qazanıldığına görə, Azərbaycan Respublikası Dövlət X4 sosial sığorta ayırmaları keçirilib-keçirilməməsindən asılı olmayaraq onun iş stajına daxil edilməlidir. İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək Azərbaycan Respublikası ərazisində işləsə də, həmin müddət üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müəyyən edilmir. xx.xx.2006-cı ildə qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə uyğun olaraq, həmin müddət iddiaçının sosial sığorta stajına daxil edilməməlidir. Göstərilən maddədə deyilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bundan başqa, xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin ə) bəndinə uyğun olaraq, iddiaçının xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək işsizlik müavinəti aldığı müddət onun iş stajına daxil edilməlidir. Həmin bənddə deyilir ki, işsizlik müavinətinin verildiyi müddət də iş stajına daxil edilir. Bundan əlavə, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə görə, bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü də sığortaolunanın sığorta stajına daxil edilir. Bundan başqa, iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək Moskva Avtomobil-Yol Texnikumunda təhsil almışdır. xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı haqqında" SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Beləliklə, iddiaçının sosial sığorta stajına daxil olan əmək fəaliyyəti, hərbi xidmət, təhsil dövrlərini və işsizlik müavinəti aldığı dövrləri topladıqda müddətin cəmi 26 il 2 ay 7 gün təşkil edir. Həmin müddət iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 16 ildən artıqdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı ilə əlaqədar isə məhkəmə aşağıdakıları qeyd edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-1-ci maddəsinə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Müəyyən edildi ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı tələb olunan 23040 manatdan azdır və cəmi 19207,04 manat təşkil edir. Həmin məbləğ bu qaydada hesablanmışdır: (27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 7 ay) = 8134,5 manat + 8,3 % + 16,7 % + 20,8 % + 1,5 % + 5,7 % + 7,9 % + 1,1 % + 2,4 % + 1,4 % + 4 % + 12,4 % + 5,7 % + 3 % = 19207,04 manat. Göründüyü kimi, iddiaçının kifayət qədər sosial sığorta stajı olsa da, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı tələb olunandan azdır. Belə olan halda isə, ona əlilliyə görə əmək pensiyası təyin edilə bilməz. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X5 publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı "xx.xx.1973-cü ildən xx.xx.2010-cu ilədək işləməsi nəzərə alınaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar