Məhkəmə qərarları › İş №2-1(116)-568/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-568/2025

17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-568/2025 17.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “JN-146F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən ləğv edilməsi və ünvan 1i ünvanında yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək JN-146F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən ləğv edilməsi və ünvan 1i ünvanında yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh 9 saylı Qəbələ ərazi idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia ərizəsinə əsasən, iddiaçının mərhum əri X4 Oğuz rayon Yaqublu kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli 5 nömrəli qərarı ilə 0.20 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Oğuz rayon Yaqublu kəndində yerləşən 0.20 ha torpaq sahəsi təsərrüfatbaşına uçot kitabında da iddiaçı və ailə üzvlərinin adına qeyd edilmişdir. Bu yaxınlarda mənə məlum olmuşdur ki, həmin torpaq sahəsinin bir hissəsinə mərhum qayınanam Abdullayeva Əsmayənin adına şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnaməni mən əldə edə bilməmişəm. Ona görə də mərhum qayınanam Abdullayeva Əsmayənin adına olan torpaq sahəsinə verilmiş şəhadətnamənin ləğv edilməsini və Oğuz rayonu Yaqublu kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsinə dair 1978-ci il tarixli 5 nömrəli qərara və təsərrüfat uçot kitabında olan qeydlərə əsasən mərhum X4 məxsus hüququn tanınması barədə arayışın verilməsi tələbi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişəm. İdarə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-M-00xx-xx/2024 nömrəli məktubla mənə imtina verilmişdir. İmtinanın əsası kimi JN-146F saylı şəhadətnamənin ləğv edilməsinin həmin səlahiyyətli orqanların səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. Cavabdeh iddiaya etirazını JN-146F saylı şəhadətnamənin ləğv edilməsinin səlahiyyətlərinə aid olmadığı əsaslandırır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.

2. Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı və əlavə olunmuş sənədlər;

3. Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin Oğuz şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və əlavə olunmuş sənədlər;

4. “Torpağın mülkiyyətinə verilməsinə” dair JN-146F nömrəli şəhadətnamə;

5. Cavabdehin 16 oktyabr 2025 -ci il tarixli məktubu və əlavə olunmuş sənədlər;

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktubu və əlavə olunmuş sənədlər.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə tərəfindən xx.xx.2026-cı il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağının ifadə olunduğu iddia tələbi 2 hissədən ibarətdir:

1. JN-146F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən ləğv edilməsi.

2. ünvan 1i ünvanında yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi; Məhkəmə qeyd edir ki, iddia tələbinin birinci hissəsinin mümkünsüzlüyü digər tələbin də mümkünsüzlüyünün də əsasıdır.Araşdırılma zamanı JN-146F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin əsasında mülkiyyət hüququnun qeydə alındığı müəyyən edilmişdir,yəni qeydə alınmış hüquq olan torpaq sahəsinıə arayışın verilməsi mümkün deyildir. İddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edilir ki, məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçının nəzərinə çatdırılmışdır ki, iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin hazırlanmasına dair inzibati orqanın faktiki hərəkətlərinə dair iddia müddət baxımından mümkün iddia deyildir. Belə ki, Oğuz rayonunun Yaqublu kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair X1 və X5 adına hazırlanmış JN-146F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnam Oğuz Rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 1997-ci il tarixli qərarı əsasında verilmişdir.Hazırda həmin mübahisələndirilən Şəhadətnamələrin həmin qərar əsasında verildiyi öz təsdiqini tapmışdır. Belə ki,iş materiallarında olan, Aqrar İslahat Komissiyasının qərarı əsasında təsdiq edilmiş subyektlər siyahısında görünür ki, X1 və X5 adları qeyd edilməklə mülkiyyətə verilən torpaq sahəsinin ölçüsü göstərilmişdir.Həmin Qərar əsasında isə JN-146F Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Hazırkı iddia tələbinə cavabdehin faktiki xarakterli hərəkəti qismində baxılması zamanı da müddətin ötürülməsi müəyyən edilir.İddiaçının 20 ildən artıq müddət ərzində mübahisələndirilən sənədlərdən məlumatsız olması ağlabatan deyildir. Bundan əlavə iddiaçı iddia ərizəsində həmin torpaq sahəsindən aqrar islahat zamanı istifadə etmədiklərini,aqrar islahat zamanı ölkə ərazisində olmaqıdıqlarını bildirmişdir.Nəticə etibarı ilə Oğuz rayon Yaqublu kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli 5 nömrəli qərarı ilə mərhum X4 ayrılmış torpaq sahəsinin və ya onun müəyyən hissəsinin aqrar islahat nəticəsində anasının və onun ailə üzvlərinin mülkiyyətə verilməsi mümkündür. Hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsinin üçüncü şəxsə satılmasına dair qərarın iddiaçıya məlum olma tarixi konkret müəyyən olunmasa da, iddiaçının həmin qərarla ayrılmış torpaq sahəsinin üçüncü şəxsin istifadəsində olması barədə məlumatsız olması aradan keçən kifayət qədər uzun müddət nəzərə alındığında ağlabatan görünmür. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1286/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Aqrar islahat dövrü tərtib olunan inzibati aktlar qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan İPM-nin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X10 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində X10 Komissiyasına şikayət edə bilərlər. X10 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. X10 Komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X8 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-887/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqeyə əsasən müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarının mübahisələndirilməsi imkanı artıq itirildiyindən, həmin qərar hazırda da qüvvədə olduğundan, onun əsasında mülkiyyətə verilmiş torpaq sahəsinə dair Şəhadətnamələrin mübahisələndirilməsi də mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “JN-146F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin qismən ləğv edilməsi və ünvan 1i ünvanında yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün hesab edilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar