Məhkəmə qərarları › İş №2-1(116)-569/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-569/2021

05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-569/2021 05.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin nümayəndəsi Hacı-X6 iştirakı ilə, İddiaçı Zəkəriyyə oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7 və X10) “X2 adına qeydə alınmış 30.20.2017-ci il tarixli çıxarışın ləğv edilməsi və İddiaçı tərəfindən tikilmiş 1 otaqlı (6X4 otaq, mətbəx və qabağı şüşəbənd) fərdi yaşayış evinin anbar kimi qeydə alınması hissəsində düzəliş edilməsi və həmin fərdi yaşayış evinin İddiaçı adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Zəkəriyyə oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7 və X10) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 adına qeydə alınmış (qeydiyyat nömrəsi 3********) çıxarışın və ondan əvvəl atası X2 adına qeydə alınmış 30.10.2017-ci il tarixli çıxarışın ləğv edilməsi və özü tərəfindən tikilmiş 1 otaqlı (6X4 otaq, mətbəx və qabağı şüşəbənd) fərdi yaşayış evinin özünün adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 16.03.2021-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış X12 və X23 tərəfindən 05.01.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında X3 bağışlanmış fərdi yaşayış evi üzrə tərtib edilmişdir. Buna görə də həmin çıxarışın verilməsinə səbəb olmuş 05.01.2018-ci il tarixli bağışlama müqaviləsinin mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Odur ki, iddia tələbinin seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi ilə bağlı hissəsinin dəqiləşdirilməsi iddiaçıya təklif edilmişdir. İddiaçı məhkəmənin dəftərxanasına 29 mart 2021-ci il tarixdə təkrar iddia ərizəsi təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı “X2 adına qeydə alınmış 30.20.2017-ci il tarixli çıxarışın ləğv edilməsi və İddiaçı tərəfindən tikilmiş 1 otaqlı (6X4 otaq, mətbəx və qabağı şüşəbənd) fərdi yaşayış evinin anbar kimi qeydə alınması hissəsində düzəliş edilməsi öhdəliyinin və həmin fərdi yaşayış evini İddiaçı adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 29.04.2021-ci il tarixli qərardadı ilə müvafiq iddia ərizəsi icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, atasına məxsus olmuş Şəki rayonu Baş Göynük kəndi ərazisindəki həyətyanı torpaq sahəsində 1982-ci ildə özünə 1 otaqlı fərdi yaşayış evi tikdiyini və 2007-ci ilə qədər həmin evdə yaşadığını, həmin həyətyanı sahəsində atası X4 məxsus başqa evin də olduğunu, hər iki evin işıq və qaz sayğaclarının ayrı-ayrılıqda olmasını, 2007-ci ildən sonra isə təsərrüfat aparmaq üçün Aşağı Göynük kəndinə köçdüyünü bildirir. İddiaçı hesab edir ki, aqrar islahat aparılan zaman həmin evdə qeydiyyatda olduğundan, həmin evin kommunal xidmətləri özünün adına olduğundan və uşaqları da həmin evdə doğulduğundan atasına məxsus fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən onun 1982-ci ildə tikdiyi və 2007-ci ilədək yaşadığı yaşayış sahəsi özünün adına ayrıca fərdi yaşayış evi kimi, yəni A və B tikililəri kimi qeydə alınmalı olduğu halda “anbar-mətbəx” kimi qeydə alınmışdır. Odur ki, hazırki iddia ərizəsində qeyd edilmiş tələblərlə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini və 1982-ci ildə tikdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsini xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin nümayəndəsi X14 oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisə predmeti olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən fərdi yaşayış evinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə, JN-883A, KOD-40406018 nömrəli DTXK tərəfindən verilmiş 25.06.2006-cı il tarixli şəhadətnaməyə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2315-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndinə əsasən (fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair kəndlərdə 2001 -ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitabdan çıxarışa əsasən) X5 adına 30.10.2017-ci il tarixdə qeydiyyata aparılaraq RX-1144362 nömrəli, **********03-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və texniki pasport verilmişdir. Təqdim edilən sənədlərdə iddiaçının adı olmamış, buna görə də həmin fərdi yaşayış evinə dair sənədlər kənd üzrə təsərrüfatbaşına kitabdan çıxarışda və müvafiq arayışda adı qeyd olunmuş X5 adına tərtib edilmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 16.12.2020-ci il tarixli müraciətin təmin olunmasından imtina məktubu, - 30.10.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya RX №1144362) hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış, - **********03-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportu, - Şəki şəhər İHB-nın Baş Göynük kənd icra nümayəndəliyinin 09.10.2017-ci il tarixli arayışı, - JN-883A kod 40406018 nömrəli “Torpağın mülkiyətə verilməsinə dair” Şəhadətnamə, - Respublika Dövlət Arxivinin Şəki Filialının 01.04.2021-ci il tarixli məktubuna əlavə edilmiş Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin 1983-1985, 1986-1990-cı illər üzrə təsərrüfatbaşına kitabına əsasən İddiaçı təsərrüfatına dair çıxarış, - Respublika Dövlət Arxivinin Şəki Filialının 06.07.2021-ci il tarixli məktubuna əlavə edilmiş Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin 1980-1982, 1983-1985, 1986-1990-cı illər üzrə təsərrüfatbaşına kitabına əsasən X8 təsərrüfatına dair çıxarış, - Şimal-Qərb regional Enerji Təchizatı və Satışı İdarəsinin 24.05.2021-ci il tarixli məktubu, - Zaqatala Regional Qİİ-nin 27.05.2021-ci il tarixli məktubu, - X2 məlumatları barədə “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarış. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirakını mümkünsüz edən üzürlü səbəblər barədə məlumat verməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İş materiallarına əlavə edilmiş, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 16.12.2020-ci il tarixli müraciətin təmin olunmasından imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh inzibati orqana müraciət edilmiş, lakin cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş, 30.10.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya RX №1144362) hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, Şəki rayonu Baş Göynük kəndi ərazisində 0.36 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 71 kv.m olan fərdi yaşayış evi X5 adına qeydə alınmışdır. X13, X16, X19, X20 və X24 isə torpaqda ümumi birgə pay hüququ olan şəxslər kimi qeyd olunmuşlar. İş materiallarına əlavə edilmiş, X5 adına tərtib edilmiş **********03-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun “həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri”ndən görünür ki, ümumi sahəsi 48.3 kv.m, tikinti altı sahəsi 69.1 kv.m olan tikili anbar-mətbəx kimi qeydə edilmişdir. İş materiallarına əlavə edilmiş, Şəki şəhər İHB-nın Baş Göynük kənd icra nümayəndəliyinin 09.10.2017-ci il tarixli arayışından görünür ki, həmin arayışda Baş Göynük kənd ərazi nümayəndəliyinin 08 təsərrüfatbaşına kitabının 47-ci səhifəsində X5 adında 1960-cı ildə tikilmiş, 71 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, JN-883A kod 40406018 nömrəli “Torpağın mülkiyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Şəki rayon AİK-nın 23.07.2002-ci il tarixli 05 saylı qərarı əsasında X9 digər ailə üzvləri ilə birlikdə (X11, X17, X19, X20 və X23) 0.36 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, Respublika Dövlət Arxivinin Şəki Filialının 01.04.2021-ci il tarixli məktubuna əlavə edilmiş Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin 1983-1985, 1986-1990-cı illər üzrə təsərrüfatbaşına kitabına əsasən İddiaçı təsərrüfatına dair çıxarışdan görünür ki, müvafiq sənədlərdə iddiaçıya məxsus hər hansı tikilinin və ya torpaq sahəsinin olması ilə bağlı qeyd aparılmamışdır. İş materiallarına əlavə edilmiş, Respublika Dövlət Arxivinin Şəki Filialının 06.07.2021-ci il tarixli məktubuna əlavə edilmiş Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin 1980-1982, 1983-1985, 1986-1990-cı illər üzrə təsərrüfatbaşına kitabına əsasən X8 təsərrüfatına dair çıxarışdan görünür ki, müvafiq sənədlərdə təsərrüfatın şəxsi mülkiyyət hesab olunan tikililəri üzrə 1961-ci ildə inşa olunmuş tikili və 0.20 ha təsərrüfatın şəxsi istifadəsində olan torpaq sahəsi barədə qeydlər aparılmışdır. İş materiallarına əlavə edilmiş, Şimal-Qərb regional Enerji Təchizatı və Satışı İdarəsinin 24.05.2021-ci il tarixli məktubundan görünür ki, 0.36 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinə 2006-cı ildə kütləvi sayğaclaşma zamanı X12 və İddiaçı adına elektrik sayğacları quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş, Zaqatala Regional Qİİ-nin 27.05.2021-ci il tarixli məktubundan görünür ki, qeyd olunan yaşayış sahəsi üzrə İddiaçı adına qaz hesabı açılmış və sayğac quraşdırılmışdır. X5 adına AGİS abonent bazasında hər hansı məlumat mövcud deyildir. İş materiallarına əlavə edilmiş, X2 məlumatları barədə “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, 06.07.2021-ci il tarixdə vəfat etmişdir. İddia ərizəsinin məzmunundan, iddiaçının izahatından və iş üzrə toplanmış sənədlərdən görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 30.10.2017ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya RX №1144362) hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışın ləğv edilməsinə və həmin fərdi yaşayış evinin texniki pasportunun “həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri”ndə ümumi sahəsi 48.3 kv.m olan, anbar-mətbəx kimi qeyd edilmiş tikiliyə dair mülkiyyət hüququnun özünün adına qeydə alınmasına nail olmaqdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materialları ilə müəyyən olunur ki, ümumi sahəsi 48.3 kv.m olan, anbar-mətbəx kimi qeyd edilmiş tikilinin ayrıca fərdi yaşayış evi kimi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmasına əsas olan heç bir hüquq müəyyənedici sənəd mövcud deyildir. İddiaçı həmin tikilinin özünə aid olmasını aqrar islahat aparılan zaman qeyd olunan fərdi yaşayış evində yaşaması, habelə elektrik və qaz sayğaclarının həmin həyətyanı torpaq sahəsindəki tikililərdə ayrı-ayrılıqda quraşdırılması ilə əsaslandırır. Lakin, məhkəmə iddiaçının həmin dəlili ilə razılaşmır. İddiaçının və mərhum atasının adına 0.36 ha torpaq sahəsi üzərində yerləşən tikililərə elektrik sayğacının, o cümlədən iddiaçının adına qaz sayğacının quraşdırılması iddiaçıya heç də həmin tikili üzərində mülkiyyət hüququ yaradan hüquqi fakt kimi qiymətləndirilə bilməz. Müvafiq sayğacların iddiaçının adına quraşdırılması iddiaçının özünün də qeyd etdiyi kimi, sayğacların quraşdırıldığı dövrdə həmin tikilidə faktiki yaşamasını sübut edir və bu fakt iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olması baxımından iş üzrə əhəmiyyətlidir. Müvafiq sayğacların iddiaçının adına quraşdırılması 30.10.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya RX №1144362) hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışın mötəbərliyinin şübhə altına alınmasına heç bir əsas yaratmır. Qeyd olunan, 48.3 kv.m sahəsi olan tikilinin iddiaçıya məxsus olması iş materiallarında olan Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin X8 təsərrüfatına dair 1980-1982, 1983-1985, 1986-1990-cı illər üzrə təsərrüfatbaşına kitabından çıxarışları və Şəki rayonu Baş Göynük kənd XDS İcraiyyə Komitəsinin İddiaçı 1983-1985, 1986-1990-cı illər üzrə təsərrüfatbaşına kitabından çıxarışları ilə təkzib olunur. Şəki rayon AİK-nın 23.07.2002-ci il tarixli 05 saylı qərarı əsasında X9 digər ailə üzvləri ilə birlikdə (X11, X17, X19, X20 və X23) 0.36 ha torpaq sahəsi verilməsi və 1961-ci ildə inşa olunmuş tikilinin X9 şəxsi mülkiyyət hesab olunan tikili kimi qeydə alınması isə işin mübahisəsiz halıdır. Həmçinin JN-883A kod 40406018 nömrəli “Torpağın mülkiyətə verilməsinə dair” Şəhadətnamədə iddiaçının adı qeyd olunmayıb və iddiaçı indiyədək həmin şəhadətnaməni və onun verilməsinə əsas olmuş Şəki rayon AİK-nın 23.07.2002-ci il tarixli 05 saylı qərarını mübahisələndirməyib. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Şəki rayonu Baş Göynük kəndi ərazisində 0.36 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini digər tikililərlə birlikdə mülkiyyət hüququ ilə bütövlükdə X5 adına qeydə almaqda və iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Cavabdeh inzibati orqan Şəki rayonu Baş Göynük kəndi üzrə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitabdan çıxarışı və Şəki rayon AİK-nın 23.07.2002-ci il tarixli 05 saylı qərarı əsasında verilmiş JN-883A kod 40406018 nömrəli “Torpağın mülkiyətə verilməsinə dair” Şəhadətnaməni əsas tutmaqla 30.10.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli (Seriya RX №1144362) hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışı fərdi yaşayış evini digər tikililərlə birlikdə X5 adına qeydə aldığından həmin çıxarışın ləğvi üçün heç bir hüquqi əsas mövcud deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün hüquqi əsaslar mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Zəkəriyyə oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7 və X10) “X2 adına qeydə alınmış 30.20.2017-ci il tarixli çıxarışın ləğv edilməsi və İddiaçı tərəfindən tikilmiş 1 otaqlı (6X4 otaq, mətbəx və qabağı şüşəbənd) fərdi yaşayış evinin anbar kimi qeydə alınması hissəsində düzəliş edilməsi və həmin fərdi yaşayış evinin İddiaçı adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar