Məhkəmə qərarları › İş №2-1(116)-569/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-569/2022

19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-569/2022 19.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X1rşı "Rusiya Federasiyası "İqtisadiyyatın Ali Məktəbi" "Milli Tədqiqat Universiteti" X8 təhsil müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2.7.4-19/23 qeydiyyat nömrəli **********042 nömrəli Magistr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilərək bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1987-ci ildə Şəki rayonu Qayabaşı kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, Azərbaycan Dillər Universitetində təhsil almış və dövlət attestasiya komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə ona fransız dili müəllimi ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. Onun adına verilmiş A № 032302 nömrəli bakalavr diplomu xx.xx.2014-cü ildə 4/052 nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra o, Rusiya Federasiyası "İqtisadiyyatın Ali Məktəbi" "Milli Tədqiqat Universiteti" X8 təhsil müəssisəsində təhsil almış və Dövlət İmtahan Komissiyasının xx.xx.2021-ci il tarixli 1 nömrəli protokol qərarı ilə ona "41.04.05 Beynəlxalq münasibətlər hazırlıq istiqaməti" üzrə magistr dərəcəsi verilmişdir. Onun adına xx.xx.2021-ci ildə verilmiş 107704 ******* nömrəli magistr diplomu 2.7.4-19/23 nömrəsi ilə qeydə alınmışdır. Həmin diploma xx.xx.2021-ci ildə 563772 nömrəli apostil verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X3nə ərizə ilə müraciət edərək xarici ali təhsil ixtisasının tanınmasını və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən olunmasını xahiş etmiş, lakin cavabdehin xx.xx.2021ci il tarixli NA00003109 nömrəli "Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərar"ı ilə ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. Həmin qərar belə əsaslandırılmışdır ki, ekspertiza zamanı ərizəçinin tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir və ərizəçinin tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilməz. Ona görə də İddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, cavabdehin onun diplomunu tanımaqdan imtina etməsi ilə bağlı hərəkətləri Azərbaycan Respublikasının xx.xx.2003-cü il tarixli 455-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş"in 5-ci maddəsinə ziddir. Belə ki, həmin maddənin tələbinə görə, ona ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilməli idi. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X3 iddianı qəbul etməmiş və iddiaya qarşı etirazında bildirmişdir ki, xx.xx.2021-ci ildə videomüsahibə əsasında iddiaçının tədris dili (rus dili) üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, xx.xx.2021-ci ildə verilmiş 107704 ******* nömrəli 2.7.4-19/23 qeydiyyat nömrəli magistr diplomundan görünür ki, İddiaçı Rusiya Federasiyası "İqtisadiyyatın Ali Məktəbi" "Milli Tədqiqat Universiteti" X8 təhsil müəssisəsində təhsil almış və Dövlət İmtahan Komissiyasının xx.xx.2021-ci il tarixli 1 nömrəli protokol qərarı ilə ona "41.04.05 Beynəlxalq münasibətlər hazırlıq istiqaməti" üzrə magistr dərəcəsi verilmişdir. - İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X3nin xx.xx.2021-ci il tarixli NA00003109 nömrəli "Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərar"ından görünür ki, İddiaçı xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinə görə, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir Həmin Qanunun 44.2-ci maddəsinin birinci cümləsinə görə, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. ""Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən, Qanunun 29.0.21-ci maddəsində və 44.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Qaydaların 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İşdən göründüyü kimi, cavabdehin imtinasının yeganə dəlili ekspertiza zamanı İddiaçı tədris dilini (rus dilini) bilmə səviyyəsinin qənaətbəxş olmamasından ibarətdir. İddiaçının dəlili isə cavabdehin imtinasının Azərbaycan Respublikasının xx.xx.2003-cü il tarixli 455-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş"in 5-ci maddəsinə zidd olmasından ibarətdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əvvəla, iddiaçı Azərbaycan Respublikasının xx.xx.2003-cü il tarixli 455-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş sənədin adını səhv göstərmişdir. Həmin sənədin adı əslində "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş"dir. Digər tərəfdən isə, həmin Sazişdə iddiaçıya ekvivalentlik haqqında şəhadətnamənin ekspertiza keçirilmədən verilməsinə əsas verən heç bir müddəa yoxdur. Ona görə də məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X3nə sorğu edilərək, İddiaçı tədris dili (rus dili) üzrə biliklərinin yoxlanılmasının videoçəkilişi və tədris dilini bilmə səviyyəsinin qiymətləndirilməsi zamanı istifadə edilən "Müsahibələrin keçirilməsi və qiymətləndirilməsi protokolu" alınmışdır. "Müsahibələrin keçirilməsi və qiymətləndirilməsi protokolu"nda göstərilmişdir ki, müsahibə mərhələsi aşağdakı mərhələlərdən ibarətdir:

1. Salamlama Vətandaş özünü Azərbaycan dilində təqdim edir və tədris dilini səsləndirir. Müsahibənin keçirilməsinə dair məlumat Azərbaycan dilində vətəndaşa bildirilir. Müddət: 1-2 dəqiqə

2. Danışıq mərhələsi Ekspertlər tərəfindən hazırlanmış tədris dilində suallar əsasında vətəndaşın danışıq səviyyəsi müəyyən olunur. Mənbə: Ekspertlər tərəfindən hazırlanan, ətraflı cavab tələb edən açıq suallar bankı. Müddət: 5 dəqiqə

3. Azəbaycan dilindən tədris dilinə şifahi tərcümə Vətəndaşa Azərbaycan dilində mətn təqdim olunur və həmin mətnin şifahi olaraq tədris dilinə tərcümə edilməsi tələb olunur. Gün ərzində hər bir vətəndaşa mətnlər bankından təsadüfi seçilmiş mətnlər təqdim ounur. Mənbə: Ümumtəhsil məktəb dərsliklərindən müxtəlif mövzuları əhatə edən mətnlər. Müddət: 5 dəqiqə

4. Tədris dilində hazırlanmış sualı yazılı formada cavablandırma Vətəndaşlar təqdim olunmuş suala qeyd olunan müddət ərzində cavab yazırlar. Mənbə: Ekspertlər tərəfindən hazırlanmış təsvir tələb edən suallar bankı. Müddət: 5-6 dəqiqə Sualiar bankı mütəmadi olaraq yenilənir və dəyişilir. Müsahibə yekunlaşır. Müsahibənin qiymətləndirməsi 3 mərhələdə və bonus mərhələsi üzrə aparılır. İ Mərhələ - Tədris dilində ekspert ilə dialoq, sualların şifahi cavablandırılması: 0 bal - sualları anlamır, danışa bilmir. 1 bal - sualları anlayır, düzgün tələffüz etmir, qısa cavablara üstünlük verir (hə/yox), fikrini natamam ifadə edir. 2 bal - sualları anlayır, normal tələffüz edir, normal cümlələr qura bilir (yalnız hə/yox ilə deyil), fikrini yaxşı ifadə edə bilir. 3 bal - səlis danışır, düzgün tələffüz edir, kompleks cümlələrdən istifadə edir, zəngin soz ehtiyatı var, fikrini tam ifadə edə bilir. İİ Mərhələ - Mətnin Azərbaycan dilindən tədris dilinə şihafi tərcüməsi: 0 bal - tərcümə edə bilmir. 1 bal - çətinliklə tərcümə edir, məhdud söz ehtiyatı var (mətnin 1/4-2/4-dək hissəsini tərcümə edir) 2 bal - öz sözlərilə tərcümə edir, məzmunu natamam tərcümə edir (2/4-3/4dək hissəsini tərcümə edir) 3 bal - səlis tərcümə edir (mətnin 3/4-dən çoxunu başa düşür və tərcümə edir) İİİ Mərhələ - Tədris dilində verilən sualın tədris dilində yazılı tərcüməsi: 0 bal - sualı başa düşmür və ya sualı başa düşür, cavab yaza bilmir. 1 bal - sualı oxuyur, suala əlaqəsiz və natamam cavab yazır. 2 bal - sualı oxuyur, başa düşür, suala uyğun cavab yazır. 3 bal - sualı oxuyur, başa düşür, suala uyğun geniş və əhatəli cavab yazır. Bonus Mərhələ: Bonus mərhələsində müsahibəçiyə müsahibə zamanı ən aşağı göstəricisi olan mərhələ üzrə yenidən şans verilir. Yeni qiymətləndirmə daha qənaətbəxş hesab edilərsə, müvafiq mərhələ üzrə yekunda yeni qiymətləndirmənin nəticələri nəzərə alınır. 0 bal - müvafiq mərhələ üzrə kriteriyaya əsasən 1 bal - müvafiq mərhələ üzrə kriteriyaya əsasən 2 bal - müvafiq mərhələ üzrə kriteriyaya əsasən 3 bal - müvafiq mərhələ üzrə kriteriyaya əsasən

2. Toplam balların nəticəsi: 0-5 bal arası - imtina 6-9 bal arası - keçid

3. İmtina əsasları: Aşağıdaki hallarda vətəndaşa imtina verilə bilər: - Protokolun 2-ci bəndində tələb olunan keçid ballarını toplaya bilmədikdə; - Müsahibə zamanı etik normalar çərçivəsindən kənara çıxan hallar aşkarlandıqda (köçürmə, kənar şəxsdən yardım, imtahanda kənar şəxsin iştirakı, qeyri-etik ifadələr və ekspertin müəyyənləşdirdiyi digər hallar). Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə tərəflərə bildirilmişdir ki, İddiaçı tədris dilini (rus dili) bilmə səviyyəsinin qiymətləndirilməsinin "Müsahibələrin keçirilməsi və qiymətləndirilməsi protokolu"nda nəzərdə tutulmuş qaydada aparılıb-aparılmamasının, eləcə də qiymətləndirmənin nəticəsinin həmin sənədlərdə nəzərdə tutulmuş meyarlara uyğun olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb edir. Ona görə də həmin sualların aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilməsi, ekspertizanın hansı orqana həvalə edilməsi, ekspertiza qarşısında hansı sualların qoyulması ilə əlaqədar fikirlərini məhkəməyə bildirmələri onlara təklif edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X3 məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli məktubunda xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanın diskresion səlahiyyətin həyata keçirilməsi qaydasına uyğun olaraq cavabdeh orqan tərəfindən aparılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə bununla razılaşmamış və hesab etmişdir ki, cavabdeh orqan inzibati icraat zamanı diskresion səlahiyyətdən istifadə edərək qiymətləndirməni həyata keçirmişdir və onun mövqeyi artıq bəllidir. Digər tərəfdən, iddiaçı ilə təkrarən müsahibə keçirilməsi və onun rus dili biliklərinin yenidən yoxlanılması hazırkı mübahisənin obyektiv həlli üçün heç bir səmərə verə bilməz. Belə ki, iddiaçının hazırkı iddianı məhkəməyə verdikdən sonra ötən müddət ərzində rus dili biliklərini təkmilləşdirmək üçün kifayət qədər vaxtı olmuşdur. Hazırda onun bilikləri yenidən qiymətləndirilərsə və müsbət nəticə əldə olunarsa, bu, onun Rusiya Federasiyasında təhsil aldığı müddətdə də tədris dilini qənaətbəxş səviyyədə bilməsi nəticəsinə gəlmək üçün əsas verə bilməz. Mübahisənin düzgün həlli üçün cavabdeh tərəfindən onunla yalnız əvvəllər keçirilmiş və əsasında imtina qərarı qəbul edilmiş videomüsahibə tədqiq edilməlidir. İddiaçı isə xx.xx.2022-ci il tarixli vəsatətində müstəqil ekspertiza təyin edilməsini, ekspertizanın aparılmasının "X7"nin təhsil üzrə ekspertlərinə həvalə olunmasını xahiş etmişdir. Lakin "Məhkəmə ekspertizası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, sözügedən Mərkəzin ekspertiza aparmaq səlahiyyəti olmadığına görə məhkəmə bununla da razılaşmamışdır. Bundan sonra müəyyən edildi ki, ölkəmizdə ekspertiza aparmaq səlahiyyəti olan heç bir qurumda hazırkı işdə yaranmış suallara cavab verilməsi mümkün deyil. Ona görə də məhkəmə bu qərara gəldi ki, İddiaçı rus dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması barədə cavabdehin gəldiyi nəticənin onunla keçirilmiş müsahibəyə uyğun olub-olmamasının müəyyən edilməsi üçün rus dili üzrə mütəxəssisin məsləhətlərinə, izahatlarına, eləcə də texniki köməyinə zərurət vardır və mütəxəssisin Bakı Slavyan Universitetindən dəvət edilməsi həmin Universitetin bu sahədə ixtisaslaşması baxımından daha məqsədə uyğundur. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üçün rus dili üzrə mütəxəssisin ayrılması Bakı Slavyan Universitetinə həvalə edilərək, mütəxəssisə İddiaçı tədris dili (rus dili) üzrə biliklərinin yoxlanılmasının videoçəkilişi və tədris dilini bilmə səviyyəsinin qiymətləndirilməsi zamanı istifadə edilən "Müsahibələrin keçirilməsi və qiymətləndirilməsi protokolu" təqdim edilmiş, mütəxəssisin aşağıdakı suallarla bağlı Şəki İnzibati Məhkəməsinə məsləhətlərini və izahatlarını bildirməsi qərara alınmışdır:

1. Təqdim olunan videoçəkilişdə əks olunmuş müsahibədəki suallar "Müsahibələrin keçirilməsi və qiymətləndirilməsi protokolu"na uyğun verilmişdirmi?

2. Təqdim olunan videoçəkilişdə əks olunmuş müsahibədəki cavablar "Müsahibələrin keçirilməsi və qiymətləndirilməsi protokolu"nda nəzərdə tutulmuş şkala üzrə qiymətləndirilərsə, İddiaçı rus dili bilikləri protokolun hər mərhələsi üzrə ayrı-ayrılıqda neçə bal ilə qiymətləndirilməlidir? Bundan sonra Bakı Slavyan Universitetinin xx.xx.2022-ci il tarixli 10-18-162 nömrəli məktubu ilə həmin Universitetin Praktik rus dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent X2 qızının rəyi məhkəməyə göndərilmişdir. Həmin sənəddə göstərilmişdir ki, İddiaçı rus dili üzrə bilik səviyyəsinin yetərli olubolmaması barədə qərar vermək üçün Şəki İnzibati Məhkəməsi tərəfindən təqdim edilmiş iddiaçının tədris dili (rus dili) üzrə biliklərinin yoxlanılmasının videoçəkilişinə və tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi zamanı istifadə edilən "Müsahibələrin keçirilməsi və qiymətləndirilməsi protokolu"na baxılmışdır. Qeyd edilən videoçəkilişi və müsahibənin protokolunu nəzərə alaraq mütəxəssis hesab edir: 1) İddiaçı tədris olunan dildə (rus dilində) verilən sualları anlayır, düzgün tələffüz etməməsinə baxmayaraq fikrini ifadə edir; 2) İddiaçı ixtisası ilə bağlı məsələləri tədris aldığı dildə şifahi və yazılı şəkildə izah etməyi, həmçinin peşəkar müzakirələrdə iştirak etməyi bacarır. Beləliklə, məhkəmənin suallarına cavab olaraq mütəxəssis bildirmişdir: 1) Təqdim olunan videoçəkilişdə əks olunmuş müsahibədəki suallar "Müsahibələrin keçirilməsi və qiymətləndirilməsi protokolu"na uyğun verilmişdir. 2) Təqdim olunan videoçəkilişdə əks olunmuş müsahibədəki cavablar "Müsahibələrin keçirilməsi və qiymətləndirilməsi protokolu"nda nəzərdə tutulmuş şkala üzrə qiymətləndirilərsə, İddiaçı rus dili bilikləri protokolun İ mərhələ üzrə 2 bal (sualları anlayır, düzgün tələffüz etmir, lakin fikrini ifadə edə bilir), İİ mərhələ üzrə 2 bal (öz sözləri ilə tərcümə edir, məzmunu natamam tərcümə edir), İİİ mərhələ üzrə 2 bal (sualı oxuyur, başa düşür, suala uyğun cavab yazır) qiymətləndirilməlidir. Nəticədə, iddiaçının toplam ballarına əsasən (6 bal) məsləhət görülür ki, İddiaçı tədris dilini (rus dilini) bilmə səviyyəsi qənaətbəxş hesab olunsun. Məhkəmə iclası zamanı da sözügedən videoçəkilişə baxış keçirilmiş və məhkəmə bu qənaətə gəlmişdir ki, İddiaçı ilə keçirilmiş videomüsahibə cavabdeh tərəfindən düzgün qiymətləndirilməmişdir. Əslində onun tədris dilini bilmə səviyyəsi qənaətbəxşdir və bu da onun aldığı təhsilin məzmununa uyğun hesab olunmalıdır. Ona görə də iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Rusiya Federasiyası "İqtisadiyyatın Ali Məktəbi" "Milli Tədqiqat Universiteti" X8 təhsil müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2.7.4-19/23 qeydiyyat nömrəli **********042 nömrəli Magistr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilərək bu barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X3nin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar