Məhkəmə qərarları › İş №2-1(116)-569/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-569/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-569/2023 23.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “İddiaçı Mingəçevir SEC Silsiləsi MMC-nin 16 saylı, 04 may 2004-cü il tarixli qərarı ilə “Bahar kollektivi” bağçılıq təsərrüfatından ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüuqunun dövlət qeydiyyatına alınması və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Mingəçevir SEC Silsiləsi MMC-nin 16 saylı, 04 may 2004-cü il tarixli qərarı ilə “Bahar kollektivi” bağçılıq təsərrüfatından ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüuqunun dövlət qeydiyyatına alınması və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-569/2023 nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı uzun müddət Azər. Enerji sahəsində müxtəlif vəzifələrdə işlədiyim üçün Mingəçevir SEC Silsiləsi MMC-nin 16 saylı. 04 may 2004-cü il tarixli qərarı ilə "Bahar kollektivi" bağçılıq təsərrüfatından 0.06 ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa. "Torpaq sahəsinin planı və ölçüsü nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanına əsas götürülərək, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə İddiaçı ayrıİmiş 698.99 kv.m torpaq sahəsi (fərdi bağ sahəsi) ilə bağlı torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Həmin qeyd olunan torpaq sahəsi (fərdi bağ sahəsinin) iddiaçıya ayrılan vaxtdan hal-hazıradə istifadəsinədir və torpaq sahəsində müxtəlif meyvə (bar) ağacları tərəfindən əkilmiş və becərilir. Həmin qeyd olunan torpaq sahəsinin (fərdi bağ sahəsinin) sənədləşdirilməsi üçün Azərbaycan Respublikası İN-yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək, yuxanda qeyd olunan torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü'nün təsvirlərinə uyğun formada "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsini xahiş etmişdir.Lakin cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən (sənədin tarixi və nömrəsi yoxdur) görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə 698.99 kv.m torpaq sahəsi verilmişdir.

2. 1977-ci il tarixli Vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportundan görünür ki, Mingəçevir şəhər SES zonası ətrafı SES “Bahar” bağçılıq yoldaşlığı İddiaçı 600 kv.m torpaq sahəsi verilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli **********09 nömrəli məktubundan görünür ki, Mərkəzin arxivində Mingəçevir şəhəri üzrə bağ siyahısında bağçılıqların adları göstərilməmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli **********28 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhəri bağlar idarəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş “Bahar” bağçılıq təsərrüfatının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1347/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, X1 kitabında İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi qeydiyyata alınmamışdır.Elektron baza məlumatlarında mövcud olan Mingəçevir bələdiyyəsinin TEKUİS-ndəki xəritəsinə əsasən İddiaçı adına tərtib edilmiş **********2004 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeydə alınmış koordinatlar daxilində yerləşən 698.99 kv. m torpaq sahəsinin təyinatı sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahəsi, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi idarəsinin səlahiyyətinə aid deyil. **********2004 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeydə alınmış koordinatlar daxilində yerləşən torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə sənəd üzrə olan torpaq sahəsi arasında hava xətti ilə 116 m məsafə mövcuddur. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 600 kv. m torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqla, uqodiyası meyvə bağları (kənd təsərrüfatına yararlı torpaqlar), mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi idarəsinin səlahiyyətinə aid deyil, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan və sənəd üzrə olan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdeh və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur.Lakin,iddia mahiyət etibarı ilə əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adı bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında təsbit edilmədiyindən, iddiaçı ona ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən hüquqi və texniki sənədlərə malik olmadığından iddia tələbinin təmin olunması istisna edilir.İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” sənədi müvafiq qurum tərəfindən qeydiyyata alınmamış,sənədin tarixi və nömrəsi olmamaqla birgə imza və möhürlə təsdiq olunamamışdır.Həmin hallardan görünür ki,sözügedən plan-ölçü sənəd kimi hüquqi əhəmiyyətə malik deyildir.Həmçinin,orada göstərilən koordinatlar iddiaçının faktiki istifadəsini deyil, 116 m məsafədə yerləşən koordinatlara uyğundur. Hazırkı iddia tələbində iddia olunan torpaq sahəsi TEKUİS xəritəsinə əsasən təyinatı təyinatı sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahəsi, uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar olmaqla, mülkiyyətçisi Mingəçevir Bələdiyyəsidir.İddia olunan və iddiaçının naturada istifadəsində olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair nə iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmuş,nə də məhkəmə araşdırması zamanı belə bir sənəd aşkar olunmuşdur.Belə olan halda cavabdeh inzibati orqan qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “İddiaçı Mingəçevir SEC Silsiləsi MMC-nin 16 saylı, 04 may 2004-cü il tarixli qərarı ilə “Bahar kollektivi” bağçılıq təsərrüfatından ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüuqunun dövlət qeydiyyatına alınması və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar