Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-569/2025 09.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, İddiaçı, cavadehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “onun 1978-ci ildən 1981-ci ilə qədər (2 il 10 ay 18 gün) əyani oxuduğu əmək stajında nəzərə alınması və əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır ki, “iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. 1978-cı ildə Göyçay Şəhər 58 saylı Texniki Peşə Məktəbinə daxil olmuş, 1981-ci ildə oranı bitirmişdir. xx.xx.1981-ci ildə hərbi xidmətə çağırılmışdır. xx.xx.1983-cü ildə hərbi xidmətdən qayıtmışdır. xx.xx.1983-cü ildə Göyçay rayon İstehsalat Birliyində elektrik qaynaqçısı kimi işə başlamış və xx.xx.2005-ci ilə qədər müxtəlif müəssisələrdə işləmişdir. İddiaçının ümumi stajı 26 ilə yaxın olmaqla pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün 60 yaşda əmək pensiyasına çıxmaq hüququ verir. İddiaçı müvafiq sənədləri toplamaqla 16 fevral 2024-cü ildə cavabdeh təşkilata müraciət etmişdir, lakin 28 mart 2024-cü il tarixli məktubunda cavabdeh iddiaçıya güzəştli iş stajının 22 il 6 ay 26 gün olduğunu göstərərək əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. (40320,00 manata qarşı 22743.8 manat) İddiaçı cavabdehin bu imtinası ilə razılaşmır və bildirir ki, onun 1978-ci ildən 1981-ci ilə qədər Göyçay texniki peşə məktəbindəki əyani oxuduğu müddət əmək stajında nəzərə alınmamışdır. Qarşı tərəf iddiaçıya pensiya təminatından imtina edərkən bunu sosial kapitalımın az olması ilə əlaqələndirmiş, halbuki, onun göstərdiyi məbləğ hansı mənbədən götürülmüşdür, iddiaçıya aydın deyildir.”. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, “Ərizəçinin müraciətinə Mərkəzi Filial tərəfindən baxılaraq xx.xx.2024-cü il tarixli 3-17- 1/2-A- 70528/2024 nömrəli məktubla cavab verilmişdir. Həmin məktuba əsasən iddiaçının qanunvericiliklə tələb olunan ümumi iş stajının 25 ildən az (22 il 6 ay 26 gün (xx.xx.1981xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci İl, xx.xx.1985xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1999-cu il və xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajının isə 12 il 6 aydan az (6 il 10 ay 20 gün (xx.xx.1985xx.xx.1986-cı il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasr’nın 2.2.1-ci yarımbəndinə və 4.1-cİ bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Buna baxmayaraq iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X2 02 fevral 2024-cü il tarixli 06 nömrəli arayışında və əmək kitabçasında iddiaçının işlədiyi quraşdırıcı vəzifəsinin Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması barədə məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(102)- 2691/2023 nömrəli qərarına əsasən nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə pensiya təyinatı zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) və sahələr üzrə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Həmçinin analoji digər iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-668/2024 nömrəli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalı olduğu izah edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 669/2024 nömrəli gərarında isə göstərilmişdirki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hügugu verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmagla müəyyən edə bilər.” Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. ИТ-İ seriyalı ******* nömrəli Əmək kitabçasının surəti;
2. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu;
3. İddiaçıya məxsus B 809527 seriya nömrəli diplomun surəti.
4. Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu.
5. AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür.
6. Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1.Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh imtinasını ümumi iş stajının 25 ildən az (22 il 6 ay 26 gün (xx.xx.1981xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci İl, xx.xx.1985xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1999-cu il və xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajının isə 12 il 6 aydan az (6 il 10 ay 20 gün (xx.xx.1985xx.xx.1986-cı il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil etməsi səbəbi ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçası əsasında bütövlükdə sosial sığorta stajı,o cümlədən mübahisələndilən əmək fəaliyyəti dövrləri araşdırılmışdır. Cavabdeh orqan tərəfindən iddiaçının xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci İl, xx.xx.1985-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1999-cu il və xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı sosial sığorta stajı mübahisələndirilmir. Mübahisələndirilən dövr 1978-1981-ci ilə qədər Göyçay texniki peşə məktəbində əyani oxuduğu dövrlərdir. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan iddiaçıya məxsus Azərbaycan SSR X5 Təhsili Komitəsi tərəfindən verilmiş 809527 nömrəli diplomda iddiaçının xx.xx.1978-ci ildə Göyçay şəhəri 58 nömrəli orta texniki peşə məktəbinə daxil olduğu xx.xx.1981-ci ildə oranı bitirdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; Göründüyü kimi əyani təhsil dövrü əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajına aid edildiyi halda cavabdeh bunu etməmişdir. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Odur ki, iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə kimi Göyçay şəhəri 58 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı müddət onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə olan halda iddiaçının ümumi iş stajının 25 il müəyyən edilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericilikdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:
1. iddiaçı tələb olunan yaş həddinə çatmalıdır.
2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1983-cü ildə Göyçay rayon İstehsalat Birliyində elektrik qaynaqçısı kimi işə qəbul edildiyi və başlamış və xx.xx.2005-ci ilə qədər müxtəlif müəssisələrdə elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin cavabdeh inzibati orqan yalnız xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən dövr kimi nəzərə almışdır. İddiaçının müraciəti üzrə cavabdeh orqan imtinanın səbəblərindən biri kimi güzəştli iş stajının 6 il 10 ay 20 gün olması ilə əsaslandırsa da, iddiaya etirazda bunu Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X2 02 fevral 2024-cü il tarixli 06 nömrəli arayışında və əmək kitabçasında iddiaçının işlədiyi quraşdırıcı vəzifəsinin Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması barədə məlumatlar göstərilməməsi ilə əsaslandırmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X2 02 fevral 2024-cü il tarixli 06 nömrəli arayışında iddiaçının xx.xx.1983xx.xx.1985-ci illərdə (1 il, 5 ay, 8 gün) və xx.xx.1985-xx.xx.1996-cı (10 il, 8 ay, 12 gün) illərdə elektrik qaynaqşısı, xx.xx.2024-cü il tarixli, 09/03 nömrəli arayışda isə xx.xx.1999xx.xx.2005-ci illərdə (6 il 2 ay 2 gün) isə əl qaynaqçısı peşəlrində işlədiyi qeyd edilmişdir. Belə olan halda iddiaçının güzəştli iş stajının 6 il 10 ay 20 gün olması ilə bağlı cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 60 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə, Qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.