Məhkəmə qərarları › İş №2-1(116)-57/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-57/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-57/2025 25.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN seriyalı (kod ********) Torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən, Yevlax rayon AİK-nın 20 iyun 1998-ci il tarixli 32 №-li qərarı ilə iddiaçıya və ailə üzvlərinə Yevlax rayonu Qaramanlı kəndinin ərazisindən verilmiş 3,02 ha torpaq sahəinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “JN seriyalı (kod ********) Torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən, Yevlax rayon AİK-nın 20 iyun 1998-ci il tarixli 32 №-li qərarı ilə iddiaçıya və ailə üzvlərinə Yevlax rayonu Qaramanlı kəndinin ərazisindən verilmiş 3,02 ha torpaq sahəinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-355/2024 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-57/2025 nömrəli qərardadı ilə Yevlax rayonu Qaraməmmədli bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-57/2025 nömrəli qərardadı ilə üçüncü şəxs qismində inzibati məhkəmə icraatında cəlb edilmiş X2 hüquqi varisi- X5 ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, JN-0245 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 32 nömrəli qərarı ilə ona 4 nəfər ailə üzvü ilə birlikdə Yevlax rayonu Qaramanlı kəndi ərazisində yerləşən 3,02 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını sözügedən Dövlət Aktında göstərilən 0245 nömrəli torpaq sahəsinin Yevlax rayonu Qaramanlı kəndi üzrə elektron xəritə bazasında və elektron adlı siyahıda öz əksini tapmaması, arxiv materiallarında Dövlət Aktının 2-ci nüsxəsinin aşkarlanmaması, Yevlax rayonu üzrə dövlət aktlarının və torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında iddiaçının adına JN-0245 nömrəli Dövlət Aktının olması barədə məlumatın qeyd olunmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat veərərk məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasında izahat verərək məhkəmədən iddianın qanuni həll edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, JN-0245 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 32 nömrəli qərarı və həmin qərar əsasında pay torpaq sahəsi ayrıılmış subyektlər siyahısından iddiaçı və ailə üzvlərinə aid hissədən çıxarışın təsdiq edilmiş surəti, X1 adına olan JN-244 №-li Dövlət Aktının arxiv nüsxəsinin mövcud olmaması barədə cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubu, cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planı, əsli iddiaçı tərəfindən təqdim edilmiş JN-0245 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının mötəbərliyinin müqayisəli yoxlanılması məqsədilə cavabdeh orqandan götürülmüş, eyni dövrdə tərtib edilmiş digər Dövlət Aktlarının təsdiq edilmiş surətləri, AZ 044398 №-li “ölüm haqqında” şəhadətnamənin surəti. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs Yevlax rayonu Qaraməmmədli bələdiyyəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. “Torpaq islahatı haqqında” haqqında Qanunun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında Əsasnamə: Bu Əsasnamə "Torpaq islahatı haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına uyğun olaraq sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) qaydalarını və şərtlərini müəyyən edir.

3. Yerli aqrar islahatı komissiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir.

4. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.

5. Bu Əsasnamənin 2-ci və 3-cü bəndlərində göstərilən işlər başa çatdırıldıqdan sonra qanunvericiliyə müvafiq təsdiq edilmiş kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrini ayırır, püşkatma yolu ilə vətəndaşlar arasında müəyyənləşdirir və torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlayır və vətəndaşlara verir. Bu sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirilir və vətəndaşlara təqdim olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 13.11. Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN-0245 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, Yevlax rayonu Qaramanlı kəndinin ərazisində yerləşən 3,02 ha torpaq sahəsinə dair yeni nümunəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əldə edilməsinə nail olmaqdır. İddiaçı tərəfindən təqdim edilən JN-0245 saylı Dövlət Aktının əsli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1 və 8.0.5-ci maddələrinin tələbləri baxımından müvafiq çıxarışın verilməsi üçün birbaşa hüquqi əsas yaradır. Cavabdeh orqanın imtina dəlili sözügedən Dövlət Aktında göstərilən 0245 nömrəli torpaq sahəsinin Yevlax rayonu Qaramanlı kəndi üzrə elektron xəritə bazasında və elektron adlı siyahıda öz əksini tapmaması, Dövlət Aktının 2-ci nüsxəsinin aşkarlanmaması, Yevlax rayonu üzrə dövlət aktlarının və torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında iddiaçının adına JN-0245 nömrəli Dövlət Aktının olması barədə məlumatın qeyd olunmaması ilə bağlıdır. Məhkəmə, caabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 32 nömrəli qərarı əsasında pay torpaq sahəsi ayrıılmış subyektlər siyahısından görünür ki, iddiaçı və ailə üzvləri torpaq islahatı aparılan zaman Yevlax rayonu Qaramanlı kəndi ərazisində yaşamaqla sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər hesab edilirlər. Cavabdeh orqan təqdim etdiyi mütəxəssis rəyində sözügedən torpaq sahəsinin mülkiyyətçisinin DWJ və TEKUİS məlumatlarına əsasən JN-0244 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının sahibi olduğunu qeyd etsə də, məhkəmənin sorğusuna cavab olaraq həmin Dövlət Aktının arxiv nüsxəsinin mövcud olmamasını bildirmişdir. Odur ki, dövlət aktlarının qeydiyyatı kitabında 244 sıra sayının qarşısında Balakişiyeva Zeynəbin adı qeyd edilsə də, iddia olunan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyil. Cavabdeh orqan tərəfindən JN-0245 saylı Dövlət Aktının mötəbərliyini şübhə altına alacaq hər hansı sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da, həmin Dövlət Aktının - tərtib olunduğu dövrə xas olan digər Dövlət Aktları ilə eyni xüsusiyyətlər daşıması müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən JN-0245 saylı Dövlət Aktına Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitunun Bərdə Rayonlararası Yerquruluşu Layihə İdarəsinin möhürü vurulmuş, eyni zamanda Yevlax rayon Torpaq şöbəsinin möhür əksi və səlahiyyətli şəxsinin imzası ilə təsdiq edilmişdir (1998-ci ildən sonrakı dövrdə tərtib edilmiş X7 rayon Torpaq şöbəsinin möhür əksi və səlahiyyətli şəxsin imzası ümumiyyətlə yoxdur, bir sıra dövlət aktlarında qeydiyyat kitabında hansı nömrə ilə qeydə alınması barədə qrafa doldurulmamışdır). 1998-ci ildə verilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının rəsmi olaraq iki fərqli idarənin (Bərdə Rayonlararası Yerquruluşu Layihə İdarəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu) möhürü istifadə edilməklə təsdiq edilməsi hallarının mövcud olub-olmamasının aydınlaşdırılması və inzibati praktikanın yoxlanılması üçün zəruri sənədlər cavabdeh orqandan götürülərək tədqiq edilmişdir. Təqdim edilmiş məlumatlarla və sənədlərlə müəyyən edilir ki, Ərazi İdarəsinin arxiv məlumatlarında 1998-ci ilə aid Bərdə Rayonlararası Yerquruluşu Layihə İdarəsinin möhürü ilə təsdiq edilmiş, həmçinin həmin dövrə aid Yevlax rayon Torpaq şöbəsinin möhür əksi və səlahiyyətli şəxsinin imzası əks olunmuş Dövlət Aktları mövcuddur. Göründüyü kimi JN-0245 saylı Dövlət Aktının mötəbərliyinin şübhə altına alınması üçün heç bir hüquqi əsas olmamış, eyni zamanda elektron baza məlumatlarında JN-0244 nömrə ilə Zeynəb Balakişiyevanın adına aparılmış qeydiyyata münasibətdə də, hər hansı hüquq müəyyənedici sənəd mövcud olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax rayon AİK-nın 20 iyun 1998-ci il tarixli 32 №-li qərarı ilə Yevlax rayonu Qaramanlı kəndi ərazisindən verilmiş, JN-0245 saylı (kod ********) “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 3,02 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın İddiaçı verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar