Məhkəmə qərarları › İş №2-1(116)-570/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-570/2022

23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-570/2022 23.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən 0,10 ha həyətyanı məqsədilə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2007-ci ildə ərizə ilə X5 müraciət edərək, 0,10 ha torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi xx.xx.2007-ci il tarixli rəy verərək, İddiaçı satılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsinin kənd təsərrüfatına yararlı olduğunu, X4 mülkiyyətinə aid olduğunu və alqı-satqı predmeti olduğunu bildirmişdir. Yevlax Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi xx.xx.2007-ci il tarixli rəy verərək, 0,10 ha torpaq sahəsinin ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğunu, torpaq sahəsinin elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və ya sürüşmə zonasında yerləşmədiyini qeyd etmişdir. Bundan başqa, həmin rəydə torpaq sahəsinin dövlət qeydiyyatına alınmasının məqsədəmüvafiq olduğu bildirilmişdir. Bundan sonra X4 xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə X4 mülkiyyətində olan həyətyanı torpaq sahəsindən 0,10 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. İddiaçı tərəfindən X4 bank hesabına xx.xx.2007-ci ildə 160 manat pul ödənilmişdir. X8 ilə İddiaçı arasında 0,10 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş və xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində 1364 nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən həmin 0,10 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd X4 sədri tərəfindən təsdiq edilmişdir. X4 xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsi ilə bağlı İddiaçı adına A-336118 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və xx.xx.2011-ci ildə 197 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, 0,10 ha həyətyanı məqsədilə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli **********23 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahəsi yaşayış məntəqələri torpaqlarının hüdudlarından kənarda Xaldan "Mal-qara kökəltmə" sovxozunun balansında olmuş ictimai tikililərin yerləşdiyi torpaq sahəsinin ərazisində yerləşir. Bundan başqa, Yevlax Rayon X8 tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 18 nömrəli bələdiyyə qərarında "2006-cı il", "2007-ci il" kimi düzəliş edilsə də, düzəlişin həqiqiliyi Bələdiyyə tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, torpaqların alqı-satqısına dair aktın qeydiyyata alınma nömrəsi digər bələdiyyə tərəfindən başqa vətəndaşın mülkiyyətinə verilmiş torpaqların alqı-satqı aktındakı qeydiyyat nömrəsi ilə eynilik təşkil edir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, ərizəsinə əlavə etdiyi torpaqların alqısatqısına dair aktın qeydiyyata alınma nömrəsinin digər bələdiyyə tərəfindən başqa vətəndaşın mülkiyyətinə verilmiş torpaqların alqı-satqı aktındakı qeydiyyat nömrəsi ilə eynilik təşkil etməsi onun günahı deyildir. Eyni zamanda, həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlarının hüdudlarından kənarda Xaldan "Mal-qara kökəltmə" sovxozunun balansında olmuş ictimai tikililərin yerləşdiyi torpaq sahəsinin ərazisində yerləşmir. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli **********74 nömrəli etirazında imtinasının dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, X4 xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarından görünür ki, İddiaçı X4 mülkiyyətində olan həyətyanı torpaq sahəsindən 0,10 ha torpaq sahəsinin ona satılması qərara alınmışdır. - İşdə olan, torpaq sahəsinin alqı-satqısına dair aktdan görünür ki, X8 ilə İddiaçı arasında 0,10 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş və xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində 1364 nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, A-336118 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Yevlax Rayon X4 xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmiş və xx.xx.2011-ci ildə 197 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. - İşdə olan, cavabdehin xx.xx.2021-ci il tarixli **********23 nömrəli imtina məktubundan görünür ki, sözügedən torpaq sahəsi yaşayış məntəqələri torpaqlarının hüdudlarından kənarda Xaldan "Mal-qara kökəltmə" sovxozunun balansında olmuş ictimai tikililərin yerləşdiyi torpaq sahəsinin ərazisində yerləşir. Bundan başqa, Yevlax Rayon X8 tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 18 nömrəli bələdiyyə qərarında "2006-cı il", "2007-ci il" kimi düzəliş edilsə də, düzəlişin həqiqiliyi Bələdiyyə tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, torpaqların alqısatqısına dair aktın qeydiyyata alınma nömrəsi digər bələdiyyə tərəfindən başqa vətəndaşın mülkiyyətinə verilmiş torpaqların alqı-satqı aktındakı qeydiyyat nömrəsi ilə eynilik təşkil edir. - İşdə olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********47 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, 0,10 ha torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Yevlax rayon Aşağı Bucaq təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar uqodiyalı ərazidə yerləşir. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********36 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, 0,10 ha torpaq sahəsinin 525.53 kv.m hissəsi kənd təsərrüafatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla bələdiyyə mülkiyyətinə, 454.47 kv.m hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla dövlət mülkiyyətinə aid ərazidə yerləşir. A-336118 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilmiş koordinatlar daxilində yerləşən 0,10 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə satılması mümkün olmayan torpaq sahəsidir. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********12 nömrəli məktubundan görünür ki, 0,10 ha torpaq sahəsinin 525.53 kv.m hissəsi keyfiyyət qruplu V, bonitet balı 19 ballı olmaqla şərti yararsız torpaq sahəsidir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək İddiaçı adına olan A-336118 nömrəli xx.xx.2011-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş koordinatlarda yerləşən 0,10 ha torpaq sahəsinin (sənəd üzrə) təyinatı və uqodiyası barədə, eləcə də həmin torpaq sahəsi suvarılan əkin olduğu halda, onun fərdi yaşayış evi tikmək üçün satılmasının sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olub-olmaması barədə məlumat tələb olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin "xxxx" MMC-dən cavab olaraq məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı adına olan A-336118 nömrəli xx.xx.2011-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş koordinatlarda yerləşən 0,10 ha torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Yevlax rayonu Aşağı Bucaq təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla, təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar uqodiyalı ərazidə yerləşir. Həmin 0,10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: Döngə Döngə Məsafə nöqtələrinin X Y nöqtələri (metrlə) nömrələri 1 686203,20 4510472,63 1-2 28 2 686225,31 4510455,44 2-3 35 3 686203,82 4510427,81 3-4 28 4 686181,72 4510445,00 4-1 35 Məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş sorğuya cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli cavab məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı adına olan A-336118 nömrəli xx.xx.2011-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş koordinatlarda yerləşən 0,10 ha torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Yevlax rayonu Aşağı Bucaq təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və "Torpaqların elektron kadastr uçotu informasiya sistemi"ndə olan məlumatlara əsasən, 525,53 kv.m hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla bələdiyyə mülkiyyətinə, 454,47 kv.m hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla dövlət mülkiyyətinə aid olan ərazidə yerləşir. Həmin 0,10 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə satılması mümkün olmayan torpaq sahəsidir. Göründüyü kimi, Yevlax Rayonu X4 xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin 454,47 kv.m hissəsinin dövlət mülkiyyətinə aid olması müəyyən edilmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə görə, bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək səlahiyyətləri vardır. Məhkəmə qeyd edir ki, Yevlax Rayonu X8 dövlət mülkiyyətinə aid torpaq sahəsini satmaqda haqlı olmadığına görə onun xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı 454,47 kv.m torpaq sahəsinə aid hissədə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verə bilməz. Bələdiyyə tərəfindən iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin qalan 525,53 kv.m hissəsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 17-ci maddəsində deyilir ki, torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinin xx.xx.2007-ci ildə (hazırkı iş üzrə torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin qərarının tarixi) qüvvədə olmuş redaksiyasında deyilirdi ki, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci bəndinin xx.xx.2007-ci ildə (hazırkı iş üzrə torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin qərarının tarixi) və hazırda da qüvvədə olan redaksiyasında deyilir ki, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Sadalanan normalardan görünür ki, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər, kənd təsərrüfatına yararlı torpaq sahələri isə yalnız kənd təsərrüfatı istehsalı üçün istifadəyə və icarəyə verilə bilər. Həmin torpaq sahələri alqı-satqı obyekti ola bilməz. Eyni hüquqi mövqe 2-1(102)-1383/2020 nömrəli başqa bir inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarında da ifadə edilmişdir. Ona görə də məhkəmə tərəfindən cavabdehə sorğu verilərək Yevlax Rayon X8 tərəfindən iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan 525,53 kv.m hissəsinin kənd təsərrüfatına yararlı olub-olmaması barədə məlumat tələb olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, elektron məlumat bazasında mövcud olan Yevlax Rayonu X4 xəritə materiallarında (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) olan məlumatlara əsasən, sözügedən 525,53 kv.m torpaq sahəsinin keyfiyyət qrupu V, bonitet balı 19 olmaqla şərti yararsız torpaq sahəsidir. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin dördüncü hissəsində deyilir ki, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Göründüyü kimi, dövlət torpaq kadastrının məlumatlarına görə, Yevlax Rayon X8 tərəfindən iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan 525,53 kv.m hissəsi kənd təsərrüfatına şərti yararsız torpaq sahəsidir. Ona görə də məhkəmə bu qərara gəlir ki, cavabdeh həmin 525,53 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmamışdır. Bununla yanaşı, məhkəmə cavabdehin imtina məktubunun digər dəlillərinə də münasibət bildirməyi zəruri hesab edir. Həmin dəlillərdən biri Yevlax Rayon X8 tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarın tarixində ilin əvvəlcə 2006 yazılmasından, sonradan 2007-yə düzəldilsə də, bu düzəlişin həqiqiliyinin Bələdiyyə tərəfindən təsdiq edilməməsindən ibarətdir. Bu xüsusatın araşdırılması üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası X9 filialına və Yevlax Rayon X5 sorğu verilərək qərarın əsli tələb edilmiş, lakin X9 filialı xx.xx.2022-ci il tarixli cavab məktubu ilə göstərilən Bələdiyyənin sənəd materiallarının X10 təhvil verilmədiyini bildirmiş, Yevlax Rayon X8 isə xx.xx.2022-ci il tarixli cavab məktubunda xx.xx.2011-ci ildə Bələdiyyənin bir çox sənədinin "xxxx" MMC tərəfindən utilizasiya olunduğunu və protokol kitablarının hazırda bələdiyyədə olmadığını bildirmişdir. Lakin bununla yanaşı, məhkəmə qeyd edir ki, cavabdehin istinad olunan dəlili əsaslı deyil. Belə ki, qərarın tarixində "2006" yazılıb sonradan düzəliş aparılmamışdır. Həmin qərar hazır blankdakı boş qrafalar əlyazma üsulu ilə doldurulmaqla tərtib edilmişdir. Qərarın tarixindəki "2006-cı il" isə qərar blankında çap üsulu ilə əvvəlcədən yazılmaqla mövcud olmuş və qərar tərtib edilərkən "6" rəqəminin üstünə "7" rəqəmi əlyazma üsulu ilə yazılmışdır. Bu isə qərarın mətnində düzəliş kimi qiymətləndirilə bilməz. Eyni zamanda, torpaq sahəsinin iddiaçıya satılması zamanı tərtib olunmuş digər sənədlərin hamısında 2007-ci il göstərilmişdir. Bundan əlavə, cavabdehin imtinasının digər dəlili torpaqların alqı-satqısına dair aktın qeydiyyata alınma nömrəsinin digər bələdiyyə tərəfindən başqa vətəndaşın mülkiyyətinə verilmiş torpaqların alqı-satqı aktındakı qeydiyyat nömrəsi ilə eynilik təşkil etməsi barədədir. Bu xüsusat da araışdırıldı və müəyyən edildi ki, həm iddiaçının adına olan "Torpaqların alqı-satqısına dair akt", həm də Yevlax Rayonu Balçılı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 22 nömrəli qərarı ilə X6 adlı şəxsə satılmış 0,12 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş "Torpaqların alqısatqısına dair akt" DTXK-nin Yevlax rayon şöbəsində 1364 nömrə ilə qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, həmin qeydiyyat iddiaçı tərəfindən deyil, DTXKnin Yevlax rayon şöbəsi tərəfindən aparılmışdır. Belə olan halda, həmin səhv iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Digər tərəfdən, "Torpaqların alqı-satqısına dair akt"ın qeydiyyatı bələdiyyə qərarından və akt tərtib edilməsindən sonra aparıldığına görə həmin qeydiyyatın nömrəsindəki yanlışlıq bələdiyyə qərarının qanuniliyinə təsir göstərə bilməz. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia A-336118 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 0,10 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olan 525,53 kv.m hissəsində təmin edilməli, qalan 454,47 kv.m hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsində deyilir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə prosessual xərclər iddiaçı tərəfindən Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin bank hesabına xx.xx.2022-ci ildə ödənilmiş 312 manat və xx.xx.2022-ci ildə ödənilmiş 95 manat, cəmi 407 manat xidmət haqqından ibarətdir. Məhkəmə hesab edir ki, iddianın 52,553 faiz hissəsi təmin olunduğuna görə prosessual xərclərin də 52,553 faizi, yəni 213,89 manat hissəsi cavabdehə aid edilməli, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, qalan 193,11 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı adına olan xx.xx.2011-ci ildə dövlət torpaq kadastr kitabında 197 nömrə ilə qeydə alınmış A-336118 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 0,10 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olan 525,53 kv.m hissəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia 0,10 ha torpaq sahəsinin qalan 454,47 kv.m-nə aid hissədə təmin edilməsin. Prosessual xərclərin 213,89 manat hissəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə aid edilsin və həmin məbləğ ondan alınaraq İddiaçı ödənilsin. Prosessual xərclərin qalan 193,11 manat hissəsi İddiaçı aid edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar