Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-570/2025 04.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı “cavabdehdən 20000 manat məbləğində kompensasiya tutulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsindən 20000 manat məbləğində kompensasiya tutulması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 04 mart 2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətindən 20000 manat məbləğində kompensasiya tutulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı 2018-ci ildə SHXÇDX-nin Şəki rayon şöbəsi tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağrılmış, 05 oktyabr 2018-ci il tarixdə hərbi hissəyə göndərilmişdir. 2020-ci il aprelin 20-də həqiqi hərbi xidməti başa vurub Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 76 №-li əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDX-nin Şəki rayon İdarəsinə göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə könüllü olaraq müraciət etmiş, 29 sentyabr 2020-ci il tarixdə İİ Qarabağ müharibəsi başladığı zaman könüllü olaraq Vətənin müdafiəsinə yollanmışdır. İİ Qarabağ müharibəsində vətənin müdafiəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 24 iyun tarixli 2715 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. 2023-cü ilin avqust ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək müddətsiz hərbi xidmətə könüllü daxil edilmiyini xahiş etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 28 avqust 2023-cü il tarixli 8948 №-li rəyi ilə (Diaqnoz: “ikitaylı aortal qapaq”) ürəyinin anadangəlmə xəstə olduğu bildirilərək “Xəstəliklər cədvəlinin” 80C maddəsinin İİ qrafasına və ƏTC-nə (Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə qoşma) əsasən hərbi xidmətə daxil olmağa yararsız hesab edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mən və valideynləri mənəvi sarsıntı keçirmişdir. Buna görə də əsəbləri pozulmuş, əsəb sakitləşdirici dərman preparatları qəbul etmidir. Ürəyinin anadangəlmə xəstəliyi ilə bağlı müddətsiz hərbi xidmətə könüllü olaraq qəbul edilmədiyindən mənəvi və fiziki iztirab keçirmişdir. Ona görə də kompensasiya kimi cavabdehdən 20.000 (İyirmi min) manat tələb edir. Bununla əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmiş,cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazını aşağıdakı kimi əsaslandırmışdır : Vətəndaşların müddətli həqiqi hərbi xidmətə göndərilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 4-1.1 və 4- 1.1.1-ci yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. Bildiririk ki, İddiaçı haqqında qərar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən qəbul olunduğundan cavabdeh qismində məhkəmə icraatına həmin şöbə cəlb edilməli idi. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddiaçı iddianı düzgün cavabdehə qarşı qaldırmadığından (inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən) iddia tələbi mümkün sayılmamalıdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi və iş materiallarına uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu.
3. İddiçıya məxsus SX ******* seriya nömrəli hərbi biletin surəti.
4. Xidməti xasiyyətnamənin surəti.
5. İ-13650 seriya nömrəli Qubadlının azad olunmasına görə” medalı vəsiqəsinin surəti.
6. İ-45036 seriya nömrəli “Vətən müharibəsi iştirakçısı” medalı vəsiqəsinin surəti.
7. Hərbi xidmətə könüllü daxil olan şəxsin tibbi şəhadətləndirmə kartının surəti.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)- 653/2024 nömrəli qətnaməsinin surəti.
9. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surəti.
Əsaslandırma hissəsi: İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.İddiaçı İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia təmin edilməməlidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamə: 1.6. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. 3.0.9. hərbi vəzifəlilərin səfərbərlik üzrə Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə, habelə xüsusi birləşmələrə çağırılmasını təmin etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş qaydada çağırış komissiyaları yaratmaq; Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarı : Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və Əsas azadlıqları Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Nəzərə alınmalıdır ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Məhkəmə hesab edir ki, zərərlə bağlı üç əsas nüansa diqqət yetirmək lazımdır :
1. Qanunsuz hərəkət və hərəkətsizlik;
2. Zərərin mövcudluğu;
3. Səbəb-nəticə əlaqəsi. İş materiallarından görünür ki, iddiaçı 2018-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmət keçmək üçün hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli 154 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasənaməyə əsasən «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydasını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələbləri müəyyən edir. Hərbi-həkim ekspertizası dinc və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, həmçinin sərhəd qoşunlarında, daxili qoşunlarda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Hərbi Əks-Kəşfiyyat Xidməti və Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsi orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) səhhətinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq dərəcəsini, həbelə vətəndaşların yaralanmalarının (travmaların, xəsarətlərin, kontuziyaların) və xəstəliklərinin hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmələri ilə səbəb əlaqəsini (bundan sonra — yaralanmaların (xəsarətlərin, kontuziyaların, travmaların) və xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədilə keçirilir.
2. Hərbi-həkim ekspertizası keçirmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda, çağırış məntəqələrində ştatlı və ya ştatdankənar hərbi-həkim komissiyaları (bundan sonra — HHK) və həkim-uçuş komissiyaları (bundan sonra — HUK) yaradılır. Bəzi hallarda, Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla, hərbi-həkim ekspertizası ilə əlaqədar məsələlərin həlli hərbi xidmətə könüllü daxil olmuş və çağırış üzrə hərbi xidmət keçən şəxslərin (bundan sonra — hərbi qulluqçular) və orqanlarda xidmət edən şəxslərin tibbi müayinə və müalicəsinin aparıldığı dövlət tibb müəssisələrində də həyata keçirilə bilər.
17. İlkin hərbi qeydiyyata götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşın şəhadətləndirilməsi nəticəsində onun hərbi xidmətə yararlılığı haqqında çağırış komissiyası aşağıdakı kateqoriyalar üzrə rəy verir: «A» — həqiqi hərbi xidmətə yararlıdır; «B» — sıradankənar həqiqi hərbi xidmətə yararlıdır; «C» — dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; «Ç» — həqiqi hərbi xidmətə müvəqqəti yararsızdır; «D» — hərbi uçotdan çıxarılmaqla, həqiqi hərbi xidmətə yararsızdır. Həqiqi hərbi xidmətə yararlı və ya sıradankənar həqiqi hərbi xidmətə yararlı hesab edilmiş vətəndaşlar üçün «Xəstəliklər cədvəlinə» və vətəndaşların səhhətinə əlavə tələblər cədvəlinə müvafiq olaraq həqiqi hərbi xidmət keçmək üçün təyinat göstəricisi müəyyən edilir.
23. Hərbi xidmət keçməyən və hərbi xidmətə könüllü daxil olan şəxslərin şəhadətləndirilməsinin təşkili hərbi komisssarlıqlara və bu Əsasnamənin 1-ci bəndində göstərilən orqanlara həvalə olunur. Hərbi xidmətə könüllü daxil olan şəxs, xəstəlik diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə göndərilə bilər. Həmin şəxslərin göstərilən diaqnostik müayinələri, habelə onların tibbi müayinəsi dövlət səhiyyə sisteminin tibb müəssisələrində və hərbi tibb müəssisələrində keçirilir.
29. Hərbi qulluqçuların hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəyi HHK bu Əsasnamənin 17-ci bəndinə uyğun olaraq çıxarır. Hərbi xidmətə könüllü daxil olmuş əsgərlərdə, matroslarda, çavuşlarda və hərbi tədris müəssisələrinin kursantlarında (buraxılış kursunda təhsil alanlardan başqa) «Xəstəliklər cədvəlində» hərbi xidmətə yararlılığın fərdi qiymətləndirilməsi nəzərdə tutulan xəstəliklər olduqda, HHK hərbi xidmətə yararlılıq haqqında «C» kateqoriyası (dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır) üzrə rəy çıxarır. Sıradankənar hərbi xidmətə yararlı və ya dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş zabitlər, gizirlər, miçmanlar, əgər «xəstəliklər cədvəlində» başqa hal nəzərdə tutulmayıbsa, hava-desant qoşunlarında (bundan sonra — HDQ), üzən heyətlərdə (bundan sonra — ÜH), dəniz piyadasında (bundan sonra — DP) və xüsusi qurğularda (bundan sonra — XQ) xidmətə yararsız hesab olunurlar. Sıradankənar hərbi xidmətə yararlı hesab edilmiş, hərbi xidmətə könüllü daxil olmuş əsgərlər, matroslar, çavuşlar və hərbi tədris müəssisələrinin kursantları, əgər «Xəstəliklər cədvəlində» başqa hal nəzərdə tutulmayıbsa, HDQ-də, ÜH-də, dəniz piyadasında və XQdə xidmətə yararsız hesab olunurlar. Yuxarıda qeyd olunan Əsasnamədə hərbi xidmətlə bağlı aşağıdakı kateqoriyalıar fərqləndirilmişdir «Xəstəliklər cədvəlinin» qrafaları aşağıdakı kateqoriyalı vətəndaşların səhhətinə tələbləri nəzərdə tutur: İ qrafa — ilkin hərbi qeydiyyata götürülən, hərbi xidmətə çağırılan vətəndaşların; İİ qrafa — çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların; İİİ qrafa — zabitlərin, miçmanların və onlara bərabər olan hərbi qulluqçuların, hərbi xidmət keçməmiş, ehtiyatda olan zabitlər, hərbi xidmətə və hərbi toplanışa çağırılanda, hərbi xidmətə könüllü daxil olan və hərbi xidmət keçən şəxslərin. YS — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növündə, qoşun növündə, ayrıayrı hərbi uçot ixtisasları üzrə xidmətə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi tədris müəssisələrinə daxil olmağa yararsızdır; İddiaçı həqiqi hərbi xidmət keçmiş,daha sonra qismən səfərbərliklə əlaqədar olaraq yenidən ordu sıralarına cəlb edilmişdir.İddiaçının yenidən müraciət isə hərbi qulluqçu kimi yenidən hərbi xidmətə daxil olmaqla bağlıdır.Yuxarıda qeyd olunan qrafalar əsasında vətəndaşların sağlamlıq vəziyyətinin nəticəsi fərqli tələblər nəzərdə tutmaqdadır.Belə ki,iddiaçıya Xəstəliklər cədvəlinin 80c maddəsinin İİ qrafasına əsasən “hərbi xidmətə daxil olmağa yararsız,uçot yeri üzrə tibbi müayinə və şəhadətləndirilmə” barədə qərar qəbul edilmişdir.Həmin bənddə “Anadangəlmə inkişaf qüsurları, deformasiyalar və xromosom anomaliyaları” təsbit edilmişdir.İddiaçı barəsində qoyulmuş 80c diaqnozu “funksiyaların cüzi dərəcədə pozulması” ilə müşahidə edilir.Bu zaman məhdudiyyət hərbi xidmətə daxil olmağa münasibətdə nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlara yekun vuraraq məhkəmə qeyd edir ki,iddiaçının hərbi xidmətə cəlb edilməsi ilə bağlı cavabdehin hərəkəti qanuni əsaslarla həyata keçirildiyindən iddia əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı “cavabdehdən 20000 manat məbləğində kompensasiya tutulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.