Məhkəmə qərarları › İş №2-1(116)-571/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-571/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-571/2021 10.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayonu Baş Göynük kəndi “Balı Yanı” adlanan ərazidə yerləşən 0,73 ha torpaq sahəsi ilə bağlı X3 adına verilmiş və X10 kitabında 25 fevral 2010-cu il tarixdə 4784 nömrə ilə qeydə alınmış A seriyalı, 059353 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Şəki rayonu Baş Göynük kəndi “Balı Yanı” adlanan ərazisində yerləşən 0,73 ha torpaq sahəsi ilə bağlı üçüncü şəxsin adına verilmiş və X10 kitabında 25 fevral 2010-cu il tarixdə 4784 nömrə ilə qeydə alınmış A seriyalı, 059353 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikasında torpaq islahatları aparılması ilə bağlı 16 iyul 1996-cı il tarixdə Torpaq İslahatı haqqında Azərbaycan Respublikasının qanunu imzalanmış və həmin qanun 02 avqust 1996-cı il tarixdə qüvvəyə minmişdir. Həmin Qanunun tələblərinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqların bələdiyyə mülkiyyətinə verilməsi, bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqların, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqların və ehtiyat fondu torpaqların daxil olduğu, bələdiyyənin ehtiyat fondu torpaqlarına yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqların, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqların və ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqların aid edildiyi, həmçinin, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələrin həyata keçirəcəyi müəyyən edilmişdir. Həmin Qanuna əsasən Azərbaycan Respublikasında Torpaq İslahatları aparılarkən hər bir kənd istehsal Kooperativinin istifadəsində olan torpaqların islahatı haqqında həmin kəndin Yerli islahat komissiyasının müvafiq iclas qərarına əsasən həmin kənd üzrə neçə ailədən ibarət, neçə nəfər şəxsin torpaq payı almaq hüququ subyektlərinin siyahısı təsdiq edilməli idi. Bundan sonra müvafiq şəhər icra hakimiyyəti başçısının həmin kənd inzibati ərazi nümayəndəliyi tərəfindən həmin kənd islahat kooperativində torpaq islahat ilə əlaqədar kənddə yaşayan, pasport qeydiyyatında duran və torpaq payı almaq huququ olan vətəndaşların siyahısı tərtib edilməli və müvafiq şəhər icra hakimiyyəti başçısı tərəfindən həmin siyahı təsdiq edilməli idi. Eynilə də bu proseslər Şəki rayonu Baş Göynük kəndində yaşayan şəxslərə, o cümlədən iddiaçının ailə üzvlərinə də şamil edilməli idi. Lakin, həmin vaxt işləyən vəzifəli səxsərin buraxdıqları texniki səhvlər nəticəsində iddiaçının atası X4 daimi zəbtində olan torpaq sahəsi ona pay torpaq sahəsi kimi ölçülməişdir. Belə ki, Şəki rayonu Baş Göynük kəndində aparılan torpaq islahatı zamanı Aqrar İslahat Komissiyasının müvafiq qərarına əsasən kolxoz təsərrüfatı dövründə sakinlərin daimi zəbtində olan torpaq sahələri onlara pay torpaq sahəsi kimi ölçülməklə, kəsrdə qalan pay torpağını digər massiv sahədən tamamlanması qeyd olumuşdur. Buna baxmayaraq islahatda ölçmə işləri aparan mütəxəssislər tərəfindən bir çox sakinlərin daimi istifadəsində olan zəbt torpaqları onların texniki səhvi ucbatından kənar şəxslərə pay torpaq sahəsi kimi ölçülərək verilmiş və həmin torpaq sahəsinə kadastr sənədi işlənmişdir. Nəticədə sakinlər arasında böyük narazılıqlar və münaqişlər yaranmışdır. Belə sakinlərdən biri də Baş Göynük kənd sakini olan iddiaçının atası X9 olmuşdur. Onun atasının “Balı yanı” adlanan ərazidə uzun illər istifadəsində olan 0,73 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən bu gün də onlar istifadə edirlər. Lakin, sonradan məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsi atası X4 öz zəbti kimi özünə ölçülməmiş, həmin torpaq sahəsi ilə bağlı Baş Göynük kənd sakini olan iş üzrə cavabdeh X5 X10 kitabında 25 fevral 2010-cu il tarixdə 4784 nömrəli ilə qeydə alınmış A seriyalı, 059353 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilməklə onun adına həmin torpaq sahəsinə kadastr sənədi işlənmişdir. İddiçının atası X9 vəfat etmişdir. Mübahisə pedmeti olan torpaq sahəsindən atası X4 vərəsəsi kimi iddiaçı öz ailəsi ilə birlikdə istifadə edir. Ümumiyyətlə, həmin torpaq sahəsindən atasının sağlığında da istifadə etmişlər. Həmin torpaq sahəsində tikinti işləri və digər yaxşılaşdırma işləri görməklə kifayət qədər xərc çəkmişlər. Həmçinin, mərhum atası X4, ümumiyyətlə ailəsini istifadəsində olan həmin torpaq sahəsinə görə 2019-cu ilin sonuna qədər bələdiyyədə hesablanmış torpaq vergisi də sağlığında atası, atasının ölümündən sonra isə onun tərəfindən tam şəkildə ödənilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh X3 hüquqlarının pozulmaması nöqteyi nəzərindən ona verilməli olan 0,73 ha pay torpaq sahəsinin əvəzində atası X6 “Biləcik həndi” adlanan ərazidə verilmiş 1,84 ha pay torpağının istənilən səmtindən 0,73 ha torpaq sahəsi ilə əvəzləşdirilərək dəyişdirilməsi və daimi istifadə etməsi təklif edilmişdir. Lakin cavabdeh X8 bu təkliflə heç cür razılaşmayaraq bildirir ki, “Balı yanı” adlanan ərazidə A №059353 saylı kadastr sənədində göstərilən 0,73 ha torpaq sahəsindən əl çəkən deyil. Bu isə ədalətsizliyə və nəticədə qanunsuzluğa gətirib çıxarır. Çünki, onların və cavabdeh X3 da hüquqlarının pozulmasına səbəb həmin vaxt işləyən vəzifəli şəxslərin buraxdıqlarları texniki səhvlər olmuşdur və cavabdeh X8 bununla bağlı bu qədər müddət ərzində heç bir tədbir görməmişdir. Bu məsələnin həlli ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh 21.11.2019-cu il tarixli imtina məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında X4 adına 5 nəfər ailə üzvü ilə birlikdə Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsinə kod 40406018, JN-870F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinin, 0,2209 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə A № 064328 saylı, 0,0319 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə A № 064331 saylı, 1.8499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə A № 045107 saylı, 0,6102 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin A № 050155 saylı, 0,0051 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə A № 064329 saylı, 0,0029 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə A № 064330 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinin verilməsi barədə məlumatlar mövcuddur. Ləğv edilmiş DTXK Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş torpaq islahatı zamanı Şəki rayonu Baş Göynük kəndində həyətyanı torpaq alacaq subyektlərin siyahısında sözügedən ailə üzvlərinin adları 870-ci sırada olmaqla 0,20 ha qanuni istifadədə olan torpaq sahəsinin və 0,11 ha pay torpağından çıxılmış zəbt torpağının olduğu, həmçinin pay torpağı alacaq subyektlərin siyahısında 1030-cu sırada olmaqla 0,19 ha qanuni istifadədə olan torpaq sahəsinin və 0,37 ha pay torpağından çıxılmış zəbt torpağının olduğu göstərilmişdir. Müraciətdə pay torpağından çıxılmış zəbt torpaq sahəsinin 0,73 ha olduğu göstərilsə də, təhvil verilmiş pay torpağı alacaq subyektlərin siyahısında pay torpağından çıxılmış zəbt torpaq sahəsinin 0,37 ha olaraq göstərilməsi, həmçinin sözügedən təsərrüfatda pay torpağı alacaq subyektlərə düşən pay torpağının ölçüsü barədə təsdiqləyici sənədin təqdim edilməməsi müraciətin icrasını mümkünsüz edir. Məhkəmə tərəfindən iddiaçıya 27.10.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsinə torpaq sahəsinə dair iddiaçının və ya atası X4 hüquqlarını təsdiq edən hər-hansı hüquqmüəyyənedici sənəd əlavə edilmədiyindən qaldırdığı iddia üzrə subyektiv hüquqa malik olub-olmadığının araşdırılması zərurəti yaranmışdır. Belə ki, iş materiallarının araşdırılması zamanı subyektiv hüquqa malik olubolmadığı məsələsinin müəyyən edilməsi zərurəti yaranmış, iddiaçıya bu barədə 12.02.2021-ci il tarixli yardım məktubu ünvanlanmış, lakin onun tərəfindən subyektiv hüquqa malik olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəmənin 27.10.2021-ci il tarixli yardımına da münasibət bildirilməmişdir. İddiaçı və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi 0,73 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Həmçinin iddia tələbində qeyd olunan 0,73 ha torpaq sahəsinin iddiaçı və onun ailə üzüvlərinə mülkiyyətinə verilməsini təsdiq edən hüquqmüəyyəedici sənədlər aşkar edilməmişdir. İddiaçı iddia ərizəsində də, mübahisəli torpaq sahəsinin onun atasının və özünün zəbtində olduğunu bildirmiş, faktiki olaraq özü heç bir hüquqi əsas olmadan həmin torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması ilə bağlı iddia irəli sürdüyünü ifadə etmişdir. Odur ki, qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaçının hüquqi marağı aradan qalxdığından iddia mümkün hesab edilməməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayonu Baş Göynük kəndi “Balı Yanı” adlanan ərazidə yerləşən 0,73 ha torpaq sahəsi ilə bağlı X3 adına verilmiş və X10 kitabında 25 fevral 2010-cu il tarixdə 4784 nömrə ilə qeydə alınmış A seriyalı, 059353 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar