Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-572/2021 19.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Zakirli Rabiyyə İlham qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "veteran statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "veteran statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılımışdır: İddiaçı 14.05.1987-ci il tarixdən 13 may 1989-cu il tarixədək SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmiş, 01.02.1993-cü il tarixdə 1-ci Qarabağ müharibəsi zamanı elan olunmuş səfərbərliklə bağlı Göyçay RHK tərəfindən Azərbaycan Respublikası Silahlı qüvvələrinə çağırılmış, N və N saylı hərbi hissələrin təkibində vuruşmuş, döyüş zonasında hərbi xidmət keçərkən bədən nahiyyələrindən bir neçə ciddi xəsarətlər almış, müayinə və müalicə olunması üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılmış, ilkin tibbi yardım olunduqdan sonra yenidən döyüşlərə göndərilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması üçün gedən döyüşlərdə fəal iştirak etməsinə baxmayaraq, döyüşlərdən tərxis olunması barədə Müdafiə Nazirliyinin arxivində sənədlər olmadığı ona bildirilmiş, buna görə də “müharibə veteranı” statusu və vəsiqəsini ala bilməmişdir. Onun 1-ci Qarabağ müharibəsində N və N saylı hərbi hissələrdə fəal iştirak etməyini onunla birgə həmin döyüşlərdə iştirak etmiş döyüşçü yoldaşları da təsdiq edə bilərlər. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlər nəzərə alınaraq İddiaçı "veteran statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İnzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçı və onun etibarnamə üzrə nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı 03.03.2021-ci il tarixli etirazında iddia tələbinə etiraz etdiyini bildirmiş və etirazını aşağıdakı kimi əsaslandırmışdır: Müdafiə Nazirliyinin aparatı nəzdində “veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın məktubunda iddiaçının döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədə hərbi xidməti, 28.04.1993-cü il tarixdən sonra müalicədən N nömrəli hərbi hissəyə qayıtmağı, hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı qeyd edilmişdir. İddiaçının hərbi biletində 24.04.1998-ci il tarixdə Tərtər Qarnizonu Hərbi Prokurorluğu tərəfindən amnistiya olunması qeydi var. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin 17.10.1997-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: “... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Göstərilənlər nəzərə alınaraq məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adınının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 və X2 hər ikisi eyni məzmunlu ifadə verərək iddiaçı ilə birlikdə N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etdiklərini bildirdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı barəsində 24.04.1998-ci ildə Tərtər Qarnizon Hərbi Prokurorluğu tərəfindən amnistiya tətbiq edilmiş, 17.10.1997-ci il tarixli “Amnistiya haqqında” qərara əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində əvvəlki xidmətinin hesablanmaması qeyd edilmişdir. - SHXÇDX-nin Göyçay Rayon Şöbəsinin 10.09.2020-ci il tarixli 343 nömrəli arayışından görünür ki, iddiaçı 01.02.1993-cü ildə keçmiş Göyçay RHK tərəfindən səfərbərliklə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinə göndərilmişdir. 24.04.1998-ci ildə Tərtər Qarnizon Hərbi Prokurorluğu tərəfindən amnistiya olunmuşdur. - Tərtər Hərbi Prokurorluğunun 01.03.2021-ci il tarixli 22HP1124 nömrəli məktubundan görünür ki, Tərtər Hərbi Prokurorluğu tərəfindən 20.04.1998-ci il tarixdə, 1969-cu il təvəllüdlü, N və N nömrəli hərbi hissələrdə xidmət etmiş İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin, 1992- 2013-cü illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin qeydiyyatı kitabları istisna olmaqla) Tərtər Hərbi Prokurorluğunda müvafiq surətdə məhv edildiyindən iddiaçı barəsində qəbul edilmiş qərarın surətinin göndərilməsi mümkün olmamışdır. - SHXÇDX-nin Göyçay Rayon Şöbəsinin 05.03.2021-ci il tarixli 345 nömrəli məktuba əlavə etdiyi, İddiaçı qeydiyyat kartasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı barəsində 17.10.1997-ci il tarixli “Amnistiya haqqında” qərara əsasən 24.04.1998-ci ildə Tərtər Qarnizon Hərbi Prokurorluğu tərəfindən amnistiya tətbiq edilmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrində əvvəlki xidmətinin hesablanmadığı qeydi aparılmışdır. - Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 10.10.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin iddiaçının döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədə xidməti, 28.04.1993-cü il tarixdən sonra müalicədən N nömrəli hərbi hissəyə qayıtması, hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığından cavabdeh tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir. - Şəki Şəhər Rayon Polis Şöbəsinin 07.03.2021-ci il tarixli 189-6533-1221 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Qarabağ Hərbi Prokurorluğunun 03.03.2021-ci il tarixli 18/988 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. - Füzuli Hərbi Prokurorluğunun 16.03.2021-ci il tarixli 16/1326 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ünvanladığı iddia tələbinə etirazda işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, hərbi bilet şəxsin döyüşlərdə iştirakını sübut edən sənəddir. İddiaçının hərbi biletində (səh.24) “amnistiya aktına əsasən əvvəlki xidmətinin nəzərə alınmaması” qeyd edilmişdir. Həmçinin SHXÇDX-in Göyçay Rayon şöbəsinin 05.03.2021-ci il tarixli 345 nömrəli məktubuna əlavə olunmuş qeydiyyat kartasında da iddiaçıya 24.04.1998-ci ildə Tərtər Qarnizon Hərbi Prokurorluğu tərəfindən amnistiya tətbiq edilməsi və Azərbaycan Respublikası Silahlı Qüvvələrində əvvəlki xidmətinin hesablanmaması qeydi edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli “amnistiya haqqında” qərarı Dövlət müstəqilliyi günü münasibətilə, Hərbi cinayətlər törətmiş şəxslər barəsində qəbul edilmişdir. Müvafiq qərarın 9-cu bəndində deyilir: bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. İddiaçının hərbi biletində amnistiya aktının tətbiq edilməsi ilə bağlı aparılmış qeydlər onu göstərir ki, müvafiq qərar qanuni qüvvəyə minənədək (dərc olunduğu günədək) iddiaçı barəsində yuxarıda qeyd edilmiş cinayət əməllərinin törədilməsi ilə bağlı araşdırma başlanılsa da, amnistiya aktı tətbiq edildiyinə görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İnzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçı özü də, həmin dövrdə bir neçə dəfə Tərtər Qarnizonu Hərbi Prokurorluğuna çağırıldığını etiraf etmiş, lakin üstündən xeyli müddət keçdiyinə görə həmin vaxt qeyd edilən cinayət əməllərinin törədilməsində təqsirləndirilməsi ilə bağlı heç nə xatırlamadığını bildirmişdir. İddiaçının 1993-1994-cü illərdə iştirak etdiyi döyüş əməliyyatları və baş vermiş hadisələri aydın şəkildə xatırladığı halda, ondan daha sonra yəni, 1997-1998-ci illərdə həyata keçirilmiş prosesləri, yəni Tərtər Qarnizonu Hərbi Prokurorluğunda amnistiya aktı əsasında cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı barəsində aparılmış icraatla bağlı hər şeyi unutmasını məhkəmə inandırıcı hesab etmir. İddia tələbinin əsassız olmasının digər səbəbi iddiaçının qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılmasının iş materialları ilə təsdiq edilməməsi ilə bağlıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. İddiaçının surətini təqdim etdiyi 28.04.1993-cü il tarixli xəstəlik vərəqəsindən çıxarışda onun vəziyyətinin yaxşılaşması və Göyçay RHK-nın sərəncamına göndərilməsi qeydi öz əksini tapsa da, onun ambulator, yaxud stasionar müalicədən sonra N nömrəli hərbi hissəyə qayıtması hər hansı dəlillə təsdiq olunmur. Belə ki, iş üzrə şahid qismində ifadə vermiş şəxslər də iddiaçının N saylı hərbi hissənin tərkibində onlarla birlikdə döyüşlərdə iştirak etdiklərini bildirmişlər. Məhkəmə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı mübahisənin olmadığını qeyd edir. Lakin yuxarıda qeyd edildiyi kimi onun qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. Eyni zamanda iddiaçının surətini təqdim etdiyi Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 18.01.2017-ci il tarixli arayışı da onu göstərir ki, iddiaçı 02.02.1993-cü ildə 21 nömrəli əmrlə N nömrəli hərbi hissənin şəxsi heyət siyahısına daxil edilsə də, mart 1993-cü il tarixli nizami hissə üzrə əmrlərdə onun hərbi hissənin siyahısından çıxarılması barədə məlumat yoxdur. Müvafiq sənədlərin əsli təqdim olunmadığına görə məhkəmə tədqiqatının predmetini təşkil etməmişdir. Buna baxmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin sənədlərin əsli təqdim olunacağı halda da iddiaçının əleyhinə dəlil olaraq istinad olunacaqdı. Belə ki, iddiaçının müalicə aldıqdan sonrakı dövrdə N saylı hərbi hissədə, o cümlədən N saylı hərbi hissədə xidməti barədə heç bir sübutun olmaması iş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 10.10.2020-ci il tarixli 1/1-13468 nömrəli məktubunda da qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Odur ki, iddiaçının müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti də sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olduğundan, eyni zamanda hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-572/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-572/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver