Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-575/2025 14.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 29 nömrəli qərarına əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Balakən rayonu Kortala kəndində yerləşən 997.24 m2 torpaq sahəsi üzərində iddiaçının ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi və həmin əmlaka torpaq sahəsinin plan və ölçüsü sənədinin tərtib edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 29 nömrəli qərarına əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Balakən rayonu Kortala kəndində yerləşən 997.24 m2 torpaq sahəsi üzərində iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi və həmin əmlaka torpaq sahəsinin plan və ölçüsü sənədinin tərtib edilməsi xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh 18 saylı Zaqatala ərazi idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddiaçı ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli, 29 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə ünvan 1ində 997,24 m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin hüquqi varisi olduğu ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən Rayon Şöbəsi tərəfindən A seriyalı 170217 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. İddiaçı həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsniə müraciət etmişdir. Lakin, 22 aprel 2024-cü il tarixli, 3-21-3- 47/2-1568/2024 nömrəli məktubla bundan imtina olunmuşdur. İmtina üçün əsas kimi isə torpaq sahəsinin faktiki olaraq 0.0031 ha az olması bildirişdə qeyd olunmuşdur. Bundan sonra İddiaçı iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsniə müraciət edərək, ünvan 1ində yerləşən 0,0997 ha torpaq sahəsinin faktiki olaraq 0.0031 ha az olduğu iddia olunan hissə üzərində başqa şəxslərin mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı halda həmin qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Lakin, 10 may 2024-cü il tarixli, 3-21-3-47/2-D-00xx-xx/2024 nömrəli bildirişlə həmin ərizənin icrasından imtina olunmuşdur. Cavabdehin iddia tələbinə etirazını aşağıdakı məzmunda əsaslandırılmışdır : İddia ərizəsi ilə bağlı bildiririk ki, iddiaçı Duquşov X4 rayonu, Kortala kəndi ünvanında yerləşən 0,0997 ha torpaq sahəsinə plan və ölçü sənədinin verilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq vardır. Belə ki, torpaq sahəsi sənəd üzrə sahədən 0,0031 ha azdır. Bu səbəbdən ərizənin icrasının tərəfimizdən mümkün olmadığı müəyyən edilmiş və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-4712-D-00xx-xx/2024 (**********29) nömrəli məktubla məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı;
2. A 170217 nömrəli Torpaq sahəsinin plan-ölçü sənədi;
3. Balakən rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər;
4. Balakən rayonu Kortala kənd icra nümayəndəliyinin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarış;
5. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər;
6. Cavabdeh orqanın xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş Mütəxəssis rəyi;
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı aqrar islahat zamanı ümumi birgə mülkiyyətə verilmiş A 170217 nömrəli Torpaq sahəsinin plan-ölçü sənədində göstərilən torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və həmin torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsindən ibarətdir. Cavabdeh imtinasını torpaq sahəsinin sənəd üzrə sahədən 0,0031 ha az olması ilə əsaslandırmışdır. Lakin, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsi aqrar islahat nəticəsində mülkiyyətə verilmişdir. Məhkəmə İPM-in 12-ci maddəsinin tələbləri baxımından işi hərtərəfli araşdırlmalıdır.İddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin araşdırılması ilə bağlı sorğuya əsasən cavabdeh orqan tərtib etdiyi mütəxəssis rəyində qeyd etmişdir ki, İddiaçıya verilmiş torpaq sahəsinin A seriyalı 170217 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən həyətyanı sahənin ölçüsü 997,24 (doqquz yüz doxsan yeddi tam yüzdə iyirmi dörd) kvadrat metr təşkil edir. Həmin torpaq sahəsinin 18 kvadrat metr hissəsi TEKUİS məlumatlarına əsasən X3 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçıya verilmiş torpaq sahəsinin koordinatları iddiaçının faktiki istifadə etdiyi sahə ilə qismən uyğunluq təşkil edir. Qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi üzərində tikili mövcuddur.İddia olunan torpaq sahəsi qapalı həyətyanı ərazi daxilində yerləşir və həmin sahə üzərində tikili mövcuddur. Rəyə əsasən müəyyən edilir ki,torpaq sahəsinin 18 kv.m hissəsi azlıq təşkil edir və bunun səbəbi cavabdeh orqan tərəfindən TEKUİS məlumatlarına əsasən X3 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi kimi göstərilməsidir.Yəni,iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin faktiki olaraq digər şəxs tərəfindən istifadə edilməsi sonuncunun torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması,başqa sözlə mülkiyyətçilərin də mülkiyyətdən məhrum edilməsi əsası kimi çıxış edə bilməz. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Fərmanın 2.3.1 və 2.3.2-ci bəndlərinə əsasən torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Həmin Qaydaların: 1.4. Sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1.4.1. hazırlıq işləri; .... 1.4.4. torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi; 4.1. Sərhəd xətlərində, onların həndəsi ölçülərində, topologiyasında, döngə nöqtələrində və onların koordinatlarında baş verə biləcək xətaların qarşısını almaq məqsədi ilə rəqəmsal kadastr xəritəsi tərtibi və bu xəritəyə məlumatların daxil edilməsi xüsusi proqram təminatı vasitəsilə yerinə yetirilən nəzarət işləri aparılmaqla həyata keçirilir. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə AN 170217 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə mövcud uyğunsuzluğa münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinin tələbləri baxımından TEKUİS-ə əsasən uyğunsuzluqların aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 29 nömrəli qərarına əsasən tərtib olunmuş A seriyalı 170217 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi iddiaçının adına tərtib olunsa da subyektlər siyahısından görünür ki,torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Odur ki, Balakən rayonu Kortala kəndində yerləşən 997.24 m2 torpaq sahəsi üzərində (sənədinin koordinatlarına uyğun olaraq) İddiaçı, X1, Duquşov (Zeynallı) Vasif Ramiz oğlu və Duquşova (Xəmmədova) Günel Ramiz qızının ümumi birgə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir..
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilir. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 29 nömrəli qərarına əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Balakən rayonu Kortala kəndində yerləşən 997.24 m2 torpaq sahəsi üzərində (A seriyalı 170217 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına uyğun olaraq) İddiaçı, X1, Duquşov (Zeynallı) Vasif Ramiz oğlu və Duquşova (Xəmmədova) Günel Ramiz qızının ümumi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış və Torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.