Məhkəmə qərarları › İş №2-1(116)-576/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-576/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-576/2022 26.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin nümayəndəsi X9, üçüncü şəxs DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “19.05.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X8 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “19.05.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X8 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-391/2020 nömrəli, 04.06.2020-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan DSMF PHŞ-nin Məhkəmə Mübahisələri ilə X22 filialı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.07.2021-ci il tarixli, 2-1(107)-315/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamışdır. Bundan sonra DSMF PHŞ-nin Məhkəmə Mübahisələri ilə X22 filialı ərizə ilə məhkəməyə müraciət edərək DSMF PHŞ-nin 13 saylı RƏF-nın üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(116)-391/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin həmin qərardadından DSMF PHŞ-nin Məhkəmə mübahisələri ilə üş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.11.2021-ci il tarixli, 2-1(107)- 455/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(116)-391/2020 nömrəli qərardadı ləğv edilmiş və inzibati iş DSMF PHŞ-nin 13 saylı Regional Ərazi Filialı üçüncü şəxs qismində zəruri cəlb edilməklə təkrar baxılması üçün məhkəməyə qaytarılmışdır. Şəki İnzibati Məhkəməsinin 24.12.2021-ci il tarixli, 2-1(116)-1760/2021 nömrəli qərardadı ilə, Məhkəmənin 2-1(116)-391/2020 nömrəli, 04.06.2020-ci il tarixli qərardadı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Həmçinin Məhkəmənin 24.12.2021-ci il tarixli, 2-1(116)-1760/2021 nömrəli qərardadı ilə, DSMF PHŞ-nin 13 saylı Regional Ərazi Filialı hüquq varisi - DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum oğlu X15 04 yanvar 1980-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Oğlu 15 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi (keçmiş Ağdaş rayon Hərbi komissarlığı) tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Gədəbəy rayonunun Şurabad kəndi ərazisində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Hərbi hissə döyüş bölgəsində yerləşir. Hərbi hissənin hərbi qulluqçusu, gizir X4 17 oktyabr 2005-ci il tarixdə işçi qrupunun rəhbəri kimi tabeliyində olan işçi qrupunun tərkibinə daxil edilmiş əsgərləri, o cümlədən də oğlu X10 odun tədarükü məqsədi ilə meşəyə göndərmiş, gizir işçi qrupunun başçısı kimi qrupla getməmiş, oğlu odun tədarükündən qayıtmadığı təqdirdə onun axtarışını təşkil etməmiş, nəzarətdən kənar qalmış oğlu naməlum şəraitdə, daha doğrusu qar uçqununa düşərək “bronxernevmoniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri'' ilə bədənin ümumi soyuqlaması nəticəsində 19 oktyabr 2005-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2005-ci il tarixli, 959 saylı arayışı ilə oğlu X8 19 oktyabr 2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi təsdiqlənmişdir. Həmin arayışa əsasən mərhum oğlunun ölümü Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 22 oktyabr 2005-ci il tarixli ölüm haqqında akt qeydləri kitabında 169 nömrə ilə qeyd edilmiş və bu barədə həmin tarixli, seriya AZ-İ, 138987 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə də oğlu X8 Gədəbəy rayonu, Şurabad kəndində bədəninin ümumi soyuması səbəbindən öldüyü göstərilmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2005-ci il tarixli, 959 saylı arayışına və Səfərbərlik və Hərbi xidmətə çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon Şöbəsinin 412 saylı 07 dekabr 2009cu il tarixli arayışına əsasən 09 dekabr 2009-cu ildə mərhum oğluna şəhid statusu verilmiş, o və 2013-cü ildə Ağdaş şəhərində vəfat etmiş arvadı X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında DSMF-nun Ağdaş rayon şöbəsi (keçmiş ƏSMM-nin Ağdaş rayon şöbəsi) tərəfindən şəhid ailəsi kimi tanınmışlar və bu barədə hər birinin adına müvafiq olaraq 003322 və 003323 saylı 09 dekabr 2009-cu il tarixli vəsiqə verilmiş və şəhid ailəsi kimi onlara şəhid oğullarına görə Prezident təqaüdü müəyyən edilmişdir. Şəhid ailəsi kimi onlara təyin olunmuş Prezident təqaüdünü bir müddət aldıqdan sonra, yəni 2010-cu ilin avqust ayında təqaüd onlara məlum olmayan səbəblərdən dayandırılmışdır. Bunun səbəbini cavabdeh orqandan öyrənəndə onlara bildirilmişdir ki, guya onların oğullarına şəhid, onlara isə şəhid ailəsi statusu verilməyib. Həmin vaxt bir neçə aidiyyəti orqanlara müraciət etsə də, arvadı X7 mərhum oğlunun ölüm acısına dözməyərək ağır, sağalmaz xəstəliyə tutulduğuna, vaxtını onun müayinə və müalicəsinə sərf etdiyinə görə həmin vaxt mərhum oğlunun şəhid adının əbədiləşdirilməsi ilə əlaqədar hərəkət edə bilməmişdir. Son vaxtlar ona məlum olmuşdur ki, mərhum oğlunun şəhid adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı maddəsinə görə üzərindən götürülmüş və ona görə də şəhid ailəsi kimi onlara edilən güzəştlər dayandırılmışdır. Cavabdeh orqan tərəfindən ona şifahi formada bildirilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndində atəşkəs dövründə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxslər kateqoriyasına yalnız döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olanlar aid edildiyi üçün onun oğluna şəhid statusu verilə bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək mərhumun ölümün səbəbinin “Bədənin ümumi soyuması, aşağı temperaturun orqanizmə təsiri” olmasını, SHXÇDX-nin məktubunda Ağdaş rayon hərbi komissarlığı tərəfindən verilmiş arayışın nəzərə alınmaması və etibarsız hesab edilməsi ilə bağlı mövqeyinin ifadə edilməsini, mərhumun Ağdaş rayon şöbəsində mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi qulluqçu kimi yox, hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) hərbi qulluqçu kimi qeydiyyatdan keçməsini bildirərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, iş üzrə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğunda təmin edilməməlidir. Belə ki, Ağdaş rayon şöbəsinin 02.06.2020-ci il tarixli 477 nömrəli məktubundan görünür ki, Qazax hərbi prokurorluğunun 08.09.2010-cu il tarixli HP-3724 nömrəli məktubuna əsasən Elçin Hacıyev işçi qrupunun tərkibində odun tədarükünə göndərilmiş, lakin qərərgaha qayıtmamış və naməlum şəraitdə ölmüşdür. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı onun ölümünə bilavasitə səbəb onda olmuş ocaqlı bronxopnevioniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə əlaqədar bədənin ümumi soyuması göstərilmişdir. Hərbi xidmət dövrü səhhəti ilə əlaqədar xəstəlikdən vəfat etmiş şəxslərin şəhid hesab edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığı üçün, mərhum Elçin Hacıyevə şəhid statusunun verilməsi hazırda mümkün deyil. İşdə olan SHXÇDX-nin 05.08.2019-cu il tarixli H/2804 nömrəli məktubundan görünür ki, aparılan araşdırmalara, Qazax Hərbi Prokurorluğunun 08.09.2010-cu il tarixli 12/HP-3724 nömrəli məktubunda N saylı hərbi hissənin hərbi qulluqçusu, gizir X4 işçi qrupunun rəhbəri kimi tabeliyində işçi qrupunun tərkibinə daxil edilmiş əsgərlərin, o cümlədən 17.10.2005-ci il tarixdə odun tədarük edilməsinə göndərdiyi əsgər X8 üzərində başçı kimi getməmiş, onun odun tədarükündən işçi qrupunun qərargahına qayıtmadığı təqdirdə axtarışını təşkil etməyərək xidməti borcuna səhlənkar yanaşmış və nəzarətdən kənarda qalmış Elçin Hacıyevin naməlum şəraitdə ölümünə səbəb hadisə baş vermişdir. Belə ki, məhkəmə tibbi ekspertizasının 22.10.2005-ci il tarixli 26 nömrəli ölüm haqqında tibbi şəhadətnaməsinə əsasən, mərhum Elçin Hacıyev bronxopnevmoniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimətətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə bədənin ümumi soyuqlaması nəticəsində vəfat etmişdir. Əlavə olaraq, Müdafiə Nazirliyinin Mərkəzi Arxivnin 21.10.2010-cu il tarixli 10/2-2540 və 07.06.2019-cu il tarixli 9/2-7668 nömrəli arayışlarında X8 vəfat etməsinə dair məlumatın aşkar edilmədiyi bildirilmişdir. İşdə olan DSMF-nun Ağdaş rayon şöbəsinin 29.08.2019-cu il tarixli **********1 nömrəli məktubundan görünür ki, İddiaçı Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə müraciət edərək, oğlu X3nun şəhid ailəsinə verilən Prezident təqaüdünün 2009-cu ildə təyin olunub və 2010-cu ilin avqust ayında nə səbəbdən dayandırıldığı haqqında məlumat verilməsini xahiş etmişdir. Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən şəhidin anası mərhum X5 təyin olunmuş Prezident təqaüdü hansı əsaslara görə verildiyi və dayandırıldığını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan idarə 2016-cı ildə ləğv olunduğu üçün vəsiqəni təsdiq edən sənədlərin tapılması mümkün olmamışdır. İşdə olan SHXÇDX-nin Ağdaş rayon şöbəsinin 23.01.2020-ci il tarixli 81 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində olan uçot sənədlərinə əsasən, 1980-ci il təvəllüdlü X15 15.04.2005-ci il tarixdə keçmiş Ağdaş rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissənin 21.10.2005-ci il tarixli 959 nömrəli bildirişinə əsasən, X15 19 oktyabr 2005-ci il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etmişdir. Gəncə-Qazax Regional MTE-sının 22.10.2005-ci il tarixli 26 nömrəli ölüm haqqında şəhadətnaməsinə əsasən, ölümün səbəbi “Bədənin ümumi soyuması, aşağı temperaturun orqanizmə təsiri” olmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 07.06.2019cu il tarixli 9/2-7668 nömrəli məktubunda N nömrəli hərbi hissənin 2005-ci ilə aid sənədləri MN-nin Mərkəzi Arxivinə daxil olmadığı üçün X8 vəfat etməsi barədə araşdırmanın mümkün olmadığı bildirilir. İşdə olan N nömrəli hərbi hissə komandirinin 23.11.2005-ci il tarixli 327 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, 3-cü minaatan batareyanın əsgəri X15 19 oktyabr 2005-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən bədənin ümumi soyuması, aşağı temperaturun orqanizmə təsiri nəticəsində həlak olduğuna görə 19 oktyabr 2005-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılsın. Ölümü hərbi xidmət borcunu yerinə yetirməsi ilə bağlıdır. 1980-ci il təvəllüdlü Ağdaş rayonunda anadan olmuş, Azərbaycanlı 15 aprel 2005-ci il tarixdə Ağdaş RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 22 oktyabr 2005-ci il tarixdə Ağdaş rayon qəbristanlığında dəfn olunmuşdur. Atası İddiaçı, ünvan 1 ünvanında yaşayır. İşdə olan Qazax Hərbi Məhkəməsinin 25.08.2006-ci il tarixli hökmünün surətindən səh. 4-5) görünür ki, məhkəmə-tibb ekspertizasının 22.10.2005-ci il tarixli 26 saylı rəyi ilə təsdiq edilir ki, meyidin məhkəmə-tibbi və meyidə məxsus orqan tikələrinin histoloji müayinələri zamanı aşkar olunmuş ocaqlı bronxopnevmaniya xəstəliyi etiopatogenizinə görə mərhumun ölümündən az əvvəl xarici şərait amillərinin (soyuq hava şəraitinin və s.) təsirindən əmələ gəlməyə xarakterikdir. İşdə olan Ağdaş RİH-nin 04.03.2020-ci il tarixli 04-172 nömrəli məktubundan görünür ki, rayon üzrə 185 nəfər şəhid vardır, X15 şəhiddir və Ağdaş şəhəri şəhidlərinin siyahısında 32-cidir. İşdə olan SHXÇDX-nin Ağdaş rayon şöbəsinin 07.03.2020-ci il tarixli 374 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdaş rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 04 yanvar 1980-ci il təvəllüdlü, X3na 09.12.2009-cu il tarixdə şəhidlik statusu verilmiş, lakin bu statusun nə vaxt və hansı səbəbdən ləğv edilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində məlumat yoxdur. İşdə olan DSMF-nun Ağdaş rayon şöbəsinin 19.03.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinentinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına” uyğun olaraq Şəhid və şəhid ailəsi statusunun verilməsi qaydasının 4.1 hissəsini əsas tutaraq Ağdaş rayon Hərbi komissarlığının “07.12.2009”-cu il tarixli arayışına əsasən Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Ağdaş rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən şəhid X8 anasına və atasına şəhid ailəsi vəsiqəsi verilmişdir. Şəhidin anası X6 “003322” nömrəli vəsiqə, şəhidin atası Sədrəddin oğluna isə “003323” nömrəli vəsiqə “09.12.2009”cu ildə verilmişdir. Səhid statusunun ləvğ edilməsi ilə bağlı şöbə tərəfindən heç bir məlumat tapılmamışdır. İşdə olan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 22.11.201-ci il tarixli 4917 №-li və 08.02.2021-ci il tarixli 627 №-li məktublarında qeyd edilmişdir ki, keçmiş Ağdaş rayon Hərbi Komissarlığı tərəfindən X3nun adına verilmiş 07.12.2009-cu il tarixli 4N №-li arayış N saylı hərbi hissənin 21.10.2005-ci il tarixli 959 №-li bildirişi əsasında tərtib olunmuşdur. X1 19.10.2005-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirərəkən vəfat etməsi qeyd olunsa da, arayışda mərhumun ölüm səbəb və şəraitinə dair məlumatlar təhrif olunaraq “xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur” kimi göstərilmişdir. Bu səbəbdən keçmiş Ağdaş rayon hərbi komissarlığı tərəfindən verilmiş arayışın nəzərə alınmaması və etibarsız hesab edilməsi məqsədə uyğundur. X3 Xidmətin Ağdaş rayon şöbəsinin mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi qulluqçu kimi yox, hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) hərbi qulluqçu kimi qeydiyyatdan keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair” 30.12.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatının (briqada)” 8.2-ci bəndinə əsasən döyüş təminatı – briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədilə keçirilən kompleks tədbirlərdir. Döyüş təminatı növlərinə aiddir: kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji) təminatı. Beləliklə iş materialları ilə müəyyən olunur ki, X3 15.04.2005-ci il tarixdə keçmiş Ağdaş rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və 19 oktyabr 2005-ci il tarixdə hərbi xidmət başında, hərbi xidmət vəzifələrinin icrası zamanı vəfat etmişdir. Lakin, mərhum E.Hacıyevin hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özülüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir. Mərhum E.Hacıyevin 19 oktyabr 2005-ci il tarixdə vəfat edərkən hərbi hissənin döyüş təminatını (kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji)) və döyüş tapşırığını yerinə yetirmədiyi işin mübahisəsiz halıdır. Belə ki, iş materialları ilə 19 oktyabr 2005-ci il tarixdə E.Hacıyevin odun tədarükü məqsədi ilə meşəyə göndərilməsi və qar uçqununa düşərək “bronxernevmoniya xəstəliyi və hipotrofiya nəticəsində orqanizmin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri'' ilə bədənin ümumi soyuqlaması nəticəsində vəfat etməsi tam sübuta yetirilmişdir. Qeyd olunan fakt mərhumun hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi kimi qiymətləndirilsə də, onun vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmir. İddiaçı ona əvvəllər Ağdaş rayon hərbi komissarlığının arayışı ilə “şəhid ailəsi” statusu verilməsini və həmin arayışın ləğv ləğv edilməməsini, o cümlədən həmin statusun ləğv edilməsi qaydası nəzərdə tutulmadığını bildirsə də, işdə olan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 22.11.2021-ci il tarixli 4917 №-li məktubu ilə müəyyən olunur ki, yuxarı inzibati orqan artıq əvvəllər Ağdaş rayon hərbi komissarlığı tərəfindən verilmiş arayışın düzgün olmamasını, arayışda qeyd edilmiş məlumatların təhrif olunmasını və hərbi hissənin verdiyi məlumata uyğun olmamasını bildirir. Yəni, arayışın hüquqi qüvvəsinin olması ona vermiş orqana münasibətdə yuxarı inzibati orqan tərəfindən inkar edilərək etibarsız hesab edilir. Buna görə də məhkəmə iddiaçının müvafiq statusun ləğvi prosedurunun olmaması ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçının mövqeyi qəbul edilərsə, bu, inzibati orqanın verdiyi hər bir arayışın məzmunu səhv və təhrif olunmuş məlumatlardan ibarət olduğu halda belə qeydsiz-şərtsiz qəbul edilməsi demək olardı ki, qanunvericilikdə belə bir səalhiyyət heç bir inzibati orqana verilməmişdir. Yəni, inzibati orqanın verdiyi hər bir sənədin yuxarı inzibati orqan və ya məhkəmə qaydasında yoxlanılması proseduru mövcuddur və hazırkı işdə də keçmiş Ağdaş rayon hərbi komissarlığına münasibətdə yuxarı inzibati orqan iddiaçının istinad etdiyi arayışın düzgün olmadığını bildirir. Bu isə o deməkdir ki, həmin arayışın heç bir hüquqi qüvvəsi yoxdur və iddiaçıya tələb etdiyi arayışın verilməsi qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə qarşı “19.05.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X8 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar