Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-576/2023 31.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Balakən rayon, Şambul kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. O, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək N saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, bir gözünü itirmiş, xx.xx.1998-ci ildən 1-ci dərəcə müddətsiz müharibə əlillidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsindən 1998-ci ilin iyun ayından 2019-cu ili yanvar ayınadək əmək pensiyası almışdır. 2018-ci ilin dekabr ayında Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 1-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 2019-cu ilin yanvar ayından etibarən 1-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən iddiaçıya xx.xx.2006-cı ildən xx.xx.2019-cu ilədək olan müddət pensiya yenidən hesablanması barədə müraciət etmiş. lakin cavabdeh xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək qeyd etdiyi müddət üçün üç il ödəniş etmiş, qalan xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilədək müddət üçün ödəniş etməmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdh xx.xx.2022-ci il tarixli, **********2 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçı 12 dekabr 2018-ci il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Mərkəzi Filialın sorğusuna əsasən Fondun Balakən rayon şöbəsinin 28 dekabr 2018-ci il tarixli **********9 nömrəli məktubunda iddiaçıya əmək pensiyasının 31 dekabr 2018-ci il tarixinədək ödənildiyi qeyd edilib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 4 dekabr 2018-ci il tarixli MN-11444 nömrəli məlumat vərəqinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən iddiaçıya 1 yanvar 2019-cu il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” birinci dərəcəli əlilliyə görə təminat xərcliyinin 100 faizi miqdarında pensiya təyin edilib və keçmiş üç il müddət üçün yenidən hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayma bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu iç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, müraciətdə göstərilən dövr Mərkəzi Filiala müraciət ediləndən qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə etdiyindən həmin müddət üzrə əmək pensiyanızın yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məlumat üçün bildirilir ki, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 3799,50 manat fərq məbləği xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildirilir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin (591,00 manat) 10 faizi-59,10 manat maddi yardım ödənilir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********2 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: SHXÇDX-nin Balakən rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 632 nömrəli arayışında qeyd olunur ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-cü il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. 1993-cü ilin iyun ayından xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və xx.xx.1994-cü il tarixdə Ağdərə rayon uğrunda gedən döyüşlərdə sağ gözündən qəlpə yarası almışdır. xx.xx.1994-cü il tarixdə N saylı hərbi hissə tərəfindən xəstəliklər cədvəlinin 92 b maddəsi ilə 1987-ci il tarixli 260 saylı əmrinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək ehtiyata buraxılmışdır. İddiaçı birinci qrup Qarabağ əlili olmuşdur və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. SHXÇDX-nin Balakən rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 131 nömrəli arayışında qeyd olunur ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. 1993-cü ilin iyun ayında təkrar olaraq həqiqi hərbi xidmətə cəlb olunmuş və xx.xx.1994-cü il tarixli Mərkəzi Hərbi Poliklinikanın qərarına əsasən, xx.xx.1994-cü il tarixdə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək ehtiyata buraxılmışdır. Məhkəmə cavabdehin imtinasında qeyd edilən dəlillərinə və işin tədqiq olunan hallarına münasibətdə zəruri olaraq qeyd edir ki, mübahisəyə aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun: Maddə 1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti "orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Bu Qanunda nəzərdə tutulan şəraitdə əlil olmuş hərbi qulluqçular əlilliyə görə pensiya almaq hüququna malikdirlər... Maddə 17. Əlil olmuş hərbi qulluqçulara əlilliyə görə pensiyalar, əlillik onların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış yara, kontuziya, zədə və ya xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Maddə 43. Pensiya təyin edilməsi haqqında ərizələri hərbi qulluqçular və onların ailə üzvləri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər. Maddə 45. Bu Qanuna uyğun olaraq pensiyalar hərbi qulluqçulara-xidmətdən buraxıldığı kündən, lakin onlara sonuncu dəfə təminat xərcliyinin ödəndiyi kündən tez olmayaraq, həmin hərbi qulluqçuların ailələrinə və onların sırasından olan pensiyaçıların ailələrinə isə-ailə başçısının vəfat etdiyi kündən, lakin ona sonuncu dəfə təminat xərcliyinin və ya pensiyanın ödəndiyi kündən tez olmayaraq təyin edilir, onlara daha gec müddətlərdə pensiya təyin edildiyi aşağıdakı hallar istisna olunur: xidmətdən buraxıldıqdan sonra 3 ay ərzində, yaxud xidmətdən buraxıldıqdan sonra bədbəxt hadisə və ya xəstəlik nəticəsində əlil olmuş həmin hərbi qulluqçulara-əlilliyin müəyyən edildiyi gündən; həmin hərbi qulluqçuların və onların sırasından olan pensiyaçıların ailə başçısını itirməyə görə pensiya hüququ əldə etmiş ailə üzvlərinə-pensiya almaq hüququnun yarandığı kündən, yaşayış üçün vəsait mənbəyini itirdiklərinə görə pensiya almaq hüququ əldə etmiş valideynlərə və ər-arvada-pensiya almaq üçün müraciət edildiyi kündən. Vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı kündən, lakin pensiya üçün müraciət edildiyi kündən ən çoxu 12 ay əvvəl təyin edilir. Maddə 46. Hərbi qulluqçulara və onların ailələrinə təyin edilmiş pensiyaların məbləğinin dəyişilməsinə səbəb olan vəziyyət yarandıqda belə vəziyyətin yarandığı aydan sonrakı ayın 1-dən bu pensiyalar yenidən hesablanır, həm də pensiyaçı pensiyasının artırılması hüququnu əldə edibsə, keçmiş müddət üçün pensiya fərqi ən çoxu 12 ay üçün ödənilməlidir. Maddə 49. Hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi kündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (1 iyul 2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (1 iyul 2017-ci ildən qüvvəyə minmiş redaksiya). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-cü il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. 1993cü ilin iyun ayında təkrar olaraq həqiqi hərbi xidmətə cəlb olunmuşdur. xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və xx.xx.1994-cü il tarixdə Ağdərə rayon uğrunda gedən döyüşlərdə sağ gözündən qəlpə yarası almışdır. xx.xx.1994-cü il tarixdə N saylı hərbi hissə tərəfindən xəstəliklər cədvəlinin 92 b maddəsi ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək ehtiyata buraxılmışdır. İddiaçı birinci qrup əlili olmuşdur. İş materiallarında olan AR ƏƏSMN X1 Sistemindən xx.xx.2022-ci il tarixli ********** nömrəli sosial müavinət və təqaüd haqqında arayışa əsasən müraciət tarixli xx.xx.2008-ci il olmaqla iddiaçı Azərbaycan respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İ qrup müharibə əlilidir.Cavabdeh etirazında bildirmişdir ki, iddiaçıya 1998-ci il tarixdən etibarən birinci dərəcə əlilliyə görə təyin edilmiş əmək pensiyası xx.xx.2018-ci il tarixədək ödənilmişdir. xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstituasiya quruluşunun müdafiəsi ilə əlaqədar 1-ci dərəcəli əlilliyə görə təminat xərcliyinin 100 faizi miqdarında pensiya təyin edilərək, keçmiş 3 il müddət üçün yenidən hesablanmışdır. İddiaçının pensiya hüququ 1994-cü ildə yarandığından və 1998-cil idən etibarən təyin edildiyindən, mübahisəyə cavabdehin şikayətdə bildirdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında baxılmalıdır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinin ikinci hissəsinə görə pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Qeyd olunan normanın tələbləri baxımından iddiaçı pensiya fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Pensiya təyin edən orqanın təqsiri üzündən iddiaçının pensiyası düzgün hesablanmamış, cavabdeh 1 yanvar 2019-ci ildən əvvəlki üç il üçün pensiyanı yenidən hesablayıb fərqini iddiaçıya ödəmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı ildən 1 yanvar 2016-cı ilədək olan dövr üzrə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının fərqi məbləğini tələb etməkdə haqlı olduğundan həmin dövr üzrə pensiya məbləği fərqinin ödənilməsi vəzifəsini cavabdehə həvalə edilməlidir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali məhkəməsinin 2-1(102)-430/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli və 2-1(102)-1539/2021-nömrəli iş üzrəxx.xx.2021-ci il tarixli qərarlarında da eyni mövqedən çıxış edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-576/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-576/2023
31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver