Məhkəmə qərarları › İş №2-1(116)-577/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-577/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-577/2021 27.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı Cavabdeh Şöbəsinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Şəki Regional Ədliyyə İdarəsi) qarşı “Cavabdeh şöbəsinin 12 noyabr 2018-ci il tarixli ərizəyə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və 12 noyabr 2018-ci il tarixli ərizəyə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, yazılı icraat qaydasında aşağıdakı qərarı qəbul etdi Təsviri hissə : İddiaçı Cavabdeh şöbəsinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Şəki Regional Ədliyyə İdarəsi) qarşı “cavabdehin 12 noyabr 2018-ci il tarixli ərizəyə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və 12 noyabr 2018-ci il tarixli ərizəyə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Zaqatala Rayon Məhkəməsinin 28.07.2016-cı il tarixli 2(033)-782/2016 saylı qətnaməsinin icrası ilə əlaqədar “inzibati tənbeh tədbirinin görülməməsinin səbəbləri barədə məlumat verilməsinə dair” 12 noyabr 2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, 15.11.2018-ci il tarixdə ərizə cavabdehin ünvanına daxil olmuş, lakin ərizə cavablandırılmamışdır. Odur ki, “cavabdehin 12 noyabr 2018-ci il tarixli ərizəyə cavab verməməsinin qanunsuz hesab edilməsi və həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh şöbəsi iddia ərizəsinə etiraz edərək, iddiaçının ərizəsinin cavablandırılmasını və borclu barəsində “inzibati xəta haqqında” protokolun tərtib edilməməsinin səbəbləri barədə məlumat verilməsini bildirmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. İddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün 29.04.2021ci il tarixdə 10 (on) gün müddətində vaxt təyin edilməklə iddiaçıya yardım məktubu göndərilmişdir. İddiaçı tərəfindən yardım məktubu 16.05.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq məhkəmənin mövqeyinə münasibət bildirilməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçı tərəfindən cavabdehə ünvanlanan 12.11.2018-ci il tarixli ərizə və ərizənin cavabdeh tərəfindən qəbul edilməsinə dair poçt bildirişinin surəti. - Zaqatala rayon Məhkəməsinin 29.08.2016-cı il tarixli 2(033)-782/2016 saylı icra vərəqəsi, - Cavabdeh şöbəsinin 19.09.2016-cı il tarixli 1507 nömrəli “icraata başlamaq haqqında” qərarı və “tələbin könüllü icrası barədə” bildiriş, - Zaqatala rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli 3(033)-99/2020 saylı qərarı, - Şəki Apellyasiya Məhkəməsinin 29.03.2021-ci il tarixli 3(107)-82/2021 saylı qərarı Əsaslandırma hissəsi : İddiaçı Cavabdeh şöbəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Şəki Regional Ədliyyə İdarəsi) “cavabdehin 12 noyabr 2018-ci il tarixli ərizəyə cavab verməməsinin qanunsuz hesab edilməsi və həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən cavabdehə ünvanlanan 12.11.2018-ci il tarixli ərizə və ərizənin cavabdeh tərəfindən qəbul edilməsinə dair poçt bildirişindən görünür ki, Zaqatala rayon Məhkəməsinin 29.08.2016-cı il tarixli 2(033)- 782/2016 saylı qətnaməsinin icrası ilə əlaqədar olaraq iddiaçı tərəfindən borclu barəsində inzibati tənbeh tədbirlərinin görülməməsinin səbəbləri barədə məlumat verilməsi və digər məsələlərlə bağlı cavabdehə müraciət etmiş və ərizə 15.12.2018-ci il tarixdə cavabdehin ünvanına daxil olmuşdur. İş materiallarına əlavə edilmiş, Zaqatala rayon Məhkəməsinin 29.08.2016-cı il tarixli 2(033)-782/2016 saylı icra vərəqəsindən görünür ki, iddiaçı X2 cavabdeh X1 qarşı “borc pulun qaytarılması tələbinə dair” iddia ərizəsi təmin edilmiş, cavabdehdən 5000 (beş min) manat borc pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh şöbəsinin 19.09.2016-cı il tarixli 1507 nömrəli “icraata başlamaq haqqında” qərarı və “tələbin könüllü icrası barədə” bildirişindən görünür ki, Zaqatala rayon Məhkəməsinin 28.07.2016-cı il tarixli, 2(033)-782/2016 saylı icra vərəqəsi üzrə icraata başlanılmış, borcluya tələbin könüllü icrası üçün 10 (on) gün könüllü müddət təyin edilmişdir. İş materiallarına əlavə edilmiş, Zaqatala rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli 3(033)-99/2020 saylı qərarından görünür ki, Zaqatala rayon Məhkəməsinin 28.07.2016-cı il tarixli, 2(033)-782/2016 saylı icra vərəqəsinin icrası ilə əlaqədar borclu barəsində İXMnin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 29.03.2021-ci il tarixli 3(107)-82/2021 saylı qərarından görünür ki, Zaqatala rayon Məhkəməsinin 28.07.2016-cı il tarixli, 2(033)-782/2016 saylı icra vərəqəsinin icrası ilə əlaqədar borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməsi barədə həmin məhkəmənin 22.02.2021-ci il tarixli 3(033)-131/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, hazırki mübahisə Zaqatala rayon Məhkəməsinin 29.08.2016-cı il tarixli 2(033)-782/2016 saylı icra vərəqəsinin icrası ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati qaydada baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati qaydada inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4, 17-ci bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, hazırki iddia tələbinin predmeti inzibati məhkəmə icraatı qaydasında araşdırılmalı olmadığından və mübahisəyə mahiyyəti üzrə icra sənədini verən məhkəmədə baxılmalı olduğundan iddia mümükün sayılmamalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh şöbəsinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Şəki Regional Ədliyyə İdarəsi) qarşı “cavabdehin 12 noyabr 2018-ci il tarixli ərizəyə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və 12 noyabr 2018-ci il tarixli ərizəyə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar