Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-578/2022 23.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X13 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala rayonu Əliabad qəsəbə ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair öz adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Orucov X9 rayonu Əliabad qəsəbəsində yaşayır. Zaqatala rayonu Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabda İddiaçı təsərrüfatında özündən başqa, həm də arvadı X5, övladları X3, X11, X6 olması göstərilmiş, "Təsərrüfatın xüsusi mülkiyyətində, istifadəsində (sahibliyində), icarəsində olan torpaq" bölməsində isə qeyd aparılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək alınmış, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli "Zaqatala rayonunun Əliabad kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də 1038-ci sırada İddiaçı, X5, X3, X11, X6 adları göstərilmiş, lakin "Qanuni istifadəsində olan həyətyanı sahə" bölməsində qeyd aparılmamışdır. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Zaqatala rayonu Əliabad qəsəbəsi "Qələbə" kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl"də 1128-ci sırada İddiaçı, X7, X12, X11, X8 adları göstərilmiş, lakin "Norma üzrə ailəyə düşən torpaq sahəsi", "Əkindən çatacaq torpaq sahəsi" və "Cəmi mülkiyyətə verilən torpaq sahəsi" bölmələrinin hər birində 2,00 ha göstərilmiş, "Həyətyanı", "İstifadəsində olan bağ sahəsi" və "Cəmi istifadəsində olan torpaq sahəsi" bölmələrində isə qeyd aparılmamışdır. Zaqatala RİH başçısının Əliabad qəsəbə İƏD üzrə nümayəndəsi arayış verərək X3 və X4 eyni şəxs olduğunu bildirmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ona və ailə üzvlərinə 1994-cü ildə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli **********90 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (torpaq sahəsinin planı və ölçüsü sənədi və ya ayrıc aktı (planı)) və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. Zaqatala rayonu Əliabad qəsəbəsində aparılmış torpaq islahatının nəticələrinə dair Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli siyahılarına əsasən, iddiaçıya və ailə üzvlərinə (cəmi 5 nəfər) Zaqatala rayonu Əliabad qəsəbəsində yalnız 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin 2 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin adına qeydə alınmış və çıxarışla rəsmiləşdirilmişdir. Həmin cədvəldə iddiaçı və onun ailə üzvlərinə aid həyətyanı torpaq sahəsi ilə bağlı qeyd yoxdur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "0,12 ha torpaq sahəsinin özünün və ailə üzvləri X7, X12, X11, X8 adlarına qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, ona və ailə üzvlərinə təsərrüfatları ayrı olduğu üçün 0,12 ha həyətyanı torpaq sahəsi 1994-cü ildə verilmişdir. O, həmin torpaq sahəsinə müvafiq çıxarış və texniki pasport verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli məktubla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdeh iddiaya xx.xx.2022-ci il tarixli **********20 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Bundan sonra İddiaçı iddianı dəyişdirmiş və məhkəməyə "İddia tələbinin həcminin azaldılması barədə ərizə" verərək iddia tələbini "Zaqatala rayonu Əliabad qəsəbə ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair öz adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi hüquq varisi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçının cavabdehə müraciəti və cavabdehin imtinası 0,12 ha torpaq sahəsinə özünün və ailə üzvlərinin adına "Torpaq sahəsinin planı və ölçüsü" və çıxarış verilməsi barədə olduğu halda, iddianın dəyişdirilməsi barədə ərizədə verilmiş iddia tələbi çıxarışın və texniki pasportun verilməsi barədədir. İddiaçı texniki pasportun verilməsi üçün cavabdehə əvvəlcədən müraciət etməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli ayrıca qərardadı ilə iddia texniki pasporta aid hissədə mümkün sayılmamışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, "Zaqatala rayonu Əliabad kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"in 1038-ci sətrindən görünür ki, mülkiyyətinə torpaq payı veriləcək şəxslər kimi İddiaçı, X5, X3, X11 və X6 adları qeyd edilmiş və onların qanuni istifadəsində olan torpaq sahəsi qrafası boş saxlanmışdır. - İşdə olan, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş "Zaqatala rayonu Əliabad qəsəbəsi "Qələbə" kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl"in 112-ci sətrindən görünür ki, mülkiyyətinə torpaq payı veriləcək şəxslər kimi İddiaçı, X7, X12, X11 və X8 adları qeyd edilmiş və onların ailə düşən torpaq sahəsi kimi 2 ha torpaq sahəsi qeyd olunmuşdur. - İşdə olan, Zaqatala rayonu Əliabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 18 nömrəli məktubundan görünür ki, həmin cədvəldə X3 adı olmalı olduğu halda, səhvən "X12" adı, X6 adı olmalı olduğu halda, səhvən "X8" adı göstərilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış nəzərdə tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə görə, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsinə dair öz adına çıxarışın verilməsi tələbini həmin torpaq sahəsinin 1994-cü ildə ona ayrılması ilə əsaslandırmış və bunun təsdiqi kimi Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2016-cı il tarixli 1178 nömrəli arayışının kserosurətini məhkəməyə təqdim etmişdir. Arayışın kserosurətində göstərilmişdir ki, Əliabad qəsəbə inzibati ərazi dairəsinin 14 nömrəli təsərrüfatbaşına kitabın 161 səhifəsində İddiaçı adına 1960-cı ildə tikilmiş, bir mərtəbəli, 2 otaqlı, 60 kv.m ümumi, 40 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evinin və 0,15 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Arayış AR ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə təqdim etmək üçün verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, həmin kserosurət notariat qaydasında təsdiq edilmədiyinə görə məhkəmədə sənəd kimi qəbul edilə bilməz. Digər tərəfdən, məhkəmə tərəfindən Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sorğu edilərək həmin arayışın əsli tələb edilmiş, lakin nümayəndəliyin xx.xx.2022-ci il tarixli 35 nömrəli cavab məktubunda göstərilmişdir ki, xx.xx.2016-cı il tarixli 1178 nömrəli arayışın İddiaçı verilməsi ilə bağlı arayışlar kitabında qeyd olsa da, arayışın əsli nümayəndəlikdə saxlanılmamışdır. Bununla yanaşı, məhkəmə tərəfindən cavabdehə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli cavab məktubundan və məktuba əlavə edilmiş sənədlərdən məlum oldu ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2016-cı il tarixli 1178 nömrəli arayışına və digər hüquq müəyyənedici sənədlərə əsasən, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının mərhum anası X2 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və daha sonra həmin vahid daşınmaz əmlak notariat qaydasında təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı adına xx.xx.2021-ci ildə mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmiş və hüquq sahibinə təqdim olunmuşdur. Cavabdehin məktubuna Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin sözügedən xx.xx.2016-cı il tarixli 1178 nömrəli arayışının təsdiq olunmuş surəti də əlavə olunmuşdur. Həmin sənəddən göründüyü kimi, Əliabad qəsəbə inzibati ərazi dairəsinin 14 nömrəli təsərrüfatbaşına kitabın 161 səhifəsində İddiaçı mərhum anası X2 adına 1960-cı ildə tikilmiş, bir mərtəbəli, 2 otaqlı, 60 kv.m ümumi, 40 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evinin və 0,15 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Beləliklə, müəyyən edildi ki, təsərrüfatbaşına kitabda 0,15 ha həyətyanı torpaq sahəsi ilə bağlı qeydiyyat iddiaçının deyil, onun mərhum anası X2 adına olmuşdur və iddiaçının məhkəməyə təqdim etdiyi kserosurətin mətni sənədin əslinin mətnindən fərqlidir. Bundan başqa, iddiaçı məhkəməyə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 1845 nömrəli başqa bir arayışını da təqdim etmişdir. Həmin arayışda deyilir ki, 14 nömrəli təsərrüfatbaşına kitabın 5-ci səhifəsində İddiaçı adına 0,14 ha həyətyanı sahə qeyd olunmuşdur. Həmin xüsusatın araşdırılması üçün məhkəmə tərəfindən Zaqatala Rayon Dövlət Arxivinə sorğu edilərək Zaqatala rayonu Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabdan iddiaçıya və ailə üzvlərinə aid hissədən çıxarış alınmışdır. Həmin sənəddə İddiaçı təsərrüfatında özündən başqa, həm də arvadı X5, övladları X3, X11, X6 olması göstərilmiş, "Təsərrüfatın xüsusi mülkiyyətində, istifadəsində (sahibliyində), icarəsində olan torpaq" bölməsində isə qeyd aparılmamışdır. Göründüyü kimi, xx.xx.2001-ci ilədək aparılan təsərrüfatbaşına kitabda İddiaçı və ailə üzvlərinin təsərrüfatında torpaq sahəsinin olması qeyd olunmamışdır. Təsərrüfatbaşına kitabda həmin gündən sonra aparılmış qeydiyyat isə torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas vermir. Belə olan halda, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin işdə olan xx.xx.2021-ci il tarixli 1845 nömrəli arayışı İddiaçı iddiasının təmin edilməsinə əsas verə bilməz. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh 0,12 ha torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verməkdən imtina etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "Zaqatala rayonu Əliabad qəsəbə ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair öz adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-578/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-578/2022
23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver